29 Mart 2024

Cümə, 17:37

ƏDALƏT HAQQI

Lüdmila MARÇENKO: «Ukraynalıların əksəriyyəti, əlbəttə ki, Azərbaycanın tərəfindədir»

Müəllif:

15.10.2020

Lüdmila MARÇENKO Ukrayna Ali Radasının deputatıdır. O, hakim «Xalqın xidmətçisi» partiyasını təmsil edir. Ali Radada Azərbaycanla parlamentlərarası əlaqələr qrupu sədrinin müavini olan L.MARÇENKO son illər Azərbaycanın ərazi bütövlyünün tanınması məsələsində Kiyevin mövqeyinin əsas müdafiəçilərindəndir. Onun Kiyevin Azərbaycana ciddi hərbi və humanitar yardım etməli olduğuna dair son çağırışı isə Ukraynada, xüsusilə ölkənin erməni icması arasında böyük rezonansa səbəb olub.

- Xanım Marçenko, məlum olduğu kimi, ermənilərin sentyabrın 27-də əl atdıqları növbəti təxribatdan sonra Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlayıb. Bu, bir ukraynalı siyasətçi, Ali Radanın deputatı kimi, sizinçün gözlənilməz idimi?

- Xeyr, gözlənilməz deyildi. Bu gün Azərbaycan öz ərazilərində uğurlu əks-hücum əməliyyatları aparır və buna BMT Nizamnaməsinin 51-ci maddəsi icazə verir. Həmin maddədə hər bir dövlətin öz ərazisini kənar hərbi hücumdan qorumaq hüququ tanınır. Torpaqların, ərazi bütövlüyünün qorunması dövlətin əsas funksiyalarından biridir. Bundan başqa, tamamilə aydındır ki, Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsilə bağlı mənasız sülh danışıqlarından bezib. Bu danışıqlar 25 ildən artıqdır davam edir, nəticə isə yoxdur. Bu müddətdə Azərbaycan ərazisinin 1 metri belə, azad edilməyib. Halbuki, bu məsələdə beynəlxalq hüquq da Bakının tərəfindədir.

Ermənistan istisna olmaqla, dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Qondarma «DQR»i isə nəinki dünyanın heç bir dövləti, Ermənistanın özü belə, tanımır. Üstəlik, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, həmçinin BMT Baş Assambleyasının qətnamələri və s. Həmin sənədlərdə erməni silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmasının vacibliyi birmənalı şəkildə tələb olunur. Lakin İrəvan 25 ildən artıqdır bu sənədlərə məhəl qoymur. Bütün bu amillər, şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların bərpasını zəruri edirdi.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın hazırkı rəhbərliyi bir sıra bəyanatları və addımları ilə münaqişənin sülh yolu ilə həllinə dair danışıqları tam anlamsız etmişdi. Bu yerdə onların iyulda Tovuz istiqamətində əl atdıqları təxribat da yada düşür. O vaxt Ermənistan tərəfi hücumu artıq Qarabağdan uzaqda, tam fərqli istiqamətdə təşkil etmişdi. Bu, münaqişəyə üçüncü tərəfin, o cümlədən Ermənistanın üzv olduğu KTMT-nin cəlbi cəhdi idi. Bütün bu amilləri nəzərə alsaq, ortaya bir sual çıxırdı: Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurmanın növbəti mərhələsi nə vaxt başlayacaq? Bu sualın cavabı artıq aydındır.

- Siz baş verənləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrini detallı şəkildə bilən siyasətçi kimi danışırsınız. Bəs, Ukrayna ictimaiyyəti, orta statistik Ukrayna vətəndaşları bu haqda nə bilir?

- Ümumilikdə, onlar Ermənistanla Azərbaycan arasında uzun illərdir ərazi mübahisəsinin yaşandığından xəbərdardırlar. Lakin münaqişənin detalları vətəndaşlara o qədər də aydın deyildi. Son hadisələr Ukrayna KİV-də, o cümlədən telekanallarda ətraflı işıqlandırılır və bu, şübhəsiz ki, ukraynalıların münaqişənin məğzi, səbəbləri və nəticələri haqda daha ətraflı məlumat almasına yol açıb. Üstəlik, Ukrayna prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kulebanın Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatları da oldu.

Nəhayət, təvazökarlıqdan kənar da olsa deyim ki, mənim Azərbaycana dəstəklə bağlı Xarici İşlər Nazirliyimizin də reaksiya verdiyi çıxışımdan sonra ukraynalılar Dağlıq Qarabağ münaqişəsində işğalçının və qurbanın kim olduğuna dair detallı məlumat aldılar.

- Ermənistanla münaqişədə Azərbaycanı Ukrayna cəmiyyəti tam olaraq dəstəkləyirmi?

- Bu suala cavab verərkən anlamaq lazımdır ki, Ukraynada böyük, çox nüfuzlu erməni diasporu da var. Onların nümayəndələri ölkədə yüksək vəzifələr tutur, Ukrayna rəhbərliyində belə, təmsil olunurlar. Erməni diasporunun nəhəng kapitala, geniş ətrafa malik nümayəndələri var. Həmin şəxslərin siyasətçilər, ekspertlər, jurnalistlər arasında da dostları çoxdur. Buraya Ali Radada Ermənistanla parlamentlərarası dostluq qrupunun üzvləri olan deputatları da əlavə edək. Təbii ki, onların hamısı Ukrayna ictimaiyyətinə öz baxışlarını yeritməyə çalışırlar. Lakin fikrimcə, ukraynalıların əksəriyyəti, əlbəttə ki, Azərbaycanın tərəfindədir.

- Çoxları «Müxalif Platforma – Həyat Uğrunda» partiyasından olan deputat İlya Kivanın bu yaxınlarda etdiyi videomüraciəti qalmaqal və təxribat kimi qiymətləndirir. O, müharibənin «Türkiyə ilə Ermənistan arasında getdiyini» deyib, pravoslav xristianları «xristian və müsəlman dünyası arasında minilliklərdir davam edən qarşıdurmaya qoşulmağa», Ermənistana kömək etməyə çağırıb. Azərbaycanın Ukraynadakı səfirliyi artıq bu məsələ ilə bağlı Ali Radanın sədri Dmitri Razumkova müraciət edib…

- Çox əminəm ki, cənab Razumkov Azərbaycan səfirliyinin müraciətinə reaksiya verəcək. Mütləq. Ukraynada «Xalq deputatının statusu haqqında» qanun var. Həmin qanuna görə, deputat öz şəxsi fikrini söyləyə bilər. İlya Kivanın dedikləri fərqli məsələdir. Əksər ekspertlərin, siyasətçi və deputatların fikrincə, onun çıxışında dinlərarası və millətlərarası ədavətə çağırış elementləri var. Bu, yolverilməzdir. Bu, təkcə, mənim fikrim deyil. «Xalqın xidmətçisi» fraksiyasından olan deputatların çoxu belə düşünür.

Deputat Kivanın mövqeyi Ukraynanın rəsmi mövqeyindən fərqlənir. Kiyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Ola bilsin ki, müxalifətdə olan Kiva elə bu səbəbdən belə danışır. Lakin istənilən halda, sözləri seçərkən ehtiyatlı, diqqətli olmaq lazımdır.

- Ukraynada nüfuzlu erməni diasporunun olduğunu dediniz. Onun liderlərindən biri Ukraynanın daxili işlər naziri Arsen Avakovdur. Sizin Bakıya hərtərəfli yardım çağırışınıza cavab olaraq o, Kiyevin nə Azərbaycana, nə də Ermənistana hərbi yardım göstərəcəyini deyib. Avakovun səlahiyyətlərini aşdığını deyən ekspertlərlə razısınızmı?

- Onlarla razılaşmaya bilmərəm. Həqiqətən də, nə xalq tərəfindən seçilmiş deputat, nə xarici işlər, nə müdafiə naziri olan Avakov səlahiyyətlərini aşan bəyanat verib. Lakin sizin də doğru qeyd etdiyiniz kimi, o, Ukraynanın ən nüfuzlu ermənilərindən biridir. Bu, istənilən halda, Avakovun bu və ya digər məsələyə münasibətində özünü göstərir.

- Haqlı olaraq dediniz ki, Ukrayna prezident və XİN başçısı səviyyəsində bu münaqişədə Azərbaycana dəstəyini ifadə edib. Bunun səbəblərindən biri də Krım məsələsində Ermənistanın Kiyevə dəstək verməməsi ola bilərmi?

- Azərbaycanla Ukrayna hər zaman bir-birinin ərazi bütövlüyü və suverenliyinə açıq dəstək ifadə edib. Amma Krımın Rusiya tərəfindən qəsb olunmasından sonra biz, əlbəttə ki, ərazisinin 20%-i 25 ildən çoxdur işğal altında olan Azərbaycan xalqının ağrısını daha yaxşı anlamağa başlamışıq. Ermənistanın BMT, AŞPA və digər beynəlxalq qurumlarda Rusiyanın bu əməlinə dəstək verməsi də bizim Qarabağ münaqişəsinə münasibətimizə öz təsirini göstərib. Azərbaycan əsl sadiq dost kimi, hər zaman bizimlə eyni mövqedə olub, Krımın qəsbini hər zaman pisləyib. Bakı konkret və obyektiv mövqe sərgiləyir. Biz bunu başa dühür, qiymətləndirir və Ermənistana münaqişədə Azərbaycanı dəstəkləyirik.

- Ölkəmiz və xalqımız haqda çox ürəkdolusu danışırsınız…

- Ondan başlayaq ki, mənim mövqeyim beynəlxalq hüquqa əsaslanır. Məhz beynəlxalq hüquqa əsasən, Azərbaycan işğala məruz qalmış ölkədir. Bunun əksinə nəsə söyləmək qeyri-obyektivlik olardı.

Bundan başqa, mən Azərbaycanla parlamentlərarası dostluq qrupu sədrinin müaviniyəm və bu, mənə xalqınızın problemləri, ümidlərilə daha detallı tanış olmaq imkanı yaradır. Mən çoxsaylı azərbaycanlılarla, o cümlədən Ukraynada yaşayan azərbaycanlılarla dostluğumla fəxr edirəm. Onların arasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov da var. O, böyük vətənpərvər, xalqını sevən şəxsdir.

Nəhayət, Azərbaycanda dəfələrlə olmuşam və bu üzdən, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin sizinçün nə qədər əhəmiyyətli olduğunu yaxşı bilirəm. Bu, qaçqın və məcburi köçkün düşmüş 1 milyon insanın acısıdır. Bu, onların hər birinin doğma evlərinə, yurdlarına, əcdadlarının torpaqlarına qayıtmaq ümididir. Qarabağla bağlı mövqeyimi bütün bu ağrını, mütləq gerçəkləşəcək ümidi anlamağım formalaşdırıb.



MƏSLƏHƏT GÖR:

283