25 Aprel 2024

Cümə axşamı, 09:39

KÜLDƏN BAŞ QALDIRMAQ

Aqrar sektor, turizm və dağ-mədən sənayesi – Azərbaycanın azad edilmiş torpaqlarının iqtisadi inkişafının üç nəhəng amilidir

Müəllif:

01.12.2020

Azərbaycanda Qarabağ bölgəsinin sosial-iqtisadi dirçəlişi ilə bağlı genişmiqyaslı işlər başlayır. İnfrastruktur layihələrinin həyata keçirilməsi, mənzillərin və sosial obyektlərin tikintisi ilə yanaşı, bölgədə aqrar sektorun inkişafı, turizm, dağ-mədən sənayesi, tikinti materialları istehsalı və s. üçün milyardlarla dollar dövlət, özəl və xarici sərmayəçilər cəlb ediləcək. Ekspertlər və dövlət qurumlarının nümayəndələri yaxın perspektiv üçün Qarabağ bölgəsinin kommunikasiyalarının bərpası və iqtisadiyyatının inkişafı üçün ilkin planlarını açıqlayıblar.

 

Köhnə yeni infrastruktur

Hazırda işğaldan azad edilmiş rayonlarda, Şuşada və Dağlıq Qarabağın digər yaşayış məntəqələrində Azərbaycan ordusunun, başqa güc strukturlarının, Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə ərazinin dağıntılardan, vurulmuş zirehli texnikalardan, minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi üzrə işlər davam etdirilir ki, infrastruktur layihələrinin başlanması üçün şərait yaradılsın. Söhbət hər şeydən öncə, mövcud yolların yenidən qurulması, eyni zamanda yenilərinin tikilməsindən gedir. Artıq 101,5 kilometrlik Əhmədbəyli - Alxanlı - Füzuli - Şuşa avtomobil yolunun tikinti işləri artıq başlayıb. Birinci dərəcəli önəm daşıyan layihələr sırasında elektrik enerjisi infrastrukturunun formalaşması - ötürücü xətlərin, 330/220/110 və 110/35/10 kilovoltluq yarımstansiyaların, paylayıcı xətlərin, gərginlik endirən transformator stansiyalarının qurulması yer alır. Uyğun layihələr "Azərenerji" və "Azərişıq" mütəxəssisləri tərəfindən hazırlanıb və artıq Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, və Ağdam rayonlarında, həmçinin elektrik şəbəkəsi infrastrukturunun tamamilə məhv edildiyi başqa rayonlarda enerji sisteminin bərpası üçün mütəxəssislər seçimi prosesi başlayıb.

Öz növbəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisləri, həmçinin mobil operatorlar tele-radio yayım sisteminin bərpasına, telekommunikasiya xidmətləri göstərmək üçün baza stansiyalarının quraşdırılmasına başlayıblar.

Normal fəaliyyət göstərən nəqliyyat kommunikasiyaları, dayanıqlı enerji təchizatı, habelə rabitə xidmətlərinə və internetə çıxış – ən azından, bunlar olmazsa, işğaldan azad edilmiş bu ərazidə ciddi iqtisadi layihələr həyata keçirmək mümkün deyil.

Yaxın vaxtlarda «Azərsu», «Azəriqaz» və digər dövlət qurumlarının mütəxəssisləri analoji işlərə başlayacaqlar. O cümlədən, “Azərsu” ASC azad edilmiş ərazilərdəki meliorasiya və suvarma obyektlərinin yenidən qurulması və tezliklə istismara verilməsi üçün onların texniki vəziyyətinin inventarizasiyası və qiymətləndirilməsinə başlamağı planlaşdırır. Bölgənin su potensialı yetərincə genişdir: 9 su anbarı, 7 sututar, 6426 km suvarma şəbəkəsi, 2 hidroqovşaq, 330 km kollektor-drenaj şəbəkəsi, 803 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1429 subartezian quyusu var. Ümumiyyətlə, burada 125 800 hektar suvarılan torpaq var.

“Bu gün idarəetmə və təhlükəsizlik məsələləri ilk növbədə dayanır. Söhbət ərazilərin minalardan təmizlənməsindən, həyat üçün birbaşa təhlükə yaradan bioloji və ekoloji pozuntuların aradan qaldırılmasından gedir. Buraya Sərhəd Xidmətinin işinin və polis nəzarətinin təşkili, dövlət orqanlarının fəaliyyəti daxildir”, - deyə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

 

Qayıdış meqaproqramı

İlkin infrastruktur layihələrinin gerçəkləşdirilməsi ərazilərin minalardan təmizlənməsi ilə paralel həyata keçiriləcəkdir. Bu problemin miqyası yetərincə böyükdür və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədovun hesablamalarına görə, erməni işğalından azad edilmiş bütün torpaqların tam təmizlənməsi üçün, təxminən, 13 il vaxt lazımdır. Döyüş meydanında partlamamış hərbi sursatların aşkarlanması və aradan qaldırılması üçün isə ən azı 5-6 il gedəcək. ANAMA direktoru qeyd edib ki, hazırda ərazilərin təmizlənməsi üçün "yol xəritəsi" hazırlanır. Bu sənədə görə, birinci mərhələdə, təxminən, 14 min kvadrat kilometr ərazi təmizlənməlidir ki, buna 3 min kv. km-lik asfalt yollar da daxildir. Vəziyyət ona görə ağırdır ki, işğal olunmuş rayonları tərk edən Ermənistan Silahlı Qüvvələri əsas mülki obyektləri - elektrik ötürücü xətlərin dayaqlarını, su anbarlarını, yol infrastrukturunu, habelə yaşayış məntəqələrini və hətta qəbiristanlıqları minalayıb və bu da istehkamçıların işini xeyli çətinləşdirir.

Sadalanan bütün çətinliklərə baxmayaraq, Azərbaycanda biznes layihələrin planlaşdırılması və yerinə yetirilməsi, yaşayış yerlərinin bərpası, azad olunmuş ərazilərin təbii potensialının mənimsənilməsi üçün hazırlıq işləri başlayıb. Bu istiqamətdə mühüm addım Azərbaycanın azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələləri mərkəzləşdirilmiş şəkildə həll etmək üçün Koordinasiya Qərargahının yaradılması barədə dövlət başçısı tərəfindən imzalanmış fərman oldu. Qərargahın nəzdində İdarələrarası Mərkəz də yaradılır ki, onun vəzifələri sırasına kommunikasiya funksiyalarını yerinə yetirmək, həmçinin yeni quruma lazımi analitik və təşkilati dəstək vermək daxildir.

Qərargah Qarabağ bölgəsinin infrastrukturunun bərpası üçün dövlət qurumları tərəfindən hazırlanmış bütün layihələri qəbul edəcək, onların həyata keçirilmə ardıcıllığını müəyyənləşdiriləcək, həmçinin dövlət, özəl və xarici şirkətlərinin sərmayə yatırımı üçün cəlb edilməsi məsələlərini əlaqələndirəcək.

Hazırda hökumət və dövlət qurumları səviyyəsində azad edilmiş ərazilərin iqtisadi inkişafı üzrə proqram, həmçinin sahələr və konkret rayonlar üzrə planlaşdırılan tədbirlərin həyata keçirilməsi üçün mərhələli plan hazırlanır. Bir meqaproqram hazırlanacaq və o, infrastruktur, kənd təsərrüfatı, dağ-mədən sənayesi, kommunikasiyalar, turizm, tikinti materialları istehsalı və s. kimi istiqamətləri və sahələri əhatə edən ayrı-ayrı dövlət proqramlarını özündə cəmləşdirəcək. Bu sahə paketləri çərçivəsində bölgənin sosial-iqtisadi inkişafının təmin edilməsi üçün yerinə yetirilməli olan işlərin təsnifatı və istiqamətləri müəyyənləşdiriləcək, həmçinin konkret layihələr işləniləcək, onların gerçəkləşdirilməsi müddəti göstəriləcək.

Bunlarla yanaşı, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi azad edilmiş şəhərlərin və digər yaşayış məntəqələrinin bərpasının və gələcək inkişafının əsasında duracaq ərazi planlaşdırması üzrə baş planların və digər sənədlərin tərtib edilməsinə başlayıb. Eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara qaytarılması üzrə proqram hazırlanır. Bu sənəd çərçivəsində geri qaytarılmış ərazilərin gələcək sakinlərinin stimullaşdırılması üzrə güzəştləri və güzəştli kreditləşmə mexanizmləri nəzərdə tutulur.

 

Maliyyələşdirmə paketi

Bu proqramların bir sıra komponentlərinin icrasına artıq gələn ildən başlamaq planlaşdırılır. Elə bu baxımdan, maliyyə naziri Samir Şərifovun qeyd etdiyi kimi, Qarabağ bölgəsində bərpa işləri çərçivəsində infrastruktur, sosial-iqtisadi, enerji, kommunal və digər layihələr üçün vəsait ehtiyatı yaratmaq üçün 2021-ci il dövlət büdcəsi layihəsinə müəyyən düzəlişlər edilməsi planlaşdırılır.

Baza infrastrukturun bərpası, sosial, kommunal və inzibati obyektlərin tikintisi üçün ayrılacaq vəsaitlərin əsas hissəsinin büdcə resursları və Dövlət Neft Fondunun vəsaitləri hesabına, beynəlxalq maliyyə təşkilatlarından kredit və qrant cəlb edilməsi imkanları nəzərə alınmaqla, təmin edilməsi planlaşdırılır. Mənzil tikintisi sahəsində böyük ölçüdə dövlət yardımı tələb olunur. Aydındır ki, Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit Agentliyi və digər dövlət fondları biznes layihələrinin maliyyələşdirilməsinə və kiçik və orta sahibkarlığın dəstəklənməsinə öz töhfələrini verəcəklər. Aqrar və sənaye layihələrinin inkişafına, eyni zamanda turizm sektoruna qoyulacaq sərmayələrin böyük hissəsinin həm yerli, həm də xarici kapital daxil olmaqla özəl sektor tərəfindən təmin ediləcəyi güman edilir.

"Dağlıq Qarabağ münaqişəsinin baş çatması işğaldan azad edilmiş bölgəyə özəl sərmayələrin cəlb edilməsi üçün əlverişli şərait yaradacaq", - deyə iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. Onun sözlərinə görə, Azərbaycanda xarici sərmayələrin cəlb edilməsi üzrə misilsiz təcrübə toplanılıb. Ölkədə siyasi sabitliyi və təhlükəsizliyin, səmərəli iş mühitinin, makroiqtisadi sabitliyinin, tənzimləmə mexanizmlərinin və nisbətən tutumlu daxili bazarın olması özəl kapitalın cəlb olunmasına kömək edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən səsləndirilmiş məlumata görə, artıq Türkiyə ilə qardaş ölkənin şirkətlərinin Qarabağ bölgəsində kənd təsərrüfatının, turizm və hasilat sənayesinin inkişafı üçün birgə layihələrdə iştirakı ilə bağlı danışıqlar aparılır. İran və Rusiya da azad edilmiş ərazilərdə tikinti materialları təchizatında, tikinti podratlarında, yol tikintisində və infrastrukturun bərpasında maraqlı olduqlarını bildirdilər. Ümumiyyətlə, bu işlərə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatına üzv bir sıra ölkələrin cəlb edilməsi planlaşdırılır.

Müzakirə olunan uzunmüddətli planlar arasında Qarabağ bölgəsində azad iqtisadi zonanın, kiçik bir Silikon Vadisinin yaradılması, start-apların inkişafı və əlbəttə ki, texnoparkların və sənaye məhəllələrinin yaradılması da var. Eyni zamanda buraya tədricən yerli və xarici kapital cəlb ediləcək və bu, bölgənin yeni sənaye nüvəsinin formalaşmasına töhfə verəcək.

Aydındır ki, potensial azad iqtisadi zonalarda və sənaye şəhərlərində sənaye klasterinin inkişafında biznesin iştirakını stimullaşdırmaq üçün geniş fiskal üstünlüklər, kommunal xidmətlər və logistika xidmətləri üçün güzəştlər rejimi tətbiq ediləcək. Uzun müddətə əmlak vergisindən və torpaq vergisindən azad edilməsi, korporativ mənfəət vergisinin azaldılması, istehsal məqsədləri üçün gətirilmiş maşın və texnoloji avadanlıqlar üçün gömrük rüsumlarının və ƏDV-nin sıfırlanması gözlənilir.

 

Əsas istiqamətlər

Ekspertlərin fikrincə, bölgənin təbii özəllikləri və burada mövcud olan resurslar nəzərə alınarsa, kənd təsərrüfatı, turizm və faydalı qazıntıların çıxarılması sahələrində layihələrə qoyulan kapitallar nisbətən sürətlə qaytarılacaq.

O cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin və AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun mütəxəssisləri tərəfindən bölgənin aran ərazilərində taxılçılıq, ipəkçilik, pambıqçılıq, üzümçülük, bağçılıq, tərəvəzçilik, tütünçülük sahələrinin inkişaf etdirməyi planlaşdırılır, həmçinin meyvə emalı müəssisələri, şərab zavodları, pambıq təmizləyici fabriklər və bitki yağı istehsalı müəssisələri yaradılacaq. Yağıntının bolluğu, bölgənin dağətəyi ərazilərində və yüksək ərazilərində geniş çəmənliklərin olması heyvandarlığın, arıçılığın inkişafı üçün idealdır, burada yun toplanması və emalı, ekoloji cəhətdən təmiz süd məhsullarının istehsalı, dərman bitkilərinin toplanması və qablaşdırılması və s. təşkil edilə bilər.

Möhtəşəm dağ landşaftı, zəngin flora və faunası, çoxsaylı tarix və mədəniyyət abidələri nəzərə alınarsa, burada turizmin inkişafı çox perspektivlidir. Belə ki, təkcə bölgənin ümumi meşə sahəsi, demək olar ki, 246,7 min hektardır, o cümlədən Qırmızı Kitaba düşmüş şərq çinar ağacının 13,2 min hektarlıq dəyərli meşəsi də bura daxildir. Bütünlükdə bu dağ bölgəsi idmanın və ekstremal turizm növlərinin - alpinizmin, at üstündə gəzintinin və dağ cığırları ilə velosiped yarışlarının inkişafı üçün ideal təbii imkanlara malikdir. Qarabağın incisi - Şuşa şəhəri və onun ətrafı ovsunlayıcı təbiəti, mənzərələri ilə turizm klasterinin inkişafı üçün idealdır. Artıq bu gün bəzi hotel şəbəkələri Qusar və Qəbələdəki beynəlxalq "Şahdağ" və "Tufandağ" kurortlarına bənzər şəkildə burada da hotel şəbəkələri və əyləncə mərkəzləri yaratmaq üzrə planlar hazırlayırlar.

Bölgə həm də bol mineral su ehtiyatları ilə zəngindir. Bunların arasında Kəlbəcər rayonundakı Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonundakı İlıqsu, Minkənd və s. kimi məşhur mənbələr var. Azad edilmiş ərazilərdə müxtəlif qaz və kimyəvi tərkibli, müalicə əhəmiyyətli 120-ə yaxın mineral su yatağı mövcuddur (Azərbaycanın müalicəvi bulaqlarının ümumi geoloji ehtiyatlarının təqribən 39,6%-i buradadır). Bu, bölgədə bir sıra balneoloji kurortların və istirahət zonalarının yaradılmasına imkan verir.

Ən sonda, daha genişmiqyaslı və kapital tutumlu işlər zamanla bölgənin mineral-xammal potensialının işlənməsi üzrə baş verəcək. Mütəxəssislərin qiymətləndirməsinə görə, burada müxtəlif növ mineralların 155 yatağı var. Bunlar qızıl, civə, mis, qurğuşun, sink, üzlük daşı, sement xammalı, süngər daşı və vulkanik kül, gil, gips, perlit və obsidian, rəngli və dekorativ daşlar, mərmər və s. yataqlarıdır. Bu resursların işlənməsinin yerli tikinti materialları sektoruna, onların emalı və ixracı nəzərə alınmaqla, necə multiplikasiya təsiri olacağını təxmin etmək çətin deyil.

Onlarla növdə filiz xammalının potensialı da diqqətəlayiqdir. Bu resurs bazası yerli əlvan metallurgiyanı uzun illər xammalla təmin edəcək.

Beləliklə, Qarabağ bölgəsinin təbii potensialının işlənməsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının hərəkətvericisi, xarici sərmayələrin cəlb edilməsi mənbəyi, yeni iş yerlərinin açılması və bunun nəticəsində əhalinin sosial rifahının yüksəldilməsi üzrə resurs bazası ola bilər.



MƏSLƏHƏT GÖR:

261