24 Aprel 2024

Çərşənbə, 04:16

DALANDAN UÇURUMA

Ermənistanın Qarabağdakı təslimçilikdən sonra xarici münasibətlərini yenidən qurmaq cəhdləri nə ilə nəticələnəcək?

Müəllif:

15.12.2020

Ermənistanın Azərbaycanla müharibədə üzləşdiyi sarsıdıcı məğlubiyyət erməni ictimaiyyətini mövcudluğu davam etdirə bilmək üçün yeni yollar axtarmaq məcburiyyətilə üz-üzə qoyub. İndi yeni yolu həm müxalifət, həm də hakimiyyət axtarır. Axtarış cəhdləri bəzən bir-birilə tam ziddiyyət təşkil etsə də, onların ümumi cəhəti də var. Bu, Ermənistanın üzləşdiyi məğlubiyyətlə barışmaq istəməməsi, Dağlıq Qarabağdakı keçmiş separatçı rejimin tanınması cəhdlərini davam etdirməsilə bağlıdır.

 

Paşinyanın proqramı: boğulan üçün saman çöpü

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 18-də «Facebook» sosial şəbəkəsindəki səhifəsində hökumətin 2021-ci ilin ilk yarısı üçün fəaliyyət planını elan edib. Hökumətin prioritetləri arasında Dağlıq Qarabağ müharibəsindən əziyyət çəkən insanlara yardımın göstərilməsi, bölgədə infrastrukturun bərpası, həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpası da var.

Ermənistanın baş naziri silahlı qüvvələrdə islahatlar aparmaq, qanunvericilikdə dəyişikliyə getmək, koronavirusla mübarizəni gücləndirmək və iqtisadiyyatı qaydaya salmaq niyyətini də açıqlayıb. Paşinyan «DQR»in beynəlxalq birlik tərəfindən tanınmasına nail olacağını da bildirir. Üstəlik, o, bu məsələni «mütləq prioritet» elan edib.

Ermənistanın baş naziri üçtərəfli atəşkəs razılaşmasından sonra ilk onlayn mətbuat konfransında deyib: «Bizim ən böyük səhvimiz o idi ki, vaxtı istədiyimiz qədər uzada biləcəyimizi düşünürdük». O, faktiki olaraq, erməni tərəfinin danışıqlar prosesindən vaxtın uzadılması üçün istifadə etdiyini boynuna alıb. Başqa sözlə, İrəvan ərazilərin Azərbaycana qaytarılmasını məhz bu yolla uzadırmış. Yeni reallıqda isə İrəvan ermənilərin yaşadığı əraziyə xüsusi statusun verilməsi üçün əlindən gələni etmək niyyətindədir. Ermənistan rəhbərliyinin fikrincə, bu, elə status olmalıdır ki, sonda bölgənin müstəqilliyinə yol açsın.

Ölkədə növbədənkənar seçki tələb edən müxalifətsə revanşist əhvalını gizlətmir. Üstəlik, müxalifətçilər razılaşmaya yenidən baxılmalı olduğunu düşünür. Nəzərə alsaq ki, bu, praktik olaraq mümkün deyil, demək, Ermənistanda hakimiyyətə can atan siyasi qüvvələr tamamilə indiki rəhbərlikdən özlərini kənar tutmağa çalışırlar. Ola bilsin ki, onlar gələcəkdə ikinci Qarabağ müharibəsinin nəticələrinə istənilən formada yenidən baxılmasına israr edəcəklər.

 

Ermənistan iqtisadiyyatı: böhrandan böhrana

Hələ hərbi əməliyyatların getdiyi dövrdə ekspertlər və müşahidəçilər bildirirdilər ki, müharibə Ermənistanın onsuz da ağır vəziyyətdə olan iqtisadiyyatı üçün ciddi yükdür. İrəvan son 30 ildə hərbi quruculuq işlərinə xeyli vəsait xərcləmişdi. Bu vəsait silah-sursatın alınmasına, istehkam qurğularının, kazarmaların, silah anbarlarının və s. tikintisinə sərf olunmuşdu. Amma o, dəyəri yarım milyard dollardan çox olan silah-sursatı yalnız Rusiyadan götürdüyü uzunmüddətli kredit hesabına əldə edə bilmişdi.

Bütün bunlarla yanaşı, İrəvanın aldığı bahalı Rusiya silahlarının bir hissəsindən müharibədə ümumiyyətlə istifadə edilməyib. Məsələn, son savaşda «Su-30MK» təyyarələrinin heç bir rolu olmayıb.

İrəvan bu krediti qaytarmağa macal tapmamış, erməni ordusu Azərbaycan Silahlı Qüvvələrinin məhvedci zərbəsi nəticəsində, təxminən, 3 milyard dollarlıq silah-sursatdan məhrum olub. Beləliklə, hər kəs görüb ki, illərdir Ermənistanda iqtisadiyyatın olmasa da, silahlı qüvvələrin lazımi səviyyəyə çatdırıldığına dair deyilənlər özünü aldatmaqdan başqa bir şey deyilmiş.

Amma İrəvan krediti heç də yalnız hərbi tələbatları ödəmək üçün götürməyib. Ölkə sosial-iqtisadi proqramların icrası məqsədilə də xeyli borca girib. Nəticədə, Ermənistanın ümumi borcu 8 milyard dolları ötüb. O, dövlət borcunu qaytarmaq məqsədilə 2013 və 2015-ci illərdə dövriyyəyə müvafiq olaraq 6,25 və 7,5%-lə avrobondlar da buraxıb. 2020 və 2025-ci illər isə avrobondlarla ödəniş illəri kimi müəyyənləşdirilib.

Azərbaycanın işğal altındakı ərazilərində hərbi əməliyyatların başlaması ilə Ermənistanın 2025 və 2029-cu illərədək nəzərdə tutulmuş istiqraz vərəqələrinin gəlirliliyi müvafiq olaraq 4,5 və 3,5%-dək düşüb. Bu isə ölkənin dövlət borcunun üzərinə əlavə yük qoyur. Ekspertlərin fikrincə, hazırda Ermənistanda adambaşına düşən xarici borc 4,3 min dolları ötür. Demək, dünyasını dəyişən hər bir yaşlı erməni, həmçinin Qarabağda öldürülmüş hər bir Ermənistan əsgəri bu məbləği ailəsinin digər üzvünə «ötürüb». Eyni zamanda Ermənistanda hər yeni doğulan körpə hələ beşikdə olarkən bu məbləğdə borcun altına girir.

Ermənistan prezidenti Armen Sarqsyan da bir müddət əvvəl etiraf etmişdi ki, «yaralı iqtisadiyyat (Ermənistan) ciddi sosial problemlərlə yüklənib. Böyük qaçqın axını (…) nəticəsində Ermənistanda humanitar fəlakət baş qaldırıb. Koronavirus pandemiyasının yaratdığı ağır vəziyyət də öz yerində».

Ermənistan bütün əsas regional layihələrdən kənarda qaldığından, regiona maraq göstərən aparıcı beynəlxalq transmilli şirkətlər ona diqqət göstərmir. Bu cür ağır iqtisadi vəziyyətdən çıxmaq, təbii ki, son dərəcə çətin olacaq.

 

Ermənistan yenidən yol ayrıcında

Total məğlubiyyət şəraitində Ermənistan hakimiyyətilə müxalifəti günahkarı birlikdə axtarmağa başlayıb. Bu isə erməni ictimaiyyəti üçün ənənəvi haldır. Və hər zaman olduğu kimi, günahkar xarici qüvvələr imiş…

Xüsusilə müxalifət qüvvələri əsas tənqidi Rusiyaya yönəldib. Bu, Ermənistanın böyük bir hissəsinin öz təhlükəsizliyini Rusiyaya etibar etməsilə izah olunur. Onlar düşünürmüş ki, Dağlıq Qarabağda Ermənistanın maraqları uğrunda məhz Moskva döyüşəcək.

Ermənistan hakimiyyəti də ictimaiyyətdə məqsədli şəkildə belə bir fikir yaratmışdı ki, münaqişə zonasında savaş başlayarsa, Rusiya nəinki ermənilərə yardım edəcək, hətta az qala onun yerinə özü döyüşəcək. Lakin bu gözləntilər özünü doğrultmayıb. Belə olan təqdirdə, müxalifətin bir hissəsi Moskva ilə münasibətlərə yenidən baxılması, Qərbə diqqətin artırılması tələbini daha açıq səsləndirməyə başlayıb. Fransa və ABŞ-ın imzalanmış razılaşmanın nəticələrindən narazılığı isə Ermənistanın siyasi elitası üçün əlavə vasitəyə çevrilib – indi onlar münaqişənin nizamlanması prosesinin son mərhələsinə bu dövlətlərin cəlbi üçün daha ciddi cəhdlər göstərirlər.

Bununla yanaşı, İrəvan Fransanın prosesə fəal cəlbinə «Dağlıq Qarabağın statusu» məsələsinin gündəmə gətirilməsi vasitəsi kimi baxır. Üstəlik, ermənilər bu halda guya Ermənistanın mövqeyinin «Qərb tərəfindən dəstəkləndiyi» görüntüsü yaratmağı da düşünür.

Parisin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesilə bağlı yeni siyasətinin əsasını «DQR»in tanınması təşkil edir. Noyabrın 19-da Fransa Senatına Dağlıq Qarabağın «müstəqilliyinin tanınması» ilə bağlı qətnamə layihəsi belə, daxil olub. Layihəni müxtəlif fraksiyaları təmsil edən 5 senator hazırlayıb. Tamamilə aydındır ki, Fransa bu addımı atarsa,  dövlətlərin ərazi toxunulmazlığı prinsipinə yenidən baxmaq mövqeyində dayanacaq.

Bundan başqa, Fransa «DQR»i müstəqil qurum kimi tanıyarsa, avtomatik olaraq ATƏT-in Minsk qrupundan kənarlaşır və ondan sonra bu quruma, çətin ki, bir də qayıtsın. Çünki bu halda Paris regionda bitərəf oyunçu statusunu birdəfəlik itirərək, Ermənistanın maraqlarına açıq dəstək verən dövlətə çevriləcək. İrəvanda isə deyəsən bu, heç kəsi narahat etmir. Onların anti-Rusiya lobbisi üçün hazırda əsas hədəf Ermənistana qərbpərəst dövlət statusunun qazandırılmasıdır.

Təəssüf ki, fransalı parlamentarilər ermənipərəst mövqedən çıxış edən yeganə qüvvə deyil. Məlum olduğu kimi, bundan əvvəl Niderland parlamenti yerli hökuməti Avropa İttifaqı səviyyəsində Azərbaycan rəhbərliyinə sanksiyaların tətbiqinə səsləyib. Bu zaman diqqət guya Azərbaycanın Dağlıq Qarabağda «Türkiyənin dəstəyilə» zorakılığa əl atdığına çəkilib.

Ermənistanın qərbpərəst düşərgəsi dərhal bu faktı guya Avropanın ermənilərin mövqeyini dəstəkləməsi kimi təqdim edib, «DQR»in tanınması ideyasının məhz Avropa istiqamətində irəli çəkilməli olduğundan danışmağa başlayıb.

 

Moskvadan ehtiyatlanaraq

İrəvanda məşhur siyasi dairələrin Ermənistanı tədricən Qərbə meyilləndirmək istədiyi sirr deyil. Amma buna Ermənistan hökumətinin müsbət yanaşdığı da bəllidir. Lakin Moskvanın sərt reaksiyasından ehtiyatlanan İrəvan bu istəyini açıq büruzə verməməyə çalışır. Bu yerdə xatırladaq ki, Vaşinqtonla Parisin Moskvaya ünvanladığı, Qarabağla bağlı son razılaşmaya «aydınlıq gətirilməsi»nin istəndiyi bəyanatından dərhal sonra Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin maraqlı açıqlama ilə çıxış edib. O, bildirib ki, «NATO-nun aparıcı dövlətləri Dağlıq Qarabağda atəşkəsin elan olunmasına dair Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyilə imzalanmış razılaşmadan qıcıqlandıqlarını gizlətməyə çalışırlar». ABŞ və müttəfiqlərini məyus edən müharibənin Moskvanın vasitəçiliyilə dayandırılmasıdır. Çünki bu, onların Rusiyanın Cənubi Qafqazdan sıxışdırıb çıxarılmasına yönəlmiş çoxillik siyasətini heç edib.

«Regionda formalaşmış qüvvələr balansı ilə nə ABŞ, nə də «vahid Avropa» barışmaq istəyir. Onlar bu qüvvələr balansını pozmaq üçün Azərbaycan və Ermənistan xalqları arasında ədavəti yenidən qızışdırmağa çalışır», - deyə o, qeyd edib.

Narışkinin bəyanatı əslində Vaşinqton və Parisdən çox İrəvanın özünə ünvanlanıb. Çünki Ermənistanın Qərblə oyun oynadığını hər kəs görür. Bu oyun isə üçtərəfli razılaşmaya qətiyyən uyğun deyil.

«Moskva, İrəvan və Bakı arasında Qarabağa dair imzalanmış üçtərəfli razılaşmanın reallaşdırılmasına mane olmağa çalışanlar anlamalıdırlar ki, bu sənədin alternativi müharibədir», - deyə Rusiya prezidenti Vladimir Putin noyabrın 20-də regiondakı sülhməramlı missiya ilə bağlı toplantıda bildirib. Prosesə əngəl törətməyə çalışan isə məhz İrəvandır və bu, hər kəsə bəllidir. Məhz ermənilər tərk-silah olmaq istəmir, evləri yandırır, meşələri qırır, din kartından istifadə etməklə, gərginlik yaratmağa çalışır. İrəvanı Azərbaycanla yeni müharibədən çəkindirməyə çalışan Putin isə demək istəyir ki, artıq İrəvan bu münaqişədə öz oyununu oynamağa çalışmamalıdır və bunu edə də bilməz. Prinsipcə, Putin özü də artıq bu münaqişə haqda keçmiş zamanda danışır.

İrəvanın Rusiya rəhbərliyinin mövqeyinə münasibəti məlum deyil. Amma Ermənistan hazırda elə durumdadır ki, onun reaksiyası, çətin ki, kimisə ciddi şəkildə maraqlandırsın.



MƏSLƏHƏT GÖR:

245