24 Aprel 2024

Çərşənbə, 18:20

LİVİYA ÜÇÜN YENİ MƏRHƏLƏ

Qəzzafinin ölkəsinin taleyi Qərbdə həll olunacaq

Müəllif:

01.01.2021

Əgər fövqəladə hadisə baş verməsə, bu ilin sonunda Liviyada parlament və prezident seçkiləri keçiriləcək. Noyabrın 9-da Liviya hərbi və siyasi qrupların təmsilçilərinin (75 təmsilçi – K.R.) iştirakı ilə Tunisdə BMT nəzarətində başlayan müzakirələrin nəticəsi olaraq ölkədə atəşkəs və 2021-ci il dekabrın 24-də parlament və prezident seçkilərinin keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Düzdür, Liviyada 10-cu ildir davam edən vətəndaş müharibəsi dövründə bir neçə dəfə bu cür atəşkəs və seçki razılaşması əldə olunub. ancaq sonradan müxtəlif səbəblərdən bu razılaşmalar icra olunmayıb. Lakin bu dəfə müşahidəçilər və ekspertlər ümidlidir. Çünki ortada dünyanın aparıcı güclərinin təminatı var. Üstəlik bu dəfə qərarı heç bir xarici ölkə iştirak etmədən yalnız yerli qruplar qəbul edib. 9 noyabrda başlayan və 5 gündən sonra əldə olunan atəşkəs və seçki qərarınının qəbulundə heç bir xarici ölkə təmsilçisi iştirak etməyib.

Eyni zamanda qərara əsasən keçid dövründə ölkəni Prezident Şurası və icra orqanı qurulması barədə razılaşma əldə olunub. Bu isə necə deyərlər, razılaşmanın texniki detallarıdır.

 

10 illik “qaranlıq dəhliz”

Gələn ilin yazında Liviyada silahlı münaqişənin 10 ili tamam olacaq. 2011-ci ilin fevralında Tunis və Misirin ardınca bir çox ərəb ölkələrində olduğu kimi, Liviyada da küçə etirazları başladı və tezliklə silahlı vətəndaş müharibəsinə çevrildi. “Ərəb baharı” prosesində hakimiyyətə qarşı ilk silahlı üsyan məhz Liviyada başladı.

Ancaq Liviyada silahlı üsyan həmin il oktyabrın 20-də Müəmmar Qəzzafinin ələ keçirilib linç edilməsindən sonra dayanmadı. 42 il Qəzzafinin “dəmir yumruğu” ilə idarə olunmuş Liviyada elə Qəzzafinin öldürülməsi ilə “cin şüşədən çıxmışdı”. Silahlı qrupları – onlar qəbilə dəstələri, islamçılar və ayrı-ayrı siyasi partiyalara məxsus idi – yenidən vahid dövlətə tabe etdirmək, ya da tərk-silah etmək nəinki mümkün olmadı, əksinə, ölkə bu qrupların əlində əsir oldu. 2012-ci ildə Liviyada seçkilər keçirilib hökumət formalaşdırılsa da, bu, müvəqqəti oldu və 2014-cü ildən etibarən Liviya faktiki olarq bölündü və ölkədə vətəndaş müharibəsi başladı.  

Ötən 6 ildə Liiviyada atəşkəs və sülh üçün bir çox təşəbbüslər olsa da, heç biri ciddi nəticə vermədi. Yalnız bu ilin yanvarında Moskvada və iki həftə sonra isə Berlində Liviyada savaşan tərəflərin və tərəf ölkələrin iştirakı ilə atəşkəs razılaşmaları əldə olundu.

Məsələ ondadır ki, Liviya ilə bağlı beynəlxalq birliyin hərəkətə keçməsinin arxasında müəyyən mənada Türkiyə amili dayanır. Məlum olduğu kimi, Ankara Liviyada mərkəzi Tripolidə yerləşən Milli Saziş Hökuməti (MSH) və onun baş naziri Fayiz Sərracı dəstəkləyir. Məhz Ankaranın hərbi yardımları nəticəsində 2019-cu ilin aprelindən Liviyanın qərbində şərqində yerləşən Təmsilçilər Məclisi Hökumətinin general Xəlifə Həftərin rəhbərlik etdiyi hərbi qüvvələrin (Liviya Milli Ordusu – K.R.) mühasirəsində olan Tripoli mühasirədən çıxmış və hətta irəliləyərək Həftər qüvvələrinə ağır zərbələr vurmuşdu. Məhz bundan, yəni Ankaranın Liviyaya hərbi yardımla bağlı qərarı qanuni qüvvəyə mindikdən az sonra Avropa ölkələri hərəkətə keçmiş və Liviyada tərəfləri atəşkəsə razı salmaq üçün diplomatik cəhdləri artırmışdı.

Yazda Türkiyənin dəstəyi ilə MSH qüvvələri ölkənin mərkəzinə doğru irəliləyərək Sirtə və Cufra şəhərlərini mühasirəyə aldı. Yalnız bundan sonra Fransanın tələbi ilə Aralıq dənizində Liviyaya silah aparıldığı şübhə doğuran gəmilər yoxlanılmağa başladı və bir neçə Türkiyə gəmisi silah daşımaq şübhəsi ilə dayandırılıb axtarış aparıldı.

Avqustun 21-də isə Liviyada atəşin dayandırılması, Cufra və Sirtə şəhərlərinin silahsızlaşdırılmaaı və nəhayət neft istehsalının yenidən bərpa olunması kimi maddələrin əks olunduğu atəşkəs imzalandı. Yekun atəşkəs razılaşması isə oktyabrın 23-də Cenevrədə imzalandı. Noyabrda isə haqqında yuxarıda bəhs olunan keçid və seçki razılaşması imzalandı. Oktyabrda isə Liviyanın hər iki hökumətinin nəzarət etdiyi şəhərlərdə işsizlik, sosial problemlər və siyasi tələblərlə kütləvi etirazlar başladı. MSH hökumətinin baş naziri, Ankaranın yaxın dostu F.Sərrac istefaya gedəcəyini bəyan etdi. Ancaq daha sonra Sərrac siyasi keçid baş tutduqdan sonra ietsfa verəcəyini bəyan edərək postunda qaldı.

Liviyada baş verənlər klassik mənada mandat müharibəsinə çevrildi. Ölkənin qərbində mövcud olan MSH-ni BMT rəsmən Liviya hökuməti kimi tanısa da, Tripolidə yerləşən bu hökuməti yalnız Türkiyə və Qətər dəstəkləyir. Mərkəzi Tobruk şəhərində yerləşən Təmsilçilər Məclisi hökuməti və onn generalı Xəlifə Həftəri isə Fransa, Almaniya, eləcə də Misir, BƏƏ, Yunanıstan və digər ölkələr açıq şəkildə dəstəkləyir. Həftərin ordusunda Misir və Sudandan muzdlular, eləcə də Rusiyanın “Vagner” hərbi şirkətinin muzdlularının olduğu güman edilir.

Qarşı tərəfdən isə Suriyadan silahlıların iştirak etdiyi və Türkiyənin hərbi qüvvələrinin dəstək verdiyi barədə iddialar var. Türkiyənin Liviyada hansı sayda hərbi gücünün olduğu bilinmsədə də, 2019-cu il 27 noyabrın razılaşmasına əsasən Ankara Liviyaya hərbi qüvvə göndərə bilər. Bu səbəbdən də qtəşkəs razıalşmasındakı “xarici ölkələrin hərbi qüvvələrinin Liviyadan çıxarılması” haqqında bənd müzakirə və mübahisə doğurur.

 

Yeni-köhnə oyunçular

Bir çox müşahidəçilərə görə, Liviyada yeni siyasi vəziyyətin əsas “səbəbkarlarından” biri də ABŞ-dır. Məhz Vaşinqtonun proseslərə müdaxiləsindən sonra Liviyada qalıcı atəşkəs və siyasi razılaşma əldə olundu. Yeri gəlmişkən, Liviyada atəşkəs və seçki qərarının qəbul olunmasında ABMT-nin Liviya üzrə xüsusi elçisi vəzifəsini icra edən (mart ayına qədər bu vəzifədə olan Gassan Salame istefa verdikdən sonra – K.R.) amerikalı diplomat, daha əvvəl ABŞ-ın Tripolidəki səfirliyində çalışmış Stefani Vilyamsın xüsusi əməyi olub.

Bundan başqa ABŞ-ın Liviya səfiri Riçard Norland Liviyada atəşkəs və sülh razılaşması üçün Ankara, Qahirə və Moskvaya səfərlər edib, Liviyadakı savaşan tərəflərlə görüşlər keçirib. Prezident Tramp isə MSH baş naziri Sərracla telefonla danışaraq sülh prosesini müzakirə edib. Yəni başqa sözlə Vaşinqton sonuncu Liviya atəşkəsinin əsas müəlliflərindən biri olub.

Doğrudur, Vaşinqton rəsmən bəyan edib ki, “heç bir tərəfə daha yaxın deyil”, lakin eyni zamanda Amerika rəsmiləri Liviyda “radikal islamın və Tripolidəki silahlıların güc qazanmasını əsas gətirərək Tripolini mühasirəyə alan qüvvələrin mühasirənin nəticə etibarı ilə hökumətin (MSH) silahlılardan asılı hala gətirdiyini” vurğulayır.

Vaşinqtonu açıq şəkildə narahat edən daha bir faktor Rusiyadan gələn silah. Texnika və muzdluların Liviyaya yerləşməsi idi. May ayında ABŞ ordusu Rusiyadan gələn qüvvələrlə bağlı faktlar əldə etdiyini açıqlamışdı. Eyni zamanda səfir Norland bildirmişdi ki, Liviyada gərginliyin artmasının əsl səbəbi kimi Rusiyanın oktyabrdan başlayaraq “Vagner” muzdlularını Liviyaya göndərməsini göstərmişdi.

Amerikalı səfirin sözlərinə görə, Türkiyənin Liviyaya hərbi qüvvə göndərməsi məhz rusların müdaxiləsinə cavab olaraq baş verib. “Liviyalılar isə ölkələrində xarici qüvvə istəmir” – deyə Norland bildirib.

ABŞ rəsmiləri Rusiyanı əsas səbəb göstərsə də, gerçəkdə yalnız Rusiya deyil, həm də Türkiyənin Liviyadan çıxarılmasına çalışır. Çünki Liviyada atəşkəs əldə olunduqdan sonra açıqlama verən ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, “razılaşmada qeyd olunduğu kimi, əcnəbi döyüşçülər 90 gün ərzində Liviyanı tərk etməli və liviyalıların gələcəkləri ilə bağlı qərar verməsinə mane olmamalıdırlar”.

Eyni mövqeni Pompeo noyabrın 16-da Fransa prezidenti ilə telefon danışığı zamanı da səsləndirərək Türkiyənin Liviyaya hərbi qüvvə göndərməsini tənqid edib.

 

Bundan sonra nə olacaq?

Vaşinqtonun prosesə necə deyərlər, əl qoyması Liviyada vəziyyəti və oyun qaydalarını dəyişir. Əgər bir il əvvəl, konkret olaraq bu ilin yanvarında Liviyada iki savaşan tərəflərin əsas təmsilçisi kimi, masada Türkiyə və Rusiya vardısa, indi faktiki olaraq ABŞ-ın müdaxiləsi ilə balans dəyişib. Artıq masada ağırlıq Almaniya və ABŞ-a məxssusdur. Aydın məsələdir ki, Misir, BƏƏ, Fransa kimi ölkələr də ABŞ-ın yanında yer alacaq, üstəlik yanvardan etibarən ABŞ-a demokrat Bayden rəhbərlik edəcək, yəni Rusiya bütün “masalarda” sıxışdırılacaq.

Liviyada hər iki tərəf üzərində Vaşinqtonun güclü təsiri var və bu da onu deməyə əsas verir ki, ABŞ hökuməti Liviyada tərəfləri siyasi həll variantına razı salmağa çalışacaq. Yeni mərhələdə Rusiyanın Liviyada şansı Türkiyədən daha azdır. Ancaq Ankaranın Liviyada masasında nə qədər yer alması da Vaşinqtonla münasibətlərə adekvat olacaq.

İndi Liviya ilə bağlı əsas sual ölkənin gələcək liderinin kimliyi ilə bağlıdır. Aydın məsələdir ki, mövcud MSH və Təmsilçilər Məclisi hökumətlərinin rəbrələrinin milli seçkilərdə qalib gəlməsi və ən əsası ölkəni yenidən birləşdirməsi çətindir. Ortada iki mümkün variant var. Birincisi, vasitəçi dövlətlər Liviyaya yeni, bu günə qədər münaqişəyə cəlb olunmamış texnokrat şəxsi təklif edə bilər. Düzdür, vasitəçi ölkələrin təsiri ilə belə bir siyasətçini hakimiyyətə gətirmək mümkündür, lakin belə bir şəxs olsa belə, onun ölkəni birləşdirməsi çətindir.

İkinci versiya isə birləşdirici liderlərin varislərinin hakimiyyətə gətirilməsidir. Hazırda iki belə bir namizəd var. Bunlardan biri Müəmmar Qəzzafinin siyasi varisi, oğlu Seyfəlislam Qəzzafi, digər isə 1969-cu ildə devrilmiş Liviya kralı İdris əs-Sanusinin nəvəsi Məhəmməd Həsən əs-Sanusidir.

Düzdür 10 il əvvəl liviyalılar Qəzzafini küçədə linç edib öldürdülər, lakin o zamandan çox vaxt gedib və ictimai rəydə Qəzzafiyə qəzəb nisbətən yumşalıb. Digər tərəfdən, Qəzzafinin çoxlu sayda tərəfdarları və ən əsası bir milyondan çox üzvü olan (Liviyanın əhalisi 6 milyondan bir qədər çoxdur – K.R.) Qədhafa adlı Liviyada ikinci böyük qəbiləsi var.

Oğul Qəzzafi inqilabdan sonra həbs olunub ömürlük həbsə məhkum edilsə də, 2017-ci ilin yazında əfv olunub və həbsdən dərhal sonra Liviyanın nüfuzlu tayfa liderləri ilə görüşüb. Yəni əgər Seyfəlislam seçkilərdə qalib gələrsə, atasının adamları və tayfası vasitəsilə ölkəni birləşdirə bilər.

Liviyanın liderliyə iddialı şəxsi Kral İdrisin nəvəsi Məhəmmdə Həsən isə son zamanlar meydana atılıb. Ölkə daxilində nə qədər gücünün olduğu dəqiq bilinmir. Lakin krallıq tərəfdarları, mənsub olduğu tayfa və Liviyanın əsas dini təriqəti olan Sanusilik dini hərəkatı tərəfdarları ona dəstək verə bilər. Ancaq Liviyadan uzun illər əvvəl ayrılmış İdrisin nəvəsinin Seyfəlislam qədər şanslı hesab oluina bilməz.

İstənilən halda baş verənlər onu göstərir ki, Liviyanın gələcəyi Qərb paytaxtlarında həll olunacaq. Mümkün namizədlərin də şansı məhz Qərbdə masalarda əldə olunan razılaşma və verilən qərarlardan asılı olacaq.



MƏSLƏHƏT GÖR:

196