28 Mart 2024

Cümə axşamı, 20:02

MOLDOVASAYAĞI FORMAT

Yeni prezident fərqli xarici siyasət yürüdə biləcəkmi?

Müəllif:

01.12.2020

Kiçik Şərqi Avropa dövləti, parlamentli respublika olan Moldovada keçirilən prezident seçkisi, çətin ki, dünya KİV-nin xüsusi diqqətini çəkəydi. Xüsusilə koronavirusun ikinci dalğasının coşduğu, ABŞ, Cənubi Qafqaz və Belarusda ciddi siyasi hadisələrin yaşandığı dövrdə Moldova o qədər də diqqət cəlb edə bilməzdi. Bir «əmma» olmasaydı. Əksər ekspert islahatçı siyasətçi, sağ-mərkəzçi «Fəaliyyət və Həmrəylik» partiyasının namizədi, 48 yaşlı sabiq baş nazir Maya Sandunun qələbəsini sadəcə qərbpərəst  qüvvələrin zəfəri kimi qiymətləndirmir. Onlar əmindirlər ki, bu, həm də Rusiyanın məğlubiyyəti, postsovet məkanında Moskvanın mövqelərinin zəifləməsi prosesinin davamıdır. Yeni seçilmiş prezident özü isə Ukraynanın «Avropa həqiqəti» nəşrinə «isti-isti» verdiyi müsahibədə «odun üzərinə yağ töküb».

 

Təcili start

Moldovada baş verənləri istər Qərbdəki, istərsə də postsovet məkanındakı müşahidəçilərin əksəriyyəti «Rusiya sərhədlərində böhranlar silsiləsi» kontekstində şərh edir. Onlar hesab edir ki, şərti Qərb bununla, kobud desək, Kremlin maraqlarına növbəti hücumunu gerçəkləşdirir. ABŞ-da Cozef Baydenin hakimiyyətə gəlişi bu fikri daha da gücləndirib. Çenki Bayden administrasiyasının da Moskvaya «xarici siyasi hücum»a başlayacağı bəllidir. Artıq bəllidir ki, ABŞ-da təhlükəsizlik və xarici siyasətlə bağlı əsas vəzifələri «qırğılar», üstəlik, şəxsən Vladimir Putinə münasibəti o qədər də xoş olmayan «qırğılar» tutacaq. Bunun fonunda Harvard məzunu olan, Dünya Bankında işləmiş, avropalı siyasətçilərlə, amerikalı diplomatlarla yaxşı əlaqələrə malik Sandunun Moldova prezidenti seçilməsi Rusiyada narahatlıq yaratmaya bilməz. Onun keçmişdə səsləndirdiyi siyasi bəyanatlar da Moskvanın yadındadır.

Prezident seçkisinin noyabrın 15-də keçirilmiş ikinci turunda Sandu Moldovanın hazırkı rəhbəri, Sosialistlər Partiyasının namizədi, Rusiya tərəfindən dəstəklənən İqor Dodonu 15% səslə üstələyib. O, ümumilikdə 57,75% səs qazanıb.

Sandunu Kişinyovun Avropa vektorunun rəmzi, «Sorosun daha bir adamı» sayırlar. İddialara görə, Sandunun qələbəsini ölkənin xarici dövlətlərdəki səfirliklərində səs vermiş vətəndaşların dəstəyi təmin edib. Nəzərə alsaq ki, Moldovanın hər 4-cü vətəndaşının Rumıniya pasportu da var, üstəlik, Moldova tarixində xaricdəki məntəqələrdə seçici fəallığı görünməmiş dərəcədə yüksək olub, bu fikrə razılaşmamaq mümkün deyil. Maraqlıdır ki, ciddi karantin rejimləri belə, bu fəallığa mane olmayıb.

Bilavasitə Sandunun özünə gəlincə, o, siyasi əqidəsini heç zaman gizlətməyib. Onun, sadəcə, fəaliyyətə bu qədər tez keçəcəyi gözlənilmirdi. Yeni seçilmiş prezident «Avropa həqiqəti»nə noyabrın 20-də verdiyi müsahibəsində bildirib ki, tərəflər (Moldova ilə Dnestryanı bölgə) münaqişənin dinc həlli yolunu tapmalı, eyni zamanda, Rusiya sülhməramlılarının bölgədən çıxmasına nail olmalıdır. Bununla yanaşı, Sandu bu həllin Rusiyanın razılığı ilə həyata keçirilməli olduğunu deyib, Moskvanı qətiyyən «təcavüzkar tərəf» saymadığını söyləyib. O, Moldova ilə Rusiya arasında güclü iqtisadi əlaqələrin qurulmasında maraqlı olduğunu da bildirib.

Bu fikirləri müşahidəçilərin əksəriyyəti «ehtiyatlı ifadələr» kimi şərh etsə də, artıq istər Moldovada,  istərsə də Rusiyada Dnestryanı münaqişənin «donunun açıla biləcəyi» haqda danışmağa başlayıblar.

 

Coğrafi amil

Bütün bunlarla yanaşı, ekspertlərin əksəriyyəti əvvəlkitək, Dnestryanı bölgədə silahlı qarşıdurmanın başlayacağına inanmır. Münaqişənin hərbi mərhələsi 1992-ci ilin avqustunda bilavasitə Rusiyanın iştirakı ilə bitib (general Lebedin 14-cü ordusu tərəflər arasında sülhü təmin edib). Başqa sözlə, 1990-cı illərdən bu yana Moldova ilə Dnestryanı bölgə arasındakı təmas xəttində heç bir hərbi qarşıdurma və ya toqquşma baş verməyib.

Bundan başqa, bu gün Kişinyov Dnestryanı bölgə uğrunda mübarizə aparmağa o qədər də hazır deyil. Hazırda Moldova Avropanın ən yoxsul iqtisadiyyatıdır. Ölkə ciddi böhran yaşayır – burada fəaliyyət göstərən müəssisə və şirkətlərin, təxminən, üçdə biri müflisliyin astanasındadır, ÜDM 10%-dən çox geriləyib, korrupsiyanın miqyası «yerə-göyə sığmır», işçi qüvvəsinin ölkədən axını davam edir, koronavirusla mübarizə isə heç bir nəticə vermir. Başqa sözlə, Sandu, yəqin ki, ərazi probleminin həllindən çox, Moldovadan Rusiyaya ixracın bərpası, qaza görə yığılıb qalmış borcun necə ödəniləcəyi haqda düşünür. Buna görə onu məzəmmət etmək də doğru olmazdı.

Yeni seçilmiş prezident Kişinyovun Dnestryanı bölgəyə nəql edilmiş qaza görə ödəniş etmək niyyətində olmadığını bildirib. Söhbət isə 6 milyard dollardan artıq məbləğdən gedir. Amma Kişinyov üçün kifayət qədər böyük sayıla biləcək bu borcun necə yarandığına nəzər saldıqda, hər şey aydın olur. Moldova hökumətləri hər dəfə «Qazprom»la müqavilə imzalayan zaman «Dnestryanı Moldova Respublikası» («DMR») üçün də «mavi yanacaq» sifariş edir. Amma bu qaza görə nə Kişinyov ödəniş edir, nə Moskva. Nəticədə, yığılan borc Moldovanın balansında qalır. Bununla yanaşı, enerji sahəsində Rusiyadan tam asılı olan Moldovanın özünə yanacaq tanınmamış «DMR» ərazisilə nəql olunur.

Elektrik enerjisi sahəsində vəziyyət daha qarışıqdır. Moldova onu Dnestryanı bölgənin Ukrayna ilə sərhədində yerləşən Dnestovsk şəhərindən alır. Rusiyanın «İnter RAO EGS» qrupuna aid HES məhz burada yerləşir. Moldovanın qaz nəqli infrastrukturu isə «Moldovaqaz» operatoruna məxsusdur ki, o da «Qazprom»un nəzarətindədir. Kişinyov bu asılılıqdan qurtulmağa çalışsa da, hələ ki, buna nail ola bilmir.

Ukraynanın və Donbas münaqişəsinin yaxınlıqda yerləşməsi, təbii ki, əlavə əsəbilik yaradır. Sandu özü Ukraynaya Kişinyovun yanlışlarını təkrarlamamağı məsləhət görür. Söhbət ondan gedir ki, Dnestryanı bölgə Moldova Respublikası - Avropa İttifaqı azad ticarət zonasından istifadə edərək, Aİ ölkələrilə ticarət əlaqələri qura bilib (nəticədə, o, ixracının 65%-ni Aİ-yə edir). Amma bu məsələdə də coğrafi amil nəzərə alınmalıdır: tanınmamış «DMR»in Rusiya ilə ümumi sərhədi yoxdur. Bu üzdən, Rusiya hərbçilərinin rotasiyası belə, Kişinyov aeroportu vasitəsilə həyata keçirilir. Bəzi ekspertlərin fikrincə, Rusiyanın maraqları üçün mümkün olan ən pis ssenari reallaşarsa, yəni, Kişinyovla Kiyev birgə səylərlə Dnestryanı bölgəni blokadaya alarlarsa, Ukraynanın başına nələrin gələ biləcəyini təxmin etmək olar: Kreml «DMR»ə Ukrayna vasitəsilə dəhliz açmaq fikrinə düşə bilər. Bu halda insan, regionun və ümumiyyətlə, dünyanın hansı vəziyyətlə üzləşə biləcəyini təsəvvür etmək belə, istəmir.

 

Aİ amili

Kişinyovun siyasi gündəmini müəyyənləşdirən və bütünlükdə Avropa İttifaqının maraqlarına toxunan digər məqam Moldovanın Rumıniya ilə birləşməsi məsələsidir. Yeri gəlmişkən, Sandu bu ideyanın tərəfdarı kimi tanınır. Bu versiyanın tarixinə varmadan yalnız onu qeyd edək ki, hazırda Moldovada Rumıniya amili sözün əsl mənasında həlledici rola malikdir. Ən azı ona görə ki, Moldova vətəndaşlarının bir çoxunun Rumıniya pasportu da var. Sadəcə, Rumıniyanın üzv olduğu Aİ-yə belə ssenari lazımdırmı? Rumıniyanın özü bir çox göstəricilərə görə heç də Aİ-nin zəngin dövlətləri arasında yer almır. Bundan başqa, o, daxili miqrasiya mənbəyidir – rumınlar davamlı şəkildə Aİ-nin digər, daha zəngin ölkələrinə üz tutur. Bütün bunlara moldovanların da əlavə olunması, şübhəsiz ki, Brüsselin ürəyincə deyil. Üstəlik, bu halda Aİ regional inkişafla bağlı müxtəlif layihələrin reallaşdırılmasına əlavə vəsait xərcləmək məcburiyyətində də qalacaq.

Amma yalnız Dnestryanı problemin mövcudluğu özü Moldovanın Rumıniyaya birləşməsinə imkan vermir. Maraqlıdır ki, bəziləri Sandunun məhz bu nyyətlə Dnestryanı bölgədən «yaxa qurtarmaq» istədiyini düşünür. Nəzərə almaq lazımdır ki, tanınmamış «DMR» sakinlərinin əksəriyyəti (təxminən, 200 min nəfər) Rusiya pasportu daşıyır.

Bu arada, bəziləri düşünür ki, Rumıniya yeni ərazilər əldə etmək naminə Aİ-də «rumekzit» təşəbbüsü ilə çıxış edə bilər. Lakin bu ssenarilərdən hansı gerçəkləşərsə gerçəkləşsin, iqtisadi və enerji problemləri həll olunmayacaq. Halbuki, onlar istənilən halda çözülməlidir – istər Brüsselin köməyilə olsun, istərsə də Moskvanın.

 

Qarşılıqlı asılılıq amili

Odur ki, hələlik Sandunun tam və qəti qələbəsindən danışmaq tezdir. Birincisi, o, hələ parlamentdə də çoxluğa yiyələnməlidir. Hazırda bu çoxluq Dodonun sosialistlərindədir. İkincisi, prezident seçkisində məğlub olmuş Dodonun baş nazir postunu tutacağını istisna etmək olmaz. Odur ki, Sandu öz qələbəsini möhkəmləndirmək üçün növbədənkənar parlament seçkisinə getməlidir. Amma ilin sonunda bunun nə qədər məqsədəuyğun olduğu da sual doğurur. Bundan başqa, növbədənkənar seçki Sandunun rəhbərlik etdiyi «Fəaliyyət və Həmrəylik» partiyası istisna olmaqla, heç bir parlament partiyasına sərf etmir. Renato Usatıyın partiyası sosialistləri parçalayıb, demokratlar da öz güclərinə tam əmin deyillər.

Bütün bunların fonunda yeni şəraitdə Rusiyanın necə davranacağı bəlli deyil. Sandunun qələbəsinə Kreml nümayişkarcasına sakit reaksiya verməklə, Dodonun məğlubiyyətini öz aktivinə yazmadığını nümayiş etdirib. Hazırda Rusiyanın əlində Moldovanın siyasi liderlərinə təsir rıçaqları olmasa da, Moskva əminliklə «situasiyaya uyğun» hərəkət edir. Yəqin ki, onun hadisələrin istənilən istiqamətdə inkişafı üçün hazır planları var. Bununla yanaşı, güman ki, Kreml yuxarıda sadalanan qarşılıqlı asılılıq amillərini də unutmur. Moskvada əmindirlər ki, bu amillər hər kəsin «əl-qolunu bağlayır».

Bəs, bu, Moldovanın Rusiyanın ətrafında daha bir «böhranlı bənd»ə çevrilməməsi üçün kifayətdirmi? Bu sualın cavabı yaxın vaxtlarda, Sandunun vəzifəsinin icrasına başlamasından sonra bəlli olacaq. Əlbəttə ki, həm də Baydenin.



MƏSLƏHƏT GÖR:

196