19 Aprel 2024

Cümə, 11:06

UÇURUM İDEOLOGİYASI

Ermənistan «milli ideya» qurbanı kimi

Müəllif:

01.11.2020

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini çəkinmədən «məhəl qoyulmayan xəbərdarlıqlar müharibəsi» adlandırmaq olar. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın «Nə qədər ki, Qarabağ var, Ermənistan yaxşı yaşaya bilməyəcək», «Bu gün rədd etdiklərimizi gələcəkdə xahişlə istəyəcəyik, lakin ala bilməyəcəyik. Tariximizdə belə hal dəfələrlə olub» kimi fikirləri məşhur klassik nümunələrdir.

Daha bir məşhur var. Bu gün demək olar ki, unudulmuş, lakin 90-cı illərdə ermənilərin kifayət qədər nüfuzlu siyasi «oyunçu»su olmuş Vazgen Manukyan. O, müsahibələrin birində çox maraqlı fikir səsləndirmişdi. Manukyan «spyurk partiyası»nı, daha dəqiqi daşnaklarla ramkavarları ittiham edərək, Qarabağda qarşıdurmanın yaradılmasında məhz bu qüvvələrin günahkar olduğunu bildirmişdi. Təəssüf ki, o vaxt bu şəxsi eşidən olmadı. Bu gün də eşitmirlər. Halbuki bu fikir, həqiqətən, düşündürücüdür.

 

«Müharibənin coğrafiyası»

Əslində, dünyada mübahisəli ərazilər, dəqiqləşdirilməmiş sərhədlər çoxdur. Lakin onlardan bəziləri real münaqişə yox, sanki məcburi ayin xarakteri daşıyır. Məsələn, Danimarka ilə Kanadanın iddia etdiyi, yaşayışın olmadığı Hans adası kimi. Amma Kəşmir və Ladakh kimi, daim közərməkdə olan münaqişələr də var.

Ermənistana gəlincə, bu, nadir haldır. Onun bütün sərhədləri boyunca ərazi iddiaları var. Məsələn, Azərbaycandan Qarabağla Naxçıvanı tələb edir. Üstəlik, ermənilərin Azərbaycana ərazi iddiaları Kürədək olan bütün ərazini əhatə edir, bəzilərisə Bakını belə, «erməni şəhəri» elan etməyə çalışır.

Gürcüstandan hələ ki, yarımrəsmi şəkildə Cavaxetiya (Axalkalaki) tələb olunur. 1918-ci ildə Ermənistan Borçalı qəzasına da iddialar irəli sürmüşdü. Bu gün isə bəziləri Tbilisini «erməni şəhəri» elan etməyə hazırdır. Nədənsə qəflətən «ehtimal ki, ermənilərin olan» çoxsaylı «mübahisəli» kilsə və monastrlar öz yerində.

Bu da son deyil. Ermənistanın gerbində ermənilərin Ararat adlandırdığı Ağrıdağın əksi var. Bu dağ… Türkiyə ərazisindədir. Üstəlik, ermənilər Türkiyənin adları Sevr müqaviləsində çəkilən ən azı 6 şərqi Anadolu əyalətinə də iddia edir. Amma Adanaya belə, iddia edənlər var.

Bu iddiaların mənbəyi də bəllidir – çoxdan «milli ikona» statusuna qaldırılmış məşhur «Böyük Ermənistan» xəritəsi.

Doğrudur, bir çox ölkə və xalqın tarixində onların «nəhəng keçmiş»ini göstərən xəritələr var. Məsələn, Osmanlı və Avstriya-Macarıstan imperiyaları, Böyük İsveç və Reç Pospolita, Böyük Litva knyazlığı və müasir Belçika və Hollandiyayadək gəlib çıxan İspaniya torpaqları və s. Amma «Böyük Ermənistan» məsələsi də tam fərqlidir. Birincisi, tarixçilərin onun, ümumiyyətlə, mövcud olub-olmadığı ilə bağlı ciddi şübhələri var. İkincisi və ən önəmlisi, yenidən Hollandiya və ya Belçikaya iddia etmək yəqin ki, ispanların ağlına belə, gəlməz. Ermənistanda isə bu xəritə sanki «fəaliyyət planı»dır. Nəticədə, onun bütün sərhədləri qaynar, dondurulmuş və ya közərməkdə olan münaqişə ocaqlarına çevrilib.

Bu işdə həlledici rolu isə erməni diasporunun siyasi təbəqələri oynayıb.

 

«Spyurk»un siyasi anatomiyası

İrəvanda zəngin, nüfuzlu, böyük və siyasi fəal erməni diasporu hər zaman qızıl bonus, cənnətin açarı və s. sayılıb. Reallıqda isə diasporun özü yox, onun üzərindən oynanan siyasi oyunlar Ermənistanla çox pis zarafat edib.

Erməni diasporunun sıralarında hər zaman siyasi partiyalar olub. Onlar özləri üçün proqramlar qəbul edib, qurultay və konfranslar keçirib, saysız-hesabsız siyasi ədəbiyyat buraxıblar. Erməni diasporunun siyasi cəbhəsi hər imkanda «soyqırımı qurbanları»ndan danışıb, Türkiyənin ünvanına ittihamlar tirajlayıb, ermənilərin Birinci Dünya müharibəsi dövründən qalma «tarixi haqq»ından, yəni qonşu ölkələrin və xalqların ərazilərinə mifik hüquqlarından bəhs ediblər. Əvəzində «spyurk partiyaları»nı heç zaman vergi və ya pensiya, mərkəzi bankın uçot dərəcəsi, ölkədə səhiyyə sisteminin pullu, pulsuz və ya sığorta ilə olması və s. kimi həyati məsələlər maraqlandırmayıb. Onlar Ermənistanın sərhədləri boyunca bu qədər münaqişəli vəziyyətin olduğu şəraitdə necə yaşayacaqlarını heç zaman düşünməyiblər.

 

Bazis və üstqurum

Bəlkə də, geg-tez belə siyasətin iflasa uğramağa məhkum olduğunu düşünənlər haqlıdır. Amma fakt ondadır ki, Ermənistan kimi balaca, cəmi 3 milyona yaxın əhalisi olan ölkə real olaraq hamıya qarşı ərazi iddiaları ideologiyası ilə yaşayır. Və nəticə özünü çox gözlədə bilməzdi. Söhbət heç son döyüşlərin nəticələrindən də getmir. Ermənistan sentyabrın 27-dək də uduzurdu. Azərbaycanın ixrac boruları ondan yan keçir, regionda yeni nəqliyyat coğrafiyası formalaşır, Ermənistan isə bütün bunlardan kənar qalırdı. Onun təcavüzkar iddiaları nə gücünə, nə də cibinə uyğun gəlirdi. Bir sözlə, Ermənistan öz milli ideologiyasının qurbanına çevrilmişdi – İrəvanın siyasi və geosiyasi iddialarını təmin etmək üçün nə gücü, nə resursları var idi.

Bu artıq məsələ yac əvəzinə topların alınması, yaxud hərbi və sosial xərclərin balansı məsələsi deyil. Söhbət Ermənistanın bir ölkə kimi, real yaşamından gedir. Bunun üçün İrəvanın tək çarəsi təcavüzkarlıq ideologiyasından imtina etməkdir. O, nəhayət, anlamalıdır ki, Qarabağ və ya Axalkalakinin Ermənistanın «tarixi haqqı» olduğu haqda düşüncələr İrəvanda və Qlendeylda tam fərqli qiymətləndirilir.



MƏSLƏHƏT GÖR:

215