20 Aprel 2024

Şənbə, 00:06

TARİXİ NƏTİCƏ

Gimnastlarımız Avropa çempionatında gümüş və bürünc medala layiq görüldü

Müəllif:

15.12.2020

Pandemiya dövründə beynəlxalq yarışların təşkili müəyyən çətinlik yaratsa da, Avropa Gimnastikası Kiyevdə qitə birinciliyini yüksək səviyyədə keçirməyə nail oldu. Koronavirus pandemiyasına görə 2020-ci ildə beynəlxalq yarışlara həsrət qalan gimnastlar, nəhayət, Ukraynada məharətini göstərdi.

 

Yeni nailiyyətlər

23 ölkənin təmsil olunduğu bədii gimnastika üzrə 36-cı Avropa çempionatında qrup hərəkətləri üzrə Azərbaycan komandası çoxnövçülükdə ikinci yeri tutdu. Çempionatın ikinci günü 3 halqa və 2 cüt gürzlə proqramda Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət Azərbaycan komandası hakimlər tərəfindən 31.700 xalla qiymətləndirildi. Ümumilikdə iki çıxışın cəmində Azərbaycan komandasının nəticəsi 66.300 xal təşkil etdi, komanda çoxnövçülükdə gümüş medala layiq görüldü.Qızıl medal İsrailə, bürünc medal isə Ukraynaya qismət oldu.Təmsilçilərimiz həmçinin "gənclər" yaş kateqoriyasında gimnastların çıxışlarının və qrup komandalarının nəticələrinin ümumiləşdirildiyi komanda çempionatında 226.175 xalla fəxri kürsüdə üçüncü pilləyə yüksəldi.

Qitə birinciliyində “gənclər" yaş kateqoriyasında iki gimnastımız finala vəsiqə qazanıb. Finalların nəticələrinə görə, Nərmin Bayramova iplə hərəkətlərə görə 19.050 xalla altıncı yerdə qərarlaşıb, lentlə hərəkətlərdə isə 20.950 bal qazanaraq dördüncü yeri tutub. Alina Gözəlova topla və cüt gürzlərlə hərəkətdə müvafiq olaraq 21.050 və 21.900 bal toplamaqla beşinci yeri tutub.

Yarışın növbəti günü komandamızın hesabına daha bir medal yazılıb. Qrup hərəkətləri komandamız 3 halqa və 2 gürz proqramında üçüncü yerə layiq görülüb. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət komanda hakimlər tərəfindən 30.650 xal almaqla bürünc medal qazanıb. Birinci yeri 31.150 xalla Türkiyə, ikinci yeri 31.150 xalla Ukrayna komandaları tutub.

Yarışın son günü böyüklər yaş qrupunda çıxış edən fərdi gimnastlar çoxnövçülükdə qalibi müəyyənləşdirmək üçün mübarizə aparıblar. Gərgin mübarizə şəraitində keçən yarışda ölkəmizi Zöhrə Ağamirova və Arzu Cəlilova təmsil edib. Zöhrə 4 alətlə çıxışların cəminə əsasən 9-cu yerdə qərarlaşıb. Bu çempionatda böyüklər arasında debüt edən Arzu isə bir sıra təcrübəli gimnastları qabaqlayaraq 12-ci olub.

Beləliklə, yığmamız bu Qitə birinciliyini 3 medalla başa vurub. Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətlərində komandamız çoxnövçülükdə gümüş, 3 halqa və 2 cüt gürzlə isə bürünc əldə ediblər. Daha bir bürünc medal isə qrup və yeniyetmə gimnastlarımız – Nərmin Bayramova, Alina Gözəlova, İlona Zeynalova və Leyli Ağazadənin topladıqları xalların cəminə əsasən komanda hesabında qazanılıb. Qeyd edək ki, Kiyevdəki medal Azərbaycanın bədii gimnastika tarixində qrupumuzun çoxnövçülükdə qazandığı ilk medaldır.

 

Baş məşqçinin verdiyi qiymət - tarixi hadisə

“Region plus”a açıqlamasında bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilyeva gimnastların çıxışını şərh edib. Məşqçinin sözlərinə görə, belə yüksək nəticə heç vaxt əldə olunmayıb:

“Əvvəllər Avropa çempionatlarında medallar qazanmışıq, amma qrup hərəkətlərdə çoxnövçülükdə mükafatlarımız olmamışdı. Bizim qrup hərəkətlərdə komandamız çox gəncdir. 2019-cu ildə Bakıda dünya çempionatı başa çatdıqdan sonra mən yeni komanda yığmağı qərara aldım. Köhnə heyətdən yalnız Zeynəb Hümmətova qaldı. Darya Sorokina da əvvəl yalnız bir yarışda - Dünya çempionatında iştirak etmişdi. Digər qızlar üçün Kiyev turniri ilk yarış idi. Yekun nəticədə doqquz Azərbaycan gimnastı Kiyevdə keçirilmiş bədii gimnastika üzrə Avropa çempionatından medalla qayıdıb. Qızların çıxışından razı qalmışam”.

M.Vasilyeva bildirib ki, bu çempionat həm də Arzu Cəlilova üçün böyüklər arasında fərdi proqramda ilk yarış olub: “Bununla belə, o, xoş təəssürat bağışladı. Bürünc medallarla qayıdan gəncləri də xüsusi qeyd etmək istəyirəm. Onlardan Leyli Ağazadə, Nərmin Bayramova və İlona Zeynalova ilk dəfə çıxış edib. Gimnastlarımız yaxşı təcrübə əldə etdi”. Baş məşqçi bədii gimnastika üzrə 36-cı Avropa çempionatını tarixi hadisə adlandırıb, çünki yarış pandemiya şəraitində təşkil edilmişdi.

 

Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə

Azərbaycan milli komandası çempionatda tamaşaçıları təkcə çıxışları ilə deyil, həm də cəlbedici geyimləri ilə sevindirib. Belə ki, azərbaycanlı gimnastlar yarış meydançasına hər hansı bəzək olmayan geyimdə çıxıb. Baş məşqçinin qərarı ilə qrup hərəkətlərində komandanın geyimi üçün qara rəng seçilib. Bu, həm də Qarabağda baş verən hərbi əməliyyatlar nəticəsində həlak olanların, eləcə də pandemiya nəticəsində həyatını itirənlərin xatirəsini yad etmək məqsədi daşıyıb. Nəticədə, 30-40 il əvvəlki dəbi geri qaytaran gimnastlarımız maraqlı geyimlərlə diqqəti cəlb edib.

 

İlk və böyük təcrübə

Bədii gimnastika üzrə 36-cı Avropa çempionatının iştirakçıları, qrup hərəkətlərdə milli komandanın üzvləri Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina da təəssüratlarını “R+”la bölüşüb. L.Əlimuradova bildirib ki, pandemiya ilə əlaqədar uzun fasilədən sonra xalçaya çıxmaq gözəl hiss idi:“Bizim qazandığımız medallar məşqçilərin əməyidir. Məhz onların sayəsində biz bu cür nəticə əldə etdik. Bədii gimnastika üzrə Avropa çempionatında iştirak etmək bizim üçün böyük təcrübə oldu”.

M.Səfərova bu yarışın iştirak etdiyi ilk Avropa çempionatı olduğunu deyib: “Şadam ki, çox yaxşı çıxış etdik. Qarşıda hələ biz çox yarışlar gözləyir. Biz bundan sonra da məşqlərimizi davam etdirəcəyik, qələbələr qazanaraq gimnastika pərəstişkarlarını sevindirəcəyik”.

Y.Luzan da bu yarışda qrup hərəkətlərdə ilk dəfə çıxış etdiyini deyib: “Əvvəllər mən fərdi proqramda çıxış etmişəm. Komandanın tərkib hissəsi insana daha çox əminlik verir. Biz komanda olaraq bir-birimizə hər bir şeydə kömək edirik”.

D.Sorokina deyib ki, Avropa çempionatında yaxşı nəticə əldə olunduğu üçün sevinclidir: “Pandemiya müddətində bu yarışı təşkil etdikləri üçün təşkilatçılara təşəkkürümü bildirirəm. İdmançılar üçün turnirlərdə iştirak etmək, təcrübə toplamaq, ustalıq və texnikanı təkmilləşdirmək vacibdir. Komandamız üçün bu, vacib yarış oldu”.

Komandanın ən təcrübəli iştirakçısı Z.Hümmətova əlavə edib ki, komanda yarışda iki növdə çıxış edib: “Biz 5 topla, eləcə də 3 halqa və 2 gürzlə hərəkətlərdə proqramımızı təqdim etdik. Bu yarışlar tamaşaçısız keçirilsə də, zalda olan nümayəndə heyətimiz bizi çox güclü dəstəkləyirdilər və bizə azarkeşlik edirdilər. Biz hətta tamaşaçıların olmadığını hiss etmədik. Biz bütün Azərbaycanın dəstəyini hiss edirdik”.

Qeyd edək ki, Kiyevdəki Avropa çempionatı bədii gimnastlarımız üçün 2020-ci ildə son yarış idi. Növbəti ildə qızlarımız planetin ən böyük yarışı Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək.



MƏSLƏHƏT GÖR:

189