19 Aprel 2024

Cümə, 20:14

QARABAĞ ÇOX YAXINDADIR

Osman Gazi Kandemir: “Azərbaycanın bu savaşda qalib olacağını söyləmək üçün falçı olmaq lazım deyil”

Müəllif:

01.11.2020

Osman Qazi Kandemir. 1961-ci ildə Sivasda anadan olub və orta təhsilini bu şəhərdə alıb.  1982-ci ildə Hərbi Akademiyanı bitirib.  1988-ci ildə ixtisasartırma, 1992-ci ildə Ali Hərbi Akademiya və 1997-ci ildə Silahlı Qüvvələr Akademiyasını bitirib. Xaricdə Əməliyyat Analizi və Psixoloji Əməliyyatlar sahəsində təhsil alıb. 2001-2004-cü illərdə Neapoldakı NATO qərargahında şöbə müdiri olaraq fəaliyyət göstərib. 2011-ci ildə briqada generalı rütbəsindən istefaya çıxıb.

- Artıq bir aydır ki, Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlayıb. Bu bir ay ərzində cəbhədə əldə olunmuş nəticələri necə qiymətləndirirsiniz?

- Dağlıq Qarabağda aparılan hərbi əməliyyat müxtəlif çəinliklərlə müşayiət olunur. Relyef qərbdən şərqə və cənubdan şimala doğru yüksəlir. Bu da zirehli və mexanikləşdirilmiş qoşunların xüsusilə şimal bölgəsində Kəlbəcər istiqamətində irəliləməsinə imkan vermir. Cənubda isə Araz vadisi, yəni İran sərhədinə yaxın bölgələr daha münasib şərait təklif edir. Gözlədiyimiz kimi əməliyyat da buradan inkişaf etdi. Şimaldakı Murovdağ bölgəsindəki ilk döyüşlər əməliyyatın təhlükəsizliyini təmin etdi və cənub bölgəsi nisbətən asanlıqla azad edildi. Relyefin yaratdığı çətinliklərlə yanaşı, ermənilərin, təxminən, 27 ildir qurduqları və inkişaf etdirdikləri istehkamları da unutmaq olmaz. Müdafiə Nazirliyinin yaydığı videolardan görə bilərsiniz ki, yüz metrlərlə uzanan səngərlər və xəndəklər qazıblar. Silahları üçün uyğun mövqelər hazırlayıblar. Lakin çətin relyef və sıx istehkamlara baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində düşmənin müdafiə xətlərini keçməyi bacardılar və həm şimaldan, həm də cənubdan irəliləməyə davam etdilər. Unutmayaq ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın bu bölgələri işğal etməsi, təxminən, üç il çəkmişdi. İndi isə bir ay ərzində əhəmiyyətli bir ərazinin geri alınmasından danışırıq. Bu uğur böyük bir qətiyyətin nəticəsidir.  Ordunun hazırlığı, silah və texnikanın lazımi qədər mövcudluğu, Azərbaycan xalqının öz dövlətinə və ordusuna inamı və birliyi bu uğurun arxasında duran əsas təkanverici qüvvələrdir. Əməliyyat zonasında ən kritik hesab etdiyimiz Laçın dəhlizi tezliklə ələ keçiriləcək və əməliyyat daha da asanlaşacaq.

- Ordusunun gücünə görə Azərbaycandan dəfələrlə geridə qalan Ermənistana kənardan hərbi yardımlar olunur. Sizcə, bu, Ermənistana nə dərəcədə kömək edə bilər? Ümumiyyətlə, erməni tərəfi  cəbhədə nə qədər davam gətirə biləcək?

- 26 oktyabrda Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa müraciətində bu vəziyyəti açıq şəkildə ifadə etdi. Bu sözlərin ünvanı Azərbaycan xalqından çox Ermənistana kömək edən dövlətlər idi. Normal şəraitdə, Ermənistan dövlətinin silah və texnikası artıq tükənməli idi. Onsuz da, silah və silah sistemlərinin çoxu soyuq müharibə dövründən qalma sovet qalıqları idi. Onun bir hissəsi döyüş meydanına belə gətirilə bilməzdi deyə anbarlarda qalmışdı. Lakin indi biz onlarda sonsuz bir raket ehtiyatı olduğunu gördük.

Bununla belə, İlham Əliyevin açıqlamaları faydalı olacaq və tezliklə Ermənistanı silahla dəstəkləməyə davam edən ölkələrin tədricən azalacağını görəcəyik. Onsuz da iqtisadi gələcəyi olmayan bir dövlətə nə qədər silah vermək olar ki? Düşünürəm ki,  daha bir neçə kritik bölgə işğaldan azad edildikdən sonra Ermənistan dövləti təslim olacaq. Bu təslim "tamam məğlub oldum" şəklində olmaya bilər, ancaq özünü müxtəlif yollarla göstərəcək. Ancaq bu artıq vacib deyil. Bizim üçün vacib olan işğal olunmuş torpaqların öz sahiblərinə qaytarılmasıdır. Bir az daha səbir etməli və əsgərin işini ehtiyatla bitirməsini gözləməliyik. Tələsərək əsgərlərə təzyiq edilməməlidir.

- Azərbaycan Ordusunun döyüş taktikası barədə nə deyə bilərsiniz?

 

- Azərbaycanın hal-hazırda apardığı müharibə tamamilə konvensiyalara uyğundur. Döyüş meydanına  yeni silah və texnikalar daxil oldu. Xüsusilə də pilotsuz uçuş aparatları kimi sistemlərin çox uğurlu istifadə edildiyini gördük.  Bu sistemlərin digər texniki dəstək cihazları ilə kompleks istifadəsində hazırlıq səviyyəsinin yüksək olduğunu anlayırıq. Ermənistan tərəfə  baxanda isə ikili mənzərə ortaya çıxır. Birincisi, onlar ən qədim sovet taktikalarının birindən istifadə edir: mərhələli müdafiə və "müqavimət nöqtəsi yaradaraq onu qorumaq". Mərhələli  müdafiədə o qədər də müvəffəqiyyətli ola bilmədilər, cəbhələri sürətlə dağıldı. Müqavimət nöqtəsi şəklində isə bir qala müdafiə edirmiş kimi mübarizə apardıqları üçün müqavimətləri nisbətən uzun çəkdi. Lakin müharibədə uğurlu nəticəyə təsir edən bir çox amil var. Təhsil, silah təchizatı, nizam-intizam, komandanlıq və maddi-texniki dəstək kimi bir çox məqamı nəzərdən keçirəndə Azərbaycanın daha yaxşı vəziyyətdə olduğunu görürük. Ermənistan yaralıların daşınması üçün təcili yardım maşını belə tapa bilmir. Əsgər üçün cəbhəyə yemək apara bilmir. Onların qoşunları arasında əlaqə kəsilib. Video və fotolardan görürük ki, nizam-intizam və mənəvi vəziyyət də zəifdir. Azərbaycanın bu mübarizənin qalibi olacağını söyləmək üçün falçı olmaq lazım deyil.

- Ermənistan israrla bu savaşda Türkiyənin adını hallandırır. Sizcə, bununla nə əldə etməyə çalışırlar?

- Tək istədiyi odur ki, Türkiyəni bu müharibəyə çəkib qərbli dostlarından kömək alsın. Sonra qışqıracaq “qaçın, gəlin,yanıma!” Onsuz da onlar bunu gözləyirlər. Çünki hazırda edə biləcəkləri bir şey yoxdur. Müharibə Azərbaycan ərazilərində aparılır.  Ermənistan ərazisində heç bir əməliyyat getmir.  Ancaq Türkiyə işə girərsə, vəziyyət dəyişəcək, bunu bilirlər.

- Bəs, Ermənistanın hərbi müttəfiqləri necə? Bu hərəkətkər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etməyə cəhd sayıla bilərmi?

- Oktyabrın əvvəlindən prezident Putin dəfələrlə bəyan edib ki, döyüş əməliyyatları Azərbaycan ərazisində aparılır. Yəni nə qədər ki, müharibə Ermənistan ərazisinə keçməyib bu mövqe qalacaq. Ermənistan ərazisindən törədilən təxribatlara, açılan raket atəşlərinə baxmayaraq, Azərbaycan çalışır ki, hərbi əməliyyatlar Ermənistan ərazisinə keçməsin. Baş verənlərdən görünən odur ki, güclü qalib gələcək.

- Başqa bir iddia da, guya, Azərbaycan tərəfində suriyalı döyüşçülərin olması ilə bağlıdır. Sizcə, Azərbaycanın buna ehtiyacı varmı?

- Bu gülməli bir iddiadır. Suriyadan döyüşçülər niyə gətirilsin? Azərbaycan döyüşə bilmir? Həqiqət budur. Mövcud müharibə şərtlərində Suriyadan və ya başqa bir yerdən gətirilən insanların Azərbaycan tərəfdə edə biləcəyi bir şey yoxdur. Suriyalı döyüşçülər PUA idarə edəcəklər? Artilleriya üçün koordinat verəcəklər? Tank sürüb zirehli döyüş maşınında atəş atacaqlar? Müasir hərbi texnika ilə düşmənə qarşı elektron əməliyyat keçirəcəklər? Azərbaycan Ordusu indi ən son texnika ilə təchiz edilib. Suriyalı döyüşçünü gətirib niyə öz başına iş açmalıdır ki? Onları harda istifadə edəcəklər? Müharibənin harasında onlar ona lazım olacaq? Ona görə də bu iddia real olmayan tutarlı  olmayan bir iddiadır. Lakin Ermənistan PKK yaraqlılarından istifadə edir. Çünki həyata keçirdikləri əməliyyat şərtlərində onlardan istifadə etməyə zərurət var. Məsələn, müqavimət nöqtəsi kimi müdafiələrdə onlar piyada əsgər kimi vuruşa bilərlər. Tanklara və zirehli maşınlara qarşı tank əleyhinə raketləri istifadə edə bilərlər. Terrorçular yüngül silahlardan və tank əleyhinə raketlərdən yaxşı istifadə edə bilirlər. Təyyarələrə və vertolyotlara  qarşı PUA-lara qarşı aşağı hündürlükdə hava müdafiə silahlarından yaxşı istifadə edə bilirlər. Nəticə etibarilə PKK-çılar əməliyyat baxımından erməni tərəfində vuruşa bilərlər, lakin suriyalı döyüşçülərin Azərbaycan ordusunda görə biləcəkləri bir iş yoxdur.

- Ermənistan cəbhə xəttindən xeyli kənarda yerləşən Azərbaycan şəhərlərini raket atəşinə tutur. Gəncəyə atılmış ballistik raket onlarla insanın həyatına son qoyub. Sizcə, bununla hansı məqsədləri güdürlər?

- Ermənistanın quldur dövlət olduğu aydın oldu. Beynəlxalq münasibətlərdə quldur dövlət anlayışı var. Quldur dövlətlərin bir xüsusiyyəti də terror vasitələrindən istifadə etmələridir. Mülki insanlara raket atmaq terror aktıdır. Bu cür hərəkətlərin məqsədi şiddəti artıraraq diqqəti cəlb etməkdir.  Ermənistan  əlindəki raketləri ilə şiddəti artırarkən, digər tərəfdən təbliğat maşını vasitəsilə mülki şəxslərin həlak olmasını qabardır və başqa güclərin  müdaxilə edib, müharibəni dayandırmasına  çalışır. Düşünür ki, müharibə dayandırılaraq qondarma sülh təmin olunsa, işğal etdiyi ərazilər onun əlində qalacaq. Qurmağa çalışdığı oyunun kökündə bu dayanır.  Daha əvvəl Azərbaycanı təhrik edərək müharibəni Ermənistan ərazisinə keçirməyə, bununla da, qurban rolunu oynamaq istədisə də bu baş tutmadı. İndi isə şiddəti daha da artıraraq Qərb dünyasını müharibəni dayandırmağa məcbur etmək istəyir.

- Hadisələrin gələcək inkişafı ilə bağlı nə deyə bilərsiniz? Təhlilləriniz nə göstərir?

- Gördüyüm odur ki, Azərbaycan xalqı 28 ildir ki, bu acını içində saxladı və bu günlərə hazırlaşdı. Azərbaycan dövləti bu gün əslində xalqın ən böyük istəyini həyata keçirir. Ona görə də dövlət ilə millət bütünləşməsi var.

Qarabağ məsələsi güclə həll olunacaq. Azərbaycan qısa müddətə öz torpaqlarını geri qaytaracaq. Çox yaxın vaxtda qələbə xəbərləri alacağıq. Daha sonra isə boşalmış rayonların və Qarabağın yenidən məskunlaşması məsələsi var və o da müharibə qədər vacibdir. Demoqrafik məsələlərin həlli üçün illərlə vaxt lazım olacaq. İqtisadiyyatın müəyyən hissəsi buna yönəldiləcək. Yəni təzədən əvvəlki vəziyyətə qayıtması üçün illərə ehtiyac var. Əks təqdirdə, Dağlıq Qarabağın geri qaytarılmasının mənası qalmaz. Bunun qarşılığında isə regiona rahatlıq gələcək. Bundan Ermənistan xalqının da mənfəəti olacaq, çünki təcrid olunmuş, hər tərəfdən bağlı olan ölkə iqtisadi baxımdan rahatlıq tapacaq. İşğal edilmiş ərazilərin öz sahiblərinə geri qayıtması hamı üçün xeyirli olacaq.



MƏSLƏHƏT GÖR:

339