26 Aprel 2024

Cümə, 02:42

KARANTİNİN “SÜKUTU” POZULDU

Yeddi aydan sonra ilk dəfə Azərbaycan cüdoçuları beynəlxalq yarışdan medallar qazandılar

Müəllif:

01.11.2020

Koronavirus pandemiyasına görə idman aləmində olan durğunluq tədricən azalır. Karantin dövründə ilk olaraq Beynəlxalq Cüdo Federasiyası beynəlxalq yarışları bərpa etmək barədə qərar qəbul etdi. Yeddi aylıq fasilədən sonra Macarıstan cüdo üzrə ən güclülərin yarışdığı lisenziya xarakterli “Böyük Dəbilqə” turnirinə ev sahibliyi etdi.

Səfərə 17 cüdoçuyla yollanan Azərbaycan milli komandası Vətənə üç medalla qayıtdı. Karantinlə bağlı yeddi ay yarışların keçirilmədiyini nəzərə alsaq, göstərilən nəticəni qənaətbəxş hesab etmək olar. Bu dəfə də milli komandamızda favoritlər ümidləri doğrultdu.

66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov ilk görüşündə Niderland təmsilçisi İvo Verhorsterti məğlub edib. Ardınca gürcüstanlı Baqrati Niniaşvilidən üstün olub. Dörddə bir finalda Monqolustan təmsilçisi Erhembayar Battoqtoh ilə üz-üzə gəlib. Qarşılaşma Səfərovun qələbəsi ilə bitib. Təəssüf yarmfinalda qələbənin davamı gəlməyib. Rusiya təmsilçisi Yakub Şamilova uduzan Orxan Səfərov bununla finaldan kənarda qalıb, bürünc medal uğrunda mübarizə aparıb. Bürünc medal uğrunda görüşdə Özbəkistan təmsilçisi Sardor Nurillayevə qalib gələb idmançımız bürünc medala layiq görülüb. Cüdoçumuz qələbənin ardından əsgər salamı verməklə hazırda işğal altında olan torpaqlarımızı azad etmək uğrunda döyüş meydanında olan Azərbaycan Ordusuna ehtiramını bildirib.

Orxan Səfərov “Region plus”a açıqlamasında tatamidə əsgər salamı verməyin onlara qadağan olunduğunu söyləyib: “Fikrimiz o idi ki, hamımız medal qazanandan sonra əsgər salamı verək. Üçümüz də bunu etdik. Beynəlxalq Cüdo Federasiyası, orada oturan hakimlər bizə işarə etmişdilər ki, əsgər salamı verməyək. Dedilər ki, tatami üzərində siyasət olmamalıdır. Amma bizim bir fikrimiz var idi: qalib gələk və əsgər salamı verək. Bizə güc və qüvvət verən də o idi.

Bürünc medaldan sonra lisenziya xallarım artdı. Olimpiya reytinqində 17-18-ci pillələrdəyəm. Bu isə birbaşa iştirak üçün kifayətdir. Mənimlə eyni çəkidə Nicat Şıxəlizadə də var. 2-3 pillə məndən irəlidədir. Hər çəki dərəcəsində ölkənin bir təmsilçisi olmalıdır. Qarşıda yarışlar var, çalışacağam ki, daha da irəli pillələrə keçim. Nicat mənim dostumdur, amma hamı istəyir ki, olimpiadada çıxış etsin. Kim güclüdürsə, o da Tokioya gedəcək”.

Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən nüfuzlu yarışda ən yüksək nəticə Rüstəm Orucovun adına yazıldı. 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz nüfuzlu yarışda Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərinə qalib gələrək finala çıxıb. R.Orucov qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampı məğlub edərək əsgər salamı verib. Beləliklə, cüdoçumuz Macarıstan yarışını fəxri kürsünün ən yüksək pilləsində başa vurub.

Qələbəni Azərbaycan Ordusuna əsgər salamı göndərməklə qeyd edən olimpiya oyunlarının gümüş mükafatçısı medalı şəhidlərimizə həsr etdiyini söylədi: “Allah bütün şəhidlərimizə rəhmət eləsin! Mən bu medalı şəhidlərimizə həsr edirəm. Burada qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəm. Qarabağ Azərbaycandır”! - deyə o bildirib. Məlumat üçün bildirək ki, “Böyük dəbilqə” yarışlarında qızıl medal qazanan idmançıya 5 min dollar pul mükafatı verilir. Bunlardan min dollar məşqçiyə, dörd min dollar isə idmançıya aid olunur.

Yarışın son günü komandamız daha bir medal qazanıb. Bu dəfə məşqçilərin ümidini 90 kq-da çıxış edən Məmmədəli Mehdiyev doğruldub. Yarışa 116 finaldan qoşulan Məmmədəli Mehdiyev ilk cəhdində Farux Bulekulovu (Qırğızıstan) məğlub edib. Ardınca həmyerlimiz Cesper Sminki (Hollandiya) mübarizədən kənarlaşdırıb. Mehdiyev 1/4 finalda rusiyalı Mixael İqolnikovla üz-üzə gəlib və rəqib mərhələ adlayıb. Təsəlliverici görüşdə Davlat Bobonovla qarşılaşan təmsilçimiz tatamidən qalib ayrılıb. O, 3-cü yer uğrunda qarşılaşmada Niderland nümayəndəsi Noel Van Endi məğlub edib və bununla, bürünc medala layiq görülüb. Komanda yoldaşları kimi Məmmədəli Mehdiyev də tatamini əsgər salamıyla tərk edib.

Ümumilikdə, 1 qızıl, 2 bürünc medal qazanan cüdoçuların çıxışını qənaətbəxş hesab etmək olar. 61 ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər "Böyük dəbilqə" turnirində qazanılan nəticələrlə yanaşı, cüdoçular həm də lisenziya xallarının sayını artırdı. 14 cüdoçunun yarışda mükafatsız qalmasını normal qarşılamaq lazımdır. Çünki “Böyük dəbilqə” turniri rəqabətin səviyyəsinə görə “kiçik Avropa Çempionatı” adlandırılır. Güclü rəqabətə görə əksər iştirakçı ölkələr, ümumiyyətlə, yarışda medal üzünə həsrət qalır.

Orxan Səfərov, Rüstəm Orucov və Məmmədəli Mehdiyev Tokio Olimpiadası yolunda mühüm lisenziya xalları qazandılar. Digər idmançılarımıza gəlincə kişilər arasında Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Telman Vəliyev (hər ikisi 73 kq), Hidayət Heydərov, Murad Fətiyev (hər ikisi 81 kq), Rüfət İsmayılov (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri və Camal Feyziyev (+100 kq) ümidləri doğrultmayıb. Qadınların yarışında çıxış edən Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) da Vətənə medalsız qayıdıb. Dünya çempionatında 5-ci yeri tutan Kəramət Hüseynov, təcrübəli Nicat Şıxəlizadə, Avropa çempionu Hidayət Heydərov, Murad Fətiyev eləcə də Dünya çempionatının gümüş mükafatçısı Uşangi Kokaurinin medal qazana bilməməsi təəssüf doğurur. Qaydalar dəyişəndən sonra cüdo idman növündə bütün idmançılardan medal tələb etmək peşəkar düşüncədən kənardır. Heç bir mötəbər yarışda heyətdəki bütün təmsilçilər medal qazana bilməz.

Cüdoçularımızı daha bir ciddi sınaq noyabrda gözləyir. Noyabrın 19-21-də Çexiyanın Praqa şəhərində cüdo üzrə Avropa çempionatı keçiriləcək. Həmin yarışda qitənin ən güclü cüdoçuları təmsil olunacaq. Qeyd edək ki, qitə birinciliyində 50 ölkənin iştirakı gözlənilir.



MƏSLƏHƏT GÖR:

229