19 Aprel 2024

Cümə, 10:44

TAM SUVERENLİK

Maksim ŞEVÇENKO: «Azərbaycan faktiki olaraq, antiqlobalist qüvvələrin lideri qismində çıxış etdi»

Müəllif:

15.12.2020

Maksim Şevçenko sadəcə tanınmış rus jurnalist, teleaparıcı, ictimai xadim və populyar bloger deyil. O, az sayda sağlam düşünə bilən politoloqlardan biridir. Son illərdə, xüsusilə İkinci Qarabağ müharibəsinin getdiyi vaxt Şevçenko Ermənistan-Azərbaycan qarşıdurması ilə bağlı yaşananları maksimum obyektiv təhlil etməsilə yadda qalıb. Ən əsası isə o, hər zaman istər Rusiya hökumətini, istərsə də beynəlxalq ictimaiyyəti bu münaqişə ilə bağlı neytrallığa, qərəzli olmamağa çağırıb.

Dekabrın 10-da Bakıda Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi münasibətilə keçirilmiş parada xüsusi qonaq qismində qatılmış şəxslər arasında Maksim Şevçenko da var idi.

- Maksim Leonardoviç, İkinci Qarabağ müharibəsinə yekun vururuq. Bu müharibə və onun sonluğu dünyaya nələri göstərdi?

M.Ş.: Müharibənin nəticəsi Azərbaycanın işğal olunmuş torpaqlarının tam azad edilməsi və Qarabağ məsələsinin siyasi həllidir. Bunu Rusiya prezidenti Vladimir Putin də bəyan edib. O da bildirib ki, Azərbaycan hazırda formal olaraq Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndi və digər rayonlar da daxil olmaqla, bütün ərazisi üzərində suverenliyini təmin edib.

Demək olar ki, bu, tam qələbədir. Təəssüf ki, buna hərbi yolla nail olundu. Halbuki başqa yollar da var idi. Hesab edirəm ki, bu, yalnız Azərbaycan tarixi üçün yox, ümumilikdə qlobal tarix üçün ciddi hadisədir.

Dünyanın ən nəhəng diaspor lobbilərindən biri ermənilərə məxsusdur. Onların Moskva, Paris, London, Nyu-York, San-Fransisko və sairdə son dərəcə böyük imkanları var. Lakin bu məsələdə erməni lobbisi resurslarını səfərbər edə bilmədi. De-fakto Türkiyənin dəstəklədiyi, qismən isə Pakistanın da dəstəyini almış Azərbaycan qüdrətli diaspor lobbisini sındıra bildi. Azərbaycan faktiki olaraq, antiqlobalist qüvvələrin lideri kimi çıxış etdi. Çünki belə transmilli diasporlar imperialist qloballaşmanın güclü aləti sayılır. Onlar xalqları, ölkələri basıb əzir, öz istədikləri kimi sərhədlər müəyyənləşdirir. Bunu Yaxın Şərqdə görürük.

Mən Azərbaycanın qələbəsini yalnız azərbaycanlı dostlarım olduğu üçün deyil, həm də tarixi dəyişdiyi üçün yüksək qiymətləndirirəm. Açığı, Vyetnam müharibəsindən bu yana dünya tarixində belə hal xatırlamıram. O vaxt Vyetnam uzun illər davam edən qanlı müharibədən sonra imperialist dövlətlərdən ibarət olan və Amerikanın başçılıq etdiyi böyük bir koalisiya üzərində qələbə qazanmışdı. Odur ki, mən Azərbaycanın zəfərini ikinci belə qələbə sayıram – o da zəfəri qüdrətli fövqəldövlətlərin iradəsinə rəğmən əldə etdi. Azərbaycan öz ərazi bütövlüyünü belə bir şəraitdə bərpa edib.

- Bəs, sülh nizamlanması bundan sonra hansı prinsiplərlə aparılacaq? Danışıqların subyekti kim olacaq?

M.Ş.: Heç bir subyekt yoxdur. Ermənilərin öz dövləti var və onun sərhədləri BMT tərəfindən tanınır. Azərbaycan isə öz ərazisində suverenliyini təmin etməlidir. Artıq bu, Azərbaycanın daxili işidir. Milli və dini azlıqlara, məsələn, Erməni Apostol kilsəsinə hansı hüquqların veriləcəyini Bakı müəyyənləşdirməlidir. Əminəm ki, Azərbaycan rəhbərliyi humanist və mədəni mövqedən çıxış edəcək. İlham Əliyev və Mehriban xanım müasir, təhsilli, sivil, humanist insanlardırlar. Ümumilikdə Azərbaycan cəmiyyəti 30 illik işğal dövründə yaşadığı acılara, keçirdiyi hirsə rəğmən, xoş, mehriban əhvallı cəmiyyətdir. O, bitmək bilməyən qisasçılığa deyil, yaratmağa, gələcəyin qurulmasına köklənib.

Kimsə Xankəndi və ya Laçının Azərbaycan ərazisi olduğunu şübhə altına qoyursa, sülh prosesində onlara yer yoxdur. Hesab edirəm ki, beynəlxalq vasitəçilər kiminsə hüquqlarının pozulduğunu və ya nəzərə alınmadığını düşünərlərsə, Bakıya yalnız humanitar nöqteyi-nəzərdən təsir göstərə bilərlər. Azərbaycanla Ermənistan arasında dövlətlərarası razılaşma imzalanmalı və orada sərhədlərin toxunulmazlığı, qarşılıqlı ərazi iddialarının olmadığı əksini tapmalıdır. Azərbaycan viran qoyulmuş ərazilərinə görə Ermənistandan təzminat da tələb edə bilər.

Tərəflərin bir-birinə hansısa mədəni-tarixi sualları varsa, onları sivil qaydada həll etmək olar. Məsələn, İkinci Dünya müharibəsindən sonra Avropa dövlətlərinin Avropa İttifaqı daxilində sərhədləri müəyyənləşdirdiyi kimi.

Şəxsən mən hər zaman Qafqaz Federasiyasının tərəfdarı olmuşam. Lakin Stalin-Orconikidze prinsipilə deyil, müasir parametrlərlə. Qoy Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə arasında sərhədlər açıq, insanlar və yüklərin hərəkəti sərbəst olsun. Bu regionun insanları da Avropa xalqları kimi, rahat yaşamaq haqqına malikdirlər. Məsələlər artıq çoxdan müharibələrlə deyil, dialoqla həll olunur.

- Əksər ermənilər prinsipcə azərbaycanlılarla yanaşı yaşaya bilməyəcəklərini deyir, bəzilərisə «genetik fərqlilik»dən belə, danışır. Bəs, bu necə olacaq?

M.Ş.: Allah xətrinə! Kimsə sayırsa ki, azərbaycanlılarla yanaşı yaşaya bilməz, qapı açıqdır. «Genetik fərq» söz birləşməsi rus dilində çox çirkin, qorxunc səslənir. Genetik fərqlilik cütləşməyə hazırlaşan itlərdə olur. Bu, sırf nasist ifadəsidir. Sovet dövründə bir məsəl var idi və o, heç də boş yerə yaranmamışdı: «Genetika imperializmin satılıq qızıdır». Bu, alçaldıcı, təhqiredici ifadədir. Dünyada bütün insanlar eynidir. Kim bunun əksini düşünürsə, qoy harada istəyir, orada yaşasın.

Düşünürəm ki, Qarabağda kifayət qədər ağıllı erməni var. Onlar anlayacaqlar ki, Azərbaycan vətəndaşlığını qəbul etməklə, Azərbaycan çərçivəsində öz mədəni muxtariyyətlərini qurmaqla daha çox qazanacaqlar, nəinki uduzacaqlar. Əks təqdirdə, onlar dünya qarşısında əl açıb kasıb qohumlar kimi nəsə dilənməyə məcbur olacaqlar. Əminəm ki, Azərbaycan onun vətəndaşı olmaq, Qarabağda yaşamaq istəyən hər bir erməninin təsərrüfatını bərpa etməsinə, mədəni obyektlərini qoruyub saxlamasına yardım göstərəcək. Buna zərrə qədər də şübhəm yoxdur. Bunu vaxtında başa düşən ermənilər çox yaxşı yaşayacaqlar.

- Bəs, narazılarla razılığa gəlmək mümkündürmü? Dünyada mərkəzi hökumətlə separatçılar arasında mümkün qədər bənzər sülh razılaşmaları hansılardır?

M.Ş.: Razılığa gəlməyə hazır olan hər kəslə razılaşmaq mümkündür. Siyasət, insanı diz üstə çökdürərək alnına silah dirəmək, qərar qəbul etməsi üçün ona 3 saniyə vaxt vermək deyil. Siyasət konkret hədəfin müəyyənləşdirilməsi, düşmənin bu və ya başqa formada mövqeyini dəyişməyə məcbur edilməsidir. Amma bu vaxt sən özün də nələrisə dəyişməlisən. Burada razılaşmanın sərhədləri aydındır: Azərbaycan öz əraziləri üzərində bu qədər çətin yolla nail olduğu suverenlikdən heç zaman imtina etməyəcək. Odur ki, söhbət böyük ehtimalla ermənilərə veriləcək mədəni muxtariyyətin sərhədlərindən gedəcək. Bunu Prezident Əliyev də dilə gətirib.

Digər yandan kimlərinsə hansısa partizan müharibəsi aparmaqla bağlı xülyaları varsa, sülhməramlılar bölgəni tərk edə də bilər. Bu, sosial şəbəkələrin erməni seqmentində qisasçılıqdan danışanların çətin xoşuna gəlsin.

Yaranmış vəziyyət Şimali İrlandiyadakı münaqişəni xatırladır. O zaman Böyük Britaniya sonda İrlandiya Respublikası ordusunun rəhbərliyilə danışıqlara getməli olmuşdu. Üstəlik, orada söhbət elə millətçilərdən, elə terrorçulardan gedirdi ki, erməni yaraqlıları onların yanında provinsialdır. Oradakı insanlar həbsxanalarda yatmış, İngiltərə şəhərlərində terror aktları törətdikləri üçün ömürlük azadlıqdan məhrum olunmuş şəxslər idi. Sonradan onlar həbsxanadan buraxılmış və Olster parlamentinin deputatlarına çevrilmişdilər. Bu gün Belfast 20 il əvvəlki kimi müharibə deyil, sülh şəhəridir.

Düşünürəm ki, burada da narazılarla hansısa razılaşma mümkündür. Bu artıq Azərbaycanın işidir. Siyasətdə dünənədək vuruşduğun qüvvələrlə məntiqli kompromislərə, danışıqlara getmək olur. Hamını qırmaq, yer üzündən silmək olmaz ki. Çeçenistan Respublikasında da belə olub. Əhməd Hacı Birinci müharibədə Yeltsinin cinayətkar siyasətinə qarşı qazavat elan etmişdi. Sonradan onun Putinlə əlaqələri sayəsində Çeçenistanda müharibə dayandırıldı. Doğrudur, onun özü bu işdə həyatını itirdi. Amma hər halda.

Siyasət qeyri-xətti olur. Odur ki, Azərbaycan cəmiyyəti bu məsələdə prezidentə və dövlətin strateji kursuna başçılıq edən insanlara inanmalıdır. Xoşbəxtlikdən, etibar olunacaq şəxs var – İlham Əliyev. Birincisi, o, dahi atasının kursunu davam etdirir, ikincisi, məhz İlham Əliyevin Azərbaycanı ciddi strateji əhəmiyyətli nəticələr qazanıb.

- Hər birimiz gördük ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərini tərk edən zaman evlərə, meşələrə od vurdu, ev heyvanlarını öldürdü, salamat qalmış nə var idisə, məhv etdi. Bunu necə xarakterizə etmək olar?

M.Ş.: Bunu yalnız vandallıq, barbarlıq kimi xarakterizə edə bilərik. Hüquqi üsullardan istifadə etmək, əzmlə hədəfə doğru getmək lazımdır. Əminəm ki, yaxın zamanlarda Qarabağda çiçəklənən bağlar da olacaq, evlər də, yollar da.

- Ermənilər hesab edirlər ki, siz Azərbaycanpərəstsiniz. Rusiyada nə vaxtsa erməni lobbisinin təzyiqilə üzləşmisinizmi?

M.Ş.: Təzyiqlər, şübhəsiz ki, olub. Məşhur cənab Yevgeni Priqojin və onun strukturlarının mənə qarşı qaldırdıqları məhkəmə iddiaları da öz yerində. Priqojinin ayrı-ayrı erməni biznes strukturları ilə əlaqələri olan mediası müharibə vaxtı erməniləri dəstəkləyirdi. Onların bir hədəfi isə məni müflis etməkdir. Amma bundan bir an belə, qorxmamışam. Mənə necə təzyiq göstərə bilərlər ki? Rəsmi olaraq heç yerdə işləmirəm. Sadəcə, təhqir edir, hədələyirlər. Amma mənə kömək edən, məni dəstəkləyən insanlar da var və inanın ki, bunlar çox ciddi şəxslərdir.

Erməni lobbisi spekulyasiyadan başqa nə iş görür ki? Elə həmin «Taşir» hər il Moskvanın mərkəzində səkiləri sökür və yenidən salır. Bu, mosvkalıları boğaza yığıb. Hər kəs bezib. Başında Vardanyanın dayandığı «Troyka-dialoq» elitanın bir hissəsinin pulunun Qərbə köçürülməsi ilə məşğul idi. Bundan rusiyalıların qazancı nədir ki? Moskvanın mərkəzində «Hyatt-Ararat»ın olması çox lazımdır? Bu məsələlərdə azərbaycanlılar qat-qat nəzakətlidirlər. Necə deyərlər, Allah hər şeyi görür.

Bizdə Krasnodar və Rostovun yarısı Ermənistandan olan qaçqınlardır. Onların sayı milyonlarladır. Krasnodar vilayətinə o qədər erməni gəlib ki, Qarabağda heç vaxt bu qədər erməni yaşamayıb. Rusiyada ermənilərin köçünə hər zaman yaşıl işıq yandırılıb. Əlbəttə ki, mənim mehriban, əməksevər insanlara heç bir etirazım yoxdur. Onlar buraya daha yaxşı həyat axtarışı ilə gəlirlər. Amma bu, Rusiyanın cənubunda demoqrafik vəziyyəti ciddi şəkildə dəyişib. Artıq bununla bağlı ciddi suallar yaranır. Rostov ətrafında elə rayonlar var ki, orada rus dilində ümumiyyətlə danışılmır, mağazaların üzərində yazılar erməni dilindədir. Bir dəfə Rostovdan Donetsk istiqamətində gedirdim. Heç kimdən yolu soruşa bilmədim, çünki məni başa düşən yox idi.

- Rusiyadakı erməni lobbisi durmadan qlobal slavyan-türk qarşıdurması ideyasını önə sürürdü. Rusiyanın aparıcı mətbuat orqanları da bu mövqedən çıxış edirdi və nəticədə, Azərbaycan ictimaiyyəti Rusiyanı düşmən gözündə görməyə başlamışdı. Bəs, əslində, vəziyyət necədir?

M.Ş.: Bizim ölkəmiz hər zaman slavyanlar, türklər, uqro-finlər və qafqazlıların ittifaqı olub. Rusiyanı bu 4 etnoqrafik qrup təşkil edib. Mən buraya Rusiya dövlətinin Xəzər xaqanlığı dövründə təmas qurduğu yəhudiləri də əlavə edərdim. Mən erməni xalqına da böyük hörmətlə yanaşıram. Lakin Rusiyada ermənilərin adı ilk dəfə XVI əsrdə, çar İvan Qroznının Nijnıy Novoqorodda monofizitliyin təbliğilə məşğul olan şəxslərin təqibilə bağlı göstəriş verdiyi zaman çəkilib. Türklərlə bizim belə problemimiz olmayıb. Biz onlarla əsrlərdir yanaşı yaşayırıq.

İnanın ki, əksər ruslar Azərbaycanın mövqeyini anlayır və bölüşür. Mediada qaldırılmış səs-küyə fikir verməyin. Bu, Rusiya vətəndaşlarının mövqeyi deyil. Rusiyada saysız-hesabsız müsəlman, türk xalqları yaşayır. Bizdə sağlam düşünən insanlar kifayət qədərdir və onlar gələcəkdə Azərbaycan və Türkiyə ilə əməkdaşlığın ölkəyə hansı faydaları gətirə biləcəyini anlayırlar. Gələcəkdə dünyanı dəyişə biləcək qlobal layihələr var. Məsələn, elə Zəngəzurdan keçəcək nəqliyyat dəhlizi və s. Bu perspektivli layihələrə indi qoşulanlar daha çox qazanc əldə edəcək. Rusiyada bunu anlayan insanları çoxdur.

Rusiya yekcins deyil, hakimiyyətdə müxtəlif lobbiçi qruplar yer alır və onların hədəfləri də, üslubları da fərqlidir. Bəziləri aşkar qərbpərəstdir və öz rifahları, müvəffəqiyyətləri naminə hər şeydən keçməyə hazırdırlar. Onlar Qərbin «hədiyyə»ləri qarşılığında satqınlıq etməkdən belə, çəkinmirlər. Elələri də var ki, Rusiyanın geosiyasi strategiyasının qayğısına qalır. Bu qüvvələr anlayır ki, Azərbaycan, İran, Türkiyə, yenilənmiş Ermənistanla əməkdaşlıq və tərəfdaşlıq, Gürcüstanla sülh Rusiyanın maraqlarına cavab verir.

SSRİ hansısa dərəcədə bu maraqları əks etdirirdi. XX əsr bizim Türkiyə ilə müharibə etmədiyimiz yeganə əsr olub. Bu, strateji baxımdan ən düzgün yoldur. Ümid edirəm ki, bu yol davam və inkişaf etdiriləcək. Bizim tarixi missiyamız Asiya və Avrasiyanın azad xalqları ilə əlaqələri inkişaf etdirməkdir.

- Yaxşı sülh o zaman mümkündür ki, düşmənlərin hər ikisi ona hazır olsun. Bəs, Ermənistan sülhə hazırdırmı? Paşinyan və komandasını əvəz edəcək qüvvələrdən bunu gözləməyə dəyərmi?

M.Ş.: Ermənistanın daxili məsələlərindən o qədər də xəbərdar deyiləm. Bu məsələlər ancaq erməni dilində müzakirə olunur, mənsə bu dili bilmirəm. Azərbaycanda isə rus dilindən çox istifadə edildiyindən, hər şeydən xəbər tuturam.

Paşinyanın gedəcəyini düşünmürəm. Güman ki, Bayden Paşinyanı qəbul edəcək və ona hərtərəfli dəstək verəcək. O, artıq Türkiyəni hədələyir. Düşünürəm ki, amerikalılar Qarabağ müharibəsini yenidən qızışdıracaq və ya buna cəhd göstərəcək. Azərbaycan uzun və çətin mübarizəyə hazırlaşmalıdır. Bu işdə bütün xoşməramlı insanlar sizin yanınızda olacaq.



MƏSLƏHƏT GÖR:

323