28 Mart 2024

Cümə axşamı, 19:23

«DƏMİR YUMRUĞUN» QƏLƏBƏSİ

Beynəlxalq vasitəçilərin 30 ildə əldə edə bilmədiyi və ya etmək istəmədiyinə Azərbaycan 44 gündə nail oldu

Müəllif:

15.12.2020

Azərbaycan Vətən müharibəsindəki qələbəsini, torpaqlarının erməni işğalından azad olunmasını dekabrın 10-da Bakıda əzəmətli paradla qeyd edib. Təntənəli yürüşlə «Azadlıq» meydanından 3000-dən artıq hərbçi, 150 müasir hərbi texnika keçib. Paradda darmadağın edilmiş Ermənistan ordusundan götürülmüş hərbi qənimətlərin bir hissəsi də nümayiş olunub.

Paradı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qəbul edib. Bu zaman ali qonaq, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da onun yanında olub ki, bu da son dərəcə təbiidir. Çünki Ankara Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığı andan, hər zaman Bakının yanında olub.

 

«Dəmir yumruq»

«Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdi ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdi ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk», - deyə İlham Əliyev paraddakı çıxışında bildirib.

Türkiyənin dövlət başçısı isə öz növbəsində, diqqəti bu dəstəyin təbii olduğuna çəkib: «Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin «Bir millət, iki dövlət» şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq».

Türkiyənin siyasi-mənəvi dəstəyi Azərbaycanın müharibədə uğur qazanmasında vacib rol oynayıb. Amma həlledici sözü, əlbəttə ki, Azərbaycan əsgəri deyib. Azərbaycanın 30 illik işğala son qoyması üçün cəmi 44 gün kifayət edib. Axı, Bakı torpaqlarını işğaldan hərbi yolla azad etmək hüququnu özündə saxladığını dəfələrlə demişdi… Qələbə paradı Azərbaycanın bundan əvvəlki paradlarda Ermənistana və bütünlükdə dünyaya verdiyi ismarıcların məntiqi nəticəsi idi. «Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi», - deyə İ.Əliyev qeyd edib.

Ötən illər ərzində iqtisadiyyatını davamlı gücləndirməklə, Silahlı Qüvvələrin qüdrətini artırmaqla, beynəlxalq mövqeyini möhkəmlətməklə məşğul olan Bakı ərazisinin 20%-nin işğalını hər zaman özünün bir nömrəli problemi adlandırıb. Demək, bütün bu illər ərzində onun siyasəti məhz bu problemə son qoyulmasına yönəlib.

 

Müharibə vasitəsilə sülhə

Azərbaycan uzun illər səbir edərək, münaqişənin beynəlxalq vasitəçilərin köməyilə sülh yolu ilə çözülməsini gözləyib. Bu dövrdə münaqişənin nizama salınmasının hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində miqyaslı işlər görülüb. Azərbaycan diplomatiyasının səylərilə BMT Təhlükəsizlk Şurasının erməni işğalçılarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsinə BMT Baş Assambleyası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların sənədləri də əlavə olunub.

Lakin təəssüf ki, bütün bu sənədlər kağız üzərində qalıb. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesi göstərirdi ki, beynəlxalq hüquq faktiki olaraq, dünya siyasətinin nəhəng oyunçularına xidmət edir. Onlar istədikləri vaxt beynəlxalq hüquq işləyir, istədikləri vaxt işləmir. Onlar istədikləri münaqişəni «dondurur» və maraqlı qüvvələr yaranmış vəziyyətdən öz istəklərinə uyğun istifadə edir. Təcavüzkar ölkə ilə təcavüzə məruz qalmış tərəfin eyniləşdirilməsini başqa nə cür izah etmək olar? BMT TŞ Azərbaycan ərazilərinin işğal olunduğunu təsdiqləyən qətnamələri hələ 27 il əvvəl qəbul etmişdi və sənədlərdə erməni işğalçı qüvvələrinin bu ərazilərdən dərhal çıxarılması tələb olunurdu. Lakin ATƏT-in Minsk qrupunun timsalında beynəlxalq vasitəçilər bütün bu illər ərzində Ermənistandan sözügedən qətnamələrə əməl olunmasını tələb etməkdənsə, hansısa qarşılıqlı güzəştlərdən danışır, «nə sizin, nə bizim» formatında müxtəlif həll variantları təklif edirdilər.

Bu azmış kimi, vasitəçilər Ermənistanın hazırkı rəhbərliyinin təxribatçı əməllərini sakit şəkildə müşahidə etməklə, faktiki olaraq, danışıqar prosesinin mənasının qalmadığını göstərirdilər. Belə bir şəraitdə ya Ermənistanın müdafiə naziri David Tonoyan «yeni ərazilər uğrunda yeni müharibə»dən danışırdı, ya baş nazir Nikol Paşinyan Qarabağı Ermənistanın tərkib hissəsi elan edirdi. Üstəlik, Paşinyan Qarabağ separatçılarını ayrıca tərəf kimi danışıqlar prosesinə cəlb etməyə də çalışırdı.

Bütün bunlar münaqişənin hərbi yolla həllini qaçılmaz edirdi. «Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilərin uzun illər yaratdıqları mifi darmadağın etdik. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmışıq. Halbuki bir çoxları, xüsusilə bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə demişdilər ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz sübut etdik ki, münaqişənin hərbi həlli var. Əks-təqdirdə, bu nə hərb, nə sülh vəziyyəti bundan sonra da 30 il davam edə bilərdi», - deyə Prezident İlham Əliyev Qələbə paradında bildirib.

 

Yeni vəziyyət

Təbii ki, Azərbaycanın BMT TŞ-nin qətnamələrini təkbaşına yerinə yetirməsi ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin maraqlarına toxunmaya bilməzdi. Birincisi, Azərbaycanın hərbi qələbəsi qlobal problemlərin həllində arbitr roluna iddia edən fövqəldövlətlərin imicinə zərbədir. İkincisi, Rusiyanın Cənubi Qafqazda nüfuzunu artırması Fransa ilə ABŞ-ı narahat edir. Üçüncüsü, vasitəçi ölkələr Türkiyənin regionda təşəbbüsü ələ almasından narazıdırlar. Bu mənada, yaşananların ən az qıcıq yaratdığı vasitəçi Rusiyadır. Çünki Ankara regionla bağlı siyasətini Paris və Vaşinqtonla deyil, məhz Moskva ilə koordinasiya edir.

İstənilən halda, beynəlxalq vasitəçilərin 30 ildə əldə edə bilmədiyi və ya etmək istəmədiyinə Azərbaycan 44 gündə nail olub. Artıq tam yeni vəziyyət yaranıb və bu vəziyyətdə ATƏT-in Minsk qrupunun mövcudluğunu davam etdirməsinə ehtiyacın olub-olmadığı özü sual doğurur. Əvvəla, Azərbaycan və Rusiya prezidentlərinin də dedikləri kimi, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. İkincisi, Minsk qrupunun həmsədrlərindən biri, konkret desək, Fransa birmənalı şəkildə Ermənistanı dəstəkləməklə, bitərəf arbitr mövqeyini tam itirib. Üçüncüsü, münaqişə tərəfləri artıq üzərlərinə gələcəkdə münasibətləri bərpa etmək öhdəliyi götürüb.

Bütün bunlarla yanaşı, Minsk qrupunun fəaliyyətini bərpa etmək cəhdləri də müşahidə olunur. Qrupun ABŞ və Fransadan olan həmsədrlərinin regiona son səfəri də bundan xəbər verir. Yeri gəlmişkən, Bakıda onları qəbul edən Azərbaycan Prezideni İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli regionda vəziyyəti dəyişib. «Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb», - deyə İ.Əliyev bildirib. Bununla da, o, artıq bölgədə yeni əməkdaşlıq formatının yarandığına eyham vurub.

Dövlət başçısı bildirib ki, atəşkəsə əməl olunmasına Türkiyə ilə Rusiyanın birgə çalışacağı Monitorinq Mərkəzi nəzarət edəcək və bu Mərkəz Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonu ərazisində yerləşəcək. İ.Əliyev bunu «Türkiyə ilə Rusiya arasında məqbul əməkdaşlığın rəmzi» adlandırıb.

Bununla yanaşı, Azərbaycan Prezidenti açıq şəkildə bildirib ki, o, Minsk qrupunu Bakıya dəvət etməyib, sadəcə onları dinləmək üçün qəbul etməkdən də boyun qaçırmayıb: «...buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə, onların mənə sözləri var».

Vasitəçilərə gəlincə, həm Stefan Viskonti, həm də Endryu Şofer hökumətlərinin atəşkəs razılaşmasını alqışladıqlarını, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatını müsbət qiymətləndirdiklərini söyləyiblər. Regionda tamamilə yeni vəziyyətin yarandığını həm ABŞ, həm də Fransa qəbul edir. Lakin onlar yenə də hesab edirlər ki, yeni gündəmin hazırlanmasında hansısa rol oynaya bilərlər.

Görüşdə iştirak edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov isə öz növbəsində, Moskvanın Minsk qrupunu vacib amil saydığını söyləyib. «Bu səbəbdən, bu qrupda biz iştirak etmişik və bu gün də iştirak edirik. Hesab edirəm ki, qrupun birgə mövqeyi bu yaxınlarda Minsk qrupu həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən 3 dekabr tarixli bəyanatında ifadə olunmuşdur. Bu sənəddə ümumi münasibət bildirilir və biz istənilən sahədə, eləcə də, cənab Prezident, bu gün söylədiyiniz kimi, yenidənqurma işlərinin icrasında bacara biləcəyimiz yardımdan çox məmnun olardıq», - deyə rusiyalı səfir qeyd edib.

 

Qalxan arxasında təxribat?

Bu arada, Ermənistan regionda onsuz da kövrək olan sülhü pozmaq cəhdlərindən hələ də əl çəkmir. O, bunu Rusiya qalxanı arxasında gizlənərək etməyə çalışır. Məsələ ondadır ki, bəzi erməni silahlı birləşmələri hələ də Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərbindəki meşələrdə gizlənməkdədir. Üstəlik, Ermənistan tərəfinin özü Rusiya sülhməramlılarının komandanlığına müraciət edərək onların ərazidən çıxarılmasını istəsə də, silahlı ermənilər hələ də ərazidən çıxmaqdan imtina edir.

Bu azmış kimi, noyabrın 26-da onlar Xocavənd rayonunun işğaldan azad olunmuş Sur kəndində gözlənilmədən Azərbaycan hərbçilərinə hücum ediblər. Nəticədə, Azərbaycanın 3 hərbçisi həlak olub, daha 2 əsgər yaralanıb. Dekabrın 8-də erməni silahlı birləşmələri Hadrut qəsəbəsi yaxınlığında azərbaycanlılara daha bir hücum edib. Bu dəfə 1 Azərbaycan hərbçisi həlak olub, «Azercell» şirkətinin bir əməkdaşı isə ağır yaralanıb. Nəticədə, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti bu ərazidə antiterror əməliyyatı keçirmək məcburiyyətində qalıb.

Bütün bunların fonunda Azərbaycan ictimaiyyətinin diqqətini daha çox sülhməramlı əməliyyatların aparıldığı bölgənin Rusiya Müdafiə Nazirliyinin saytına yerləşdirilmiş yenilənmiş xəritəsi cəlb edib. Yeni versiyada rusiyalı sülhməramlıların Çaylaqqala və Köhnə Tağlar (ermənilər onları müvafiq olaraq Xtsabert və Xin Taqer adlandırırlar – red.) kəndlərini də öz məsuliyyət zonasına əlavə etdikləri görünür.

«Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kimin verdiyini sual edir. Xəritələrlə manipulyasiya və Rusiya sülhməramlıları tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir», - deyə Azərbaycanın «Yeni Müsavat» qəzeti bununla bağlı yazır.

Doğrudur, bəzi ekspertlər hesab edir ki, rusiyalı sülhməramlılar bu zonanı məsuliyyət zonasına müvəqqəti daxil edib və burada məqsəd erməni silahlı dəstələrinin oradan çıxarılmasına nail olmaqdır. Lakin jurnalımızın çapa hazırlandığı vaxtadək Rusiya tərəfi məsələyə rəsmi münasibət bildirməmişdi. Ümid edirik ki, Rusiya sülhməramlı qüvvələrinin komandanlığı üzərinə götürdüyü öhdəliklərə sadiq qalacaq, münaqişə tərəflərindən heç birinin tərəfini tutmayacaq. Bu, regionda sülh və təhlükəsizliyin möhkəmlənməsi, quruculuq işlərinin aparılması, həmçinin Rusiyanın neytral vasitəçi kimi nüfuzunu qoruyub saxlaması üçün çox vacibdir.



MƏSLƏHƏT GÖR:

268