29 Mart 2024

Cümə, 10:27

İNSAN HAQLARI «QIR QAZANI»NDA

Samuel Patinin qətli hansı fəsadlara yol açacaq, yaxud Avropa cəmiyyətində mədəniyyətlərarası ziddiyyət ciddi problemə çevrilir

Müəllif:

01.11.2020

Fransada orta məktəb müəlliminin qətlə yetirilməsi müasir Qərb cəmiyyətində mədəniyyətlərarası ziddiyyətin nə qədər dərinə getdiyini göstərən növbəti faciəvi hadisədir. Fransa ilə onun müsəlman cəmiyyəti arasında gərginliyin kəskinləşməsi fonunda ortaya kifayət qədər ciddi sual çıxır: hazırkı neoliberal Qərb terror təhlükəsinə adekvat reaksiya vermək iqtidarındadırmı? Axı, bu təhlükə həm də Avro-Atlantik mərkəzlərin öz siyasətinin, təxribatçı hərəkətlərinin nəticəsində yaranır.

Paris yaxınlığındakı Konflan-Sent-Onorində kollec müəllimi olan Samuel Pati 18 yaşlı çeçen əsilli moskvalı Abdullah Anzorov tərəfindən qətlə yetirilib. O, Patinin başını kəsib. Anzorov 12 il imiş Fransada qaçqın statusunda yaşayırmış. Qatil saxlanılan zaman güllələnərək öldürülüb.

Qətlə səbəb 47 yaşlı tarix, coğrafiya və vətəndaş cəmiyyəti müəlliminin dərslərində Məhəmməd Peyğəmbərin «Charlie Hebdo» jurnalında çəkilmiş karikaturanı nümayiş etdirməsi olub.

Qətl, təbii ki, bütünlükdə Fransa ictimaiyyətində ciddi qəzəb yaradıb. Patinin xatirəsinə keçirilən kütləvi nümayişlərdə üzərinə «Fikir totalitarizminə yox!» şüarı yazılmış plakatlar qaldırılıb. Nümayişçilərə çox sayda müsəlman da qatılıb və onlar əllərində üzərində «Mən müsəlmanam və mən Patiyəm» yazılmış plakatlar tutublar. Bu, təbii ki, təəccüblü deyil. Çünki ölkənin müsəlman cəmiyyətinin mütləq əksəriyyəti öz dininin qaydalarına uyğun olaraq, terroru, insan qətlini pisləyir. Fransa hökumətinin cinayətə reaksiyası isə göstərir ki, buradakı müsəlmanları perspektivdə hakimiyyətin ciddi təzyiqi gözləyir.

Fransa prezidenti Emmanuel Makron Patinin qətlini «xarakterik islam terroru» adlandırıb və güc strukturlarından dərhal terrorçuluqla mübarizənin sərtləşdirilməsini tələb edib. İlk tədbir kimi, ölkədən 231 əcnəbinin deportasiyası nəzərdə tutulur. Onlar hökumət tərəfindən «ekstremist dini düşüncəyə malik» şəxslər kimi, şübhəlilər siyahısına salınıblar. Siyahıdakı şəxslərdən 180-i həbsxanalardadır, daha 51 ekstremistin dərhal həbs olunması haqqında qərar çıxarılıb.

Fransanın daxili işlər naziri Jerald Darmanen müvafiq strukturlara ölkədə qaçqın kimi sığınacaq almaq istəyən şəxslərlə bağlı daha ciddi araşdırmanın aparılmasını tapşırıb.

Həyata keçirilən tədbirlər arasında təhsil müəssisələrinin mühafizəsinin gücləndirilməsi xüsusi diqqət çəkir. Bundan başqa, Fransada sosial şəbəkələrdə yazılan ismarıclara nəzarət xeyli gücləndiriləcək. Artıq ölkə boyu «islamçı şəbəkələri»nə qarşı polis reydləri keçirilib. Hökumətin buna getməsinə səbəb Patinin qətlindən dərhal sonra sosial şəbəkələrdə qatilə 20-dən artıq dəstək mesajının peyda olmasıdır. Lakin Pati hələ sağ olan zaman şagirdlərindən birinin atası sosial şəbəkədə müəllimə qarşı nifrət kampaniyası başladıbmış. Terror aktından bir neçə gün əvvələdək həmin valideynlə fəal yazışan şəxslərdən biri isə qatilin özü imiş.

Vətəndaşlıq məsələləri üzrə nazir Marlen Şyappa sosial şəbəkələrin və internet platformalarının Fransa bölmələrinin rəhbərlərini toplayaraq, onlardan «kiberislamçılıq»la mübarizə üçün vasitələrin hazırlanmasını tələb edib. Nazir deyib ki, bu gün gənclər məscidlərdə, həbsxanalarda və ya xüsusi görüşlərdə deyil, elə öz evlərində, telefon və ya kompüterin qarşısında radikallaşır. Hökumətin sosial şəbəkələrə nəzarət edəcək xüsusi polisin yaradılması təşəbbüsü də maraqlıdır. Aparıcı siyasətçilər isə internetdə anonimliyin qismən məhdudlaşdırılmasını təklif edirlər. Onlar hesab edirlər ki, lazım gəldikdə provayder şirkətlər istifadəçinin şəxsiyyətini müəyyənləşdirərək ortaya qoya bilməlidir.

Beləliklə, Fransa rəhbərliyində radikal islamla mübarizənin sərtləşdirilməli olduğuna dair yekdil fikir var. Prezident Makron deyir ki, «bizim ölkəmizdə islamçıların rahat yatmasına imkan verilməməlidir». Daxili işlər naziri Darmanen isə «respublikanın düşmənlərinə nəfəs almaq imkanı verməyəcəklərini» söyləyir.

Bəs, bir cəmiyyətdə inanclıların hisslərinin təhqir olunması normaya çevrilibsə, orada dini şüarlarla çıxış edən terrorçularla mübarizədə real, uzunmüddətli uğur qazanmaq mümkündürmü? Üstəlik, bir sıra Qərb dövlətlərində, o cümlədən Fransanın özündə terrorçuluğun yayılmasına səbəb olan siyasi, sosial və iqtisadi amillər də kifayət qədərdir.

Terrorçuluğun istənilən formada təzahürü, o cümlədən dinlə bağlı fikirlərin təhrifilə, guya «islam uğrunda» həyata keçirilən terror aktları ən sərt şəkildə pislənilməlidir. Lakin bununla yanaşı, Fransanı sarsıtmış qətl ortaya başqa problemi də çıxarıb: neoliberal ölkələrdə istənilən mövzuda, o cümlədən inanclı insanların hisslərinin təhqir olunmasında da hər hansı tabunun olmaması istər hüquqi, istər siyasi, istərsə də mənəvi baxımdan nə dərəcədə doğrudur?

Terrorçu dərslərində şagirdlərə Məhəmməd Peyğəmbərin karikaturasını nümayiş etdirən, yəni müsəlmanların hisslərini təhqir etməyin normal hal olduğunu təbliğ edən müəllimi öldürüb. Dini səbəblərlə olsa belə, dinc insanın qətlə yetirilməsinin qatı cinayət olduğu hər kəsə aydındır. Amma bu əmələ təhrik etmənin özü də cinayət deyilmi? Dini nifrətin qızışdırılmasına norma kimi yanaşılması özünü demokratiyanın avanqardı hesab edən dövlətlərə yaraşırmı? Axı, islam müqəddəslərinin karikaturasının çəkilməsi və nümayişi belə də qiymətləndirilə bilər.

Mütəmadi olaraq yaradıcılığı «coşan» «Charlie Hebdo» niyə heç bir cinayət və hüquqi məsuliyyət daşımamalıdır? Axı, bütün etik normalara tüpürən bu dərginin etdiyi həmvətənlərin hisslərinə hörmətsizlikdir. Demokratiyanın əsas baza prinsiplərindən biri elə həmvətənlərin hisslərinə hörmətlə yanaşılması deyilmi? Yeri gəlmişkən, Fransada 6 milyonadək müsəlman yaşayır (əhalinin 10%-i). Onlar tam qanuni olaraq, öz dini dəyərlərinə hörmət tələb edirlər.

Məşhur «sənin azadlığın mənim azadlığımın başladığı nöqtədə bitir» prinsipinə əsaslansaq, bir qrupun dini azadlığına çirkabın atılması sayılan karikatura ədəbsizliyi necə söz azadlığı kimi təqdim oluna bilər?

Nazir Darmanen israrla bildirir ki, Fransada hər zamankı kimi, indi də Məhəmməd Peyğəmbərin təhqir edildiyi karikaturaları çəkmək, yaymaq, dərslərdə nümayiş etdirmək olar. Halbuki o, mağazalarda halal məhsulların satıldığı şöbələrin olmasını hiddətlə qarşılayır… Budurmu Avropa tolerantlığı? Bütün bunlardan sonra vaxtilə dünyaya faşizm bəlasını yaşatmış Avropada islamafobiya və irqçiliyin sürətlə artması təəccüblüdürmü?...

Əlbəttə ki, problemin digər üzünün olduğu da etiraf edilməlidir. Onilliklər ərzində digər Qərb ölkələri kimi, Fransa da Afrika və Asiyadan miqrant axınınıa məruz qalıb. Onları ölkəyə buraxan Paris bu insanların yerli cəmiyyətə uyğunlaşması, inteqrasiyası kimi vəzifələrin öhdəsindən layiqincə gələ bilməyib. Nəticədə, böyük bir miqrant nəsli, yaxud miqrant ailəsindən çıxmış insanlar Avropa sosiumunun «künc-bucağında» qalıb, Köhnə dünyanın standartlarına uyğun sosial-iqtisadi rahatlığa çata bilməyib. Bu, onlarda qəzəb, nifrət, ən yaxşı halda inciklik yaradıb. Məhz bu amil zaman-zaman özünü radikallıqla, aqressiya ilə büruzə verir.

Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda islamı dünya miqyasında «böhran yaşayan» din adlandırıb. Məgər bir çox müsəlman ölkəsində qlobal xarakter almış münaqişələrin yaranmasında Qərbin özü günahkar deyilmi? «İslam dövləti», «Əl-Qaidə», «Cəbhat-ən-Nusra» və s. kimi qruplaşmaların yaranmasına həmin münaqişələr səbəb olmayıbmı?

Və nəhayət. Görünən odur ki, Avropa ölkələrində «müsəlman təhlükəsi» daxili siyasi mübarizənin çox rahat alətinə çevrilib. Makronun da «radikal islamla mübarizə» səylərinin arxasında elektorata hesablanmış siyasətin olduğu aşkardır. Qarşıdan gələn seçkidə onun millətçi əhvallı seçicilərin səsinə ehtiyacı olacaq. Məlum olduğu kimi, həmin zümrənin səsinə ənənəvi olaraq, ultrasağçıların lideri Marin Le Pen iddia edir. Yeri gəlmişkən, Samuel Patinin qətlinə münasibət bildirən Le Pen deyib ki, terror təhlükəsilə mübarizə üçün «hərbi dövrün qanunları» qəbul olunmalıdır. Odur ki, yaxın iki ildə Fransada Makronla Le Penin bir-birilə antimüsəlman ritorikası vasitəsilə savaşacaqları istisna deyil.

Bunun nələrə aparıb çıxara biləcəyini isə bu günlərdə Eyfel qülləsi yaxınlığında baş vermiş insident tam çılpaqlığı ilə ortaya qoyub: iki fransız qadın bıçaqla iki ərəb qadınına hücum çəkib.

Beləliklə, Fransanın, hətta daha geniş anlamda Avropanın «qır qazanı» getdikcə qızışır.



MƏSLƏHƏT GÖR:

225