23 Aprel 2024

Çərşənbə axşamı, 23:20

NƏ OLDU, PAŞİNYAN?

Ermənistanda daxili siyasi gərginlik getdikcə qızışır, yaxud «ağsaq ördək» postunu tərk edəcəkmi?

Müəllif:

15.12.2020

Ermənistanın baş naziri, müxalifətçi «Haykakan jamanak» qəzetinin keçmiş baş redaktoru Nikol Paşinyan hökumət başçısı postunda da effektli cümlələr qurmaq bacarığını itirməyib. Bu dəfə o, parlamentdəki çıxışında öz aləmində, təsirli cümlələrdən istifadə edib: «Biz kürsüdən yapışmayacağıq. Xalq hesab edirsə ki, məni güllələmək və asmaq lazımdır, olsun. Amma bu, bir neçə qrupun yox, xalqın rəyi olmalıdır».

Lakin hansı mövqeyin xalqa, hansının ayrı-ayrı qruplara məxsus olduğunu müəyyənləşdirmək hər zaman iş sayılıb. Xüsusilə bu fikri söyləyən şəxs xalqı öz tərəfdarı, «ayrı-ayrı qruplar»ı isə rəqibi sayırsa. Çoxluğun kimin tərəfində olduğunu yalnız dolayı vasitələrlə müəyyənləşdirmək mümkündür. Şübhə doğurmayan yeganə məsələ İrəvanın dünyanın və postsovet məkanının qarşısında növbəti dəfə dram səhnəsinə çevrilməsidir: mitinqə çıxmış kütlə, emosional çıxışlar, kütlənin qarşısını almağa çalışan lazımsız polis kordonları…

Cəmi 2 il yarım əvvəl – «kabab inqilabı» vaxtı bütün bunlar şən-nikbin tonda yaşanırdısa, bu gün İrəvan küçələrində Paşinyanın istefası tələb olunur. Artıq onun mümkün varisi də müəyyənləşdirilib. Nə az, nə çox – düz 17 siyasi partiyanı özündə birləşdirmiş müxalifət vahid namizəd kimi, Ermənistanın sabiq müdafiə naziri, keçmiş hökumət başçısı Vazgen Manukyanı seçib. Doğrudur, o, siyasi aləmdən hələ 1990-cı illərin sonlarında kölgəyə çəkilmişdi. Lakin bu gün Manukyan yenidən sağa-sola müsahibələr verir, böyük siyasətə qayıtmağa hazır olduğunu göstərir.

 

Uduzulmuş müharibədən reportaj

Amma bu dəfə effektiv cümlələr qurmaq bacarığı Nikol Vovayeviçə çətin ki, kömək olsun. Ölkəsində ona qarşı irəli sürülən ittihamlar son dərəcə ciddidir. Təkcə elə uduzulmuş müharibə öz-özlüyündə istənilən perspektivli siyasətin gələcəyini məhv etməyə qadirdir. Paşinyan isə artıq dəfələrlə qeyd olunduğu kimi, Qarabağda gərginliyə məhz bütün istiqamətlərdə iflasa uğradığı üçün getmişdi. Artıq bu gün baş nazirə yol verdiyi saysız-hesabsız səhvlər açıq şəkildə xatırladılmaqdadır.

Qarabağda darmadağından sonra Ermənistanın bir sıra ağır çəkili siyasətçiləri Nikol Paşinyanı ifşa etməyə, onun hansı yanlışlıqlara yol verdiyini açıqlamağa başlayıblar. Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi Movses Akopyan vəzifəsindən istefa verdikdən dərhal sonra Paşinyanı tənqid atəşinə tutub. Onun sözlərinə görə, Ermənistan Rusiyadan «Su-30» təyyarələrini raketsiz alıbmış. Bundan başqa, baş qərargaha rəis təyin olunmuş Artak Davtyan ən hazırlıqsız general sayılırmış. Akopyanın daha bir ittihamı səfərbərliyin həddindən artıq gec elan olunduğu, üstəlik, onun lazımi miqyasda həyata keçirilməməsilə bağlıdır. Bütün bunlarla yanaşı, sən demə, baş nazirin xanımı Anna Akopyan hərbi məsələlərə çox qarışırmış…

Ermənistanın sabiq prezidenti Robert Koçaryan da susmur. Onun fikrincə, Ermənistan hakimiyyəti müharibəni qaçılmaz etmək üçün əlindən gələni əsirgəməyib: «Birincisi, danışıqlar prosesi dalana dirənmişdi və buna bilərəkdən gedilmişdi. Biz bir-birinə zidd bəyanatlarımızla elə vəziyyət yaratmışdıq ki, İrəvanın nə istədiyini həmsədrlər belə, başa düşə bilmirdi. Belə qənaət yaranmışdı ki, Ermənistan prosesin dalana dirənməsi üçün əlindən gələni edir. Müharibə məhz danışıqları erməni tərəfinin pozduğuna heç kimin şübhəsinin qalmadığı bir vaxtda başladı».

Koçaryan etiraf edib ki, 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verənlər də Ermənistanın təxribatının nəticəsi olub. Koçaryan ölkənin sabiq müdafiə naziri David Tonoyanı və onun «yeni müharibə, yeni ərazilər» tezisini də tənqid edib.

Bir sözlə, bu gün Paşinyan saysız-hesabsız xoş olmayan sualla qarşı-qarşıya qalıb. Ona nəinki müharibədəki məğlubiyyəti, həm də döyüşlərin getdiyi müddətdə hökumətin cəbhədəki vəziyyətlə bağlı yalanlarını, hansısa mifik «qələbə» haqqında danışılanları da bağışlamırlar. Paşinyana Rusiya ilə münasibətləri məhz onun rəhbərlik etdiyi hökumətin korladığını da xatırladırlar – sən demə, Rusiya Ermənistanın maraqları uğrunda Azərbaycanla savaşmayıbmış.

 

İrəvana xas etirazların anatomiyası

Nikol Paşinyanın qarşısında kifayət qədər geniş müxalif cəbhə dayanır. Baş nazirin istefası tələbini imzalamış 17 partiya arasında, əlbəttə ki, «cırtdan» partiyalar da var. Amma orada «ağır çəkili» oyunçular da yer alır. Bu, ilk növbədə, keçmiş hakim Ermənistan Respublika Partiyasıdır. Bu məsələdə Qaqik Sarukyanın «Çiçəklənən Ermənistan» partiyası, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyanın «Vətən» partiyası da «respublikaçılar»la həmrəydir. Nəhayət, Erməni İnqilabi Federasiyası «Daşnaksütyun» da istefa tələbini imzalamış təşkilatlar sırasındadır. Onun mövqeyisə əslində, həm də xaricdəki erməni diasporunun, ən azı diasporun siyasi qanadının mövqeyidir. Doğrudur, istefa tələbini imzalamış siyasi qüvvələrin özlərinin arasında da ziddiyyətlərin olduğunu, birliyin o qədər də möhkəm olmadığını söyləmək mümkündür. Amma bu, Paşinyanın vəziyyətini qətiyyən yüngülləşdirmir.

Bütün bunlarla yanaşı, Ermənistanın hazırkı hakim komandasını dəstəkləyən xarici oyunçular da yoxdur. Paşinyanın Rusiya ilə münasibətləri lap əvvəldən yaxşı deyil. Onun hakimiyyətə gələr-gəlməz KTMT-nin baş katibi Yuri Xaçaturovu həbs etdirməsini baş nazirə nəzəri cəhətdən də bağışlamırlar. İrəvandakı «sorosçular»ın plan və ümidlərinin əksinə olaraq, Paşinyan hökuməti Qərbin də ciddi dəstəyini qazana bilməyib. Ermənistanın ABŞ ilə əməkdaşlıq çərçivəsində təlim keçmiş istehkamçıları Suriyaya göndərməsi, yalnız Vaşinqtonun çağırışından sonra Kremllə əməkdaşlığı dayandırması Qərbdə birmənalı qarşılanmayıb.

İrəvan ABŞ və müttəfiqlərilə körpülər qurmağa hərbi əməliyyatların getdiyi günlərdə cəhd göstərsə də, bu dəfə də istəyinə nail olmayıb. Erməni ekspertlərin əksəriyyəti hesab edir ki, bu gün Paşinyana nə Moskva, nə də Vaşinqton etibar edir. Demək, bu güc mərkəzləri başqa fiqurları dəstəkləyir.

Düşünmək olar ki, əslində İrəvanda yeni «küçə inqilabı»nın, yaxud hərbi çevrilişin baş verməsi, hakimiyyətin özündə «qiyam»ın başlaması və məmurların bir-birinin ardınca Paşinyanın portretini çıxarıb atması üçün sadalananlar kifayətdir. Amma…

 

Ermənisayağı «ağsaq ördək», yaxud Paşinyan gedə bilmir

«Ağsaq ördək» ifadəsi ABŞ-da meydana gəlib. Klassik anlamda seçkini uduzmuş və Ağ Evi tərk etmək üçün səlahiyyət müddətinin başa çatmasını gözləyən prezidenti belə adlandırırlar. Bill Klinton vaxtilə zarafatla özünün «ağsaq ördəy»ə çevrilməsilə bağlı videoçarx da hazırlamışdı. Videoçarxda o, limuzinini özü yuyur, boş zalda brifinq keçirir və Senata seçilmiş xanımına səhər yeməyi hazırlayırdı…

Postsovet məkanında isə «ağsaq ördək» ifadəsi daha çox siyasi dəstəyini tam itirmiş, lakin kürsüdən dişi-dırnağı ilə yapışmış dövlət başçıları haqda işlədilir. Odur ki, bu mövzuda iki prezidentlik müddətini başa vurmuş və artıq Ağ Evi tərk etməyə hazırlaşan Bill Klinton zarafat edə bilərdi. Ermənistanın baş naziri Nikol Paşinyanın vəziyyəti zarafatlıq deyil.

Bu arada, Ermənistan müxalifəti də özünü, yumşaq desək, qəribə aparır. Əvvəlcə Paşinyana istefaya getməsi üçün dekabrın 8-i günortayadək vaxt verilmiş, əks təqdirdə onunla «fiziki haqq-hesab» çəkiləcəyi bəyan olunmuşdu. Lakin elə həmin gün axşam müxalifət liderləri, ilk növbədə isə daşnaklar tərəfdarlarını etiraz aksiyalarını dayandırmağa çağırmışdılar. Bir sözlə, müxalifət Paşinyanı axıradək sıxmaqdan vaz keçmişdi.

Bunu necə başa düşmək olar? Müxalifətin ona sadəcə, gücü çatmır? Yoxsa bir müddət əvvələdək «küçələr kralı» olmuş Paşinyan qan tökməyə belə, hazır imiş? Versiya həddindən çoxdur. Ermənistan müxalifətinin hazırkı mərhələdə hakimiyyəti ələ keçirmək və eyni zamanda ölkənin taleyinə görə məsuliyyəti üzərinə götürmək istəmədiyi də istisna deyil. Noyabrın 10-da imzalanmış və Ermənistanın kapitulyasiyasını nəzərdə tutan üçtərəfli sazişə yenidən baxılmasından söhbət belə, gedə bilməz. Demək, Qarabağ meydanında tez bir zamanda hansısa dividendlərə ümid etmək mümkün deyil. Diplomatik müstəvidə də vəziyyət eynidir.

Bununla yanaşı, Ermənistanı ciddi iqtisadi çətinliklər gözləyir. Müharibə öz-özlüyündə bahalı işdir. Üstəlik, indi Ermənistan dövlət büdcəsinə işğal olunmuş Azərbaycan torpaqlarının talanı nəticəsində gələn «gəlir»dən də məhrum olub. Buraya Azərbaycanın məhkəmə iddialarını da əlavə edək – ekspertlər söhbətin 50 milyard dollardan getdiyini bildirir. Odur ki, Paşinyana, bəlkə də, öz rolunu «sonadək oynamaq» imkanı yaradılır. Əsl «daxili siyasi dəyişikliklər» bundan sonra başlayacaq.

Əlbəttə ki, oyunçuların səbri çatacaqsa…



MƏSLƏHƏT GÖR:

269