29 Mart 2024

Cümə, 00:27

KEÇİD DÖVRÜ

Azərbaycanda bank əmanətlərinin sığortası sisteminin yeni parametrləri 2021-ci il aprelin 5-dən tətbiq ediləcək

Müəllif:

15.12.2020

Azərbaycanın bank sektoru başa çatmaqda olan 2020-ci ilin karantin böhranlarına nə qədər duruş gətirə bilsə də, əlavə dövlət dəstəyi olmadan onun yaşaması getdikcə çətinləşir. Bu üzdən, bu günlərdə əmanətlərin tam sığortası sisteminin daha dörd ay uzadılması barədə verilən qərar bu gün üçün olduqca məntiqli və əsaslandırılmış addımdır. Bundan başqa, sistemə Mərkəzi Bankdan və Əmanətlərin Sığortalanması Fondundan (ADIF) həm özəl investorlar, həm də iş adamlarının dəfələrlə təklif etdiyi çox aktual düzəlişlər edilib.

 

Uyğunlaşma üçün vaxt

Beləliklə, «Əmanətlərin tam sığortalanması haqqında» qanunda edilən dəyişikliklərə əsasən, Azərbaycanda bu sistem daha dörd ay - 5 aprel 2021-ci il tarixinədək uzadıldı. Yada salaq ki, Azərbaycanda bu sistem ilk dəfə 1 mart 2016-cı il tarixdən üç il müddətinə tətbiq edilib. 2019-cu ildə onun fəaliyyət müddəti bir il daha uzadılıb - 4 mart 2020-ci ilə qədər, daha sonra müddət 4 dekabr 2020-ci ilədək uzadıldı.

Etiraf etmək lazımdır ki, bu sistemin təsiri yetərincə müsbət oldu - bank sektoru böhran dövründə duruş gətirməyi bacardı, milli valyutada əmanətlərin həcmi önəmli dərəcədə artdı, faiz dərəcələri, nəhayət ki, real səviyyədə sabitləşdi və s. Başqa tərəfdən, bu, tənzimləyiciyə “toksik” bankları bağlamaq qərarına həssaslığı azaltmağa imkan verdi. Məsələn, bu, yaz dörd yerli bank – «AtaBank», «Amrahbank», «AGBank» və «NBC Bank» müflis elan edildi.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, əmanətlərin tam sığortalanması sisteminin tətbiqi ciddi nəticələr verib.  

“Əmanətlərin tam sığortası haqqında» qanuna əsaslanaraq, bank sektorunun sağlamlaşdırılmasını tam ölçüdə həyata keçirə bildik. Zəif banklar bazardan kənarlaşdırıldı. 43 min bank əmanətçisinə 1,3 milyard manat məbləğində təzminat ödənildi. Əmanətçilər banklara nəzarət etməlidirlər ki, onlar da bunu edir”, - deyə ölkənin baş bankiri vurğulayıb.  

Düzdür, sistem özünü doğrultsa da, ekspertlər, bazar iştirakçıları və tənzimləyici ADIF-lə bir məsələdə həmfikir idilər ki, mövcud versiyada sistemin müddətini uzatmaq məqsədəuyğun deyil və artıq o qədər də səmərə vermir.  

“Biz əmanətlərin tam sığortalanması zamanı elə vəziyyətlə qarşılaşırıq ki, əvvəllər bank seçilməsində həlledici rol oynayan digər parametrlər - bankın işinin effektiv modeli, səhmdarların strukturu, rahat xidmət və s. müştəri üçün böyük rol oynamır”, - deyə yerli bankirlərdən biri daha öncə qeyd etmişdi.

Bundan əlavə, ADIF ilə tənzimləyici əmanətlərin tam sığortası sisteminin yeni modeli üzərində işləməyə başlayıblr ki, onu artıq bu ildən "yumşaq və mərhələli" şəkildə tətbiq etməyi planlaşdırırdılar. Ancaq... pandemiya, qlobal iqtisadi böhran başladı və bank sektoru maliyyə bazarının bütün digər halqaları kimi mənfi amillərin güclü təzyiqi altında qaldı. Aydındır ki, bu dövrdə bazar üçün, psixoloji səviyyədə olsa belə, hər hansı bir yenilik etmək çox risklidir.

Bununla bağlı, gələn il aprelin 5-dən etibarən əmanətlərin sığortası sistemində dəyişikliklərin edilməsinə qərar verildi və onaqədərki dövr "keçid dövrü" elan edildi. Həmin müddət ərzində karantinlə bağlı vəziyyəti aydınlaşacaq, əmanətçilər isə yeni nüanslar haqqında yetərincə məlumat ala biləcəklər və bankların da onlara uyğunlaşmaq üçün kifayət qədər vaxtları olacaq.

 

Önəmli nüanslar

“AMB və Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortasının yeni mexanizmi üzrə Strategiya hazırlayıb. Bu strategiya İqtisadi Şuranın iclasında müzakirə edilib və 5 aprel 2021-ci il tarixinədək keçid dövrü tətbiq edilməsinə qərar verilib. Bu zaman, keçid dövrü üçün yeni əmanət sığortası mexanizmi istifadə ediləcək. Bura əmanətlərin tam sığortalanması təcrübəsindən imtina edilməsi və bir sıra başqa dəyişikliklər daxildir", - deyə Mərkəzi Bankın əmanətlərin sığortası sistemindəki yeniliklər barədə yaydığı press-relizində vurğulanıb.

Bildirmək gərəkdir ki, tətbiq olunan dəyişikliklər yetərincə prinsipialdır və əksər ekspertlərin fikrincə, Azərbaycanda bank sektorunun böhrandan sonrakı inkişafına müsbət təsir göstərməlidir.

Belə ki, əmanətlərin sığortası üzrə kompensasiya məbləği 30 manatdan 100 min manata qaldırılacaq. ADIF-in icraçı direktoru Tural Piriyevin sözlərinə görə, sığortalanmış əmanətlərin məbləği 6,5 milyard manatdan təxminən 2 dəfə azalaraq 3,5 milyard manata düşəcək. Beləliklə, əmanətlərin tam sığortalanması sistemi limitli sığorta mexanizminə çevriləcək.

Bu zaman T.Piriyev vurğulayıb ki, əmanətlərin sığorta dərəcəsinin artırılması məsələsi hələlik gündəmdə deyil. “Hazırda Azərbaycan banklarında xarici valyutada əmanətlərin faiz dərəcəsi illik, təxminən, 1-1,5%-dir. Fond illik 2,5% -ə qədər olan əmanətləri sığortalayır. Əgər əmanət faizləri artarsa, sığorta dərəcələrinə yenidən baxıla bilər”, - deyə o bildirib.

Burada ən vacib yeniliklərdən biri fərdi sahibkarların bank hesablarının 20 min manatlıq hissəsinin sığortalanmasıdır. İş çevrələrinin nümayəndələri dəfələrlə bununla bağlı tənzimləyiciyə müraciət ediblər və budur, onların istəkləri nəzərə alınıb. Qeyd edilib ki, bu kateqoriyaya daxil olan sahibkarlar maliyyə risklərinə xüsusilə həssas olur və vəsait itkisi onların bizneslərini itirmələrinə səbəb ola bilər. Bu baxımdan, fərdi sahibkarların əmanət sığortası sisteminə daxil edilməsi hökumətin kiçik sahibkarlığın inkişafı siyasətini dəstəkləyəcək və bank sisteminə inamın artmasına xidmət edəcək. Bu məqamın zəruriliyini daha aydın əsaslandırmaq üçün, qeyd etmək gərəkdir ki, Azərbaycanda əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vəsaitləri də daxil olmaqla) 2020-ci ilin yanvar-oktyabr aylarında 8,9% azalıb.

Bundan əlavə, vətəndaşların notariusların depozit hesablarındakı vəsaitləri bütünlüklə sığortalanmaya şamil edilir. Bu isə notariuslar vasitəsi ilə əmlak əməliyyatları apararkən, xüsusilə daşınmaz əmlak alqı-satqısı zamanı maliyyə xidməti istehlakçılarının hüquqlarının yetərli qorunmasını təmin etmək üçün gerçəkləşdirilib.

Tənzimləyicinin qiymətləndirməsinə görə, bu sxem banklardakı əmanətlərin 99,9%-ni tam qorumağa imkan yaradır. "Bu, əmanətlərin önəmli hissəsi üçün sığortanın tam əhatə olunmasını təmin edəcək, bank risklərinin idarə edilməsi sistemini inkişaf etdirməyə imkan yaradacaq, rəqabəti və bank sisteminin dayanıqlılığını gücləndirəcək", - deyə Mərkəzi Bankda sanırlar.

Əslində, bu yeniliklər, həqiqətən, gözlənilən və tələb olunan idi, buna görə də, böyük ehtimalla, tənzimləyicinin ümidlərini doğruldacaq. Əlbəttə ki, əgər yeni "qlobal sürprizlər" olmazsa...



MƏSLƏHƏT GÖR:

196