29 Noyabr 2020

Bazar, 02:31

VALYUTA

GERİ DÖNÜŞÜ OLMAYAN NÖQTƏ

Andre VİDMER: «Görünən odur ki, bu gün bu münaqişənin yeganə həlli döyüş meydanındadır»

Müəllif:

01.11.2020

Andre VİDMER Dağlıq Qarabağ ətrafında yaşananlarla yaxından tanışdır. Məşhur isveçrəli jurnalist, postsovet məkanı üzrə tədqiqatçı, Almaniyanın nüfuzlu «Frankfurter Allgemeine Zeitung» nəşrinin yazarı Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş «Unudulmuş münaqişə» kitabının müəllifidir. Kitabın əsasını jurnalistin Azərbaycanın işğal altındakı ərazilərinə səfər zamanı topladığı materiallar təşkil edir.

Azərbaycanın uğurlu əks-hücum əməliyyatlarının davam etdiyi bu günlərdə Andre VİDMER yenidən münaqişə zonasında olub. Bu dəfə o, bölgəyə Azərbaycanın ərazilərini işğaldan necə azad etdiyini görmək üçün yollanmışdı. Andre VİDMER jurnalımıza müsahibəsində son səfərilə bağlı təəssüratlarını, hadisələrin inkişafı ilə bağlı düşüncələrini bölüşüb.

- Hərbi əməliyyatların getdiyi bir vaxtda Azərbaycana gələr-gəlməz, döyüşlərin davam etdiyi təmas xəttinə yollandınız. Fikrinizcə, bu gün münaqişə tərəflərinin şansları nədən ibarətdir?

- Mən hərbi jurnalist deyiləm, sadəcə keçmiş sovet respublikaları, həmçinin həmin bölgələrdəki münaqişələrdən yazan frilans-jurnalistəm. Düşünürəm ki, sentyabrda başlamış hərbi əməliyyatlardan sonra hər iki tərəf geri dönüşü olmayan nöqtədədir. Azərbaycan 30 ildir Ermənistanın işğalı altında olan torpaqlarını geri qaytarmaq istəyir və Azərbaycan Ordusu artıq cəbhə xəttində ciddi nailiyyətlər qazanıb: artıq xeyli sayda kənd və bir neçə şəhər işğaldan azad olunub. Lakin Azərbaycanın cənub istiqamətində qazandığı ilk uğurlardan sonra işğalçı erməni qüvvələrinin təchizatının zəifliyi üzə çıxsa da, onların Şuşa və Stepanakert ətrafında ciddi müqavimət göstərəcəklərini düşünürəm. Ermənistan rəhbərliyi üçün Dağlıq Qarabağda məğlubiyyəti etiraf etmək asan olmayacaq. Görünən odur ki, bu gün bu münaqişənin yeganə həlli döyüş meydanındadır.

- Hərbi əməliyyatların qızğın vaxtında həmin bölgələrdə azərbaycanlılarla söhbətləşmisiniz. Xalqın əhvalı necədir? Hökumətin, hərbi komandanlığın fəaliyyəti necə qiymətləndirilir?

- Əslində, xalqdakı vətənpərvərlik ruhu, işğal olunmuş ərazilərin geri qaytarılması işində hakimiyyətə dəstək Bakıda da hiss olunur. Cəbhə xəttində isə insanlar hər imkanda orduya kömək edə bilmək üçün ərazidən çıxmaq belə, istəmirlər. Orada birinci Qarabağ müharibəsi veteranı ilə rastlaşdım. O, deyirdi ki, imkanı olsaydı döyüşə qatılardı. Amma yaşına görə qəbul etmirlər. Buna baxmayaraq, ərazini tərk etmir, cəbhəyə yollana biləcəyi anı gözləyirdi.

Amma əlbəttə ki, torpaqların azad olunmasını ən çox gözləyənlər azərbaycanlı qaçqınlardır. Qaçqın və məcburi köçkünlər uzun illərdir öz torpaqlarına qayıtmağı arzulayırlar. Bildiyimiz kimi, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların əhalisinin 90%-i azərbaycanlılar olub və onlar öz ev-eşiklərindən qovulublar. Bu gün həmin insanlar illərdir davam edən əziyyətdən, gözləntidən sonra, nəhayət, doğma torpaqlarına, evlərinə qayıdacaqlarına ümid edirlər.

Mən regiona hələ 2012-ci ildə etdiyim səfər zamanı qaçqınların məskunlaşdığı yerə baş çəkmişdim. Erməni işğalı nəticəsində öz torpaqlarını, evlərini itirmiş bu insanlar həyatlarını, məişətlərini həmin yaşayış məntəqələrində qurmuşdular. İndi, son illəri təmas xəttinə yaxın ərazilərdə yaşamış qaçqınlar yenidən erməni artilleriyasının atəşi altında zirzəmilərə doluşur. Bu, faciədir. Sanki onlar ikinci dəfə qaçqına çevrilirlər. Ümid edirəm ki, bu dəhşətə tezliklə son qoyulacaq.

- Ermənistanın Gəncəyə raket zərbələri endirdiyi vaxt siz də orada idiniz. Həmin atəş nəticəsində dinc sakinlər həlak olub və yaralanıb. Gəncədə nə baş verirdi?

- O an biz Tərtərdən bir qədər aralıda idik. Televizorda Gəncəyə 3 raket zərbəsinin endirildiyinə dair xəbəri gördükdə dərhal oraya yollandıq. Hadisədən, təxminən, 3 saat sonra artıq orada idik. Dəhşətli dağıntılar var idi. Yaşayış massivinin ortasına düşmüş raket orada bir neçə metr dərinliyində çuxur yaratmışdı. Biz şəhərə çatdıqda hələ dağıntıların altında ölmüş və yaralanmış şəxslərin axtarışı davam edirdi. Hələ sağ adam tapılmamışdı. Ermənilərin ağır raket hücumu nəticəsində şəhərin yaşayış məhəlləsində, təxminən, 20 bina dağılmış, zərbənin dalğasından yaxınlıqdakı evlərə də ziyan dəymişdi. Hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən mülki şəhərdə yaşayış məntəqəsinin bu hala düşməsi dəhşətlidir. Ağır raketin düşdüyü yerdəki krater gözümün qarşısından getmir. Bu, ciddi dağıntılara, çox sayda dinc sakinin, o cümlədən uşaqların ölümünə və yaralanmasına səbəb olmuşdu.

- İrəvanın dinc sakinlərə qarşı bu addımlarını necə qiymətləndirirsiniz? Fikrinizcə Ermənistan niyə dinc əhaliyə hücum edir?

- Hesab edirəm ki, Ermənistanın cəbhə xəttindən, təxminən, 60 kilometr aralıda yerləşən Gəncə kimi şəhərə raket zərbələri endirməsi üçün heç bir hərbi-strateji səbəb olmayıb və yoxdur. Lakin buna baxmayaraq, Ermənistanın hərbi komandanlığı hücumdan dərhal sonra Gəncədə hədəfə almağı düşündüyü hərbi obyektlərin siyahısını açıqlayıb. Bununla, onlar dayanmaq fikrində olmadıqlarını göstəriblər.

Gəncəyə atılmış «Skad» taktiki raket komplekslərinin çox dəqiq raketlər olmadığını nəzərə alsaq belə, ermənilərin yaşayış məntəqələrinə 3 dəfə zərbəni yanlışlıqla endirdiklərinə inanmaq çətindir. Digər yandan, aydındır ki, Ermənistanın siyasi-strateji hədəfi olub: Azərbaycan Ermənistan ərazisini vurmağa təhrik edilir. Çünki bu halda İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqi Rusiyadan münaqişəyə müdaxilə etməsini istəyəcək.

- Fikrinizcə, bu gün Avropadan Dağlıq Qarabağ münaqişəsi necə görünür? Niyə Avropa KİV-i bu münaqişəni daha çox birtərəfli işıqlandırır?

- Bu münaqişəni işıqlandıran Avropa mətbuatını oxuyan zaman insanda elə təəssürat yaranır ki, avropalı jurnalistlərin əksəriyyəti üçün real vəziyyətdən, Azərbaycan ərazilərinin işğalından deyil, separatçılardan, tanınmamış respublikalardan danışmaq daha maraqlıdır. Bu dəfə də belə oldu. Onların əksəriyyəti yalnız ermənilərin mövqeyini işıqlandırmaq məqsədilə Stepanakertə axışırlar.

Bununla yanaşı, Avropada koronavirus pandemiyasına yoluxmanın artdığını, ikinci dalğanın başladığını nəzərə alsaq, düşünürəm ki, əksər hökumətlər hazırda diqqəti bu məsələyə yönəldib. İndi, onlar Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək haqda düşünmürlər. Amma son 26 ildə onların səyləri onsuz da zəif olub. Odur ki, Avropanın yaşananlara müdaxilə etməməsindən Azərbaycan çox şey itirməyəcək. Hər halda, 20 ildən artıqdır, münaqişənin diplomatik yolla həllinə göstərilən səylər heç bir nəticə vermir – istər ATƏT-in Minsk qrupu çərçivəsində, istərsə də çoxsaylı ikitərəfli görüşlərdə.

- Artıq dəyişmiş status-kvo, Azərbaycan ərazilərinin azad olunması şəraitində hansı ssenarinin gerçəkləşmə ehtimalı daha çoxdur? Ermənistan bundan sonra hansı addımları ata bilər?

- Bu gün biz vəziyyətin necə dəyişəcəyini, xüsusilə də Ermənistanın hansı addımları atacağını yalnız ehtimal edə bilərik. Aydın olan odur ki, qan tökülməsinə son qoyulması üçün hər iki tərəf həlli danışıqlar masasında axtarmalıdır. Lakin bu, son 30 ildəki kimi olmamalıdır. İndi hədəf həllin mümkün qədər tez tapılması olmalıdır. İndiki vəziyyətdə isə bu, real görünmür. Bu günün reallıqlarını nəzərə alsaq, yəqin ki, yaxın gələcəkdə bütün məsələlər danışıqlar masasında deyil, döyüş meydanında həll olunacaq.



MƏSLƏHƏT GÖR:

15