29 Mart 2024

Cümə, 04:23

HƏR KİM YÜZ İL YAŞAMASA!

Ədalət HACIYEV: «İndi əsas məsələ – pandemiyanı yola vermək, Vətən müharibəsinin uğurlarını qorumaq və möhkəmləndirməkdir»

Müəllif:

01.01.2021

Yüz yaşı 2020-ci ildə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündən bir az öncə tamam olmuş Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bayramı ölkə üçün başqa önəmli hadisələrlə üst-üstə düşdü: siyasi ədalət bərpa edildi və Qarabağ öz tarixi sərhədlərinə qayıtdı. Vətən müharibəsində qələbə qazanıldı ki, bu da təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda da xalqın birliyini və həmrəyliyini təsdiqlədi. Hətta pandemiya belə vətənpərvərlik hisslərinin təzahürünün qarşısını ala bilmədi. Xalqın və onun teatr mədəniyyətinin ayrılmaz hissəsi olan Rus Dram Teatrının heyəti də yüzillik tədbirlərini informasiya məkanına köçürərək, baş verənlərdən kənarda qalmadı.  

100 il! Az yaş deyil. Ancaq... Melpomena xidmətçiləri bu yaşı yaradıcı "tənəzzül"ə aparan amil hesab etmirlər. Tam əksinə. Havanın buludlu olmasına və küçədə pandemiyanın tüğyan etməsinə baxmayaraq, onların kədərlənməyə və dərd çəkməyə vaxtları yoxdur. Ona görə yoxdur ki, teatrın dostları onunla həmişə onlayn əlaqədə olur və dünyanın müxtəlif şəhərlərindən təbriklər göndərirlər. Bu sırada Sankt-Peterburqdakı Xaricdəki Rus Teatrları Assosiasiyası, Moskvanın Malıy Teatrı, Mixail Çexov adına Riqa Rus Dram Teatrı, «Rossotrudniçestvo» (Bakı), Mahaçqalanın Kumık Musiqili Dram Teatrı, M.Qorki adına (Mahaçqala) Respublika Rus Dram Teatrı, Volkova adına (Yaroslavl) Akademik Dram Teatrı, "Sankt-Peterburq Opera" Dövlət Kamera Teatrı, Vladimir Mayakovski adına Moskva Akademik Teatrı, Moskva Akademik Satira Teatrı, Yevgeni Vaxtanqov adına Moskva Akademik Teatrı və çox sayda başqaları var.

Səməd Vurğun adına teatr həm də bu əlamətdar tarixdən bəhs edən yerli televiziya kanallarının və internet portallarının diqqət mərkəzində olub. Bir sözlə, informasiya sahəsinə köçən bayram nostaljili bir qüssə içində keçib, çünki yubiley, özəlliklə, bir əsrlik ildönümü – bir nəticədir. Geriyə baxmağın, bütün nailiyyətləri və uğursuzluqları analiz edərək, daha da hansı yola getməli olduğuna qərar verməyin lazım olduğu andır. Ancaq pandemiya şəraitində, teatrda tamaşaların və məşqlərin olmadığı bir zamanda yalnız bir şey aydındır: Melpomenaya xidmət edən hər kəs (və bu sırada, anladığınız kimi, yalnız aktyorlar deyil, teatrın bütün digər işçiləri!), doğma teatra və işə, real vaxt rejimində işə qayıtmaqla bağlı qaynar bir istək var. Çünki heç bir onlayn məşq səhnədə, özü də real vaxt rejimində məşqi əvəz edə bilməz!

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Ədalət HACIYEV:   

- Bu qədər uzun bir məcburi yaradıcılıq fasiləsi zamanı aktyorların və rejissorların peşə fəallıqlarını itirəcəklərindən qorxmusunuz?

- Bu barədə fikirləşəndə az qalır ürəyim dayana. Ancaq sonra anlayıram ki, narahatlığa heç bir səbəb yoxdur. Dram aktyorları balet aktyoru deyillər. Onlarla telefonla danışanda, başa düşürəm ki, hamısı səhnəyə tələsir. Qarşıda onları nəhəng zəhmət gözlədiyini başa düşərək, bütün repertuar tamaşalarını bərpa etmək üçün hətta sutkalarla məşq etməyə hazırdırlar. Üstəlik, iki və hətta üç nöqtədə məşq etməyə hazırdırlar ki, təkcə tamaşaçıları ilə tezliklə görüşə bilsinlər.

- Bəs, indi - pandemiya zamanı onlar nə ilə məşğuldurlar?

- Bir çoxu əsgərlərimizə kömək edən könüllü qruplara qoşulurlar, bəziləri, əgər icazələri varsa, filmə çəkilirlər; bir çoxları fərdi poeziya kompozisiyaları üzərində işləyirlər, oxuyurlar (yalnız internetdəki xəbər bülletenlərini oxumaqla qalmırlar!), mütaliə ilə məşğul olurlar. Aktyorlar da var ki, karantinin tezliklə bitəcəyinə ümid edərək, öz rollarını periodik olaraq təkrarlayırlar...

Bu gerçəkdən də belədir. Ona tez-tez səhnəyə çıxmaqdan ümidi kəsmiş və gecə yuxularında izləyici zalını görən aktyorlardan zənglər gəlir. Zal boş olduqda, qorxunc görünür. Teatrda çalışanlar gözəl bilirlər ki, aktyorlar və teatrın direktoru üçün bundan daha qorxulu yuxu ola bilməz. Yuxuda səsin boş zalda asılı qaldığını və onun hətta boşluqdan belə keçmədiyini görmək daha dəhşətlidir. Səs sadəcə dodaqlarda donur. Məhz bu qədər! Qorxu dəhşətə çevrilir. Alfred Hiçkokun və ya Gilermo del Toronun filmlərindəki kimi hissdir. Aktyorlar bu barədə danışırlar və həm də bütün qorxularına - həm insani, həm peşə qorxularına inanaraq danışırlar. O isə təsəlli verməli, sakitləşdirməli və səsinə inam qataraq danışmalı olur ki, bütün bunlar müvəqqəti çətinliklərdir, sadəcə səbir etmək və ... gözləmək gərəkdir. Ancaq boş oturmaq olmaz, özünü inkişafla məşğul olmaq lazımdır. Necə? Aktyor sənətinin və peşəsinin yol verdiyi üsul və fəndlərlə. Məsələn, teatrın gənc aktyorları Oleq Əmirbəyov və Teymur Rəhimov kimi, onlar teatrın yüzillik yubileyi mövzusu ətrafında düşünərək, televiziyadan olan həmkarların köməyi ilə teatrın yüz illiyinə həsr olunmuş qısa süjet çəkiblər.

- Bu günlərdə informasiya - reportaj formatında baş tutmuş bayramın nə vaxtsa real vaxt formatında keçirilməsi planlaşdırılırmı?

- Ümid edirik ki, yaxın gələcəkdə məhz belə olacaq: böyük bir bayram şənliyi, səhnədəki tamaşa, izləyici zalında anşlaq olacaq, qonaqlar gələcək – müxtəlif qonşu ölkələrdən olan həmkarlarımız dəvət olunacaq, necə lazımdır, tort və şampanla qeyd edəcəyik.

O, aktyorlarla ünsiyyətin yalnız telefonla deyil, həm də real vaxtda nə qədər önəmli olduğundan danışdı, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün tövsiyələrə və qaydalara riayət edərək, onları teatrın həyətinə toplamasından bəhs etdi. Orada - hər bir vətəndaş üçün önəmli olan pandemiya şəraitində və artıq Qarabağda başlamış döyüş əməliyyatları fonunda gedən söhbət zamanı uzun illər yan-yana işlədiyi insanları sanki yenidən tanıdı. Və bu yenilik xoş bir şəkildə onu sevindirdi. Düşündü ki, hər şey yenidən təkrarlanır. 24 iyun 1941-ci il tarixində də aktyorlar eynilə teatrın həyətində toplaşıblarmış. Onda Böyük Vətən müharibəsi başlamışdı və beş il davam etmişdi. Onda aktyorların çoxu könüllü olaraq cəbhəyə getmişdi, çoxu könüllülər dəstəsinin və cəbhə konsert briqadasının üzvü olmuşdu. İndi budur, demək olar ki, 80 il sonra bu həyətdə başqa aktyorlar toplaşıblar. Artıq yanımızda olmayanların nəsli. Yenə də müharibədir. Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsi.

- Prinsipcə, mən dava adamı deyiləm, sülhsevər biriyəm. Ancaq qanunsuz olaraq ələ keçirilmiş Azərbaycan torpaqlarının geri qaytarılması məsələsinin həllində onillərlə uzanan maneələr məni, səbirli bir insanı da özümdən çıxardı. Bütün komandamız kimi mən də Prezidentimizin qərarlarını, taktiki və diplomatik addımlarını dəstəklədim. Çünki o, öz xalqına, bizim hamımıza özünəhörmət hissi, ölkənin kişilərinə isə ləyaqət hissini qaytardı. Bizim Ali Baş Komandanımız ölkəsi üçün elə işlər görə bildi ki, bu işlər çoxmillətli Azərbaycanın tarixinə ən yüksək müdriklik, biçimlənmiş strategiya və taktikalar siyasəti faktı kimi daxil olacaq. Biz, sadəcə, burada və indi yazılan Tarixin canlı şahidi olaraq qalmırıq. Biz özümüz də bu mühüm tarixi prosesin iştirakçısıyıq.

O, aktyorlarla canlı ünsiyyət zamanı onları özü üçün yenidən kəşf etməklə yanaşı, həm də xalqla ölkə rəhbərliyinnin siyasəti arasında güclü bir vəhdət hiss edib. Belə vəhdət yalnız bizim kimi milli mənşəyindən asılı olmayaraq hər kəsin azərbaycanlı olduğu bir ölkədə mövcud ola bilər. Bax, teatrda da ruslar, ukraynalılar, belaruslar, ləzgilər, tatarlar, yəhudilər - hamısı özlərini azərbaycanlı kimi hiss edirlər. İnsanlar müharibə dövründə Prezidentimizin bəhs etdiyi halı yalnız hiss etməklə qalmadılar, həm də yaşadılar: "Biz brlikdə güclüyük!" Bax həmin "birlikdə"ni Ədalət Hacıyev mümkün olduğu qədər kəskin hiss etdi. Bu gün onu xatırlayarkən əmindir ki, ölkəmizdəki bütün vətəndaşları da eyni birlik hissi yaşayıblar, buna görə də o düşünür ki, tamaşaçılar teatr salonuna tamamilə fərqli bir dünyagörüşdə dönəcəklər. İzləyici ruhən "güclənmiş və yetkin" olacaq. Teatr direktoru bu görüşü səbirsizliklə gözləyir və teatrla izləyicilər arasında gələcək dialoqun əyləncəli və maraqlı olacağına inanır.

- Sizə elə gəlirmi ki, izləyicilər teatr zallarını yadırğayacaqlar və teatra getməyəcəklər, “divan üzərində popkorn”un lehinə seçim edəcəklər?

- Etiraf edirəm ki, pandemiyanın başlanğıcında mənim belə qorxum vardı. Amma indi yoxdur. İndi tamaşaçılarımız və bir çox həmkarım mənə deyirlər ki, teatra gəlmək üçün pandemiyanın bitməsini gözləyə bilmirlər. Onlar deyirlər ki, pandemiya ona görə baş verdi ki, hər zaman əlimizdə olanları qiymətləndirməyi öyrənək. Həmişə olduqlarına və həmişə yaxında yerləşdiklərinə görə elə gəlirdi ki, həmişə də olacaqlar. İndi isə əlçatmaz bir şəraitdə izləyicilər bu həyatda hər şeyin qiymətləndirilməli olduğunu anlamağa başlayıblar. Yaşanan hər bir saniyənin. Teatra getmək imkanı da daxil olmaqla. Ona görə, zalların boş qalmayacağını düşünürəm.

O, həvəslə pandemiyanın müvəqqəti olması və dünya teatr tarixində buna bənzər hadisənin artıq baş verməsi ilə bağlı danışırdı: həm pandemiya, həm teatrların bağlanması, həm xəstəxanaların dolması artıq olub. Ancaq bəşəriyyət qurtulub və teatrlar da yaşayıb. Buna görə də ruhdan düşməyə dəyməz. Formada olmaq lazımdır - hər an səhnəyə çıxmağa və yaratmağa hazır olmaq üçün!

- Bu gün - teatrın artıq yüz yaşının tamam olduğu və tamaşaçıları ilə yeni görüşlərə hazırlaşdığı bir zamanda nə düşünürsünüz?

- İnanmayacaqsınız. Mən Maqsud İbrahimbəyov haqqında düşünürəm. Daha dəqiq desək, onun pandemiya ilə bağlı vəziyyətə münasibəti, onun yumor hissi ilə buna necə reaksiya verə biləcəyi bargdə düşünürəm. Nə yazardı, məsələn? 90-cı illərin ortalarında "Neft bumu hamının üzünə gülür" pyesini yazmışdı, amma bu gün oxucularına hansı bum haqqında danışardı? Bəlkə, teatr bumu haqqında yazardı?

- Bu o deməkdirmi ki, siz bu gün artıq yeni repertuar planı haqqında düşünürsünüz?

- Biz həmişə bu barədə düşünürük. Ancaq bu barədə danışmaq hələ tezdir. İndi başlıca məsələ – pandemiyanı yola vermək, Vətən müharibəsinin uğurlarını qorumaq və möhkəmləndirməkdir. Qalan hər şeyin öhdəsindən gələrik. Həm də inanın, izləyici bizi seçəcək, "divanda popkorn"u yox.

 



MƏSLƏHƏT GÖR:

231