28 Mart 2024

Cümə axşamı, 22:02

BÜLBÜLLƏR YENİDƏN OXUYACAQ

Nigar AXUNDOVA: «Qarabağda mədəni soyqırımın günahkarları maddi və mənəvi cəzalandırılacaq»

Müəllif:

01.12.2020

Qarabağ torpaqlarını azad etmək üçün keçirilən əkshücum əməliyyatı sona çatdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu erməni işğalçıları üzərində parlaq qələbə qazandı və on illər öncə tapdalanmış ədaləti bərpa etdi. Sirr deyil ki, bütün bu illər ərzində Qarabağın qaytarılması arzusu hər bir azərbaycanlının ruhunda yaşayırdı. Qaçqınların və məcburi köçkünlərin ürəyində itirilmiş yurdlarını bərpa etmək ümidi heç zaman sönməmişdi. Bu 44 gün ərzində biz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatlarını ara vermədən izlədik, hərbçilərimizin yüksək peşəkarlığına heyran qaldıq, azad edilmiş şəhər və kəndlərə görə sevinc göz yaşlarını gizlətmiədik. Həm də hər kəs, istisnasız olaraq, barbarların törətdiyi və miqyası hələ də anlamaq üçün çətin olan dağıntıları dəhşətlə izlədi. «France 24» telekanalının jurnalistlərinin "Qafqazın Xirosiması" kimi təqdim etdikləri Ağdam şəhəri, yaşayış binaları, əkin sahələri, məscid və kilsələr, məktəblər və muzeylər - hamısı fərq qoyulmadan məhv edilib.

 

Ağlayan abidələr

Əlbəttə ki, hər şey bərpa ediləcək, tikiləcək və ağaclar əkiləcək. Doğma torpağa sevgi və qayğı ilə. İnzibati binaların və yaşayış binalarının, göllərin, çayların və meşələrin gələcək taleyi heç bir narahatlıq yaratmasa da, xalqımızın mədəni irsinin geri dönmədən yoxa çıxmış eksponatlarının itkisinin acısı qaçılmazdır.

Qəhrəman döyüşçülərimizin işğaldan azad etdiyi Şuşa şəhəri heç də boş yerdən xalqımız üçün müqəddəs bir rəmz sayılmır. Bu şəhər misilsiz istedadların əsl qaynağıdır, Azərbaycan mədəniyyətinin xəzinəsidir.

Hərbi əməliyyatlar bitdikdən sonra Mədəniyyət Nazirliyinin əməkdaşları işğal illərində ermənilər tərəfindən dağıdılmış bütün abidələrin vəziyyətini müəyyən etmək və sənədləşdirmək üçün Şuşaya yola düşdülər. Azərbaycanın Mədəniyyət naziri vəzifəsini icra edən Anar Kərimov öz «Twitter» səhifəsində məşhur azərbaycanlı opera müğənnisi Bülbülün (Murtuza Məmmədovun) Şuşada dağıdılmış ev-muzeyinin videosunu yayımladı. Məmur qeyd etdi ki, "bu ev muzeyi bir vaxtlar Şuşada bir mədəniyyət və sənət mərkəzi idi". İdi...

Şuşada bir neçə bu cür önəmli muzey var idi. 1982-ci ildə Azərbaycan şairi və dövlət xadimi, XVIII əsrdə Qarabağ xanlığının vəziri olmuş Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış məqbərəni. Xurşidbanu Natəvanın və ya Xanqızının - son Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızının, İbrahimxəlil xanın nəvəsinin evini xatırlatmağa dəyər. Onun evi memarlıq abidəsidir. Aleksandr Dümanın heyran qaldığı görkəmli şairənin, ağılların hökmdarının evi indi xarabadır. 1985-ci ildə Üzeyir Hacıbəyovun 100 illik yubileyi UNESCO tərəfindən qeyd olunub, dünyanın bir çox ölkəsindən gəlmiş qonaqlar Hacıbəyovun yubiley tədbirlərinin keçirildiyi Şuşadakı ev-muzeyini ziyarət ediblər. Ekspertlərin fikrincə, Üzeyir Hacıbəyovun Şuşadakı muzeyində 1700-ə yaxın eksponat nümayiş edilirdi – Üzeyir bəyin ömrünün ilk illərinə və tələbəlik illərinə aid qiymətli materiallar, qohumlarının və ailə üzvlərinin fotoları, ilk əsərlərin əlyazmaları, bəstəkarın şəxsi əşyaları təqdim edilirdi. Dahi Üzeyir bəyin zəngin irsindən yalnız 136 eksponat çıxarıla bilmişdi, qalanları da ev muzeyinin özü kimi məhv edildi. Bülbülün Şuşadakı ev muzeyinin eksponatları da itirildi...

 

Dəhşətli gerçəklik...

Bəzi ölkələrin "mədəniyyət" icmalarının nümayəndələri işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki guya erməni (əslində alban) kilsələrinin taleyindən narahat olduqları halda, Azərbaycan həmin mədəniyyət xadimlərindən tam laqeydliyi fonunda dəhşətli bir gerçəkliyin gözünə dik baxmalı oldu – xalqımızın mədəni və tarixi irsi vəhşicəsinə dağıdılıb.

1980-ci ildə Qarabağ xanlarının sarayının binasında, Natəvan muzeyində Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Qarabağ filialının açılması planlaşdırılırdı. Yeni filialın ilk direktoru, fizulişünas, filologiya üzrə alim, SSRİ Yazıçılar Birliyinin üzvü Namiq Babayev gələcək elmi iş üçün gənc istedadlı mütəxəssislər toplamışdı. Eyni zamanda, Şuşa şəhərində yaşamış 19-cu əsr yazıçı və şairlərinin həyat və yaradıcılığı ilə bağlı materialların toplanması üzərində iş başlamışdı. Bu materiallardan yeni muzey üçün ekspozisiya yaratmaq - şəxsi əşyalar, əlyazmalar və kitablar toplamaq planlaşdırılırdı.

Lakin 1992-ci ildən sonra Natəvanın, Üzeyir Hacıbəyovun və Bülbülün bürünc büstləri sökülüb və metal qırıntısı kimi Gürcüstana aparılıb, oradan isə Azərbaycan hakimiyyəti tərəfindən satın alınıb. Natəvanın güllə izləri olan və baş barmağı qırılmış büstü Bakıda İncəsənət Muzeyinin həyətində açıq havada nümayiş olunur.

Bütün bunlar barədə söhbətləşmək üçün biz Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin mədəniyyət attaşesi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundovaya müraciət etdik. Şuşanın tanınmış Ağayevlər nəslinin davamçısı olan Nigar xanımdan ilk olaraq soruşduq ki, doğma torpaqlarımızın uzun müddət işğal altında qalmasını görmək və nəticələrini yaşamaq onda hansı hisslər yaradıb?

- Şuşa hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur. Təsadüf deyil ki, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan olmaz deyirlər. Biz hələ itirdiklərimizin həqiqi miqyasını bilmirik. Bir şey aydındır: böyük itkilər var. Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün muzeyləri Birinci Qarabağ müharibəsində talan edilib və məhv edilib. İndi bu siyahının xeyli artdığı göz qabağındadır. Bütün azad edilmiş ərazilərdə düşmən hər şeyi yandırıb, dəhşətli vandalizm, qəddarlıq və anti-humanizm izləri qoyub.

- Bizim artıq Gürcüstana metal qırıntısı kimi satılmış və daha sonra hökumətimiz tərəfindən satın alınmış muzey dəyərlərinin qaytarılması ilə bağlı kədərli təcrübəmiz olub. İndiki vəziyyətdə oxşar halların təkrarlanmaması üçün nə etmək olar?

- Əminəm ki, dövlət səviyyəsində bu problem hərtərəfli öyrəniləcək və nəticələri dünya ictimaiyyətinə təqdim edəcək bir ekspert komissiyası yaradılacaq. Şuşa şəhərinin Azərbaycan tarixi, musiqi mədəniyyəti, ədəbiyyatı, milli kimliyin formalaşması üçün müstəsna önəmi məsələsinə qayıdaraq, xüsusi vurğulamaq istəyirəm ki, bizim borcumuz şəhərin tarixi görkəmini bərpa etməkdir, orada yeni çoxmərtəbəli binalar və ya bəzi nəhəng tikililər inşa etməyə çalışmamalıyıq. Şuşa paltosu o qədər də böyük deyil, orada yer məhduddur, buna görə hər kvadrat santimetrə çox qayğı və şüurlu yanaşmaq lazımdır.

Təəssüf ki, sosial şəbəkələrdə gələcəyin Şuşasının yeni, hündürmərtəbəli binalar tikilmiş və yeni mikrorayona bənzəyən videosunu gördüm. Buna yol vermək olmaz! Ümid edirəm ki, Şuşanın bərpası işində savadlı və istedadlı Azərbaycan memarları iştirak edəcəklər, onlar bir tərəfdən milli özəlliyi mükəmməl bilirlər və hiss edirlər, başqa tərəfdən isə çağdaş vasitələrin arsenalı ilə təchiz ediliblər və dünya praktikasında oxşar nümunələrlə tanış olublar. Bu, əlbəttə ki, başqa şəhərlərə də – Ağdam və Füzuliyə də aiddir, lakin Şuşada hər addım şəhərin baş memarı ilə razılaşdırılmalıdır. Hər addım!

- Sözsüz ki, şəhərin əvvəlki görkəmdə gözəlliyinin qaytarılması gərəkdir. Bəs muzeylərin bərpası necə olsun?

- Əlbəttə ki, Şuşanın muzeyləri yenidən tikiləcək: eksponatlar öz yerinə qayıdacaq, ekspozisiyalar muzey dizaynının yeni nailiyyətlərinə uyğun olaraq qurulacaq. Ancaq ekstreyerlər ilkin görünüşlərinə mümkün qədər yaxın olmalıdır.

- Nigar xanım, baş vermiş vandalizmə müvafiq hüquqi qiymət veriləcəkmi? Mədəniyyətimizə vurulan maddi ziyana görə təzminat tələb etmək mümkündürmü?

- Biz Şuşaya qayıtdıq... Rəşadətli ordumuz, fədakar hərbçilərimiz bu şəhərə öz cəsarəti və şücaəti baxımından misli görünməmiş bir əməliyyat həyata keçirərək, bir artilleriya atəşi atmadan girdi. Gözlərimiz önündəki mənzərə acınacaqlı idi. Binalar dağıdılmışdı, şüşələr qırılmışdı, məscidlər və qəbiristanlıqlar təhqir olunmuşdu, tarixi mərkəz eybəcər hala salınmışdı... Bütün bunlara görə kim cavabdeh olacaq? Maddi zərəri, bahalı bərpa işlərinin haqqını kim ödəyəcək? Şübhəsiz ki, ekspert işlərinin nəticəsi kimi belə bir hesab tərtib edilərək düşmənə təqdim ediləcək. Ancaq bizə yalnız maddi deyil, həm də çox böyük mənəvi zərərə dəyib. Bu borcları kim ödəyəcək, kim Şuşasız yaşadığımız bu 30 ili bizə qaytara biləcək? Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, Qarabağ çiçək ətirli bir cənnət olacaq. Biz öz Prezidentimizə inanırıq və belə olacağına şübhə etmirik. Lakin hər əməl cəzasız qalmamalı, cinayətkarlar etdikləri əməllərə görə cəzalandırılmalıdır.

- Ailənizin Şuşa ilə özəl bağlarının olduğunu bilirik...

- Düzdür və mənim bir şəxsi arzum var – ulu babam Mirzə Həsən bəy Ağayevin evini tapmaq istəyirəm, babam Hüseyn bəylə qardaşı - məşhur filosof, publisist, ictimai xadim, iki parlamentin ADR-in və Türkiyə parlamentlərinin üzvü olmuş Əhməd bəy Ağayev o evdə böyüyüb. Mən uzun illərdir ki, onun adı ilə bağlı sənədləri, fotoşəkilləri, kitabları toplayıram. Ümid edirəm ki, bütün bu materiallar həyatı ilə Azərbaycan tarixinin və xüsusən də Şuşa şəhərinin ən parlaq səhifələrindən birini yazmış Əhməd bəy Ağayevin (Ağaoğlunun) ev muzeyində öz layiqli yerini tapacaq.

- Çox təşəkkür edirəm!

İndi isə gəlin görək biz nəyi itirmişdik? İşğaldan əvvəl Şuşada 170 memarlıq abidəsi və 160 qədim incəsənət abidəsi var idi. Bunların arasında qala divarı, İbrahim xanın, qızı Qara Böyükxanımın qəsrləri, Qarabağ xanlarının imarəti, Natəvanın ev-muzeyi, Port Artur müharibəsinin iştrakçısı general Mehmandarovun evi, şair və rəssam Mir Möhsün Nəvvabın evi, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi, Bülbülün ev-muzeyi, Vaqifin türbəsi, Gövhər-Ağa məscidi və s. yer alırdı.

Şuşada 8 muzeyi, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 25 orta məktəb, 40 tibb müəssisəsi, 241 tarixi abidə dağıdılıb və məhv edilib, Şuşa muzeylərindən dəyərli eksponatlar, nadir Qarabağ xalçaları, xalq tətbiqi sənət nümunələri, arxeoloji tapıntılar və sənədlər oğurlanaraq Ermənistana aparılıb.

Ümidsizliyə qapılmaq istəmirəm, amma sadalananların miqyası bir kəlmə ilə ifadə edilir - dəhşətlidir! Nigar Axundovanın dediyi kimi, inanırıq ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında mübarizə apararaq, Qarabağın mədəni soyqırımında günahkar olanların hamısının maddi və mənəvi cəza almasına nail olacağıq, uzun illərdir viranəlik və barbarlığın nəticələrinin hökm sürdüyü bu yerlərdə tezliklə bağlar yenidən çiçəklənəcək və bülbüllər oxuyacaq.



MƏSLƏHƏT GÖR:

235