18 Aprel 2024

Cümə axşamı, 20:44

«ALTILI PLATFORMA»

Bütün yeniliklər, əslində, tamamilə yaddan çıxmış keçmişdir, yaxud Qafqazda yenilənməyə hamı hazırdırmı?

Müəllif:

01.01.2021

Məlum olduğu kimi, 2020-ci il dekabrın 10-da Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan Bakıda keçirdikləri birgə mətbuat konfransında yeni regional əməkdaşlıq platformasının yaradılması ilə bağlı tarixi bəyanat veriblər. Söhbət «Altılı platforma»dan gedir. Təşəbbüskarların fikrincə, bu, çoxtərəfli platforma ola bilər və bu əməkdaşlıq platformasında iştirak edəcək bütün region dövlətləri bundan faydalana biləcək.

 

Yeni-köhnə təşəbbüs

Bu gün, yəqin ki, 2008-ci ilin avqustunda, hələ Böyük Qafqazda artilleriya səsləri eşidilmədən Türkiyənin baş naziri R.T.Ərdoğanın Qafqaz dövlətləri və Türkiyənin iştirakı ilə siyasi birlik yaratmaq təşəbbüsü ilə çıxış etdiyini çoxları xatırlamır. O zaman bu təşəbbüsə «Qafqazda sabitlik və əməkdaşlıq platforması» adı verilmişdi. Lakin 12 il əvvəl istər qlobal, istərsə də regional siyasi güclərin bölgənin inkişaf perspektivlərilə bağlı fikirləri köklü şəkildə fərqlənirdi. Belə bir şəraitdə sabitlikdən, xüsusilə əməkdaşlıqdan danışmaq mümkün deyildi və bu üzdən də Ərdoğanın təşəbbüsü sanki gələcəyə saxlanmışdı.

Amma Ankara bu təşəbbüsü istənilən halda, əbəs yerə irəli sürməmişdi. Türkiyə hələ 10 il əvvəl özünün Qafqaz siyasətində bütün istiqamətlər üzrə irəliləyişlərə nail olmaqda idi. Türkiyə hökuməti başçısının sülh təşəbbüsü isə Ankaranın regionla bağlı strateji maraqlarının təmini baxımından son dərəcə vacib alət idi.

Bu müddət ərzində əldə edilmiş əsas nailiyyət Rusiya ilə qarşılıqlı münasibətlərdə lazımi səviyyəyə çatılmasıdır. Məhz bu amil Ankaraya eyni vaxtda istər ikitərəfli əməkdaşlıq, istərsə də çətin regional problemlərlə bağlı effektiv müzakirələr aparmaq imkanı yaradıb. Daha da önəmlisi, bu müzakirələr tərəfləri qane edən qərarların qəbuluna yol açıb.

100 il əvvəl olduğu kimi, bu gün də Qafqazda cərəyan edən proseslərin xarakteri Rusiya-Türkiyə əməkdaşlığından asılıdır. Türkiyədə hər zaman anlayıblar ki, istər Ermənistanda, istərsə də Azərbaycanda ciddi inam resursu məhz Rusiyaya məxsusdur. Tərəflərin uzaq perspektiv üçün yeni regional gündəmi müəyyənləşdirən sülh razılaşmasını məhz Moskvanın bilavasitə iştirakı ilə imzalaması isə Rusiyaya da sərf edir.

 

Yeni şəraitdə yeni təşəbbüs

Yeni şəraitdə Türkiyə-Rusiya tərəfdaşlığına Vətən müharibəsindən qalib çıxmış Azərbaycan da qoşulub. 10 noyabr razılaşmasına uyğun olaraq, Bakı faktiki, miqyaslı geosiyasi və geoiqtisadi layihələrin reallaşdırılması meydanına çevrilib. Prezident İlham Əliyev «altılı platforma»nın perspektivlərindən danışarkən Azərbaycanın müxtəlif regioanl əməkdaşlıq formatları üçün «bağlayıcı» dövlət olduğunu əbəs yerə dilə gətirməyib. Söhbət Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran, həmçinin yeni format olan Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlığından gedir.

Təbii ki, altıtərəfli platforma bütün bu formatların özündə birləşdirə, bütün regional və qeyri-regional oyunçular üçün dialoq meydanına çevrilə bilər. Maraqlıdır ki, Azərbaycan buraya aid olan bütün regional (Ermənistan və Gürcüstan) və qeyri-regional (Rusiya, İran və Türkiyə) dövlətlərlə həmsərhəd olan yeganə ölkədir. Bu, ona şəksiz geosiyasi üstünlük qazandırır, bu üstünlük isə Azərbaycanın konstruktiv əməkdaşlıqda maraqlı olan bütün dövlətlər üçün təbii və effektiv kommunikator rolunu oynamasına imkan verir.

Digər tərəfdən yeni platformanın yaradılması təşəbbüsü Rusiya ilə Gürcüstanın eyni formatda yer alması baxımından da diqqət çəkir. Təklifin nə qədər unikal olduğunu göstərən məqamlardan biri də budur. Gürcüstanın bir sıra nüfuzlu siyasi fiqurları artıq maraqlı bəyanatlarla çıxış ediblər və onların sözlərindən məlum olur ki, Tbilisi Bakıdan müvafiq siqnalı alıb və artıq onu diqqətlə öyrənməkdədir.

Məsələn, Gürcüstan prezidenti Salome Zurabişvili ölkəsinin payızda seçilmiş parlamentinin ilk toplantısında yeni regional format – «Qafqaz platforması»nın yaradılması təklifilə çıxış edib. «Qafqazdakı qonşularımızın və yeni reallıqların nəzərə alınması ilə yeni yanaşmaya ehtiyac var», - deyə o, bildirib: «Hesab edirəm ki, Qafqaz ölkələrini, xarici aktorları və beynəlxalq təşkilatları özündə birləşdirəcək «Qafqaz sülh platforması» haqda düşünmək lazımdır».

Doğrudur, bundan cəmi bir neçə gün sonra Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya fərqli fikir söyləyib. O, bildirib ki, Rusiya «beynəlxalq öhdəliklərinə əməl etməzsə», Gürcüstanın Moskva ilə hər hansı birgə formatda yer alması mümkün deyil. Bununla yanaşı, o, Azərbaycan və Türkiyə liderlərinin səsləndirdikləri təşəbbüsün detallarını bilmədiyini də əlavə edib.

Düşünmək olar ki, platforma ümumi maraqlar naminə müxtəlif dövlətlər arasında əməkdaşlığı nəzərdə tutur. Söhbət hansısa birliyin, ittifaqın, institusional formatın yaradılmasından getmir. Bu platforma, ilk növbədə, əməkdaşlıq, böyük regional dialoq meydanı olacaq. O, yuxarıda sadalanan və bu gün regionda uğurla fəaliyyət göstərən ayrı-ayrı formatların birliyi olacaq.

Yeri gəlmişkən, Gürcüstan özü də qeyd olunan çoxtərəfli dialoqun iştirakçısıdır.

 

De-fakto fəaliyyətdə olan təşəbbüs

Əslində, Rusiyanın Azərbaycanın təşəbbüsü ilə reallaşdırılmış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində artıq bir müddətdir, iştirak etməsi altıtərəfli platformanın fəaliyyətdə olduğunun göstəricisidir. Rusiyalı mal istehsalçıları öz məhsullarını Türkiyəyə ixrac etmək üçün məhz bu marşrutdan istifadə edirlər. Demək, Gürcüstan tranzit ölkə kimi, bundan qazanc götürür. Bu gün Rusiyanın iki nəhəng şirkəti – Maqnitoqorsk Metallurgiya Zavodu və «Yevraz» şirkəti yüklərini Bakı-Tbilisi-Qars ilə daşıyır. Bu dəmir yolu ilə Rusiyadan Türkiyəyə taxıl daşımaları da həyata keçirilir.

Rusiya, Türkiyə və Azərbaycanın dəmir yolu idarələrinin rəhbərləri hələ 2019-cu il mayın 6-da memorandum imzalayıblar. Sənəddə dəmir yolunun Axalkalaki (Gürcüstan)-Qars hissəsində 1520 mm enində ikinci yolun tikintisinin mümkünlüyündən danışılır.

«Rusiya Dəmir Yolları» ASC-nin press-relizində bildirilirdi ki, «memorandum Bakı-Tbilisi-Qars marşrutu ilə iqtisadi əsaslandırılmış tariflərin tətbiqi və yeni yük bazalarının cəlbilə müntəzəm daşımaların təmininə hesablanmış birgə səylərin həyata keçirilməsini nəzərdə tutur».

Deyilənlər Rusiya tərəfinin yalnız Azərbaycan və Türkiyənin deyil, həm də Gürcüstanın dəmir yolu infrastrukturundan istifadədə maraqlı olduğunu təsdiqləyir. Demək, Rusiya ilə Gürcüstanın ilkin mərhələdə dolayısı yolla olsa belə, bu sahədə əməkdaşlığı istisna deyil.

Yeri gəlmişkən, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəmir yolunun Meğri hissəsinin tikintisi də bütün regional oyunçular üçün əlavə nəqliyyat-tranzit imkanı yaradacaq.

 

Meğri dəhlizi: yeni imkanlar, yoxsa…

Noyabrın 18-də Rusiya və Azərbaycanın baş nazirləri Mixail Mişustinlə Əli Əsədov arasında telefon danışığı olub. Tərəflər «Cənubi Qafqazda nəqliyyat əlaqələrinin normallaşdırılması qərarı fonunda dəmir yolu infrastrukturunun inkişaf perspektivlərini» müzakirə edib. Naxçıvanı Azərbaycanın əsas hissəsilə birləşdirəcək dəmir yolunun Ermənistan hissəsinin yenidən qurulması ilə bağlı bütün işləri «Rusiya Dəmir Yolları» ASC-nin törəmə şirkəti olan «Cənubi Qafqaz Dəmir Yolları» QSC həyata keçirəcək.

Bəzi məlumatlara görə, sonuncunun əməkdaşları artıq Meğriyə baş çəkib, görülməli olan işlərin ümumi dəyərləndirməsini aparıblar. Söhbət Araz çayı boyunca uzanan 35 kilometrlik hissədən gedir.

Bu dəmir yolunun bərpası «Cənubi Qafqaz Dəmir Yolları» QSC-yə, ilk növbədə, öz vəziyyətini yaxşılaşdırmaq imkanı verəcək. Məsələ ondadır ki, bu şirkət Ermənistanda fəaliyyət göstərdiyi uzun illər ərzində istədikləri səviyyəyə yüksələ bilmədi. Səbəb isə aydındır. Yeganə çıxışı Gürcüstana olan Ermənistan daxilində qapanıb qalmış qurum məhdud yük daşımaları ilə məşğul olub və demək, onun gəliri də çox olmayıb. İndi, yeni yolların açılması ilə o, nəinki Rusiyanın dəmir yolu sisteminə çıxış əldə edəcək, Rusiyadan Ermənistana və əksinə daşımalarda iştirak edə biləcək, həm də Türkiyə istiqamətində yük daşımalarına qoşulmaq imkanı qazanacaq.

Naxçıvan vasitəsilə dəmir yolu əlaqəsinin bərpasına İran da müəyyən maraq göstərə bilər. Məsələ ondadır ki, İran Culfasından Azərbaycan Culfasına dəmir yolu keçidinin olması ona həm qərb (Türkiyə), həm də şərq (Azərbaycan vasitəsilə Rusiyaya çıxmaqla) yük daşımaları imkanı yaradacaq. Beləliklə, İran Rəşt-Astara dəmir yolunun açılmasını gözləmədən, «Şimal-Cənub» marşrutu çərçivəsində daşımalara başlaya bilər. Təbii ki, Rəşt-Astara yolu Meğri nəqliyyat dəhlizindən əvvəl hazır olmazsa…

İstənilən halda, region ən nəhəng subregional nəqliyyat layihələrinin reallaşdırılması mərhələsinə qədəm qoyur. Bu işdə əsas hab isə Azərbaycan ərazisidir. Azərbaycanın regional siyasətdə və iqtisadiyyatda əhəmiyyətinin daha da artması, burada istər regional, istərsə də qonşu dövlətlərin maraqlarının kəsişməsi Türkiyə və Azərbaycan prezidentlərinin dekabrın 10-da elan etdikləri əməkdaşlıq platformasının gerçəkləşdirilməsi üçün münbit şərait yaradır.

Ermənistanın platformaya qoşulmaq perspektivlərinə gəlincə, o, platformanın əsas iştirakçıları olan Azərbaycanla Türkiyəyə münasibətini dəyişərsə, konstruktiv mövqe tutarsa, layihədə iştirak imkanı qazana bilər.

Əlbəttə ki, Ermənistan buna regional siyasətdə və iqtisadiyyatdakı yeri haqda düşüncəsini dəyişməklə, qonşuları Azərbaycanla Türkiyəyə ərazi iddialarından əl çəkməklə nail ola bilər. Bunun necə baş verəcəyi, ümumiyyətlə baş verib-verməyəcəyisə tezliklə məlum olacaq.



MƏSLƏHƏT GÖR:

274