28 Mart 2024

Cümə axşamı, 20:34

İDDİALARIN TOQQUŞMASI

Dünyanın iqtisadi cazibə mərkəzi yerini Şərqə doğru dəyişir

Müəllif:

01.12.2020

«Səkkiz il «qan, tər və göz yaşı» ilə davam etmiş danışıqlardan sonra biz, nəhayət, bu vacib mərhələyə çatdıq». Malayziyanın ticarət naziri Məhəmməd Azmin Əli noyabrın 15-də Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq (HRİT) sənədinin imzalanması mərasimində belə bir fikir səsləndirib.

Müqaviləni Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 10 üzvü, həmçinin Çin, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya imzalayıb. Hindistan danışıqlar prosesini hələ ötən il tərk edib.

Yeni iqtisadi blokun ümumi ÜDM-i 25,8 trilyon dollardır. Bu göstəriciyə görə o, ABŞ-Meksika-Kanada (USMCA) alyansını (24,37 trilyon dollar) və Avropa İttifaqını (18,85 trilyon dollar) üstələyir. İndi, dünya iqtisadiyyatının 30%-i və 2,2 milyard potensial istehlakçı (dünya əhalisinin 30%-i) HRİT-də birləşəcək.

Bu, Asiyanın nəhəng iqtisadiyyatları olan Çin, Yaponiya və Cənubi Koreya arasında ilk azad ticarət razılaşmasıdır. 2019-cu ildə bu 3 dövlət birlikdə emal sənayesində $5,3 trln.-luq əlavə dəyər yaradıblar. Bu, ABŞ və Aİ-nin birgə göstəricisindən 1 trilyon dollar çoxdur.

 

Yenilikçi qaydalar

HRİT-in azad ticarətlə bağlı digər razılaşmalardan əsas fərqi malların mənbəyilə bağlı yenilik sayılacaq qaydalardır. Qlobal tədarük şəbəkəsində yer alan şirkətlər mövcud azad ticarət razılaşmalarının qüvvədə olduğu bölgədə belə, fərqli rüsumlarla qarşılaşa bilirlər. Buna hazır məhsulda digər ölkələrə məxsus komponentlərin yer alması səbəb olur. Məsələn, İndoneziyada istehsal olunmuş məhsulda Avstraliya istehsalı olan detal varsa, o, ASEAN azad ticarət zonasında digər dövlətlərin müəyyənləşdirdiyi rüsumlarla üzləşə bilər. Bu, Aİ, USMCA və digərlərinə də aiddir.

HRİT-in qaydalarına görə isə üzvlər bir-birinin tərkibində digər dövlətlərə aid komponentlər olan ixrac məhsullarına da vergi tətbiq etməyəcək.

Razılaşmada azad ticarət sazişlərinə xas bir çox bölmələr də var. Söhbət mal ticarəti, investisiya, elektron kommersiya, telekommunikasiya, intellektual mülkiyyət, dövlət satınalmaları və s. kimi sahələrdə fəaliyyətin tənzimlənməsindən gedir. Bundan başqa, HRİT üzvləri bildirir ki, yeni blok nəhəng və zəngin dövlətlərlə yanaşı, kiçik və yoxsul ölkələrin də maraqlarını nəzərə alır. Sonuncuların qanunvericilikdə və digər məsələlərdə lazımi dəyişikliklər etməsinədək mövcud vəziyyətə göz yumulacaq. Məsələn, Kamboca və Laosun gömrük prosedurlarını yeniləmələri üçün 3 ildən 5 ilədək vaxtları var.

Avropa İttifaqından fərqli olaraq, HRİT əmək və ətraf mühitlə bağlı vahid standartlar müəyyənləşdirmir, ölkələrin üzərinə xidmət sahələrini və iqtisadiyyatlarının digər zəif sektorlarını əlçatan etməklə bağlı öhdəlik qoymur. Lakin o, regionda investisiya qoyuluşlarına və digər biznesə şərait yaradacaq qaydalar müəyyənləşdirir.

Əksər analitikin fikrincə, HRİT Asiyanı Aİ və ya Şimali Amerika kimi azad ticarət zonasına çevrilməyə yaxınlaşdırır. Razılaşmanın tariflərin əhəmiyyətli dərəcədə azalmasına aparıb çıxaracağı gözlənilməsə də, bu, belədir.

 

Rəqabət ruhu

Hesab olunur ki, HRİT Çinin məhsuludur və Pekin onu 2012-ci ildən Barak Obamanın fəal şəkildə dəstəklədiyi Trans-Sakit okean Tərəfdaşlığına (TST) qarşı yaratmağa başlayıbmış. «Qan, tər və göz yaşı» məcazı da yəqin ki, o dövrə aiddir. O zaman region dövlətləri faktiki olaraq, paralel şəkildə hazırlanan və bir-birinə rəqib olan iki razılaşma arasında qalmışdı. Doğrudur, TST finişə birinci çatıb – 2016-cı ildə. Lakin cəmi 1 il sonra Donald Tramp ABŞ-ı razılaşmadan çıxarıb. Nəticədə, TST o qədər də aydın təsir bağışlamayan Hərtərəfli və Proqressiv Trans Sakit Okean Tərəfdaşlığı (HPTST) ilə əvəzlənib və bununla da, Çinin gözlədiyi an yetişib. Hindistan kimi itkini (bəlkə də müvəqqəti itkini) belə nəzərə almayan Pekin, qısa zamanda region dövlətlərini yeni blok ətrafında cəmləyə bilib. Üstəlik, HRİT-in 15 üzvündən 7-si HPTST-də də yer alır.

ABŞ-ın müttəfiqləri olan Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya regionda Çinin nüfuzunun artmasından ciddi narahatlıq keçirirlər. Bununla yanaşı, onlar HRİT-ə qoşulmaqla, Pekinlə iqtisadi əlaqələri kəsməyi arzulamadıqlarını və kəsə bilməyəcəklərini göstərirlər.

Doğrudur, Yaponiya əvvəlcə blokda Hindistanın təmsil olunmayacağı təqdirdə razılaşmaya imza atmayacağını bildirmişdi. Tokioda hesab edirdilər ki, bu halda yeni blokda Çinin hökmranlığı daha ciddi olacaq. Lakin sonda yaponlar başqa yollarının qalmadığını etiraf etməli olublar.

Çinlə münasibətdə daha ciddi problemlər yaşayan isə Avstraliyadır. Halbuki, Pekin onun əsas iqtisadi tərəfdaşıdır. Hazırda bu iki ölkə arasında ciddi siyasi fikir ayrılıqları mövcuddur. Çin zaman-zaman Avstraliyadan bəzi məhsulların idxalına qadağa belə, qoyur.

Lakin qarşılıqlı inamsızlığa rəğmən, Pekinin qonşuları bir faktı nəzərə almaya bilməz: bu gün Çinin istehsal sektoru ABŞ-da olduğundan təxminən iki dəfə böyükdür və Birləşmiş Ştatlardakından, təxminən, iki dəfə sürətlə inkişaf edir.

 

Çinin güzəştləri

Pekin üçün ABŞ-ın bir çox tərəfdaşı ilə eyni ittifaqda yer almaq inanılmaz uğurdur. Amma bu uğurun qazanılmasında Trampın xarici siyasəti, o cümlədən TST-ni tərk etməsi də böyük rol oynayıb. Bununla yanaşı, Çin uzun müddət azad ticarət zonası haqqında çoxtərəfli sazişi imzalamaq istəmirdi. O, intellektual mülkiyyət, məlumatların ötürülməsi kimi sahələrdə də normalar yaratmağa xüsusi can atmırdı. Lakin ABŞ ilə münasibətlərin kəskin şəkildə gərginləşməsilə, Pekin xarici bazarlardan və Qərb texnologiyalarından asılılığın azaldılması kimi ciddi zərurətlə üz-üzə qalmışdı. Güman ki, Çinin azad ticarət zonası ilə bağlı qeyd olunan təşəbbüslə çıxış etməsinin, həmçinin ABŞ-ın Yaponiya, Avstraliya və Cənubi Koreya kimi müttəfiqlərinə ciddi güzəştə getməsinin əsas səbəblərindən biri məhz budur. Məsələn, Çinə ixrac olunan Yaponiya məhsullarının 86%-i rüsumdan azad ediləcək (hazırda bu, 8%-dir).

Çin rüsumların azaldılmasının və ya tam aradan qaldırılmasının idxalı artırma ehtimalına rəğmən, asiyalı qonşuları ilə ticarəti HRİT vasitəsilə həyata keçirmək qərarına gəlib. Halbuki idxalın artması yerli sənayeyə mənfi təsirini mütləq göstərəcək.

Hindistan isə deyəsən, heç bir cəlbedici təklif almayıb. Bu ölkənin rəsmiləri bildirirlər ki, HRİT ilə bağlı şərtlərin müzakirəsi zamanı onların səsini eşidən olmayıb.

 

Hindistan məğlub olacaqmı?

Hindistanın baş naziri Narendra Modi ölkəsinin azad ticarət zonası haqqında sazişdən imtina eetdiyini hələ 2019-cu ilin noyabrında bəyan edib. O, səbəb kimi fikirlərinin nəzərə alınmadığını göstərib. Hindistanın narahatlığı ölkəyə Çin məhsullarının mümkün axını, ticarət defisiti (yalnız Çinlə o, 53 milyard dollar təşkil edir), həmçinin ölkənin kənd təsərrüfatı və südçülük sektorunun müdafiəsinin vacibliyilə bağlı idi. Bundan başqa, Hindistan-Çin münasibətləri son zamanlar müxtəlif hərbi münaqişələr nəticəsində də korlanıb.

Yeri gəlmişkən, HRİT-ə üzvlük məsələsi Hindistan iqtisadiyyatının əsas oyunçuları arasında parçalanma da yaratmışdı. Özündə, təxminən, 7 milyon şirkəti birləşdirən Ümumhindistan Treyderləri Konfederasiyası poladtökmə və onunla əlaqəli sahələrin, həmçinin süd məhsulları sektorunun razılaşmadan kənar tutulmasını tələb edirdi. Fermerlərin Koordinasiya Komitəsisə hətta ölkənin razılaşmaya qoşulmasına qarşı ümumxalq etirazlarına başlamağın vacibliyini bildirirdi.

Ölkənin ən nəhəng sahə qurumlarından olan Hindistan Sənaye Konfederasiyası isə HRİT-in bir sıra üstünlüklərinin olduğunu düşünürdü. Qurumda hesab edirdilər ki, Hindistan yeni bloka qoşulmaqla, daha miqyaslı tədarük zəncirinin bir hissəsinə çevriləcək və ixracı artıracaq. Konfederasiya nümayəndələrinin fikrincə, razılaşmadan imtina edilməsi halında Hindistan məhsulları rəqabətə davamlı olmayacaq.

Bütün bunlarla yanaşı, bir çox analitik hesab edir ki, Hindistanın HRİT-dən çıxması onun üçün ciddi məğlubiyyət olacaq. «Peterson Institute for International Economics» mərkəzinin analitiklərinin hesablamasına görə, Hindistan HRİT-də yer almaqla, 2030-cu ilə real ÜDM-ni 1,1% artıra bilərdi.

Lakin hələ hər şey itirilməyib. Bloka qoşulmaq arzusunda olan digər dövlətlərə razılaşmanın qüvvəyə minməsindən sonra bu istəyin reallaşdırılması üçün 18 ay vaxt tanınıbsa, müzakirələrdə ilk tərəfdaşlardan olan Hindistan HRİT-ə istədiyi zaman qoşula bilər.

 

Baydenin problemləri

TST vaxtilə Obama administrasiyasının üzünü Asiyaya tərəf dönməsində əsas amillərdən biri idi. Məqsəd regional müttəfiqlərlə əməkdaşlığı genişləndirməklə, Çinə müqavimətin artırılması idi. TST özündə ətraf mühitə, insan haqlarına, intellektual mülkiyyət və əməyə dair bir çox qanunları cəmləşdirirdi. Bütün bunlar sonda Çini yeni tələblərə uyğunlaşdırmalı idi.

İndi Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Co Bayden Pekinə qarşı son dərəcə sərt mövqe tutacağını bildirir. Lakin onun konkret nələri nəzərdə tutduğu, yeni administrasiyanın Asiya strategiyasının necə olacağı məlum deyil. Yeni prezident, çətin ki, Trampın Çinlə bütün istiqamətlərdə getdiyi açıq qarşıdurmanı davam etdirsin. Bayden iqlim dəyişikliyi kimi qlobal problemlərlə məşğul olmağı, beynəlxalq qurumlarda Vaşinqtonun əvvəlki mövqeyini bərpa etməyi də düşünür ki, bunun üçün də Pekinlə münasibətlər vacibdir.

Lakin analitiklər Baydenin yaxın vaxtlarda TST məsələsinə qayıdacağını düşünmür. Hazırda onun qarşısında dayanan ilk vəzifə COVID-19 ilə mübarizə, iqtisadi problemlərin həlli, sosial təlatümlərin aradan qaldırılması və ölkədaxili siyasi gərginliklərdir.

 

Avropa əsəbləşib

Çinin artan nüfuzuna qarşı birgə mübarizədən Avropada da danışırlar. «Biz indi konstruktiv tərəfdaş olan Baydenlə Qərb dünyasının birliyini bərpa etməliyik. Bu, Çindən gələn çağırışlara cavab vermək üçün vacibdir. Yaxın onilliyin ən vacib işi budur», - deyə Avropa Parlamentinin Almaniyadan olan üzvü Manfred Veber bildirib.

Avropanın narahatlığının səbəbini daha aydın ifadə edən isə Sinqapurda fəaliyyət göstərən Asiya Ticarət Mərkəzinin direktoru Debora Elms olub. Onun fikrincə, HRİT nəinki dünyanın ən sürətlə inkişaf edən bazarında Avropanın rəqabət qabiliyyətinin azalda, onun qlobal rəqəmsal iqtisadiyyatda qaydaları müəyyənləşdirmək iddialarını da əngəlləyə bilər. Elms hesab edir ki, HRİT-in sayəsində region ortaya sırf Asiyaya aid razılaşmalar və standartlar çıxara bilər. Bu zaman onların Avropa qaydaları və standartları ilə razılaşdırılmasına ehtiyac qalmayacaq.

 

Skeptiklər uduzacaq

Görünən odur ki, ABŞ və Avropanın narahatlığı əbəs deyil: qarşıdakı illərdə onlar, həqiqətən də, müasir qlobal ticarətin qaydalarını müəyyənləşdirmək imkanından məhrum ola bilərlər. Dünya Bankı növbəti 10 ildə Avropa və ABŞ ilə müqayisədə Asiya-Sakit okean regionunda ÜDM-in 2-3 dəfə daha sürətlə artacağını proqnozlaşdırır. HSBC tərəfindən hazırlanmış hesabatda bildirilir ki, 2030-cu ilə Hindistan olmadan belə, 15 HRİT üzvünün iqtisadi artımı 50% təşkil edəcək.

«Qlobal nöqteyi-nəzərdən HRİT haqda razılaşma Asiyanın ticarətin liberallaşdırılmasını davam etdirəcəyini göstərir. Digər regionlar isə getdikcə daha skeptik xarakter alır», - deyə HSBC iqtisadçıları bildirirlər. Bu isə artıq bir neçə onillikdir müşahidə edilən tendensiyanı daha da gücləndirə bilər: dünyanın iqtisadi cazibə mərkəzi dayanmadan yerini Şərqə doğru dəyişir. Bu vəziyyətdə Şimali Amerika ilə Avropa, həqiqətən də, autsayderə çevrilə bilər.



MƏSLƏHƏT GÖR:

202