29 Mart 2024

Cümə, 18:24

REGİONAL LAYİHƏLƏRİN YENİ SƏRHƏDLƏRİ

Azərbaycan torpaqarının işğaldan azad edilməsi Bakı, Tehran, Moskva və Ankara arasında uzunmüddətli iqtisadi əməkdaşlığa imkan yaradacaq

Müəllif:

15.11.2020

Azərbaycan, Rusiya və İran arasında tarixən inkişaf etmiş iqtisadi əlaqələr son illərdə keyfiyyətcə yeni məzmun qazanıb - ənənəvi ticarətdən irəliləyərək, «Şimal-Cənub» dəhlizi çərçivəsində birgə dəmir yolu və elektrik layihələrinin həyata keçirilməsi, sənayeyə və aqrar sektora sərmayələr sənaye parklarının inkişafı üzrə birgə işlər istiqamətinə keçib. Üstəlik, bu proseslər keyfiyyətcə daha yeni bir məzmun da qazana bilər, çünki Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi nəticəsində bölgədə prinsipial olaraq yeni gerçəkliklər yaranır. Ekspertlərin qiymətləndirməsinə görə, perspektivdə Bakı, Tehran və Moskva arasında yeni iqtisadi əməkdaşlıq formatlarının yaranacağına ümid etmək olar.

 

Dördtərəfli format

Azərbaycanın birmənalı qələbəsi və Qarabağdakı torpaqlarımızın çoxillik işğaldan azad olunması bölgədəki iqtisadi əməkdaşlığı əngəlləyən ən ciddi maneələri aradan qaldırır və aparıcı regional dövlətlərin daha sıx inteqrasiyası üçün ilkin şərtlər yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev də bu yaxınlarda verdiyi müsahibədə Cənubi Qafqazda yeni gerçəkliklərin ortaya çıxdığını, əvvəlki geosiyasi bölgünün dəyişdiyini bildirib, İran, Rusiya, Azərbaycan və Türkiyə arasında çoxistiqamətli əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıb.  

“Düşünürəm ki, bu gün bizim regionda gündəmi müəyyən edən və əməkdaşlığa yönəlmiş aparıcı siyasi xadimlər arasında çox müsbət bir əməkdaşlıq formatı yaranır. Düşünürəm ki, gün gələcək, Moskva, Tehran, Bakı və Ankara dördtərəfli formatda işləyəcək. Bu həm tarixi baxımdan, həm də iqtisadi, nəqliyyat, geosiyasi və ən əsası, bu bölgədə təhlükəsizliyin möhkəmləndirilməsi baxımından təbii olacaq”, - deyə dövlət başçısı bildirib.  

Birgə genişmiqyaslı sərhədyanı layihələrdən danışarkən, ilk növbədə, «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi (BND) qeyd edilməlidir. Bu əsas regional layihənin gerçəkləşdirilməsi prosesi son bir neçə ildə daha da güclənib, COVID-19 pandemiyası səbəbindən işlər bir qədər yavaşlasa da, iştirakçı ölkələr hazırda geridəqalmanı aradan qaldırmağa çalışırlar.

“Pandemiya ilə bağlı ilin əvvəlindən bəri müşahidə olunan gecikməyə baxmayaraq, əldə edilən bütün razılaşmalar üzərində iş tezliklə davam edəcək. Şimal-Cənub dəhlizi daxilində infrastruktur layihələrini sürətləndirmək üçün onlardan bir neçəsi eyni zamanda həyata keçirilir: İran Astarasında dəmir yolu terminalının inşası (ikitərəfli layihə), Rəşt-Astara dəmir yolunun tikintisi və sərhəd çayları üzərində beş körpünün çəkilməsi", - deyə bu yaxınlarda İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi bildirib.

Diplomatın sözlərinə görə, bununla yanaşı, Araz üzərindən avtomobil körpüsünün inşası və Ərdəbil dəmir yolunun Azərbaycanın dəmir yolları ilə birləşdirilməsi gündəliyə daxildir.

Eyni ardıcıllıqla, Rusiyada da «Şimal-Cənub» dəhlizinin komponentlərinin gerçəkləşdirilməsi həyata keçirilir: Rusiya Federasiyasının cənub bölgəsində buraxılış gücü yüksək olan yeni dəmir yollarının və magistral yollarının, həmçinin yük liman komplekslərinin tikintisi aparılır, məsələn, Kalmıkiyada Laqan liman kompleksi tikilir, Həştərxanda Olya limanının maddi-texniki imkanları genişləndirilir.

"İranın Moskva və Bakı ilə birgə həyata keçirdiyi «Şimal-Cənub» tranzit dəhlizi və Türkiyənin üçtərəfli tərəfdaşı olduğu «Şərq-Qərb» tranzit dəhlizi də daxil olmaqla, ixtisaslaşmış qurumlarımız arasında gerçəkləşdirilən bütün planları mən yalnız aktiv şəkildə dəstəkləyə bilərəm", - deyə Rusiya xarici işlər naziri Sergey Lavrov avqust ayında qeyd edib.  

Onun sözlərinə görə, bu gün bu beynəlxalq nəqliyyat dəhlizinin (BND) infrastrukturunun formalaşdırılması üzrə işləri sürətləndirmək, xüsusən də Rəşt-Astara dəmir yolunun 211 kilometrlik İran hissəsinin tikintisini başa çatdırmaq son dərəcə vacibdir. Moskvanın beynəlxalq nəqliyyat dəhlizi üzərində iş prosesinin intensivləşdirilməsində maraqlı olması İran və Rusiya xarici işlər nazirlərinin müavinləri - Qolamreza Ənsari və Aleksandr Pankin arasındakı son danışıqlarda da özünü göstərib. Danışıqlar zamanı nəqliyyat dəhlizlərinin inkişafı, ticarət və yüklərin daşınması sahəsində Rusiya-İran əməkdaşlığının aktual məsələləri nəzərdən keçirilib.

 

Azərbaycanda infrastruktur

Hələ ki, birbaşa dəmir yolu olmadığından layihə iştirakçıları fəal şəkildə malların dəmir yolu-dəniz və avtomobil yolu ilə daşınmasını nəzərdə tutan Astara-Bakı-Həştərxan marşrutuna diqqət yetirirlər. BND-nin İran hissəsinin tikintisinin başa çatması ilə «Şimal-Cənub» marşrutu ilə yüklərin çatdırılma müddətini yarıdan çox - 40 gündən 14 günədək azaltmaq mümkün olacaq. O cümlədən, bu nəqliyyat xərclərini azaldacaq və standart 40 futluq konteynerin Mumbaidən Moskvaya daşınması xərcləri 3000 dolların altına düşəcək. Bu marşrutun tam gücünə çatması ilə Azərbaycan ərazisi üzrə yük dövriyyəsini 6 milyon tona çatdırmaq mümkün olacaq və gələcəkdə bu, ikiqat arta bilər.

Burada qeyd etmək yerinə düşər ki, son bir neçə ildə Azərbaycan öz ərazisində yeni bir dəhlizin infrastrukturunu yaratmaq üçün səylərini əsirgəmir. Belə ki, 2017-ci il dekabr ayının sonunda Azərbaycanda sərhəd çayı Astaraçay üzərindən dəhlizin İran və Azərbaycan hissələrini birləşdirən 85 metrlik dəmir yolu körpüsü istifadəyə verilib, Astara stansiyasından İranla sərhədinə qədər 14 km yolda relslər düzülüb, həmçinin Azərbaycanın İslam Respublikasından icarəyə götürdüyü ərazidə yük terminalı fəaliyyət göstərir. Azərbaycan terminalların tikintisinə 60 milyon dollar sərmayə qoyub və bu obyektlər 25 il müddətinə Azərbaycan Dəmir Yolları (ADDY) QSC-yə icarəyə veriləcək.

Öz növbəsində, Azərbaycan Astarasında bölgə üzrə ən böyük taxıl terminalının – «Astara Grain Terminal»ın tikintisi başa çatmaq üzrədir. Terminalın ötürmə qabiliyyəti ildə 500 min ton taxıl nəzərdə tutulub və 2021-ci ilə qədər bu rəqəmin 1 milyon tona çatdırılması planlaşdırılır. Terminalın birdəfəlik taxıl saxlama gücü 60 min ton olacaq. Astara terminalının əsasən Rusiya taxılının İran istiqamətində və daha sonra Fars körfəzi regionuna daşınması üçün istifadə edilməsi planlaşdırılır.  

İranın sabit şəkildə Rusiya taxılının üç iri alıcısı arasında olduğu nəzərə alındıqda, «Şimal-Cənub» dəhlizinin qərb qolu Samur sərhəd keçid məntəqəsindən keçərək, Rəşt və Qəzvin şəhərlərinə çıxmaqla birbaşa dəmir yolu əlaqəsini təmin etməlidir. Taxıl daşıyanlar üçün əlverişli məsələ İrana «Şimal-Cənub» marşrutu ilə tranzit üzrə 50% güzəştin təmin edilməsi olacaq.

Bununla yanaşı, Azərbaycan indən belə də «Şimal-Cənub» dəmir yolu infrastrukturunun modernləşdirilməsi üzrə işlər, xüsusən də Bakıdan İran sərhədinədək tək yollu hissədə modernləşdirmə işləri aparmalıdır. Bu məsələ bu ilin iyun ayında Prezident İlham Əliyev və Asiya İnkişaf Bankının (AİB) rəhbərliyi arasında keçirilən videokonfrans zamanı müzakirə olunub. “Biz indi Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpa edilməsi prosesindəyik. Azərbaycan artıq bu dəhlizə böyük həcmdə sərmayə yatırmışdır. Onun çox böyük potensialı var. Biz artıq şimaldan - Rusiyadan daxil olan, Azərbaycan ərazisindən qərb və cənub istiqamətində yükləri qəbul edirik. Lakin İranla sərhəddən başlayaraq Rusiya ilə sərhədə qədər dəmir yolumuzun keyfiyyəti yaxşı deyil. Buna görə də biz qatarların sürətini artırmaq üçün indi artıq bəzi vəsaiti sərmayə olaraq yatırmışıq və biz bunu etməyi planlaşdırırıq. Çünki belə ola bilər ki, bütün yüklərin öhdəsindən gəlmək üçün bizim mövcud infrastrukturumuz kifayət etməyə bilər", - deyə Azərbaycan Prezidenti vurğulayıb, - "Buna görə də bizə Şimal-Cənub dəhlizinin bir hissəsi olacaq müasir dəmir yolu sistemi lazımdır. Mən sizdən bu layihəni də nəzərdən keçirməyi xahiş etmək istərdim."

Son məlumatlara görə, AİB idarə heyəti layihəni maliyyələşdirməyə hazırdır və Bakı-Astara dəmir yolu hissəsinin İranla sərhədədək modernləşdirilməsi üçün Azərbaycana 150 milyon dollar kredit verməyi planlaşdırır. Daha 20 milyon dollar Azərbaycan hökuməti tərəfindən təmin ediləcək. Eyni zamanda, kreditin 75 milyon dollarlıq ilk tranşının 2023-cü ildə ayrılması planlaşdırılır.

 

Yeni imkanlar

İşğaldan azad edilmiş bölgələrdə həyata keçirilməsi düşünülən layihələr, Türkiyənin də onlara qoşulması imkanı ilə Bakı, Moskva və Tehran tərəfindən formalaşdırılan «Şimal-Cənub nəqliyyat dəhlizinin əlavə komponenti olacaq. Qarabağdakı qarşıdurmanın sona çatması bütün regional kommunikasiyaların açılmasını, o cümlədən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu və avtomobil əlaqələrinin bərpasını nəzərdə tutur.  

Həmçinin, regionda gərginlik dərəcəsinin tədricən azalması, nəqliyyat, elektrik enerjisi və kommunal infrastrukturun bərpası, evlərin və sosial obyektlərin tikintisi üzrə layihələrinin həyata keçirilməsi regionun bütün ölkələrinin bu təşəbbüslərdə həm podratçı, həm də investor kimi iştirak etməsinə imkan verəcək.  

“O cümlədən, İran artıq azad edilmiş Azərbaycan rayonlarında tikinti və bərpa işlərində iştirak etməyə, tikinti materialları, inşaat texnikası və s. göndərməyə hazır olduğunu bildirib. Həmçinin, rus və türk tərəfdaşların iştirakı da bu gün fəal şəkildə müzakirə olunur. Ən əhəmiyyətli regional layihə, çox güman ki, Bakı və Tehranın tərəfdaşlığı ilə «Xudafərin» və «Qız qalası» hidroqovşaqlarının tikintisinin başa çatması olacaq", - deyə iqtisadçı ekspert Eldəniz Əmirov düşünür.

Bakı və Tehranın ən yaxın planlarında “Şimal-Cənub” dəhlizi ilə inteqrasiya olunmuş Ərdəbil-Parsabad dəmir yolu xəttinin, yüklərin sərhəddən keçirilməsi üçün logistika mərkəzinin tikintisi, habelə Parsabad (İran) və İmişli rayonu (Azərbaycan) sərhədində ortaq sənaye parkının yaradılması və orada ixracyönümlü istehsalın təşkili daxildir.

İranlı politoloq İlyas Vahedinin sözlərinə görə, İran və Azərbaycan arasında münasibətlər yalnız ikitərəfli ticarət yolu ilə deyil, həm də birgə sərmayə və istehsal layihələri, regional və beynəlxalq ticarət anlaşmaları yolu ilə daha da inkişaf etdirilə bilər. “Hindistan, İran, Azərbaycan, Rusiya və bir sıra digər ölkələri birləşdirən beynəlxalq «Şimal-Cənub» dəhlizi iqtisadi əməkdaşlığı önəmli dərəcədə genişləndirə bilər. Bundan əlavə, İran Azərbaycan üçün beynəlxalq suların cənub qapısıdır, Azərbaycanın istehsal klasterini Orta Şərq, Hind okeanı və Afrika qitəsi ilə ən qısa yolla birləşdirir”,- deyə Vahedi bildirib.

Əslində müharibədə məğlub olan və çətin sülh şərtlərini qəbul etmək məcburiyyətində qalan Ermənistana gəlincə, bölgə dövlətlərinin maraqlarını nəzərə almadan, başqalarının təbii sərvətlərini qarət etmək və digər cinayət əməlləri hesabına birtərəfli iqtisadi inkişaf ehtimalı ilə bağlı bütün illüziyaları birdəfəlik dəfn edildi. O, qonşuları ilə münasibətləri yenidən qurmalı və özü də, diqqətlə qurmalı olacaq. Bu, olduqca açıq görünür, çünki bu ölkənin İrana dəmir yolu və qaz kəməri çəkilişi, yaxud neft emalı zavodu və ya Araz çayı üzərində su elektrik stansiyası inşa etmək üçün İslam Respublikası ilə birgə layihələrlə bağlı heç bir ümidi doğrulmadı və yaxın gələcəkdə çətin ki, gerçəkləşsin.  

Coğrafi amilə görə isə, Azərbaycanla kommunikasiyaları açmadan Rusiya ilə tamkeyfiyyətli tərəfdaşlıq mümkün deyil. Buna görə də Prezident İlham Əliyevin bir gün əvvəl dediyi kimi, Ermənistan ərazi iddialarından və Türkiyəyə qarşı düşmənçilikdən imtina etməlidir.  

“Biz qarşıdurma istəmirik. Xalqımızı düçar etdikləri bütün ağrı və faciələrə baxmayaraq, sülh istəyirik. Ona görə də düşünürəm ki, geosiyasi gerçəkliklər müsbət istiqamətdə inkişaf etməlidir. Biz, bunun belə olması üçün, istənilən halda a öz tərəfimizdən hər şeyi edəcəyik”,- deyə dövlət başçısı vurğulayıb.



MƏSLƏHƏT GÖR:

236