25 Aprel 2024

Cümə axşamı, 02:30

İRƏVAN YANILDI

Rusiyanın aparıcı hərbi eksperti, «Milli müdafiə» jurnalının baş redaktoru İqor KOROTÇENKONUN «Region plus» jurnalına müsahibəsi

Müəllif:

15.10.2020

- İqor Yuryeviç, Dağlıq Qarabağ ətrafında yaşananları diqqətlə izləyirsiniz. Fikrinizcə, vəziyyətin gərginləşməsinin, tammiqyaslı müharibəyə çevrilməsinin səbəbi nə oldu? Əsas səbəbləri sadalayardınız...

- Əsas səbəb son onillikdə effektiv danışıqların olmamasıdır. Hərbi səbəb Paşinyanın əvvəlki razılaşmalardan imtinası, bununla da Ermənistandakı bəzi qüvvələrin əl-qolunu açmasıdır. Həmin qüvvələr Azərbaycan ərazilərini atəşə tutmaqla, Bakını təxribata çəkməyə başlamışdılar. Bunu 2020-ci ilin iyulunda da müşahidə etmişdik. Sonra eyni hal sentyabrda davam etdi. Şübhəsiz ki, müharibəyə görə istər siyasi, istərsə də hərbi məsuliyyət İrəvanın üzərinə düşür.

- Hərbi əməliyyatlar Azərbaycanın döyüş meydanında şəksiz üstünlüyünü ortaya qoyub. Bəzi ekspertlər iddia edir ki, Ermənistan, sadəcə, müharibəyə hazır deyilmiş. Münaqişəni hərbi nöqteyi-nəzərdən necə qiymətləndirirsiniz?

- Ermənistanın müharibəyə hazır olmadığına dair fikirlərlə razı deyiləm. Paşinyanın hakimiyyətə gəlişindən sonra qəbul olunmuş doktrinal sənədlərə baxsaq, orada əksinə, söhbət «ərazi qarşılığında sülh» tezisindən imtina olunduğunu görərik. Həmin sənədlərdə artıq yeni prinsip yer alırdı – «Yeni müharibə - yeni ərazilər». Bunu Ermənistanın müdafiə naziri Tonoyan da dəfələrlə dilə gətirmişdi.

İlk döyüşlə kəşfiyyat cəhdi, yəni bu ilin iyulunda Tovuz istiqamətində baş verənlər göstərirdi ki, Ermənistan Azərbaycanı onun milli infrastrukturuna, məsələn, neft-qaz obyektlərinə və boru xətlərinə zərbə endirəcəyilə şantaj etməyə çalışır. İyul təxribatının yeri təsadüfən seçilməmişdi – o, Avropanın enerji təhlükəsizliyinin təminində vacib element olan strateji boru xətlərinin cəmi 12 kilometrliyində yerləşirdi. Aydındır ki, Paşinyan bu zaman Avropanın Azərbaycana təzyiqlərə başlayacağına ümid edirdi. Düşünürdü ki, enerji təhlükəsizliyinə təhdid yaranarsa, Avropa Bakının işğal altındakı ərazilərinin işğalına hesablanmış əməliyyatlara başlamasına əngəl ola bilər. Bir sözlə, söhbət Ermənistanın həyata keçirdiyi kompleks işdən gedir. Demək, ölkə müharibəyə kifayət qədər ciddi hazırlaşıb.

Ermənistanın cəbhədə məğlubiyyətlə üzləşməsinə gəlincə, bunun da kompleks səbəbləri var. Birincisi, erməni strateqləri Dağlıq Qarabağdakı müdafiə xəttinin yarılmasını mümkünsüz saymaqla, Azərbaycanın bu mövqelərə hücuma keçməyə risk etməyəcəyini düşünməklə səhvə yol veriblər. Ermənilər özünəməxsus «Majino xətti» qurmuşdu və hesab edirdi ki, o, əlçatmazdır.

İkincisi, Ermənistan bütün bu dövr ərzində fəal şəkildə silah-sursat alıb. Bu mənada, son «Su-30» və «Tor» ZRK tədarükünü yada salmaq olar.

Sadəcə, Ermənistan silahlı qüvvələrinin baş qərargahı Azərbaycanın hərbi potensialını, komanda-zabit heyətinin hazırlıq səviyyəsini, planlı hücum əməliyyatlarına başlamaq əzmini düzgün qiymətləndirməyib. Bu məsələdə İrəvan çox ciddi yanlışlığa yol verib. İyul hadisələrindən sonra orada düşünürdülər ki, növbəti təxribata da Azərbaycan dişlərini qıcamaqla, atəşə atəşlə susdurmağa çalışmaqla cavab verəcək, 2-3 gündən artıq döyüş aparmağa risk etməyəcək. Odur ki, hadisələrin real gedişi İrəvanda əsl vəlvələ yaradıb.

Əminliklə deyə bilərəm ki, müasir silahlar – PUA, barrajiruöhix sursatlar, hədəfləri yüksək dəqiqliklə vuran vasitələr və s. ilə aparılan hərbi əməliyyatların miqyası dünyanın aparıcı dövlətlərinin Baş qərargahları tərəfindən diqqətlə öyrənilir. Dünya hələ bir ordunun digərinə qarşı bu qədər yüksək dəqiqlikli silahlardan istifadə etdiyi müharibə görməmişdi. Hücum PUA-larından istifadə miqyasına və intensivliyinə görə dünya tarixində bir ilkdir. İndiyədək bu miqyasda hücum PUA-sından nə ABŞ, nə Rusiya, nə İsrail, nə də hər hansı başqa dövlət istifadə edib. Belə münaqişələr üçün hücum PUA-larının şəksiz üstünlüyü sübut olundu. Buraya Azərbaycan Ordusunun düşmənin Hərbi Hava Qüvvələrini, Hava Hücumundan Müdafiə sistemlərini məhv etmək taktikası, zirehli texnikaların, ciddi mühafizə olunan hədəflərin və canlı qüvvənin məhvində PUA-lardan kütləvi şəkildə istifadə etməsi də əlavə olunmalıdır. Azərbaycan Ordusu XXI əsrin müharibə nümunəsini göstərir.

O da qeyd olunmalıdır ki, yüksək dəqiqlikli silahlardan istifadə mülki əhali arasında tələfatı da azaldır. Bu mənada, Azərbaycan hərbi nailiyyətlərlə yanaşı, Dağlıq Qarabağda yaşayan dinc sakinlərin həyatını da qoruyur.

Düşünürəm ki, bundan sonra hərbi əməliyyatların aparılması taktikasında ciddi dəyişikliklər olacaq. Bu işdə Azərbaycan Ordusunun təcrübəsi şübhəsiz ki, detallı şəkildə öyrəniləcək.

- Cəbhədəki hərbi əməliyyatlarla yanaşı, fəal informasiya savaşı da gedirdi. Ermənistan beynəlxalq dəstək üçün müraciətlər edirdi və bəzi dövlətlər artıq açıq şəkildə İrəvanın tərəfini tutur. Bütün bunlar nələrə yol açır?

- Ermənistan hədəflərinə nail olmaq üçün informasiya müharibəsindən də fəal istifadə edir. Erməni tərəfinin, məsələn, Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatlarına diqqət yetirmək kifayətdir. Onların həqiqətin necə təhrif edildiyi, yalanın necə danışılmalı olduğu haqda Gebbelsə dərs keçə bilərlər.

Bu gün bütün erməni təbliğatı rəsmi Bakıya dilomatik təzyiq cəbhəsinin açılmasına yönəlib. Məsələn, Fransa kimi ölkələrdə erməni lobbisinin səylərini görürük. Orada prezident Makron faktiki olaraq, erməni diasporunun yaydığı mifin girovuna çevrilib – bilərək və ya bilməyərək.

ABŞ-da da erməni lobbisinin fəallığını müşahidə edirik. Burada – Rusiyada da bir sıra erməni əsilli iş adamı, milyarder az qala Putini münaqişə zonasına ordu yeritməyə çağırır. Lakin prezident Putin hərbi əməliyyatların Ermənistan ərazisində getmədiyini, bu üzdən də ona nə Rusiyanın, nə də KTMT-nin müdaxilə edəcəyini deyir. Yəni Moskva hərbi variantı nəzərdən keçirmir və problemin siyasi-diplomatik yolla çözülməsini istəyir.

Ermənistanın Bakıya qarşı vahid diplomatik cəbhə yarada bildiyini düşünmürəm. Lakin bu işdə onların müəyyən nailiyyətləri də var. Məsələn, mütəmadi olaraq «Evronews» telekanalını izləyirəm və bu zaman elə təəssürat yaranır ki, ermənilər bu kanalı alıblar. Avropada nüfuza sahib olan bu kanalın apardığı qara piar sadəcə, təəccüblüdür.

İnformasiya savaşında ermənilərin səylərini Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən başqa telekanallarda, həmçinin yazılı KİV-də də görmək mümkündür. Lakin təbliğat öz yerində, müharibə isə döyüş meydanında həll olunur. Nə qədər qışqırsalar da, Azərbaycan Ordusunun hərbi uğurları göz qarşısındadır.

- Avropanın Ermənistana dəstəyi gözlənilən və proqnozlaşdırılan idi. Bəs, Azərbaycanın bir çox ölkədən dəstək alması gözlənilən idimi? Bunu diplomatik qələbə adlandırmaq olarmı?

- Bu, məni təəccübləndirmədi. Çünki Azərbaycan diplomatiyası son illər son dərəcə fəal işləyir. Yeni xarici işlər nazirinizi xüsusi qeyd etmək istərdim. Ceyhun Bayramovun bu vəzifəyə təyinatından cəmi bir neçə ay keçməsinə baxmayaraq, onun fəaliyyətinin effektivliyi artıq hiss olunur. Bayramovuqn fəaliyyəti özündən əvvəlki nazirin işindən çox fərqlənir.

Nəzərə alsaq ki, Azərbaycan 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatına sədrlik edir, onun beynəlxalq nüfuzunun nə qədər artdığını söyləyə bilərik. Çoxsaylı ölkələrin Bakını fəal, birmənalı dəstək verməsi Azərbaycan diplomatiyasının fəaliyyəti baxımından heyrətamizdir. Azərbaycanda güclü prezident hakimiyyəti var və bütün strateji qərarlar, o cümlədən diplomatiya sahəsində məhz prezident tərəfindən verilir. Odur ki, bir çox dövlətin Azərbaycana dəstək verməsi şəxsən məni təəccübləndirmədi.

- Siz artıq Azərbaycanın dinc şəhərlərinin raket atəşinə tutulması haqda danışmış, bunu bəşəriyyət əleyhinə cinayət kimi qiymətləndirmisiniz. Necə düşünürsünüz, Ermənistanın hərbi-siyasi rəhbərliyi belə barbarlığa əl atmaqla hansı məqsədləri güdür?

- Müharibənin aparılması prinsipləri var, Cenevrə konvensiyaları və humanitar hüquq prinsipləri var. Orada açıq şəkildə bildirilir ki, hərbi əməliyyatlar zamanı mülki əhali və mülki obyektlər ziyan görməməlidir. Düşünürəm ki, Ermənistan əvvəlcə belə zərbələri qarşı tərəfi təxribata çəkmək, cavab zərbələrinə vadar etmək, bununla da Rusiya və KTMT-ni köməyə çağırmaq niyyətilə endirirdi. Bu gün isə onlar bunu cəbhədə üzləşdikləri uğursuzluqlara cavab olaraq edir. Döyüş meydanında üstünlük qazana bilməyənlər qəzəbdən dinc şəhərləri atəşə tutur.

Putinin «bu, bizim müharibəmiz deyil» sözləri Paşinyana, Rusiyanı İrəvan tərəfdən münaqişəyə cəlb etməyə çalışan erməni lobbisinə cavabdır. Odur ki, vəziyyət kəskin şəkildə dəyişib, nəticədə əvvəllər danışıqlar sözünü eşitmək belə, istəməyən Ermənistan müzakirə masası arxasına əyləşməli olub.

- Bir müddət əvvəl Moskvada aparılmış danışıqların sonunda humanitar atəşkəs elan olunub. Fikrinizcə, bu, nə qədər çəkə bilər?

- Mən hərbi əməliyyatların dayanacağına skeptik yanaşıram. Atəşkəs haqda razılaşmanın qüvvəyə minməsindən dərhal sonra Ermənistanın hərbi əməliyyatları davam etdirdiyi, Azərbaycanın mövqelərinə raket zərbələri endirdiyi və sair haqda xəbərlər yayılıb. Odur ki, humanitar atəşkəsin nə qədər çəkəcəyi bəlli deyil. Yəqin ki, o, Azərbaycan tərəfinin ərazilərinə atılan raketləri müşahidə etmək səbri tükəndikdə başa çatacaq. Bakının «uşaq» olmaq istəmədiyi dəqiqdir və Ermənistan hərbi təxribatlar taktikasından əl çəkməzsə, hərbi əməliyyatlar tam miqyası ilə bərpa ediləcək.

Danışıqlara gəlincə, Paşinyanın hazırda «Madrid prinsipləri» və ya «Kazan formulu»nu reallaşdıra biləcəyinə inanmıram. Üstəlik, Moskvada baş tutmuş qısa müzakirələrin sonunda erməni tərəfi Dağlıq Qarabağdakı marionet rejimin danışıqlar masası arxasına əyləşdirilməsi ideyasından da imtina etməli olub. Bunun özünü də Azərbaycanın diplomatik qələbəsi saymaq olar.

- Artıq Ermənistanda cəbhədə yaşananlardan narazılıq səsləri daha güclü eşidilməyə başlayıb. Necə düşünürsünüz, bütün bunlar tezliklə Paşinyan rejiminin sonunu gətirə bilərmi?

- Ermənistanda hərbi vəziyyət elan olunub və müvafiq olaraq, hərbi senzura qüvvəyə minib. Paşinyanı və hərbi əməliyyatların gedişini tənqid etmək qadağandır. Demək, əsas hadisələr bir müddətdən sonra, senzuranın götürülməsindən sonra cərəyan etməyə başlayacaq. Hazırda bu əməllərə görə sərt cəza tədbirləri nəzərdə tutulur – avadanlıqların müsadirəsinə, redaksiya və nəşriyyatların qapadılmasınadək. Lakin 2-3 həftə sonra senzura zəifləyəcək. O zaman, şübhəsiz ki, Paşinyanın ünvanına tənqidlər yağdırılacaq, hərbi uğursuzluğa görə məhz o günahlandırılacaq. Düşünürəm ki, bir neçə ay sonra Paşinyan artıq Ermənistanın baş naziri olmayacaq. Ermənistanın növbədənkənar parlament seçkisinə getməsi də mümkündür. Ermənistan ictimaiyyəti Paşinyandan hərbi və siyasi məğlubiyyətin hesabını verməsini mütləq tələb edəcək. Hesab edirəm ki, Paşinyan siyasətçi kimi tükənib və onun vəzifəsini itirməsi, sadəcə, zaman məsələsidir. Amma bu, onun şəxsi işi və erməni xalqının seçimidir.

- Bəziləri hesab edir ki, Rusiya bu münaqişədə münsiflər heyəti rolunda çıxış edir. Yaranmış vəziyyətdə Moskvanın mövqeyini necə qiymətləndirirsiniz?

- Rusiya bu münaqişədə hakim rolunu oynamır. Bu, iki suveren dövlət arasında gedən müharibədir. Üstəlik, döyüşlər Azərbaycan ərazisində gedir. Rusiya bu məsələdə neytral qalmağa üstünlük verir və bu, yəqin ki, Qarabağ münaqişəsinin tarixində ilk belə haldır. Bu vaxtadək Moskva bir çox səbəblərdən Ermənistana simpatiya bəsləyirdi. İndi isə o, neytraldır. Bu isə istər Paşinyan, istərsə də Rusiyadakı erməni lobbisi üçün «soyuq duş» effekti yaradıb. Mən ölkə rəhbərliyinə kifayət qədər nüfuzlu şəxslərin ünvanladığı yüzlərlə müraciətə şahidlik etmişəm. Onlar Rusiyanı qoşun yeritməyə, erməniləri müdafiə etməyə və s. çağırırlar. Moskva isə prinsipial mövqeyilə sülh danışıqlarına başlanılması təşəbbüsü ilə çıxış etmək haqqını özündə saxlayır. Lap başdan demişdim ki, Ermənistanla Azərbaycan danışıqlar masası arxasına tərəflərin birinin qələbəsindən, digərinin məğlubiyyətin astanasına çatmasından sonra əyləşəcəklər. Görünən odur ki, belə də oldu. Bu, yalnız Moskvanın hər iki tərəfdən eyni məsafədə dayanması ilə mümkün olub və hesab edirəm ki, ən doğrusu məhz budur. Biz rusiyalı əsgərləri Paşinyanın siyasi avantürasına qurban verməməliyik.

- Rusiyada nüfuzlu erməni lobbisinin olduğunu deyir, eyni zamanda baş verənlərə münasibətinizi açıq şəkildə dilə gətirirsiniz. Bu mövqeyinizə görə hədələr almırsız ki?

- Bu haqda danışmaq istəmirəm, çünki sualın cavabı bəllidir. Mən müstəqil insanam və heç bir hədə, təzyiq mənim mövqeyimə təsir edə bilməz. Əsas da ona görə ki, mənim mövqeyim tam aydındır – mən Rusiyanın milli maraqlarına uyğun çıxış edirəm.

- Bölgədə dayanıqlı sülhün qarantı kimi, Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi versiyası da nəzərdən keçirilir. Rusiya bu məsələdə səlahiyyətləri Türkiyə ilə bölüşməyə nə qədər hazırdır? Hər halda, dünyada belə əməkdaşlıq nümunələri kifayət qədərdir.

- Düşünürəm ki, danışıqlarda sülhməramlı kimi, Türkiyəyə ehtiyac olmayacaq. Bu, mümkünsüzdür. Rusiyanın mövqeyi qətidir. Biz Türkiyə ilə savaşmaq istəmirik. Biz Türkiyəyə vacib geosiyasi və hərbi-texniki tərəfdaş kimi yanaşırıq. Lakin Cənubi Qafqazda Türkiyənin güclənməsi bizə lazım deyil.



MƏSLƏHƏT GÖR:

297