16 Aprel 2024

Çərşənbə axşamı, 15:21

AVROPAYA ÇAĞIRIŞ

Ermənistan açıq şəkildə Azərbaycanın beynəlxalq energetika layihələrini təhdid edir

Müəllif:

15.10.2020

Ermənistan mümkün olan hər yolla təkcə Azərbaycan iqtisadiyyatına deyil, həm də Avropanın enerji təhlükəsizliyinə zərər vurmağa çalışır. İrəvan nəinki zərbələrlə hədələyir, həm də Köhnə Dünya ölkələrinin enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayan layihələrə raket zərbələri vurmağa cəhdlər edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Avropa Şurasının başçısı Şarl Mişel ilə telefon danışığı zamanı bu məqamı vurğulayıb. Prezident Ərdoğan bildirib ki, Azərbaycan ərazilərini işğal etmiş Ermənistanın əvvəlcə Azərbaycanın neft və qaz enerji xətləri, nəqliyyat kommunikasiyaları yerləşən Tovuz rayonuna, daha sonra Gəncə şəhərinə hücum edərək, Avropanın enerji təchizatı təhlükəsizliyi üçün təhlükə yaradıb. Türkiyə lideri Avropa İttifaqını Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqe nümayiş etdirməyə çağırıb.

 

Avropanın enerji təhlükəsizliyinə təhlükə

Rəsmi Bakı aparıcı beynəlxalq enerji təşkilatlarının reaksiyasını gözləyir – Energetika naziri Pərviz Şahbazov OPEK-ə, Qaz İxracatçısı Ölkələr Forumuna, Beynəlxalq Enerji Xartiyasına, Beynəlxalq Enerji Agentliyinə, Dünya Neft Şurasına, Dünya Enerji Şurasına və Beynəlxalq Qaz İttifaqına müraciətlər göndərərək, Ermənistanın təcavüzkar siyasətini, Azərbaycanın neft və elektrik infrastrukturuna hücumlarını pisləməyə çağırıb. Bu sayın çapa verilməsinə kimi cavab yalnız Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnakdan gəldi və o, “Cənubi Qafqazda Enerji Təhlükəsizliyi” adlı açıqlama ilə çıxış edib.

"Baş katib açıqlamasında beynəlxalq enerji öhdəliklərinə riayət etməyə, vacib enerji infrastrukturuna təsir göstərə biləcək, yaxud enerji təchizatını əhəmiyyətli dərəcədə pozacaq və dayandıracaq hər hansı bir hərəkətdən çəkinməyə çağırdı", - deyə nazirin müşaviri, Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin böyüməsi Azərbaycanın yanacaq-enerji kompleksinin fəaliyyətinə təsir göstərməyib. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinin keçdiyi yerlərə yaxın ərazilərdə döyüşlərin getməsinə, raket və artilleriya zərbələrinə baxmayaraq, karbohidrogen ehtiyatlarının çıxarılması və dünya bazarlarına ixracı hər zamankı kimi davam edir.

“Azərbaycanda neft və qazın çıxarılması, ixracı həmişə olduğu kimi həyata keçirilir. Bununla bağlı heç bir dəyişiklik yoxdur. Neft və qaz boru kəmərlərinin mühafizəsi strateji əhəmiyyətli obyektlərin təhlükəsizlik qaydalarına uyğun olaraq yüksək səviyyədə həyata keçirilir”, - deyə Zəminə Əliyeva bildirib.

Xatırladaq ki, Azərbaycanın əsas neft və qaz kəmərləri üçün erməni təhdidi barədə bu yay baş verən toqquşmalar zamanı danışılırdı, onda döyüşlər qoşunların Dağlıq Qarabağdakı təmas xətti boyunca deyil, boru kəmərlərinin birbaşa yaxınlığındakı - Ermənistan-Azərbaycan sərhədində baş vermişdi.

“Ermənistan rəhbərləri bundan öncəki dönəmdə bəyan etmişdilər ki, əgər Dağlıq Qarabağ ətrafında döyüşlər olarsa, onlar bizim strateji infrastruktur layihələrimizi vurmağa hazırdırlar - dünyanın ən böyük neft və qaz terminallarından biri olan Səngəçal Neft-Qaz Terminalı və boru xətlərini” ,- deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Qərb ekspertləri, doğrudur, tam əmin idilər isə, Ermənistan Azərbaycanın ixrac boru kəmərlərinə zərbə vurmağa cəsarət etməyəcək, çünki onların dağılması və ciddi ekoloji nəticələri olacağı təqdirdə, bu hərəkətlərə görə bütün məsuliyyət İrəvanın üzərinə qoyulacaqdı.

Lakin Azərbaycan hakimiyyətinin ehtiyatı əsassız deyildi - 4 oktyabrda Ermənistan Cənubi Qafqazda ən böyük obyekt olan və Azərbaycanın bütün elektrik istehsalının əsas hissəsini təmin edən Azərbaycan İstilik Elektrik Stansiyasının yerləşdiyi Mingəçevir şəhərinə raket zərbələri endirdi. Mingəçevirə və onun enerji obyektlərinə yeni raket zərbəsi oktyabrın 10-da axşam, meyit mübadiləsi üçün Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs barədə anlaşma əldə edildikdən sonra vuruldu.

Ermənistan Silahlı Qüvvələri 6 oktyabrda yüksək məhvetmə qabilyyətinə və 300 ədəd 9N235 mərmisinə malik «Smerç» 9M525 yaylım atəşi raket sistemindən istifadə edərək, Azərbaycanın silahsız zonalarına, döyüşə cəlb olunmayan və bölgədən ən azı 50 km məsafədə yerləşən Yevlax rayonunun Aran kəndi istiqamətinə atəş açdı. Bu raketlərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilməsi nəticəsində mərmilərin bir hissəsi Cənubi Qafqaz Boru Kəməri magistralının keçdiyi əraziyə, digər hissəsi Bakı-Supsa neft kəmərindən 120 m məsafəyə, qalanları isə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən 100 m məsafəyə düşüb.

Prezident İlham Əliyev İrəvanın hərəkətlərini Azərbaycanın iqtisadi potensialını sarsıtmaq cəhdi kimi qiymətləndirib. “Son illərdə bir çox stansiyalar tikməyimizə baxmayaraq, bu gün Mingəçevirdəki stansiya (Azərbaycan İES – «R+») ölkənin böyük hissəsini elektrik enerjisi ilə təmin edən ən böyük stansiyadır. Əgər sıradan çıxsaydı, enerji məsələlərində, əlbəttə ki, müəyyən problemlər yarana bilər. Bu gün Azərbaycan xam neft, təbii qaz və elektrik enerjisi ixrac edir. Bu hücumlar bizim iqtisadi potensialımıza qarşı yönəldilib və bir daha bütün dünyaya Ermənistanın, erməni rejiminin cinayət mahiyyətini göstərir”, - deyə İlham Əliyev vurğulayıb.

 

Önəmli boru kəmərlərinin müdafiəsi

Heç kimə sirr deyil ki, Azərbaycan öz şelfində çıxarılan neftin böyük hissəsini Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac edir. BTC-nin son nöqtəsi Türkiyənin Ceyhan şəhəri yaxınlığında Aralıq dənizi sahilindəki bir neft doldurma terminalıdır. Bu boru kəməri ilə Azərbaycan «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan neft, «Şahdəniz» yatağından kondensat ixrac edir, həmçinin tranzit yolu ilə Türkmənistan, Qazaxıstan və Rusiya nefti ötürülür. Bu səbəbdən dəyə biləcək zərərin miqyasını təsəvvür etmək çətin deyil: neft və kondensat tökülməsi səbəbindən baş verə biləcək ekoloji fəlakət, Azərbaycan neftinin dünya bazarlarına ixracının pozulması və neftin üçüncü tərəflərdən tranzit ötürülməsi üzrə müqavilə öhdəlikləri.

Özü də, Ceyhandan Azərbaycan nefti daha çox bir sıra Avropa ölkələrinə, o cümlədən İtaliya, Almaniya, Avstriya, İspaniya, Portuqaliya, Xorvatiya və s. göndərilir. Yəni neft hasilatı və nəqli zənciri boyunca meydana çıxacaq ən kiçik xəsarətin nəticələrinin nə qədər geniş coğrafiyanı əhatə edəcəyi göz qabağındadır. Əlbəttə ki, BTC və ya Bakı-Supsa neft kəmərlərinin dağıdılması halında Azərbaycan öz neftinin ixracını Rusiya ərazisindən "Şimal" Bakı-Novorossiysk marşrutu ilə təşkil edə bilər. Lakin bu, həm ixrac həcmlərini, həm də uyğun olaraq Azərbaycanın valyuta gəlirlərini önəmli dərəcədə azaldar, çünki "Şimal" boru kəmərinin ötürmə qabiliyyəti ildə cəmi 5 milyon ton təşkil edir.

Qaz ilə vəziyyətdə hər şey daha mürəkkəbdir. "Mavi yanacağ"ın Azərbaycandan Türkiyəyə, daha sonra Avropaya ixracında Cənubi Qafqaz Boru Kəməri Magistralının alternativi yoxdur, bu səbəbdən, Cənubi Qafqaz Boru Kəməri Magistralının zərər görməsi halında «Şahdəniz» yatağından qaz tədarükü tamamilə dayandırılar.

Önəmlidir ki, 12 oktyabrda təbii qazın Avropaya nəqlini nəzərdə tutuan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisinin başa çatdığı barədə məlumat alındı. Boru kəməri Türkiyə-Yunanistan sərhədindən İtaliyanın cənubundakı qəbuletmə terminalına qədər təbii qazla doldurulub.

Gözlənilir ki, İtaliyanın Apulia şəhərindəki «Snam Rete Gas» təbii qaz ötürmə sistemi ilə TAP-ın birləşmə nöqtəsi tamamlanacaq və planlaşdırıldığı kimi 2020-ci ilin sonundan İtaliyada, Yunanıstanda və Bolqarıstandakı istehlakçılara iyirmi beş illik müddətdə Azərbaycandan təbii qaz nəqlinə başlamağa hazır olacaq.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP boru kəməri ilə Avropaya ilkin mərhələdə «Şahdəniz-2» layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın nəql edilməsi planlaşdırılır. “SOCAR ilə birlikdə qürur duyuruq ki, təxminən 3500 km uzunluğunda olan Cənub Qaz Dəhlizi dəyər zəncirinin bütün nəqliyyat komponentlərinin payçılarıyıq ki, bu da Azərbaycan Respublikasına tamamilə yeni qaz ötürmə sistemi ilə alternativ enerji mənbəyi təqdim edərək Gürcüstan, Türkiyə və Avropa ölkələrinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə daha da töhfə verməyə imkan verir”,- deyə BP-nin açıqlamasında bildirilir.

 

Fasiləsiz istehsal

Bununla belə, Azərbaycanda neft və təbii qazın, kəşfiyyatı və nəqli, beynəlxalq bazarlara çıxarılması ilə bağlı bütün işlər əvvəlcədən təsdiq olunmuş qrafikə uyğun olaraq aparılır. Əlbəttə ki, hərbi əməliyyatların şiddətlənməsi Azərbaycanın neft və qaz layihələrindəki xarici tərəfdaşlarının narahatlığına səbəb olmaya bilməz, lakin bu, onların ölkədəki fəaliyyətinə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istisna olmaqla, xüsusilə təsir göstərmirdi, bu da hərbi vəziyyətlə bağlı olduqca təbii bir haldır.

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanda mülki məskunlaşma yerlərinə və infrastruktura yönəlmiş hərbi əməliyyatlarının genişləndirilməsi bizi çox narahat edir. Xüsusilə dünən Azərbaycan hava qüvvələrinin Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz Boru Kəməri Magistralı üzərində qarşısını aldığı raket hücumunun xəbərləri bizi çox narahat etdi”,- deyə «BP-Azərbaijan»ın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

Qeyd edək ki, BP şirkətinin Azərbaycanda operatorluq etdiyi bütün obyektlərin təhlükəsizliyini ölkə hökuməti təmin edir.

"Bununla belə, biz işçilərimizin, əməliyyatlarımızın və operatoru olduğumuz bütün obyektlərin əlavə təhlükəsizliyni təmin etmək üçün uyğun strukturlarla sıx əlaqədə çalışırıq",- deyə T.Bayatlı bildirib.

Bununla yanaşı, şirkət ümid edir ki, Ermənistan-Azərbaycan münaqişəsi tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ədalətli həllini tapacaq.

SOCAR və onun bölmələri normal rejimdə fəaliyyətini davam etdirir. “Bizdə hər şey qaydasındadır, bütün əməliyyatlar plana uyğun gedir. Fəaliyyətimizdə heç nə dəyişməyib. Bütün SOCAR müəssisələri adi qaydada işləyir”,- deyə SOCAR-ın tədbirlərin təşkil olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov bildirib.

Mingəçevirin enerji obyektlərinin də işi normal rejimdə davam edir. “Ermənistan silahlı qüvvələrinin Mingəçevirdəki elektrik stansiyalarına hücumları, humanitar atəşkəs razılaşmasına məhəl qoymamaqla yanaşı, bölgədəki enerji və ekoloji təhlükəsizliyə qarşı başqa bir cinayətdir. Ordumuzun hava hücumundan müdafiə qüvvələri tərəfindən raketlərin zərərsizləşdirilməsi ilə mümkün regional fəlakətin qarşısı alındı. Mingəçevirdə yerləşən Azərbaycan İES və Mingəçevir İES hazırda normal rejimdə işləyir ”, - deyə Enerji Nazirliyindən bildirilib.

Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın sıx əhali məskunlaşan ərazilərinə davamlı raket zərbələrinə və artilleriya atəşinə tutması insan tələfatı ilə yanaşı, həm də mülki infrastrukturun ciddi şəkildə məhv edilməsinə, elektrik paylayıcı şəbəkənin (elektrik xətləri, transformatorlar), habelə əhalini təbii qazla təmin edən qaz kəmərləri və avadanlıqlarının zədələnməsinə səbəb olur.

“Döyüş bölgəsi istisna olmaqla, bu infrastruktur obyektlərinin əksəriyyəti dərhal bərpa olunur. Yerlərdə tikinti- təmir qrupları işləyir. Vəziyyət tam nəzarət altındadır, bütün imkanlar qaz və enerji təchizatının ən qısa müddətdə normal fəaliyyətini təmin etməyə yönəldilib”, - deyə Z.Əliyeva qeyd edir.

 

Təsadüfi olmayan hücumlar

Bununla belə, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Atlantika Şurasının baş elmi işçisi Metyu Brayza Ermənistanın Azərbaycanın ixrac boru kəmərlərinə raket zərbələrinin yalnız qısamüddətli təsir göstərə biləcəyini söyləyir, çünki məhv edilmiş hissələr tez bir zamanda təmir oluna bilər.

"Çox güman ki, Ermənistan bu cür təxribatlarla Azərbaycanın ixrac boru kəmərləri keçən yeni ərazilərini işğal etmək və onlar üzərində nəzarət əldə etmək istəyir", - deyə o vurğulayır.

Bu ehtimalı Prezident İ.Əliyevin açıqlamaları da təsdiqləyir ki, iyul təxribatı zamanı Ermənistan Azərbaycanın Tovuz bölgəsinə girməyə və Cənubi Qafqaz Boru Kəməri Magistralına nəzarəti ələ keçirməyə çalışıb.

“Əslində Tovuz hadisələrinin səbəblərindən biri məhz bu idi - yeni Azərbaycan torpaqlarını işğal etmək, sonra da danışıqlar masasında öz mövqelərini möhkəmləndirmək, eyni zamanda ya strateji enerji kommunikasiyalarımıza yaxınlaşmaq, ya da onları nəzarət altına alıb bizə diktə etmək. Bu, həmişə Ermənistan dövlətinin planlarına daxil edilir. Bunu gizlətmirlər ”, - deyə İ.Əliyev bildirib.

SOCAR şirkətində isə öz növbəsində hesab edirlərki, Ermənistanın Azərbaycana qarşı yeni təxribatı təsadüfi deyil və Azərbaycan qazının Avropaya tədarükü planlarını pozmağa yönəlib.

“Aydındır ki, Ermənistan silahlı qüvvələrinin hücumlarının Cənub Qaz Dəhlizi layihəsinin başa çatmasına bir neçə ay qalmış, onun son hissəsinin - TAP qaz kəmərinin tiintisində irəliləyiş səviyyəsinin 98% olduğu bir vaxtda daha tez-tez baş verməsi təsadüfi deyil. Bu gün biz Xəzər hövzəsindən çıxan təbii qazın ilk dəfə Cənub Qaz Dəhlizi ilə Avropaya daxil olacağı tarixi bir anın astanasındayıq ki, bu da Avropa və Türkiyəyə qaz idxalı mənbələrini şaxələndirməyə kömək edəcək. Bu, həmin bölgələrdə iqtisadi inkişafa, sülhə və sabitliyə mühüm töhfə olacaq ”, - deyə şirkətin nümayəndəsi İ.Əhmədov bildirib.

Eyni zamanda, Dövlət Neft Şirkəti Qarabağın tamamilə işğaldan azad edilməsini bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinin yeganə yolu hesab edir.

“Son aylarda Ermənistandan daha tez-tez baş verən hücumlar göstərdi ki, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı həm də Avropanın enerji təhlükəsizliyi üçün daimi təhdid mənbəyidir. Beynəlxalq hüququn məcburi normalarının tətbiqi - işğalçı qoşunların Azərbaycanın dövlət ərazisindən çıxarılması bu təhlükəni aradan qaldırmağın, Avropanın təhlükəsiz enerji təchizatını və bölgədə sülhü təmin etməyin yeganə təsirli yoludur”, - deyə İ.Əhmədov vurğulayır.

Yeri gəlmişkən, Azərbaycan hökuməti əmindir ki, Dağlıq Qarabağdakı hərbi əməliyyatlar Azərbaycanın 25 ildən çoxdur ki, ciddi şəkildə yerinə yetirdiyi neft sahəsi öhdəliklərini gerçəkləşdirməyə təsir göstərməyəcək.

Azərbaycandan başlayaraq son çatdırma nöqtəsi Avropaya olan boru kəmərlərinin təhlükəsizliyi üçün açıq və bariz təhdidlərin fonunda, ölkəmizin tərəfdaşları Azərbaycanın bu layihələrin qorunmasını təmin etmək qabiliyyətinə tam etibar edirlər.

Neft və qaz sənayesi hər zaman Azərbaycanın inkişafında və çiçəklənməsində aparıcı rol oynayıb. Mənfəət neft və qazının satışından əldə olunan vəsait milli iqtisadiyyatın inkişafına yönəldilib və yönəldilir. İndi sektorun rolu daha da artıb, çünki bütün səylər əsas hədəfə - Qələbəyə çatmaq üçün səfərbər olunub. Yanacağa olan hərbi ehtiyacların təmin edilməsi ilə yanaşı, Qarabağın geri qaytarılmasından sonra Azərbaycanın düşmən topları tərəfindən dağıdılmış rayon və şəhərlərinin bərpası üçün xeyli maliyyə vəsaiti tələb olunacağını unutmaq olmaz ki, bu da Azərbaycan iqtisadiyyatının tam gücü ilə işləməsinə ehtiyac olduğunu göstərir.



MƏSLƏHƏT GÖR:

230