20 Aprel 2024

Şənbə, 16:13

QARABAĞIN İBRƏTAMİZ TARİXİ

Beynəlxalq güclərin susması ilə Ermənistan regionu yenidən müharibəyə sürüklədi

Müəllif:

01.11.2020

Azərbaycan qəhrəmanlıq tarixi yazmağa davam edir. Müzəffər azadlıq əməliyyatının getdiyi tarixi anda Qarabağ münaqişəsinin tarixini xatırlamaq yerinə düşər.

 

Köçkünlərin iddiaları

Dağlıq Qarabağ probleminin kökləri rusların Cənubi Qafqazı istila etdiyi dövrə gedib çıxır. XIX əsrin əvvəllərində Rusiya imperiyası Osmanlı imperiyası və İrandan olan erməniləri Şimali Azərbaycan torpaqlarına yerləşdirirdi. Məhz bu köçürmə siyasəti çərçivəsində Dağlıq Qarabağ ərazisinə də xeyli sayda erməni köçürülüb. Artıq 1911-ci ildə məşhur rusiyalı şərqşünas Nikolay Şatrov etiraf edirdi ki, «hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 mindən artıq erməninin 1 milyonda Onların çoxu yerli əhali deyil. bu bölgəyə biz köçürmüşük». Şatrov daha sonra deyirdi: «Ermənilər əsasən Yelizavetpol (Gəncə - N.N) və İrəvan quberniyalarının məhsuldar torpaqlarına köçürülüblər. Əvvəllər burada onların sayı son dərəcə az olub. İndi onlar Yelizavetpol quberniyasının dağlıq hissəsinə (Dağlıq Qarabağ - N.N) və Göyçə gölünün sahilində məskunlaşdırılıblar».

Beləliklə, həmin illərdə erməni köçkünlərin Azərbaycan torpaqlarına yerləşdirilməsi nəticəsində Cənubi Qafqazda, ilk növbədə isə Şimali Azərbaycanda etnik tərkib ciddi şəkildə dəyişdirilib. Rusiya imperiyası onun iradəsinə qeyd-şərtsiz boyun əyən erməniləri Cənubi Qafqaza köçürməklə, Osmanlı imperiyası ilə İran dövlətinin buradakı ənənəvi nüfuzuna son qoymaq, ən əsası isə bölgədə öz hökmranlığını birdəfəlik təsdiqləmək istəyirdi.

Bilavasitə Ermənistanla Azərbaycanın dövlətlərarası münaqişəsinə gəlincə, onun tarixi 1 əsrdən bir qədər çoxdur. Bu qarşıdurmanın başlama nöqtəsi 1918-ci il sayılmalıdır. Söhbət Rusiya imperiyasının süqutu ilə Cənubi Qafqazda müstəqil Azərbaycan və Ermənistan respublikalarının yarandığı dövrdən gedir. Ermənistan (Ararat) Respublikası xarici qüvvələrin dəfedilməz təzyiqi ilə əzəli Azərbaycan torpaqlarında (Göyçə gölü ətrafındakı bəzi rayonlarda, İrəvan və ətrafında) yaradılsa da, bu, sonradan onun Azərbaycanın digər ərazilərinə, o cümlədən Dağlıq Qarabağa iddia etməsinə mane olmayıb. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə, yəni 1918-ci ilin mayından 1920-ci ilin aprelinədək Ermənistan Qarabağ istiqamətində saysız-hesabsız aqressiv hərbi kampaniya aparsa da, erməni silahlı qüvvələrini AXC ərazisindən çıxara bilən Azərbaycan Milli Ordusu sonda Qarabağın AXC-nin tərkibində qalmasını təmin edib.

Nəhayət, Cənubi Qafqazda Sovet hakimiyyətinin qurulmasından sonra SSRİ rəhbərliyi 1923-cü ildə Dağlıq Qarabağın muxtar vilayət kimi Azərbaycan SSR-in tərkibində qalmasına qərar verib. Bu zaman Dağlıq Qarabağın Bakı ilə əzəli iqtisadi və mədəni bağlılığı da nəzərə alınıb. Lakin Ermənistan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinə də iddia etməyə başlayıb. Mərkəz isə ermənilərin bu iddialarını heç zaman dəstəkləməyib. SSRİ rəhbərliyi anlayırdı ki, vahid dövlətin daxilində sərhədlərin dəyişdirilməsi ciddi fəsadlara yol aça bilər. Bu üzdən də Sovet rəhbərliyi erməni millətçilərinin iki müttəfiq respublika arasında sülhün pozulmasına yönəlmiş cəhdlərinə hər zaman mane olub.

 

Qorbaçovun yenidənqurması

Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi yenə də SSRİ siyasi meydanında baş qaldırıb – 1988-ci ilin fevralında. O, DQMV-nin Azərbaycan SSR-dən qopardılaraq Ermənistan SSR-ə birləşdirilməsi tələbilə başlayıb. Üstəlik, bütün bunlar Ermənistan SSR-in köklü əhalisi olan 200 mindən çox azərbaycanlının deportasiyası, həmçinin Azərbaycan SSR-də ard-arda yaşanan faciəvi hadisələr fonunda baş verib. Sonda 1990-cı ilin yanvarında Bakıya Sovet ordusu belə, yeridilib.

Erməni tərəfinin «miatsum»a, yəni DQMV-nin Ermənistana birləşdirilməsinə cəhd etdiyi bir vaxtda Azərbaycan, təbii ki, öz ərazi bütövlüyünü qorumağa, Dağlıq Qarabağın Bakının nəzarətində qalmasına çalışırdı. Lakin Mixail Qorbaçovun başçılıq etdiyi sovet rəhbərliyi nəinki ermənilərin getdikcə qızışan millətçiliyinə, hətta faktiki olaraq, Ermənistanın ərazi iddialarına belə, göz yumurdu.

Nəticədə, Ermənistanla Azərbaycan arasında baş qaldırmış Dağlıq Qarabağ münaqişəsi sovet dövlətinin dağılmasında katalizatorlardan biri olub. SSRİ-nin süqutundan sonra isə problem iki respublika arasında açıq silahlı münaqişəyə çevrilib. Başqa sözlə, Qarabağ problemi de-yure «beynəlxalq» münaqişə statusu qazanıb.

 

İşğal, atəşkəs və danışıqlar

Azərbaycana qarşı erməni təcavüzünün ciddi şəkildə qızışması fonunda Ermənistanın silahlı qüvvələri 1992-ci ilin ilk yarısında kənar qüvvələrin də dəstəyilə strateji əhəmiyyətli rayonları – Şuşa ilə Laçını işğal edib. Qarabağ münaqişəsinin gedişində ən qanlı hadisə isə erməni silahlılarının Xocalı şəhərini işğal etdiyi vaxt yaşanıb. 1992-ci il fevralın 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet imperiyasına məxsus 366-cı motoatıcı alayın dəstəyilə 613 azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirib. Xocalıda öldürülmüş insanların arasında 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca da var. Xocalı qətliamı nəticəsində 1000-dən artıq mülki şəxs, o cümlədən 76 uşaq şikəst, əlil olub, müxtəlif dərəcəli xəsarətlər alıb.

1992-ci ilin martında Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirə öz «sülhməramlı institut»u – Minsk qrupunu yaradaraq, qanlı münaqişənin həllinə qoşulub. Qrupa nəinki Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün danışıqların aparılması, həm də kompromislərin yer alacağı müvafiq sənədin hazırlanması mandatı da verilib. Sonda Minsk konfransının çağırılması ilə tərəflər arasında sülh müqaviləsi də imzalanmalı idi…

Qarabağda isə döyüşlər tammiqyaslı xarakter almışdı. 1993-cü ilin payızında Ermənistan yenə də ciddi kənar dəstək sayəsində, Azərbaycanda yaranmış daxili siyasi xaosdan da istifadə edərək, Azərbaycanın daha bir neçə rayonunu ələ keçirib. Onlar bunu Azərbaycanın işğal olunmuş bölgəsində yaradılmış qanunsuz marionet rejim ətrafında «bufer zona» adlandırırdılar. Başqa sözlə, Ermənistan silahlı qüvvələri yalnız Dağlıq Qarabağı deyil, Azərbaycanın ona bitişik digər rayonlarını da işğal edib – Ağdam, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı, Laçın və Füzuli. Bu rayonlarda bir nəfər də olsun, azərbaycanlı qalmayıb, 100 minlərlə Azərbaycan vətəndaşı məcburi köçkünə çevrilib.

Elə həmin illərdə Ermənistanın Azərbaycan Respublikasının ərazilərini işğal etməsi faktı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsilə beynəlxalq birlik tərəfindən də təsdiqlənib. Qurumun 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı, 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı, 1993-cü il oktyabrın 14-də qəbul etdiyi 874 saylı və 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamələrdə erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Nəhayət, 1994-cü il mayın 12-də münaqişə tərəfləri Rusiyanın vasitəçiliyilə Bişkekdə atəşkəs haqqında saziş imzalayıb. Bununla da, münaqişədə siyasi-diplomatik mərhələ başlayıb və uzun illər aparılan danışıqlarda tərəflər arasında uzunmüddətli sülhə nail olunmasına çalışılıb.

Lakin 1997-ci ildən ATƏT-in Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi Minsk qrupunun vasitəçiliyilə aparılan danışıqlar heç bir nəticə verməyib. Halbuki ilkin dövrlərdə problemin beynəlxalq hüquqi sənədlərin, ilk növbədə, BMT TŞ-nin qətnamələrinin tətbiqilə həllinə ümid bəslənirdi.

ATƏT-in Minsk qrupunun fəaliyyəti dövründə Dağlıq Qarabağ probleminin həllilə bağlı bir sıra təkliflər, hətta planlar hazırlanaraq ortaya qoyulub. Lakin qurumun çalışdığı ilk dövrlərdən ən optimal həll planı kimi, mərhələli həll variantına üstünlük verilib. Bu varianta görə, Dağlıq Qarabağdan kənardakı işğal olunmuş ərazilərin bir və ya bir neçə mərhələdə boşaldılması, yalnız bundan sonra DQ-nin statusunun müzakirəsi və müəyyənləşdirilməsi nəzərdə tutulurdu.

1997-ci ilin dekabrında həmsədrlər ortaya tərəflərin istəyinə uyğun «redaktə olunmuş» həll planını da qoymuşdular. Ermənistanın ozamankı prezidenti Levon Ter-Petrosyan həmin variantı qəbul etməyə meyilli olsa da, hakimiyyətə can atan «Qarabağ klanı» tam əks mövqedə idi. Nəticədə, Ermənistanda hökumət böhranı yaranıb və bu, 1998-ci ilin fevralında Ter-Petrosyanın istefası ilə nəticələnib.

O vaxtdan – demək olar ki, 20 ildir «Minsk prosesi» necə deyərlər, «konservləşmiş» xarakter alıb. Ermənistan hakimiyyətində «Qarabağ klanı»nın bir-birini əvəzləyən nümayəndələri, prezidentlər Robert Koçaryanla Serj Sarqsyan bütün bu illər ərzində Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını nəzərdə tutan bütün planları rədd ediblər. Məhz Ermənistanın belə qəti mövqeyi ucbatından həmsədrlər 1998-ci ildə yeni təklif irəli sürmək məcburiyyətində qalıb – bu dəfə söhbət şərti olaraq, «ümumi dövlət» layihəsindən gedirdi. O, Azərbaycanla Dağlıq Qarabağ arasında «ümumi dövlət»in yaradılmasını nəzərdə tuturdu. Lakin bu təklif Bakı tərəfindən rədd edilib. Çünki bu halda Dağlıq Qarabağın Azərbaycandan qoparılması legitimlik qazanırdı. Bakının rədd etdiyi daha bir təklif Dağlıq Qarabağ ətrafındakı rayonlardan erməni qoşunlarının çıxarılması ilə bölgənin yeni statusunun müəyyənləşdirilməsinin «bir paketdə» yer alması ilə bağlı olub.

Danışıqlar prosesinin gedişində Azərbaycan hər zaman israrla yalnız bir həll variantının olduğunu bildirib. Söhbət beynəlxalq hüquqa əsaslanan həldən gedir: problemi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə əsasən çözülməlidir. Bu sənədlər isə Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasını nəzərdə tutur. Bakı hər zaman bildirib ki, bu şərtlər yerinə yetirilərsə, o, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət verməyə hazırdır. Amma bu, yalnız azərbaycanlı köçkünlərin həmin ərazilərə qayıtmasından, yəni regionda yenidən iki icmanın yaşamasından sonra mümkündür. Məhz Azərbaycanın istər siyasi, istərsə də hüquqi baxımdan kifayət qədər əsaslı olan bu qəti mövqeyindən sonra vasitəçilər ortaya daha bir sənəd qoyub – «Madrid prinsipləri». O, ilk dəfə 2007-ci ilin noyabrında İspaniya paytaxtında aparılan danışıqlarda meydana çıxıb. «Madrid prinsipləri» Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasını, Dağlıq Qarabağın yekun statusunun danışıqlar və ümumxalq səsverməsilə müəyyənləşdirilməsinədək ona aralıq statusunun verilməsini nəzərdə tutur. Bu prinsipləri ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçıları da əvvəlcə Akvildə (10 iyul 2009-cu il), daha sonra Muskokda (26 iyun 2010-cu il) təsdiqləyiblər.

Təxminən, elə eyni dövrdə «Madrid prinsipləri» əsasında ortaya Rusiyanın təklif etdiyi «Kazan sənədi» və «Lavrov planı» da qoyulub. Birinci sənədin əsası 2008-ci il noyabrın 2-də Rusiya prezidentinin iqamətgahında Azərbaycan, Ermənistan və RF prezidentlərinin imzaladığı Mayendorf bəyannaməsi ilə qoyulub. Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev Mayendorf bəyannaməsinin imzalanmasını müsbət qiymətləndirərək, bununla «danışıqlar prosesinin yeni  qədəm qoyduğunu» bildirmişdi. «Biz irəli gedirik. Bu, nikbinlik yaradır, danışıqlar prosesini gücləndirir. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasından bu yana münaqişə həll olunmamış qalsa da, bu gün problemin həllinə ümidlər, yəqin ki, illər əvvəl olduğundan daha böyükdür», - deyə o zaman İlham Əliyev bildirmişdi.

2011-ci il iyunun 24-də Azərbaycan və Ermənistan prezidentləri yenə də Rusiyanın dövlət başçısının təşəbbüsü ilə bu dəfə Kazanda bir araya gəliblər. «Kazan sənədi» ortaya məhz həmin görüşdən sonra çıxıb. Bu sənəd də münaqişənin Azərbaycan rayonlarının mərhələli şəkildə işğaldan azad olunması ilə çözülməsini nəzərdə tutur. Doğrudur, bir müddət sonra ona Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə müəyyən dəyişikliklər edilib və bu üzdən də sənədi «Lavrov planı» adlandırılmağa başlayıblar. Lakin orada da bir sıra mübahisəli məqamlar qalırdı və ümumiyyətlə, sənədin ciddi şəkildə işlənməsinə ehtiyac var idi. Məsələn, ilkin mərhələdə azad edilməli olan rayonların sayı, xalqın iradəsinin ifadə forması və s. Lakin «Madrid prinsipləri»nin ardından bu təşəbbüslərin ortaya çıxması öz-özlüyündə danışıqlar prosesinin irəli aparılması üçün əsas yaradırdı. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə, ölkə ordusunun uğurlu əks-hücuma başlamasından sonra verdiyi bəyanatlardan birində səsləndiyi bir fikir də təsadüf deyildi. Dövlət başçısının sözlərindən məlum olub ki, danışıqların gedişində o, problemin sülh yolu ilə həllinin mümkünlüyünə dair siqnallar alırmış və Bakını sülh prosesində iştirakı davam etdirməyə məhz həmin siqnallar həvəsləndirirmiş.

 

Sülh prosesinin iflası

Lakin bütün sülh təşəbbüsləri sonda Ermənistan tərəfindən rədd edilib – İrəvan Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmaqdan israrla boyun qaçırıb. Nəticədə, münaqişə zonasında gərginlik getdikcə artıb və 2016-cı ilin aprelində tərəflər arasında tammiqyaslı müharibə başlayıb. Bu, Bişkek protokolunun qüvvəyə minməsindən bu yana təmas xəttində qeydə alınmış ən şiddətli döyüşlər idi. Həmin vaxt Azərbaycan Ordusu bir neçə gün ərzində işğal altındakı ərazilərdəki bir sıra strateji əhəmiyyətli yüksəklikləri geri qaytarıb. Məhz bundan sonra Ermənistanın Azərbaycan ərazisinin beşdə birini işğal etməsi nəticəsində yaranmış status-kvonun dəyişdirilməsinin vacibliyi hər kəsə, o cümlədən maraqlı xarici qüvvələrə aydın olub. Başqa sözlə, Bakı müharibənin bitmədiyini, odur ki, konkret nəticənin əldə edilməsi üçün substantiv danışıqlara başlanılmasının vacibliyini hər kəsə göstərib. Söhbət təbii ki, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan hərtərəfli sülh razılaşmasından gedir.

Problemin detallı danışıqlarla, sülh yolu ilə həllinə növbəti ümid bir də Ermənistanda 2018-ci ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra yaranmışdı. Çünki təcavüzkar ölkənin başına özünü demokrat siyasətçi kimi göstərən, üstəlik, «Qarabağ klanı»na aid olmayan Nikol Paşinyan gəlmişdi. Onun Ermənistana rəhbərlik etdiyi ilk aylarda, həqiqətən də, sülh prosesində müəyyən müsbət ştrixlər müşahidə olunurdu: təmas xəttində gərginlik azalmış, Ermənistan və Azərbaycan rəhbərliyi arasında birbaşa təmaslar bərpa edilmişdi. Nəticədə, iki ölkənin XİN başçıları «xalqların sülhə hazırlanması» istiqamətində tədbirlərə başlanılması ilə bağlı razılığa belə, gəlmişdilər. Buna, ilk növbədə, Azərbaycanın sülhsevər siyasəti yol açırdı – Bakı «məxməri inqilab»ın liderinə danışıqlar prosesində daha konstruktiv mövqedən çıxış etməsi üçün kart-blanş vermişdi.

Lakin hakimiyyətini möhkəmləndirən Paşinyan danışıqlar prosesinin üzərindən birdəfəlik xətt çəkmək üçün əlindən gələni edib. Onun Qarabağla bağlı bütün bəyanatları, əməlləri göstərib ki, indi İrəvan nəinki işğalçılığa son qoymağı düşünmür, əksinə, onu daha da gücləndirməyə çalışır. Üstəlik, artıq Ermənistan Azərbaycanın işğal altındakı ərazilərinə başqa ölkələrdən etnik ermənilərin köçürülməsinə də geniş vüsət vermişdi. İndi onlar «yeni ərazilər uğrunda yeni müharibə»dən danışmağa başlamışdılar.

Amma sülh prosesinin birdəfəlik iflasa uğramasında ATƏT-in Minsk qrupunun həmsədrləri də günahkardır. Onlar guya hansısa həll formulunun tapılmasına çalışsalar da, müşahidəçi qismində çıxış edir, işğalçı ilə işğala məruz qalmış tərəflərə eyni yanaşır, tərəflər arasında fərq qoymurdular. Ən başlıcası isə onlar münaqişənin beynəlxalq hüquq, BMT TŞ-nin qətnamələri əsasında həlli üçün heç bir qəti addım atmırdılar. Başqa sözlə, Minsk qrupu sanki yaranmasından səbəb olmuş missiyanın öhdəsindən gəlmək istəmirdi.

Beləliklə, Ermənistanın BMT TŞ-nin qətmanələrini yerinə yetirməkdən, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini boşaltmaqdan imtinası, üstəlik, beynəlxalq vasitəçilər tərəfindən cəzasız qalması bölgəni yeni miqyaslı müharibəyə tərəf sürükləyirdi. Bu istiqamətdə son həyəcan təbili 2020-ci ilin iyulunda Ermənistanın təxribatı nəticəsində baş vermiş növbəti toqquşmalar idi. O zaman Ermənistan Azərbaycanın Tovuz rayonu istiqamətində sərhədi keçməyə çalışmaqla, nəinki status-kvonu qoruyub saxlamağı, hətta yeni əraziləri işğal etməyi düşündüyünü hər kəsə göstərib.

Nəhayət, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc sakinlərini növbəti dəfə atəşə tutmağa başlayıb. Bununla da, Azərbaycan xalqının və dövlətinin səbri tükənib!

Artıq Azərbaycan xalqının tarixinə doğma Qarabağın və işğal altındakı digər ərazilərin azad olunması da yazılacaq! Bu gün bütün Azərbaycan bu qəhrəmanlıq salnaməsini yazmaqdadır…



MƏSLƏHƏT GÖR:

294