20 Aprel 2024

Şənbə, 14:45

XİLAS EDİLMİŞ ƏMLAK

Erməni kilsəsinin saxtakarları Qarabağla bağlı «feyk fabrik»in sonunun gəldiyini anlayırlar

Müəllif:

01.01.2021

İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan hərbi darmadağından qurtulmaq, xarici qüvvələrin himayədarlığı ilə Azərbaycan ərazilərinin işğalını davam etdirmək üçün nələrə getmədi? O, bu məqsədlə dünyanın güc mərkəzlərinin dəstəyini qazanmağa da çalışır, bunun üçün əlindən gələni əsirgəmirdi. Yəqin ki, ermənilərin bu yolda əl atdıqları ən iyrənc addım Azərbaycanın azadlıq savaşına dini don geydirmək cəhdi idi. Lakin İrəvanın öz təcavüzünü pərdələmək məqsədilə ortaya atdığı digər «motiv»lər kimi, bu cəhd də iflasa uğrayıb. Çünki Azərbaycanın zəngin multikultural irsə malik dünyəvi dövlət olması faktını heç cür gizlətmək mümkün deyil.

 

Alban irsi və ermənilərin quldur vərtəsi

Qədim dövrlərdə və orta əsrlərin əvvəllərində Azərbaycan ərazisində mövcud olmuş Albaniyanın tarixi-mədəni irsi Azərbaycan xalqının sərvətidir. Alban irsinin əhəmiyyətli bir hissəsini xristian abidələri təşkil edir. Çünki Azərbaycan Albaniyası (bu qədim dövləti Balkan Albaniyasından fərqləndirmək üçün amorf «Qafqaz» ifadəsi əvəzinə «Azərbaycan» sözünün işlədilməsi daha dəqiq, daha konkret olardı – red.) dünyada xristianlığa rəsmi din statusu vermiş ilk dövlət olub. Azərbaycan ərazisində xristianlığın lap erkən dövründən qalmış bütün abidələr də məhz Albaniyaya aiddir. Onları Azərbaycan xalqının əcdadlarından olmuş albanlar yaradıb. Azərbaycanın müxtəlif regionlarında yüzlərlə alban kilsəsi var. Belə kilsələrin 300-dən çoxu Qarabağdadır. Lakin ermənilik Qarabağın guya onlara məxsus olduğunu «sübut etmək» üçün özlərinin çoxəsrlik taktikasından istifadə edir. Söhbət başqalarına məxsus irsin mənimsənilməsi cəhdindən gedir. Bu irs müxtəlif siyasi və mədəni amillərin təsirilə tarixin müxtəlif dövrlərində erməni kilsəsinin təzyiqlərinə məruz qalıb. Lakin heç zaman öz xüsusiyyətini və müstəqilliyini itirməyib. Yalnız Rusiya imperatoru I Nikolayın imzası ilə bir anda Alban Apostol kilsəsi ləğv edilib və Erməni Qriqoryan kilsəsinin mülkiyyətinə verilib. Bundan sonra albanların bütün zəngin mədəni və dini irsi erməniliyin girovuna çevrilib. O vaxtdan ermənilər açıq şəkildə alban irsinin, ilk növbədə, kilsənin məhvi, alban mədəniyyətinin erməniləşdirilməsilə məşğul olub.

1991-1993-cü illərdə Dağlıq Qarabağ və ona bitişik rayonların işğalı ilə ermənilərin bu dağıdıcı fəaliyyəti üçün daha geniş imkanlar yaranmışdı. Kəlbəcər rayonu ərazisindəki monastırda müxtəlif dini artefaktların məhvi erməni vandalizminə bariz nümunədir. Noyabrın 10-da imzalanmış üçtərəfli razılaşma əsasında rayonun azad edilməsindən sonra məlum olub ki, bütün bu illər ərzində erməni işğalçıları abidələrin üzərindəki alban dini memarlıq üslubunu dəyişməklə, onlara «erməni görkəmi» verməklə məşğul olub. Bundan başqa, onlar Qarabağdakı məbədlərin albanlara məxsus olduğunu təsdiqləyən kitabları, ikonaları və digər xristian sərvətlərini Ermənistana daşıyıblar.

 

Udinlər saxtakarlara qarşı

Alban xristian mədəniyyətinin bilavasitə varislərindən biri də Azərbaycanda yaşayan köklü xalqlardan olan udinlərdir. Alban Apostol kilsəsinin dirçəlişində məhz udin icması fəal rol oynayır ki, bu da tarixi ədalətin bərpasına yol açır. Kəlbəcər rayonunun erməni işğalından azad olunmasından sonra oradakı Xudavəng monastırına udin din xadiminin xətib təyin olunması da bu mənada nümunəvidir. Daha bir nümunəvi fakt isə erməni keşişlərin isterika içərisində udin din xadimlərinin Xudavəngdə ibadət etməsinə mane olmaq cəhdləridir. Azərbaycan tərəfi erməni «müqəddəs ata»ların monastırı ziyarət etməsinə icazə versə də, onlar yenə də qonşularının dini-mədəni irsinə din xadimlərinə yaraşmayan kin nümayiş etdiriblər. Hər halda, onların Alban-udin xristian icması rəhbərlərinin Xudavəngə gəlməsinə mane olmaq cəhdləri çox şeydən xəbər verir. Qarabağın işğal altında qaldığı, təxminən, 30 ildə dünyanı oradakı məbədlərin ermənilərə məxsus olduğuna inandırmaq məqsədilə yalanlar uydurmuş erməni kilsəsinin saxtakarları artıq bu işin sonunun çatdığını anlayırlar. Beləliklə, tarixi həqiqətin zəfər çalması qaçılmazdır və Qarabağdakı yüzlərlə digər xristian məbədi kimi, Xudavəng də əsl yaradıcısına, öz sahibinə, yəni Azərbaycan xalqına qayıdır.

Erməni keşişlərə gəlincə, onların mənəvi siması çoxdan bəllidir. Əsrlər boyu erməni ekspansionizminin, təcavüzkarlıq siyasətinin əsas ilhamvericisi məhz erməni kilsəsi olub. Bu siyasət növbəti dəfə yolunu azmış qriqrian kilsəsinin ardıcıllarını 2020-ci ilin payızında biabırçı məclubiyyətlə üz-üzə qoydu. Qonşulara nifrət, terror, dinc azərbaycanlıların və türkiyəlilərin kütləvi qətli – bütün bunlar kilsənin «qədim xalqı» ruhlandırdığı «qəhrəmanlıqların» yalnız bir hissəsidir. Qarabağ münaqişəsinin də bilavasitə səbəbkarlarından biri erməni kilsəsi olub. O, sülh və barışı təbliğ etmək əvəzinə müharibəyə, təcavüzə, mifik «Böyük Ermənistan»ın qurulmasına mane olan xalqların məhvinə çağırışlar edib.

Bütün bunları nəzərə alsaq, insanlara nifrət aşılayan «Böyük Ermənistan» ideologiyası naminə günahsız insanları qətlə yetirməyə hazır olan erməni keşişlərin əlində avtomatla poz verməsi təəccüblüdürmü? Erməni kilsəsinin vizit kartı yalnız saxtalaşdırılmış tarixi artefaktlar yox, həm də hərbi anbarlara çevrilmiş məbədlərdir. Azərbaycan xalqına qarşı hərbi cinayətlərdə açıq şəkildə iştirak etmiş erməni din xadimləri, Ermənistanın İkinci Qarabağ müharibəsində darmadağın olaraq məğlubiyyətə uğramasından sonra, indi də açıq qisas çağırışları edirlər. Odur ki, bu quldur vertepinin bundan sonra da xalqlar arasında düşmənçilik və nifrəti qızışdırmaqla məşğul olacağına şübhə yoxdur.

Dünyada erməni kilsəsinin zərərli fəaliyyətilə üzləşən heç də yalnız Azərbaycanla Türkiyə deyil. Onun tamahkarlığını qonşu Gürcüstanda da yaxşı bilirlər. Hər halda, ermənilər Gürcüstanın da maddi və mənəvi irsinə davamlı şəkildə əl uzadırlar. 600-dən artıq gürcü kilsəsi onların mədəni hədəfləri arasındadır. Bu da son deyil. Erməni qriqoryan keşişləri hər il müqəddəs Qüdsdə də dindaşları ilə insident yaşayır. Bütün bunları nəzərə alsaq, dünyada bəzi dairələrin Qarabağ müharibəsinin güya dini xarakter daşıdığı ilə bağlı iddiaları necə qiymətləndirilməlidir?

 

Lüzumsuz qətnamələr dirçəlişə mane olmayacaq

Fransa parlamentinin qəbul etdiyi anti-Azərbaycan qətnamələri, o cümlədən «erməni xalqının, Avropa və Şərqdəki xristian icmalarının müdafiəsi haqqında» qətnamə dünyanın yalana, siyasi-mədəni manipulyasiyalara əsaslanan qərəzli yanaşmasına bariz misaldır. Bu «sənəd»lərin müəllifləri nəinki Qarabağdakı xristian məbədlərinin albanlara məxsusluğuna məhəl qoymadan tarixi təhrif edir, həm də utanmadan erməni hərbçilərinin Qarabağın işğalı illərində yol verdiyi cinayətləri görməzdən gəlir, həmin ərazilərdə Azərbaycan və islam mədəniyyətinə aid abidələrin məhv edildiyini görmək istəmir.

Halbuki 30 il ərzində Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında, Ermənistan Respublikası ərazisində onilliklər boyu həyata keçirilmiş cinayətləri təkrarlayıb. Xatırladaq ki, müasir Ermənistanın ərazisi olan əzəli Azərbaycan torpaqlarında – İrəvan və Zəngəzurda da bir dənə də olsun məscid qalmayıb. Halbuki XIX əsrin sonları, XX əsrin əvvəllərində orada yüzlərlə islam abidəsi olub. Həmin ərazilərdə Azərbaycan dövlətçiliyinin bütün izləri pozulub. Bu, İrəvan xanlığı dövrünə aid möhtəşəm saraylara, istehkam-qalalara da aiddir. Bu cür vandalizm siyasətinin yayıcılarından Azərbaycanın işğal altındakı torpaqlarındakı abidələrinə qarşı mərhəmət gözləməyə dəyərdimi?

Sualın cavabı məlumdur. Lakin erməniliyin qüdrətli himayədarları bu sualdan özünəməxsus tərzdə, ikili standartlardan çıxış edərək yayınmağa çalışır. Halbuki Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman multikultural ideyalara sadiqlik nümayiş etdirib, ölkə ərazisində bütün dinlərə aid məbədləri, o cümlədən xristian kilsə və monastırlarını qoruyub və qoruyur. Bu məbədlər əsrlər boyu Azərbaycan ərazisində qorunub saxlanıb və yalnız erməni işğalçılarının bu torpaqlara gəlişindən sonra dağıdılıb, manipulyasiya və saxtakarlıq obyektlərinə çevrilib. Ermənilər işğal altındakı Kəlbəcər rayonunu ümidsizlik içərisində tərk edən zaman da Xudavəng monastır kompleksi ilə «haqq-hesab çəkməyi» unutmayıblar. Dünyanı israrla məbədin onlara məxsus olduğuna inandırmaq istəyən vandallar sonda onun piltələrini, kərpiclərini, daşlarını belə, söküblər…

Lakin xoşbəxtlikdən, artıq Qarabağ tarixinin, onun müqəddəs məkanlarının kədərli səhifəsi bağlanıb. Azərbaycan 30 ilə yaxın erməni işğalı altında qalmış ərazilərindəki mədəni-tarixi abidələrini bərpa edir. Bundan sonra Qarabağda Azərbaycan xalqının zəngin mədəniyyətinin nümunələri olan ibadət yerləri, məscid və kilsələr etibarlı şəkildə müdafiə olunacaq.

Sivilizasiyalararası dialoqa böyük töhfələr verən Azərbaycan nəinki öz mədəniyyətini qayğıkeşliklə qoruyur, həm də başqa ölkələrdə dini abidələrin bərpasında fəal iştirak edir. Vatikanda katakombaların və Fransada kilsələrin bərpasına Azərbaycanın göstərdəyi maliyyə dəstəyi bunun təsdiqidir. Bütün bunlar şübhəsiz ki, Azərbaycan ərazisindəki alban xristian məbədləri kimi şah əsərlərin də qorunacağına zəmanət deməkdir. Bu məbədlər bizim zəngin mədəni irsimizin bir hissəsidir. Dünyanın ayrı-ayrı dairələrinin yalandan guya onların qayğısına qaldığını nümayiş etdirməsinə ehtiyac yoxdur.



MƏSLƏHƏT GÖR:

277