17 Aprel 2024

Çərşənbə, 00:52

ERMƏNİSTAN YANILDI

Nikol Paşinyan artıq vəziyyətdən simasını az da olsa qoruyaraq çıxmağın yolunu axtarmalıdır

Müəllif:

15.11.2020

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində müharibənin başlamasından ay yarım sonra hər kəsə tam aydın olmuşdu ki, İrəvanın istər döyüş meydanında, istərsə də siyasi cəbhədə məğlubiyyəti qaçılmazdır. Erməni tərəfinin belə tez və biabırçı məğlubiyyətinin bir neçə səbəbi var. Onlar heç də yalnız dövlətin yoxsulluğu, yaxud işğalçı erməni qoşunlarının hazırlıqsızlığı, komandanlığının biliksizliyilə bağlı deyil. Ermənistanın fiaskosunun səbəbləri daha dərin və daha qəlizdir. Bu aşkar iflasın əsasları çoxdan qoyulurdu.

Ermənistanda 2018-ci ilədək hakimiyyətdə olmuş «Qarabağ klanı»nın nümayəndələri Azərbaycanla yeni müharibənin hansı qorxunc nəticələr verəcəyini yaxşı anladıqlarından, ona yol verməmək üçün əllərindən gələni edirdilər. Onlar uzun illər ərzində beynəlxalq hüququn bütün normalarını pozsalar da, Azərbaycan ərazilərinin işğalını davam etdirsələr də, vəziyyəti Bakının sülh danışıqlarından imtina edəcəyi həddə çatdırmırdılar. Bütün bu illər ərzində Ermənistan rəhbərliyi böhrandan diplomatik yolla çıxış yollarını zaman-zaman da olsa, müzakirə edirdi. Bu vəziyyət Ermənistanın hazırkı lideri Nikol Paşinyanın hakimiyyətə gəlişilə dəyişdi.

Serj Sarqsyan hakimiyyətindən, həyat səviyyəsinin gündən-günə pisləşməsindən narazı olan ermənilərin etiraz dalğası ilə hakimiyyətə gəlmiş Paşinyan sən demə, son dərəcə zəif və asılı siyasətçidir. O, kifayət qədər qısa vaxtda saysız-hesabsız strateji yanlışlıqlara yol verməkdə, Ermənistanı bugünkü acınacaqlı duruma saldı.

Siyasi bilikləri açıq-aşkar az olan Paşinyan sadəcə, prioritetləri müəyyənləşdirə bilmədi. O, nə daxili vəziyyət, nə də xarici durumla bağlı real vəziyyəti anlayırdı. Fikrində yeni demokratik düzənin olduğu qərbpərəst Amerika mənzərəsi cızmış baş nazir İrəvanın Avropa və ABŞ tərəfindən tam dəstəklənəcəyini (təbii ki, erməni diasporunun da səylərilə) düşünürdü.

Özünün siyasi oyunları ilə məşhur olan tanınmış amerikalı milyarder Corc Sorosun Nikol Paşinyan vasitəsilə Amerikanın siyasətinə təsir göstərmək üçün milyonlarla dollar xərclədiyi sirr deyil. Ermənistanda ictimai rəy məhz Sorosun pulları hesabına «qızışdı» və sonda «rəncli inqilab»a səbəb oldu. Üstəlik, məhz bu dəyişiklikdən sonra «Açıq Cəmiyyət - Ermənistan» fondu (Soros Fondu) qısa vaxtda ölkədə kifayət qədər möhkəmləndi. Paşinyan isə ölkənin başına keçər-keçməz, hakimiyyətin bütün qanadlarına nəzarəti öz əlində cəmlədi. Bu zaman onu Ermənistanda həyat səviyyəsinin yaxşılaşdırılması, əlbəttə ki, o qədər də maraqlandırmırdı. Vacib olanı İrəvanın qərbpərəst siyasətə keçməsi idi. Məhz bu siyasətin ilk təzahürü kimi, Rusiya biznesinin Ermənistandan sıxışdırılıb çıxarılmasına başlanmışdı. Paşinyanın hakimiyyətdə olduğu 2 ildə Ermənistanda rus biznesi üçün bütün mümkün olan maneələr yaradılıb. Bu azmış kimi, məhz İrəvan erməni əsilli namizədin KTMT-nin baş katibi təyin olunmasına düz bir il imkan verməyib.

Əsas müttəfiqi olan Moskva ilə münasibətlərini korlayan Paşinyanın nə qədər etibarsız, hətta təhlükəli şəxs olduğunu Rusiyada da kifayət qədər tez anladılar. Amma Ermənistanın baş naziri əsas düşməni olan Bakı ilə də münasibətlərdə son dərəcə ciddi yanlışlığa yol verdi. Ard-arda daxili auditoriyaya və Qərbdəki erməni lobbisinə hesablanmış populist bəyanatlar səsləndirən Nikol Paşinyan Dağlıq Qarabağ problemində sələflərinin uzun illər uzaq durmağa çalışdığı «qırmızı xətt»i keçdi. Onun erməni separatçılarını münaqişə tərəfi kimi təqdim etmək cəhdləri, Dağlıq Qarabağın Ermənistana məxsus olduğuna dair təxribatçı bəyanatından sonra artıq danışıqlar mümkünsüz hala gəlmişdi. Artıq Bakıda əmin idilər ki, Ermənistanın yeni hakimiyyəti əvvəllər əldə olunmuş razılaşmalara əməl etməyəcək. Azərbaycanın illər ərzində təmkinini qoruyub saxlamasının əsas səbəbisə məhz həmin razılaşmalar idi. Çox keçmədən Paşinyan özü də sələflərindən miras qalmış danışıqları davam etdirmək niyyətində olmadığını təsdiqlədi.

Bütün bu amilləri nəzərə alsaq, Ermənistanın sentyabrın sonunda əl atdığı növbəti təxribatdan sonra Azərbaycanın əks-hücuma keçməməsi mümkün deyildi. Amma o zaman İrəvan hələ də Moskvanın dəstəyilə «sudan quru çıxacağına» ümid edirdi. Lakin İrəvanın Rusiyanı münaqişəyə cəlb etmək cəhdləri heç bir nəticə vermədi. Ermənistan Moskvanı hər dəfə müttəfiqini «məkrli Türkiyə-Azərbaycan ittifaqı»ndan qorumağa çağırdıqda, Rusiya prezidenti Vladimir Putin Azərbaycanın hərbi əməliyyatları öz ərazisində apardığını deyir, işğalın bundan sonra davam edə bilməyəcəyini bildirir, Türkiyəninsə Moskvanın dostu olduğunu söyləyirdi. Bir sözlə, məlum oldu ki, Moskva münaqişəyə müdaxilə etməyi düşünmür. Bu, İrəvana verilmiş yaxşı dərsdir – «ayaqqabını tez-tez dəyişmək», yəni gah Qərbə, gah Rusiyaya üz tutmaq olmaz.

Ermənistan üçün Azərbaycanla təkbətək qalmaq qorxulu kabus idi. Ermənistanın az qala 30 il ərzində bütün cəbhə xətti boyunca möhkəmləndirmə işlərinə milyonlarla dollar xərcləməsinə baxmayaraq, erməni ordusundakı dərin problemlər onun Azərbaycanın əks-hücuma başladığı ilk günlərdəcə geri çəkilməsinə səbəb olub. Bundan başqa, özünü iqtisadi blokadaya salmış Ermənistanın şəxsi heyətə hazırlıq keçmək üçün vəsait də çatışmırdı, Ermənistan silahlı qüvvələrinin sıralarında isə cansıxıcı mənzərə hökm sürürdü. Ermənistan ordusunda qeyri-nizami münasibətlər nəticəsində ölən əsgərlərin sayı 26 illik atəşkəs dövründə zaman-zaman qeydə alınmış atışmalarda həyatını itirmiş hərbçilərin sayından daha çox idi. Üstəlik, intiharlar – belələrinin sayı yüzlərlədir. Bütün bunlar 2020-ci ilin fevralında ordu rəhbərliyində ciddi kadr dəyişikliklərinə səbəb olmuşdu. Bir sözlə, Ermənistan ordusunda adi nizam-intizamın belə, olmaması münaqişə zonasındakı vəziyyətə də öz təsirini göstərirdi. Real komandanlığın yoxluğu, bölüklər arasında sabitsizlik, silah-sursat, maddi təchizat çatışmazlığı vəziyyəti o həddə çatdırmışdı ki, artıq istər müddətli hərbi xidmət çəkənlər, istər ehtiyatda olan hərbçilər əmrlərə tabe olmaqdan boyun qaçırırdı.

Azərbaycan Ermənistan ordusunun nisbətən döyüş qabiliyyətinə malik bölüklərini, təcrübəli zabitlərini, başqa sözlə, silahlı qüvvələrin özəyini əks-hücum həmləsinin ilk günlərindəcə məhv etməyə başlamışdı. Artıq döyüş meydanında Ermənistanın hər tərəfindən yığılmış gənc, təcrübəsiz ehtiyat qüvvələr, həmçinin yaşlı könüllülər qalmışdı. Onlar isə təbii ki, zabitlərin olmadığı bir şəraitdə müdafiə xəttini saxlaya bilmirdilər.

Azərbaycana gəlincə, o, döyüş meydanında son dərəcə ciddi uğurlara düşməndən fərqli olaraq, ümumi səfərbərlik elan etmədən nail olub. Bu, yalnız Azərbaycan Ordusunun sayca üstünlüyünü göstərmir, həm də hərbi hazırlıq, yüksək rütbəli zabitlərinin üstünlüyünü ortaya qoyur.

Azərbaycan Silahlı Qüvvələri düşmənini hərbi-texniki planda da dəfələrlə üstələyir. Bakı enerji resurslarının satışından əldə etdiyi gəlirin ciddi bir hissəsini ordunun müasir müdafiə texnikası ilə təchiz olunmasına xərcləyib. Lakin Azərbaycan əsgərinin uğur qazanmasında əsas amil motivasiya olub. Tarix göstərir ki, qələbədə motivasiya texniki təchizatdan, hərbi potensialdan heç də az rol oynamır. Bu gün Azərbaycan əsgəri öz doğma torpaqlarını işğaldan qurtarmaq üçün Vətən müharibəsi aparır. Erməni ordusu isə komandirinin əmrinə uyğun olaraq, işğal olunmuş yad torpaqları əldə saxlamağa çalışır.

Azərbaycan Ordusunun öz torpaqlarını azad etmək uğrunda apardığı və qələbə ilə başa vurduğu əməliyyatdan sonra Nikol Paşinyan artıq vəziyyətdən simasını az da olsa qoruyaraq çıxmağın yolunu axtarmalıdır. Ermənistanın işinə nə diasporun pulu, ya kənardan edilən hərbi yardımlar yaradı – o, işğal etdiyi bütün əraziləri itirir. Aldığı zərbədən özünə gəlməsi üçün isə İrəvana onilliklər lazım olacaq. Hətta bunun üçün belə, o, ilk növbədə, regional təcrid durumundan çıxa bilməlidir.



MƏSLƏHƏT GÖR:

263