26 Aprel 2024

Cümə, 01:28

ARAZIN HƏR İKİ TAYI İLƏ

Qarabağda Azərbaycan - İran sərhədinin tam işğaldan azad edilməsi ilə yeni birgə elektrik enerjisi layihələri gerçəkləşdiriləcək

Müəllif:

01.11.2020

Qarabağ bölgəsinin cənubunda dörd rayonu erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələrinin müzəffər irəliləyişi hidroenergetika, meliorasiya və s. sahələrdə bir sıra mühüm infrastruktur layihələrinin həllinə imkan yaradır. O cümlədən, Cəbrayıl və Zəngilan bölgələrinin işğaldan azad edilməsi nəticəsində sərhədyanı Araz çayı üzərində yerləşən Xudafərin və Qız qalası hidroqovşaqlarında su elektrik stansiyasının inşası olacaq. Eyni zamanda, bu layihələrin gerçəkləşdirilməsi Azərbaycan, Rusiya və İranın birgə qurduğu Şimal-Cənub enerji dəhlizi boyunca elektrik enerjisi tranzitini sürətləndirəcək.

 

Tarixi layihəmiz

Azərbaycanın İranla elektrik enerjisi sahəsində əməkdaşlığının yarım əsrlik tarixi var, bu, uzaq 1971-ci ildə sərhəd Araz çayının Naxçıvan Muxtar Respublikasından (NMR) keçən hissəsində yerləşən «Araz» şidroqovşağının və 22 MVt-lıq su elektrik stansiyasının tikintisi ilə başlayıb. Bu çox uğurlu birgə iş daha iddialı bir layihənin - Azərbaycanın cənub-qərbində iri su anbarının tikintisi üçün ilkin şərait yaratdı.

“1988-ci ildə SSRİ ilə İran arasında iqtisadi, ticari və elmi-texniki əməkdaşlıq haqqında uzunmüddətli müqavilə bağlanıb, bunun çərçivəsində Xudafərin və Qız qalası hidroqovşaqlarının və su elektrik stansiyalarının (SES) tikintisi və istismarı barədə ikitərəfli müqavilə imzalanıb. Daha sonra texnoloji avadanlıqların köhnəlməsi və istismardan çıxarılması ilə bağlı olaraq 1992-ci ildə Azərbaycan Nazirlər Kabinetinin buyuruğu ilə müstəqil ekspert qrupu yaradılıb və layihələr yenidən hazırlanıb. Daha sonra Zəngilan rayonu da daxil olmaqla Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra Azərbaycanla İran arasında bu istiqamətdə əməkdaşlıq dayandırılıb”, - deyə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli layihənin tarixçəsini xatırladıb.

Su elektrik stansiyalarının və hidroqovşaqların tikintisi ilə bağlı bütün sonrakı işlər yalnız İran tərəfindən həyata keçirilib. Yaranmış vəziyyətdə dönüş yalnız 2016-cı ilin fevralında Araz çayı üzərində, Xudafərin və Qız qalası hidroqovşaqlarının və su elektrik stansiyalarının (SE) tikintisinin davam etdirilməsi, onların istismarı, enerji və su resurslarının istifadəsi sahəsində Azərbaycan və İran hökumətləri arasında əməkdaşlıq haqqında" müqavilə imzalandıqdan sonra yarandı.  

Sənəddə Azərbaycan və İranın suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipləri, su elektrik stansiyalarının su və enerji resurslarına bərabər hüquq elan edildi. Bundan başqa, müqavilədə göstərilib ki, hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin tamamlanması, habelə Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması İran tərəfindən təmin ediləcək. Həmçinin bu su qovşaqlarının mühafizəsinin və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü bir ölkənin fiziki və ya hüquqi şəxslərinə verilməsi də qadağan edilib. Beləliklə, bu iki hidroqovşaqdan və su elektrik stansiyasından yalnız Azərbaycan və İranın istifadə edə biləcəyi xüsusi olaraq vurğulanıb. Bununla yanaşı, razılaşdırılıb ki, su qovşaqlarının doldurulmasından sonra su anbarının su səthində dövlət sərhəd xətti müəyyənləşdiriləcək və sabitləşdiriləcək.

Sonrakı illərdə Bakı və Tehran su təsərrüfatlarının tikintisi ilə bağlı məsləhətləşmələri davam etdirdilər. O cümlədən, bu ilin avqust ayının ortalarında, onlayn konfransın gedişində Azərbaycan və İranın enerji nazirləri - Pərviz Şahbazov və Rza Ardakanian – hidroqovşaqların tikintisini sürətləndirmək barədə razılığa gəldilər. Sentyabrın 4-də isə ikitərəfli Texniki Komissiyanın videokonfrans formatında keçirilmiş iclası zamanı isə su elektrik stansiyalarının tikintisinin birgə maliyyələşdirilməsi məsələləri müzakirə edilib. Bu sırada tikinti xərclərinin hesablanması, Xudafərin və Qız qalası hidroqovşaqları üzrə zərərin qiymətləndirilməsi, həmçinin su elektrik stansiyaları üçün avadanlıqların alınması və quraşdırılması müzakirə edilib.  

Lakin Azərbaycan ordusunun sentyabrın 27-də başlayan və Azərbaycanın sərhəd bölgələrinin azad edilməsinə səbəb olan əks-hücum əməliyyatı birgə Azərbaycan -İran enerji layihəsi ətrafında vəziyyəti kökündən dəyişdirdi.

 

Əməkdaşlıq qovşaqları

“2016-cı ildə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə əsaslanan bu layihələr üzrə müqavilənin imzalanması işğal olunmuş ərazilərimizin qaytarılacağına böyük inamın ifadəsi idi. Bu yaxınlarda müzəffər ordumuzun Cəbrayıl və Zəngilan rayonlarını azad etməsi Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, onun azad edilmiş ərazilərin bərpası zamanı hidroqovşaqlardan və su elektrik stansiyalarından istifadəyə hazırlaşmaq üzrə strateji baxışlarını bir daha göstərdi”, - deyə bu yaxınlarda enerji naziri Pərviz Şahbazov bildirib.

Nazirin sözlərinə görə, ərazilərin işğaldan azad edilməsi sərhədin hər iki tərəfində Araz çayının su və enerji ehtiyatlarından birgə istifadəsi üçün imkanlar yaradır. Ümumi tutumu 1,6 milyard kubmetrdən çox olan Xudafərin və Qız qalası hidroqovşaqlarının və ümumi gücü 280 MVt olan iki SES-in tikintisi Azərbaycanın ildə 368 milyon kilovat/saat elektrik enerjisi istehsal etməsinə imkan verəcək.

Bu layihə kənd təsərrüfatı üçün də böyük önəm kəsb edir: iki hidroqovşağın bəndinin hündürlüyü 64 m və uzunluğu 400 m olduğu üçün burada 1,6 milyard kubmetr su yığmaq mümkün olacaq. Yəni parametrlərinə görə bu, Mingəçevir və Şəmkirçaydan sonra Azərbaycanın üçüncü ən böyük su anbarı olacaq. Yeni su anbarı mövcud 252 min hektar əkin sahəsinin suvarılmasını yaxşılaşdıracaq və toplam 8 min hektar olan yeni əkin sahələri də əlavə olaraq suvarılacaq.

Nazir Xudafərin hidroqovşağının bəndinin tikintisinin praktik olaraq başa çatdığını və gələn ilin əvvəlinə Qız qalası bəndində də işlərin başa çatacağını qeyd edib. Yaxın gələcəkdə iki su elektrik stansiyasının tikintisini təşkil etmək planlaşdırılır, onların, təxminən, 2022-ci ilin sonunadək istismara verilməsi gözlənilir.

İqtisadçı ekspert Eldəniz Əmirovun fikrincə, bu layihənin həyata keçirilməsi İran üçün də çox faydalıdır. Elektrik enerjisi istehsalı və quraq sərhəd bölgələrində suvarma problemlərini də həll etməyə imkan yaratmaqla yanaşı, İslam Respublikası Azərbaycan ordusu tərəfindən azad edilmiş bölgədə enerji və s. infrastrukturların bərpasında fəal iştirak edəcək, tikinti materiallarının təchizatı, hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə böyük müqavilələr alacaq.  

«Azərenerji» ASC-nin dərc olunmuş planları bu layihələrin miqyasından xəbər verir, qurum Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı bölgələrində yeni 110 kV-lik elektrik ötürücü yarımstansiyasının və iki 110 kV-lik elektrik verilişi xəttinin layihələndirilməsini başa çatdırıb. Eyni zamanda, "Azərişıq" ASC bu rayonlarda 35 kilovoltluq paylayıcı yarımstansiyaların tikintisi üzrə layihə sənədləri hazırlayır.

Diqqətəlayiqdir ki, bu il Bakı ilə Tehran başqa birgə gerçəkləşdirilən su elektrik stansiyaları layihələrinin icrası üzrə işləri intensivləşdirmək barədə razılığa gəliblər. Bu yaxınlarda P.Şahbazov qeyd edib ki, hazırda iki su elektrik stansiyasının – Naxçıvan Muxtar Respublikasında Ordubad SES-in və İranla bitişik ərazisində Marazad SES-in tikinti işləri aparılır. Ordubad SES derivasiya tiplidir və 36 MVt gücündədir, onun tikintisi 2017-ci ilin yanvar ayından aparılır. Energetika Nazirliyindən verilən məlumata görə, bu su elektrik stansiyasının tikintisi üzrə işlər sürətləndirilmiş templə davam edir.

Bundan əlavə, Bakı və Tehran Azərbaycanın Astara rayonunda 500 MVt/saat gücündə istilik elektrik stansiyasının tikintisi barədə razılığa gəliblər. İran tərəfi stansiyanı qazla təmin edəcək və istehsal olunan elektrik enerjisi ya İrana satılacaq, ya da başqa ölkələrə ixrac ediləcək.

 

Əlverişli üçlük

Qeyd etmək lazımdır ki, baş verən hadisələr fonunda daha geniş formatda - Rusiya enerji qurumunun iştirakı ilə regional elektrik enerjisi əməkdaşlığı layihəsi formalaşır. Söhbət «Şimal-Cənub» layihəsi çərçivəsində geniş ixrac imkanlarına malik vahid enerji şəbəkəsinin yaradılmasını təmin edən Rusiya-Azərbaycan-İran enerji dəhlizindən gedir.

Elektrik enerjisinin birbaşa idxalından əldə ediləcək qazancla yanaşı layihə iştirakçıları bu zaman daha böyük ölçüdə mövsümi ehtiyaclarını da təmin edə biləcəklər. Bu cür əməkdaşlıq sayəsində ölkələr əlavə istehsal gücləri yaratmaq ehtiyacından qurtulacaq və qonşudan gələn elektrik enerjisindən istifadə edərək pula qənaət edəcəklər.

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin sinxronlaşdırılması məsələsi ilk dəfə hələ 2005-ci ildə MDB Ölkələri Elektrik Enerji Şurasının Tbilisidə keçirilən 28-ci iclasında gündəmə gətirilib və

orada postsovet ölkələrinin ortaq elektrik bazarının yaradılması barədə anlaşma əldə olunub. Onda Rusiyanın «EES Rossii» SC-si "Azerenerji"yə İranla birlikdə enerji sistemlərinin sinxronlaşdırılması prosesində iştirak etməyi təklif edib. Layihənin 2007-ci ildə başlayacağı güman edilirdi və Azərbaycana Rusiya elektrik enerjisinin İrana tranziti üzrə açar rol oynamaq təklif edilirdi. Bu layihə çərçivəsində sistemlərarası elektrik ötürücü xətlər Azərbaycan ərazisindən keçməli, İranla Rusiya arasında enerji mübadiləsi üçün infrastruktur yaradılmalı, xüsusilə Yaşma-Dərbənd elektrik ötürmə xəttinin üçüncü mərhələsi tikilməli idi.

Azərbaycanın və Rusiyanın enerji sistemləri çoxdan iki elektrik ötürücü xətlə – «Dərbənd» (330 kVt) və «Yalama» (110 kVt) ilə xətləri ilə birləşdirilib və ölkələr üçüncü paralel yüksək gərginlikli elektrik xəttinin çəkilməsi ilə bağlı razılığa gəliblər. Söhbət hazırda layihələndirilən 330 kilovoltluq "Abşeron - Yaşma - Dərbənd" elektrik ötürücü xətdən gedir, onun istifadəyə verilməsi Rusiya ilə enerji mübadiləsini yaxşılaşdırmaqla yanaşı, həm də Azərbaycan ərazisindən elektrik enerjisi tranziti imkanlarını artıracaq.

Qonşu İranla elektrik mübadiləsi sxemi bir qədər fərqli şəkildə formalaşıb - 90-cı illərdən bu yana bu ölkə ilə münasibətlər əsasən blokadada olan Naxçıvan anklavının təchizi üzrə qurulub. Yəni İslam Respublikası özünün şimal bölgələrində yay-qış elektrik çatışmazlığını aradan qaldırmaq üçün Azərbaycandan analoji təchizat müqabilində öz elektrik enerjisini Naxçıvan Muxtar Respublikasına (NMR) ötürür. NMR-də yeni enerji güclərinin işə salınması ilə muxtariyyətin ehtiyacları daha çox öz elektrik stansiyaları hesabına ödənilir və bu səbəbdən də, İrandan təchizat önəmli dərəcədə azalıb.  

Ümumiyyətlə, son on il yarımda Azərbaycanla İran arasında enerji mübadiləsi 150-180 MVt səviyyəsində saxlanılıb və beş yüksək gərginlikli xətt – «Parsabad I», «Parsabad II», «Astara (132 kVt)» və həmçinin NMR və İranın bitişik Culfa bölgəsi ərazisindəki 132 kilovoltluq "Culfa" və "Araz" elektrik ötürücü xətləri vasitəsilə həyata keçirilib.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin dediyinə görə, Bakı və Tehran enerji mübadiləsi məsələsində birgə işlərini davam etdirirlər. “Sonuncu dəfə İranın enerji operatoru «Tavanir» ilə «Azərenerji» arasında müqavilə 25 may 2020-ci il tarixinədək uzadıldı. Müqaviləyə əsasən, İran 6 iyun 2020-ci ildən etibarən Azərbaycandan 160 MVt/saat elektrik enerjisi idxal edir. Hər iki tərəf müqaviləni uzatmaq üçün iradələrini nümayiş etdirirlər və İrana elektrik enerjisi idxalının həcminin dəfələrlə artması hesabına əməkdaşlığı genişləndirmək niyyətindədirlər”, - deyə Musəvi bildirir.

Bu iddialı planların gerçəkləşdirilməsi yetərincə real texniki bazaya əsaslanır, özəlliklə də yaxın gələcəkdə Azərbaycan ilə İran arasında enerji mübadiləsi imkanları daha da artacaq. Hazırda uzunluğu 68 km olan 230 kilovoltluq yeni "Masallı - Astara (İran)" elektrik ötürücü xəttinin tikintisi başa çatmaqdadır. Beləliklə, yaxın gələcəkdə Azərbaycan və İran 800 MVt enerji mübadiləsi üçün texniki imkanlara sahib olacaqlar.

Beləliklə, «Şimal-Cənub» ortaq enerji dəhlizinin həyata keçirilməsində hansısa ciddi texniki maneələrin olmadığını iddia etmək olar. Azərbaycan ordusunun zəfər yürüşü isə yalnız üçtərəfli planların həyata keçirilməsini sürətləndirir.



MƏSLƏHƏT GÖR:

234