24 Aprel 2024

Çərşənbə, 05:39

DÖVLƏT SƏRHƏDDƏN BAŞLAYIR

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini bərpa etməsi bütünlükdə regionun maraqlarına cavab verir

Müəllif:

01.11.2020

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərilə Cenevrədə keçiriləcək görüşünə onsuz da heç kəs xüsusi ümid bəsləmirdi. Yalnız ona görə yox ki, Minsk qrupu fəaliyyət göstərdiyi 28 il ərzində iki ölkə arasındakı münaqişəni çözə bilməyib. Həm də ona görə ki, bu gün tərəflər arasında ziddiyyət hər zamankından qat-qat dərindir. Digər yandan, əvvəlki danışıqların pozulması da göstərirdi ki, Ermənistan problemin sülh yolu ilə həllində maraqlı deyil. İrəvanın sülhə sadiqliyilə bağlı bəyanatları yalnız Azərbaycanın əraziləri azad etmə əməliyyatlarını dayandırmasına hesablanıb. Başqa sözlə, ermənilər münaqişənin həllinə yox, problemin yenidən dondurulmasına çalışır.

İstənilən halda, nazirlər Cenevrədə bir araya gəldilər. Görüşdə Minsk qrupunun həmsədrlərilə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik, BMT-nin qaçqınların işləri üzrə ali komissarı Filippo Qrandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer də iştirak edirdilər.

6 saatlıq danışıqlar nəticəsində tərəflər hərbi əsir siyahılarının, həmçinin Qarabağ cəbhəsində həlak olmuş hərbçilərin cəsədlərinin mübadiləsilə bağlı razılığa gəlib. Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir. «Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan tərəflərin beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaqlarına dair razılığa gəliblər. Tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətini asanlaşdırmaq üçün lazımi təhlükəsizlik zəmanətlərini verərək, döyüş sahəsindəki cəsədlərin toplanması və mübadiləsinin həyata keçirilməsində fəal iştirak edəcəklər. Tərəflər bir həftə ərzində BQXK və şəxsi nümayəndənin ofisinə mümkün mübadiləni təmin etmək məqsədi ilə həbsdə olan hərbi əsirlərin siyahısını təqdim edəcəklər», - deyə «İnterfaks-Azərbaycan»ın məlumatına görə, həmsədrlərin bəyanatında bildirilir.

Vasitəçilər qeyd ediblər ki, tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər: «Tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq (problemin tez bir zamanda sülh yolu ilə həllinə hədəflənmiş, baza prinsiplərinə əsaslanan substantiv danışıqlar - «İnterfaks-Azərbaycan»), hərtərəfli həllin əsas elementləri üzrə danışıqlarla bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı fikir mübadiləsi aparıblar. Həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflərlə intensiv çalışmağa davam edəcəklər».

 

Bəyannamələr və reallıq

Lakin təcrübə göstərir ki, Ermənistan hər razılaşmadan dərhal sonra müxtəlif təxribatlara əl atır, sonda isə Azərbaycanı pozuculuq fəaliyyətində günahlandırır. Məsələn, İrəvan Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən mülki şəhərlərini belə, atəşə tutur. Bu hədəflərin coğrafiyası kifayət qədər genişdir – Gəncə, Mingəçevir, Bərdə, Ağcabədi, Kürdəmir, Qəbələ, Xızı, Siyəzən. Hədəf dinc sakinlər, mülki infrastruktur, hətta Azərbaycandan çəkilmiş neft-qaz borularıdır.

Ermənistanın Gəncəyə, Bərdəyə atdığı raketlərin düşdüyü yerlərin görüntüləri bütün dünyaya yayılıb. Bu hücumlar nəticəsində onlarla dinc sakin həlak olub, yüzdən artıq insan yaralanıb. Qurbanlar arasında uşaqlar, hətta BQXK-nin könüllüləri də var.

Ümumilikdə Qarabağda hərbi əməliyyatların başladığı gündən keçən 1 ayda Ermənistanın raket zərbələri nəticəsində Azərbaycanın 92 mülki vətəndaşı həlak olub, 400 nəfər yaralanıb. Azərbaycanın baş prokuroru Kamran Əliyevin sözlərinə görə, həlak olanlar arasında 10 uşaq və 27 qadın var. Daha 14 südəmər körpə, 36 uşaq və 101 qadın yaralanıb.

Üstəlik, «Human Rights Watch» (HRW) və «Amnesty International» Ermənistanın Bərdəyə oktyabrın 28-də etdiyi hücum zamanı beynəlxalq səviyyədə qadağan olunmuş kasetli bombalardan istifadə olunduğunu da təsdiqləyib.

«Bu ağır silahlardan istifadənin beynəlxalq müqavilələrlə qadağan olunmasının səbəbləri var. Şəhər mərkəzinin atəşə tutulmasında onlardan istifadə mülki vətəndaşların həyatına və beynəlxalq hüquqa etinasızlığın göstəricisidir», - deyə HRW eksperti B.Ville bildirib. O, dünyanın bütün ölkələrini Dağlıq Qarabağ savaşında kasetli bombalardan istifadəni pisləməyə çağırıb.

Ermənistanın dinc sakinlərə hücumunu BMT Katibliyi, AŞPA-nın Miqrasiya, Qaçqınlar və Köçkünlər üzrə Komitəsinin sədri Pykr-Alen Fridez, həmçinin müxtəlif dövlətlərin rəsmiləri də pisləyiblər. Lakin baş verənlərə reaksiyanın bəyanatlarla məhdudlaşması Bakını qane etmir.

Beynəlxalq hüquqa görə, Ermənistanın bu əməli hərbi cinayət sayılır. Odur ki, Azərbaycan Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşır. Bu haqda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məlumat verib. O, bildirib ki, erməni tərəfi «Smerç», SCUD, «Toçka-U» kimi raketlərdən istifadə etməklə, hərbi cinayətə yol verir. Üstəlik, Azərbaycana belə hücumların əksəriyyəti Ermənistan ərazisindən həyata keçirilir. «Azərbaycan hərbi hədəflərlə bağlı cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Azərbaycan mülki əhali ilə müharibə aparmır və bundan sonra da aparmayacaq. Azərbaycanla Ermənistan arasında fərq məhz bundadır. Biz döyüş meydanında müharibə aparırıq», - deyə o, qeyd edib.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, o, əks-hücum əməliyyatlarını özünün beynəlxalq birlik tərəfindən tanınan ərazisində aparır və bununla da, faktiki olaraq, BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrin tələblərini həyata keçirir.

Azərbaycan Ordusu əks-hücuma başlamasından keçən bir ayda 4 şəhəri, 3 qəsəbəni və təxminən, 190 kəndi işğaldan azad edib. Azad olunmuş ərazilər arasında Ağdərə və Murovdağ istiqamətindəki strateji yüksəkliklər də var.

Bundan başqa, Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədinə nəzarət də tam bərpa edilib.

 

Qüvvələr nisbəti

Azərbaycanın döyüş meydanındakı uğurları, münaqişəyə dair mövqeyinin beynəlxalq hüquqa əsaslanması, həmçinin tarixi həqiqətin Bakının tərəfində olması problemin həllində fəal diplomatik irəliləyişə də imkan verir. Bu mənada Ermənistanın var qüvvəsilə münaqişəyə cəlb etməyə çalışdığı Rusiyanın mövqeyi maraqlıdır. İrəvan Moskvanı gah Türkiyənin regional nüfuzunun artması ilə hədələyir, gah guya Azərbaycan tərəfindən vuruşan hansısa suriyalı yaraqlıların Şimali Qafqaza keçə biləcəyilə.

Cenevrə danışıqlarından dərhal sonra isə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın münaqişəyə hərbi müdaxiləsini «zəruri edən» yeni arqument tapıb. «Hərbi əməliyyatların Ermənistan sərhədinə yaxınlaşdığını, artıq Ermənistan Respublikası ərazisinə də müdaxilələrin olduğunu» nəzərə alan Paşinyan Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, Moskvanın İrəvana göstərə biləcəyi yardımın forması və miqyasının müzakirəsi üçün təcili məsləhətləşmələrə başlanılmasının vacibliyini bildirib. O, hesab edir ki, Moskva Rusiya ilə Ermənistan arasındakı müttəfiqlik münasibətlərinə, həmçinin 1997-ci il avqustun 29-da imzalanmış «Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında» müqavilənin 2-ci maddəsinə uyğun olaraq, Ermənistanın təhlükəsizliyinin təmininə yardım göstərməlidir.

Moskvanın cavabı özünü çox gözlətməyib və məlum olub ki, Paşinyan bu dəfə də Kremli razı sala bilməyib. «Rusiya Federasiyasının Ermənistan Respublikası barəsində, o cümlədən Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 29 avqust 1997-ci il tarixli Müqavilədən irəli gələn müttəfiqlik öhdəliklərinə sadiq olduğunu təsdiq edirik. Bu Müqavilənin bir sıra maddələrində tərəflərin bir-birinin ərazisinə silahlı hücum və ya təcavüz aktı təhlükəsi yaranacağı halda konkret hərəkətlər nəzərdə tutulur. Həmin Müqaviləyə müvafiq olaraq, əgər hərbi toqquşmalar bilavasitə Ermənistan ərazisinə keçərsə, onda Rusiya İrəvana hər cür zəruri kömək göstərəcək», - deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Beləliklə, Bakının əks-hücuma başlamasından bu yana Moskva mövqeyini növbəti dəfə İrəvanın nəzərinə çatdırıb: nə qədər ki, Azərbaycan əməliyyatları dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində aparır, Ermənistan yalnız öz gücünə arxalanmalıdır.

Ekspertlər hesab edir ki, Rusiyanın müttəfiqlik öhdəlikləri onun şalğnıx raketlərin Ermənistan ərazisinə düşməsini belə, Ermənistan ərazisinə hücum kimi qiymətləndirməsinə imkan vermir.

Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı mövqeyinə gəlincə, onu prezident Vladimir Putinin özü açıqlayıb: «Biz lap əvvəldən nə demək lazım olduğunu əsas götürmüşük, - bizim mövqeyimiz isə tamamilə açıqdır, - Azərbaycana beş üstəgəl iki rayonun verilməsinin mümkünlüyü və Dağlıq Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi, Ermənistanla qarşılıqlı münasibətlər və sair barədə danışmaq lazımdır. Hər iki tərəfi – həm bizim həmişə hörmətlə yanaşdığımız Azərbaycan xalqını, həm də erməni xalqını və Ermənistan dövlətini qane edən, onların maraqları nəzərə alınan mənafelər balansını tapmaq lazımdır ki, insanlar özlərini təhlükəsiz hiss etsinlər, lakin, eyni zamanda, həm Azərbaycanın, həm də Ermənistanın, elə insanların kifayət qədər sadə yaşadığı Dağlıq Qarabağın özünün də səmərəli inkişafının əsasını təşkil edən bütün infrastruktur imkanları bərpa olunsun və inkişaf etdirilsin».

V.Putin erməni tərəfinin xoşuna gəlməyəcək daha bir fikir səsləndirib. O, bildirib ki, ATƏT-in Minsk qrupunun Qarabağ probleminin nizama salınması prosesində Türkiyə də iştirak etməlidir. «Birinci mərhələdə döyüş əməliyyatlarını dayandırmaq lazımdır. İnsanların həlak olmasına son qoymaq, danışıqlar masası arxasına keçmək və Minsk qrupu tərəfindən, onun həmsədrləri – Rusiya, ABŞ, Fransa tərəfindən ifadə edilmiş təkliflər əsasında həmin Minsk qrupunun digər üzvlərinin, - orada çox ölkə var, Türkiyə, bəzi Avropa dövlətləri, - iştirakı ilə konsensus və mənafelər balansını tapmaq lazımdır», - deyə o, qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Bakı üçün Ermənistan-Azərbaycan münaqişəsinin həllində «2+2» formulunun qəbuledilən olduğunu bildirmişdi. Söhbət Ermənistanla Azərbaycan arasındakı danışıqlara Rusiya ilə Türkiyənin vasitəçilik etməsindən gedir.

«Bu, bizim üçün məqbul olardı. Ona görə ki, həm Rusiya, həm də Türkiyə bizim qonşularımızdır. Bu ölkələrlə sıx qarşılıqlı münasibətlərimiz var. Bu ölkələrin öz aralarında yaxşı əməkdaşlıq potensialı var», - deyə İ.Əliyev «İnterfaks» və «İnterfaks-Azərbaycan» agentliklərinə müsahibəsində bildirib.

O, hesab edir ki, bu mənada son illərin tarixinə nəzər salmaq kifayətdir: Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar.

Yeri gəlmişkən, vasitəçilik səyləri haqda. ATƏT-in Minsk qrupunun həmsədrləri və Türkiyə ilə yanaşı, İran da bu məsələdə nəzərəçarpacaq fəallıq nümayiş etdirməyə başlayıb. İran prezidentinin xüsusi elçisi, xarici işlər nazirinin müavini Seyid Abbas Araqçı bu missiya ilə Bakı, İrəvan və Moskvaya səfərlər edib. O, bildirib ki, ATƏT-in Minsk qrupu bu işdə effektiv olmadığını ortaya qoyduğundan, İran Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üçün öz həll planını hazırlayıb.

Araqçı Moskvada verdiyi açıqlamada deyib ki, Dağlıq Qarabağ problemi Rusiya və Türkiyənin də iştirakı ilə regional səviyyədə çözülə bilər.

«İran planının ən vacib xüsusiyyəti onun regional yanaşmasıdır və biz məhz regional yanaşmadan çıxış edərək, regiona təsir gücü olan dövlətlərin də iştirakı ilə bu böhranla mübarizə apara bilərik», - deyə o, qeyd edib.

İranın planının həyata keçirilməsinin nə qədər real olduğunu demək çətindir. Məsələn, ABŞ bu məsələdə təşəbbüsün İrana keçməsinə, çətin ki, razı olsun. Lakin istənilən halda, artıq bütün regionun dövlətlərinin Qarabağ münaqişəsinin uzanmasından narahat olduğu ortadadır. Problemə son qoyulmasının yeganə yolu isə beynəlxalq hüquqa riayət olunması, yəni Azərbaycan ərazilərinin işğalına son qoyulmasıdır. Hazırda Azərbaycan Silahlı Qüvvələri məhz bu işlə məşğuldur.

 

Azərbaycan Ordusu əks-hücuma başlamasından keçən bir ayda 4 şəhəri, 3 qəsəbəni və təxminən, 190 kəndi işğaldan azad edib. Azad olunmuş ərazilər arasında Ağdərə və Murovdağ istiqamətindəki strateji yüksəkliklər də var.



MƏSLƏHƏT GÖR:

288