23 Aprel 2024

Çərşənbə axşamı, 21:28

EVİMİZƏ, DOĞMA QARABAĞA

Məşhur şahmatçı ailəsi Zəngilana qayıdacağı günü səbirsizliklə gözləyir

Müəllif:

01.12.2020

Bütün dünya rəşadətli Azərbaycan Ordusunun tarixi qələbəsindən, Qarabağ torpaqlarını azad etməsindən danışır. Bu günlərdə KİV-də Qarabağ və ətraf rayonların əsl sakinləri, 30 ildən çoxdur köçkün həyatı yaşamağa məhkum edilmiş insanlar barədə çoxsaylı materiallara rast gəlmək olar.

Azərbaycan şahmatının lideri, dünya şahmatında özünəməxsus yer tutan üçqat Avropa, gənclər arasında ikiqat dünya çempionu Şəhriyar Məmmədyarovun əslən Zəngilandan olduğunu, bəlkə də, çoxlarınız bilmirdi. “Region plus” jurnalı Azərbaycana üç qrossmeyster bəxş edən Məmmədyarovlar ailəsinin qonağı olub.

Zəngilan işğaldan azad edilən gün təbrikləri qəbul edənlər arasında Şəhriyar, Zeynəb, Türkan Məmmədyarovların atası Həmid müəllim idi. Şahmatda övladlarının ilk müəllimi olan Həmid Məmmədyarov doğma yurdunu çox gözəl xatırlayır:

“Sevincimi tam hiss etmirəm. Başa düşürsünüz? Tam hiss etmək üçün gərək Zəngilana yollanaq. Bizə bəxş etdiyi tarixi qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkür edirəm. Hər zaman torpaqların qayıdacağını söyləyirdim. Bəziləri mənə inanmırdı. Zəngilan çox səfalı və zəngin məkandır. Bizim orada çox gözəl evimiz var idi. Həyətdə çoxlu ağaclarımız qalmışdı. Qayıdandan sonra həmin evi bərpa etmək istərdim.

Övladlarımın şahmatla məşğul olması təsadüfi deyildi. Zəngilanda şahmata maraq çox böyük olub. Özüm ağır atletikayla məşğul olmuşam. Amma uşaqların şahmatçı olması üçün çalışmışam və buna nail olmuşam. Zəngilanda təxminən 150-yə yaxın uşaq şahmatla məşğul olurdu. Ən tanınmışları yəqin övladlarımdır. Onlar arasında Şəhriyar daha çox tanınır. Əvvəllər Şəhriyarla bütün yarışlara birgə gedirdik. İndi artıq yola çıxmaq mənim üçün çətindir. Hər yarışda onun Zəngilandan olduğunu bildirirdim. Zəngilanın Azərbaycana aid olduğunu söyləyirdim. Hətta düşmən ölkənin şahmatçıları da bunu bilir. Müxtəlif yarışlarda Qabriel Sarkisyana (erməni şahmatçını nəzərdə tutur-red.) söyləmişəm. Eyni zamanda Ermənistan yığmasının şahmatçısı Levon Aronyana demişəm. Bir dəfə Sarkisyana söylədim ki, gec-tezi var, biz onsuz qayıdacağıq. Azərbaycan istəsə bir aya Zəngilanı və digər torpaqları qaytarar. Mənə əsəbi baxışlarla cavab verdi. Sözsüz, idman siyasətdən ayrıdır. Amma heç kim doğma yurdunun işğalını qəbul edə bilməz.

Zəngilan rayonunda Məmmədbəyli türbəsini xatırlayıram. Bu müqəddəs ocaq kəndin ən hündür yerində, yaşıllıqlar arasında yerləşir. Türbənin maraqlı və orijinal kitabəsi vardır. Adi sıradan çıxıb sətirdən yuxarı qaldırılmış kəlmələr, pozulub getmiş, lakin izi qalmış müəmmalı sözlər çətinliklə oxunur. Zəngilan rayonu həm də çinarlarla tanınır. Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bu zonada yerləşir. Yaşı 500-ə, uzunluğu 12 kilometrə çatan çinar meşəliyi Bəsitçay qoruğunda saxlanılır. Bəsitçay qoruğu Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdı. Qoruqda yerləşən Şərq çinarı "Qırmızı kitab"a daxil edilib.

Biz ailə olaraq Zəngilana qayıdacağımız günü gözləyirik. Zəngilanda bayrağımız dalğalandırılan gün qızlarım sevincindən ağlayırdı. Allah torpağımızı qaytarmağı qismət elədi. Gələcəkdə qismət olar Zəngilanda şahmat turniri keçirilər və uşaqlarım orada iştirak edər”.

Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarov da sevincini “Region plus”la bölüşüb:

“Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Azərbaycan olacaq!

7 yaşım var idi və Ermənistan silahlı qüvvələri tərəfindən evlərimizdən qovulduğumuz həmin dövrü yaxşı xatırlayıram. O vaxtdan doğma kəndimi yalnız fotolarda görmüşəm. Kəndimiz, uşaqlıq xatirələrim üçün darıxır, oraya getmək, vətənimin havasını udmaq istəyirəm. Demək olar ki, 1 milyona yaxın məcburi köçkün öz torpaqlarını itirmişdi, mən və ailəm kimi eyni hissləri yaşayırlar. Biz evlərimizi, məscidlərimizi, əcdadlarımızın məzarlarını, tarixi abidələri, muzeyləri, mədəniyyəti və uşaqlıq xatirələrini qaytardıq".

Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb:

“Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin...”

Ailənin ortancıl övladı, Azərbaycan yığmasında çıxış etmiş Zeynəb Məmmədyarova həm də erməni qrossmeyster Levon Aronyana cavab verməklə diqqəti cəlb etmişdi. Aronyanın sosial şəbəkədə yazdığı sözlər Zeynəbi özündən çıxarmışdı:

“Biz idmançılar digərlərindən fərqli olaraq ermənilərlə daha çox ünsiyyətdə olmuşuq. Şəxsən mən 1995-ci ildən erməni şahmatçıları ilə dünyanın müxtəlif ölkələrində beynəlxalq yarışlarda istər rəqib, istərsə də bir şahmatçı kimi qarşılaşmışam. Müxtəlif zamanlarda müzakirələrdə ölkələrimiz arasında münaqişə barəsində fikirlərimiz toqquşub və hər zaman da onlara başa salmağa çalışmışıq ki, ermənilər qədim Azərbaycan torpaqlarında yaşayırlar və bu gün onların zəbt etdikləri Dağlıq Qarabağ, o cümlədən Xocalı, Şuşa və digər rayonlarda törətdikləri vəhşiliklər bir gerçəklikdir.

Şahmat intellekt sahiblərinin oyunudur. Lakin Ermənistan şahmatçısı Levon Aronyanın paylaşdığı yalan dolu status məni bir şahmatçı olaraq çox məyus etdi. Ermənistanın “fəxri” Kardaşyandan fərqli olaraq intellekt sahibi olan qrossmeysterdən daha çox intellektli, uzaqgörən, humanist və sülh təklifi gözləyirdim. Sən Levon Aronyan, elitar şahmatçı olaraq işğal edilmiş torpaqların sizə aid olmadığını nə zaman söylədin? Sən bilmirsənmi ki, özgə torpağından yurd olmaz?! Şahmat sənə dürüst olmağı öyrətmədimi? Şahmat sənə sülhsevər olmağı öyrətmədimi? Müharibənin əvvəlində fond açmaqla ermənilərə dəstək oldu və bununla özünü biabır etdi. Ermənistan yeni müharibələr etsin deyə fond açıb pul yığırsan? Bütün dünya bilir! Qarabağ Azərbaycandır! Yaşasın bugünkü, güclü Azərbaycan Ordusu!”

Məmmədyarovlar ailəsi səbirsizliklə doğma yurduna qayıdacağı günü gözləyir. Yaşı altmışı keçən Həmid Məmmədyarov doğma torpaqda müxtəlif ağaclar əkəcəyini bildirir. Şahmatçı övladları isə Zəngilanda beynəlxalq turnirdə iştirak etməyi arzulayır.



MƏSLƏHƏT GÖR:

219