24 Aprel 2024

Çərşənbə, 17:04

DÜNYA DƏYİŞİB, BMT İSƏ HƏMİNKİDİR

Təşkilatın sabiq mətbuat katibi Abdulhəmid SİYAM: «Təhlükəsizlik Şurası xırda «dondurulmuş münaqişələr»ə diqqət ayırmır»

Müəllif:

15.11.2020

Abdulhəmid Siyam – Ratqers Universitetinin (Nyu-Cersi, ABŞ) professoru, BMT-nin sabiq mətbuat katibi, BMT yanında akkreditasiya olunmuş jurnalist və yazıçıdır. Təşkilatın 75 illik yubileyini qeyd etdiyi günlərdə o, BMT-nin müasir dünya düzənindəki rolu, təşkilatda aparılması zəruri olan islahatlar haqda silsilə məqalələrlə çıxış edirdi.

Professor A.SİYA öz fikirlərini jurnalımızla da bölüşüb.

- Vaxtilə oktyabrın 24-də 75 illiyini qeyd etmiş Birləşmiş Millətlər Təşkilatında işləmisiniz. Yubiley günlərində isə təşkilatı təbrik etməkdən daha çox tənqid atəşinə tutdunuz. Səbəb nə idi?

- Bəli, həmin tarixə həsr etdiyim bir neçə məqaləm oldu. Ötən dövr ərzində BMT çox yaxşı işlər görüb. Bu, özünü xüsusilə insan haqlarının, qadın hüquqlarının qorunmasında, səhiyyədə, yoxsulluqla mübarizədə, uşaqların müdafiəsində, ehtiyacı olan insanlara ərzaq məhsullarının çatdırılmasında, milyonlarla qaçqının dəstəklənməsində, ətraf mühitin mühafizəsində, tərk-silah olunmada və bir çox digər sahələrdə göstərib. Lakin təşkilat bir çox müharibənin qarşısını ala, saysız-hesabsız münaqişəni çözə bilməyib. Buna görə BMT bir mexanizm kimi yox, beynəlxalq təşkilat olaraq tənqid edilməlidir. Fövqəldövlətlərin düşmənçiliyi, rəqabəti BMT-yə təzyiqə çevrilib. BMT-nin qanunsuz müharibələrin qarşısında aciz qaldığı bir çox hallar olub. Məsələn, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi kimi. Mən İraqın işğalının canlı şahidi olmuş, orada günahsız iraqlılara qarşı törədilmiş vəhşilikləri öz gözlərimlə görmüşəm. BMT-dən getmək qərarını 2003-cü il avqustun 19-da qurumun İraqdakı nümayəndəliyinə terror hücumunun təşkilindən sonra vermişəm. O zaman 22 nəfər həmkarım və dostum həlak olmuş, daha 150 nəfər yaralanmışdı. Məhz bundan sonra həyat yolumu dəyişmək, xoşuma gələn işlə məşğul olmaq qərarına gəldim. Bu isə universitetdə dərs demək idi.

- Deyirlər ki, BMT nüfuzunu çoxdan itirib. Lakin quruma liderlik edən dövlətlərin BMT-də islahatların aparılmasına cəhd belə, göstərmədiklərini görürük. Fikrinizcə bu, nə ilə bağlıdır?

- BMT-nin bir sıra sahələrdə yaxşı nüfuzu varsa, digər sahədə bu, əksinədir. Münaqişələrin həllində isə o, heç nə ilə fərqlənə bilməyib. Ona görə yox ki, bacarmır. Ona görə ki, fövqəldövlətlərin arasındakı rəqabət, veto hüququndan həddindən artıq çox istifadə olunması qurumun işini iflic edir. BMT tarixinin ən ciddi iflaslarından biri Fələstin məsələsidir. Bu məsələ hər dəfə konkret qərarın qəbulu məqsədilə Təhlükəsizlik Şurasına çıxarıldıqda ABŞ veto hüququndan istifadə edərək, prosesi əngəlləyir. Amma 1990-cı ildə İraq Küveyti işğal edən zaman TŞ üzvləri yekdilliklə Bağdada qarşı idilər. 2011-ci ildə başlamış Suriya böhranına gəlincə, Rusiya ilə Çinin vetosu bütün ölkənin darmadağın olmasına, milyonlarla suriyalının qaçqın və ya məcburi köçkünə çevrilməsinə yol açıb. Odur ki, günahkarları milyonlarla günahsız insanın hesabına öz maraqlarını qorumağa çalışanlar arasında axtarmaq lazımdır.

Bütün bunlarla yanaşı, BMT insan haqları, beynəlxalq hüquq, humanitar yardım, vacib alətlərin ortaya qoyulması kimi bir çox sahədəki nailiyyətlərilə fəxr edə bilər.

- Məqalələrinizdə bəzi dövlətlərin BMT-dən alət kimi istifadə etməyə çalışdığını yazırsınız. Konkret hansı dövlətləri nəzərdə tutursunuz?

- Nəhəng dövlətlər hər zaman BMT-dən öz maraqlarının təmini məqsədilə istifadə ediblər. BMT-nin fəaliyyəti o zaman doğru sayılır ki, çıxarılan qərarlar bu dövlətlərin maraqlarına uyğun olsun. Hansı anda qurumun fəaliyyəti onların maraqlarına cavab vermirsə, demək BMT bacarıqsızdır. Məsələn, Şimali Koreya ballistik raket sınağı keçirən kimi, ABŞ ona qarşı yeni sanksiyaların tətbiqi məqsədilə BMT TŞ-yə üz tutur. Vaşinqton Fars körfəzində böhranın yarandığı 1990-cı il avqustun 2-də, İraqın Küveytə hücumu zamanı da BMT-dən istifadə etmişdi.

Rusiya isə müttəfiqi olan Suriyanı qorumaq üçün hər dəfə veto hüququndan istifadə edir. Halbuki bu ölkə vətəndaşlarına qarşı saysız-hesabsız vəhşiliklər törədilir.

Gələk Fransaya. Qərbi Saxaradakı böhran zamanı o da öz müttəfiqi olan Mərakeşi müdafiə edib. Bundan başqa, NATO ölkələri Livana hərbi müdaxiləyə qanuni don geydirmək məqsədilə yenə də TŞ-dən istifadə ediblər.

Lakin elə həmin fövqəldövlətlər maraqlarına cavab verməyən istənilən məsələdə BMT-nin qərarlarına etinasızlıq göstərir. 2003-cü ildə BMT Vaşinqtonun İraqda müharibənin başlaması üçün əsas saydığı dəlilləri qəbul etməsə də, ABŞ buna əhəmiyyət vermədi və İraqa girdi. Eyni hal Rusiyanın Krıma müdaxiləsi zamanı da təkrarlanıb.

- Siz BMT TŞ-yə daha çox dövlətin qəbulunu və veto hüququnun ləğvi, yaxud məhdudlaşdırılmasını təklif edirsiniz. Bu qərarlar təşkilatda daha ədalətli qərarların qəbulunu təmin edəcəkmi?

- Hesab edirəm ki, BMT-də ciddi islahatlara və yenidənqurmaya ehtiyac var. TŞ artıq bu günün reallıqlarına cavab verən güclü ortam deyil. Dünya da İkinci Dünya müharibəsindən sonrakı dünya sayıla bilməz. TŞ-nin 5 daimi üzvü hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsi zamanı müstəsna hüquqlarından getdikcə daha çox və daha tez-tez istifadə edirlər. Bəli, bu dövlətlər İkinci Dünya müharibəsinin qalibləridir. Lakin artıq dünyaya hökmranlıq etməyin parametrləri dəyişib. İndi nüvə gücü fövqəldövlət göstəricisi deyil. O, yerini iqtisadi gücə verib. Yaponiya ilə Almaniya 1945-ci ildə müharibəni uduzublar, lakin bu gün onların hər ikisi TŞ-nin bir sıra daimi üzvündən güclü dövlətdir. Odur ki, TŞ özündə müasir dünyanın reallıqlarını əks etdirməlidir. Daimi və qeyri-daimi üzvlərin artırılması ilə TŞ Afrika, Asiya və Latın Amerikasından olan regional güclərin də maraqlarını təmin etməlidir. Amma bu da kifayət deyil. Veto məsələsinə yenidən baxılmalı, bu istiqamətdə də islahatlar aparılmalıdır. O, ya birdəfəlik ləğv edilməlidir ki, bu, demək olar mümkünsüzdür, ya da məhdudlaşdırılmalıdır. Bu hüquqdan istifadəni çətinləşdirmək də olar. Ən azı veto yalnız 2 daimi və 3 qeyri-daimi üzvün dəstəkləyəcəyi təqdirdə qüvvəyə minməlidir. Bu, sadəcə, nümunədir.

- BMT əks hallarda TŞ-nin qətnamələrinə əməl edilməsinə «seçim»lə yanaşır. Məsələn, söhbət Yaxın Şərqdən gedirsə, BMT TŞ-nin qətnamələri dərhal icra olunur. Azərbaycanla bağlı məlum 4 qətnamə isə düz 27 ildir kağız üzərində qalıb. Halbuki onlar bizim üçün həyati əhəmiyyət daşıyırdı – sənədlərdə işğalçıların Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb olunurdu. Nəticədə, Azərbaycan həmin qətnamələrin icrasını hərbi yolla təmin etməli olub. Bu cür fərqli yanaşmaya səbəb nədir?

- Təhlükəsizlik Şurasının iki tip qətnamələri olur – Nizamnamənin 6-cı maddəsinə əsasən mübahisələrin sülh yolu ilə həllinə aid və 7-ci maddəyə əsasən, təcavüzkarın təcavüzünə dərhal son qoyulması, onun cəzalandırılması məqsədilə qəbul olunan. 1990-1991-ci illərdə İraqla bağlı qəbul edilmiş bütün qətnamələr 7-ci maddəyə əsaslanırdı. Odur ki, İraq ordusu Küveytdən sanki vahid mərkəzdən idarə olunurmuş kimi, qovuldu. Ermənistan-Azərbaycan münaqişəsilə bağlı vəziyyət də eynidir. BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə Ermənistandan bütün işğal olunmuş əraziləri tərk etməsi tələb olunur. Lakin Ermənistan bu qətnamələrə məhəl qoymayıb, tərəflər arasında vasitəçilik edən ATƏT-in Minsk qrupu isə neytrallıq nümayiş göstərməyib. O, İrəvanı problemin həllinə məcbur etməyib. Nəticədə, topların susması, ehtirasların yatması, münaqişəninsə köşnəlməsilə hər kəs Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etməsinə göz yummağa, 1 milyondan artıq azərbaycanlının hələ də qaçqın və məcburi köçkün kimi yaşamasına etinasızlıq göstərməyə başlayıb. Bu, TŞ-nin kiçik «dondurulmuş münaqişə»lərə diqqət göstərmədiyinin bariz nümunəsidir.

- BMT-nin gələcəyini necə görürsünüz?

- BMT fəaliyyətini bundan sonra da davam etdirəcək. Onu heç bir təşkilat əvəzləyə bilməz. Lakin qurumda islahatlar aparılmalıdır. Bu, BMT-nin daha çevik, konkret hədəflərə yönələn, münaqişələrə təsir etmək, onları çözmək iqtidarında olan təşkilata çevrilməsi üçün vacibdir.

BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, o, yeni səlahiyyətlərə yiyələnə bilsin. Veto hüququ isə təkmilləşdirilməlidir. O, yalnız ədalət naminə istifadə oluna biləcək vəziyyətə gətirilməlidir. Nəhəng dövlətlər BMT-nin 75 il əvvəl təsdiqlənmiş Nizamnaməsini imzalamaqla götürdükləri öhdəliklərə sadiq qalmalıdırlar ki, yeni nəsilləri müharibə dəhşətlərindən sığortalaya bilsinlər.



MƏSLƏHƏT GÖR:

217