24 Aprel 2024

Çərşənbə, 01:30

ŞAHİDİN GÖZLƏRİ İLƏ

Riçardas LAPAYTİS: «Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı – çox böyük Qələbədir!»

Müəllif:

15.01.2021

Nədən söhbət gedirsə, getsin, həqiqəti çatdırmaq üçün bu və ya digər hadisələrin şahidləri ilə canlı ünsiyyət gərəkdir. Həmsöhbətimiz Litvadan olan hərbi jurnalist Riçardas Lapaytis buna əmindir. Əgər söhbət iki Qarabağ müharibəsindən və bu yaxınlarda Azərbaycanda baş verən hadisələrdən gedirsə, Birinci Qarabağ müharibəsinin şahidi ilə canlı ünsiyyət bölgənin keçmişini xatırlamaq və gələcəyini düşünmək üçün çox yaxşı fürsətdir.

- Sizin 90-cı illərdə Qarabağa gəlməyinizə nə səbəb oldu, siz - çox gənc bir insan Azərbaycana gəlmişdiniz, burada nə görəcəyinizi düşünürdüz?

- Mən Azərbaycana gəlməmişdən əvvəl çox səyahət etmişdim: Şimali Ural, bütün Sibir, Zabaykalye, Uzaq Şərq, Ukrayna və Moldova, o cümlədən İrəvanda da olmuşdum. Bütün bir il Şimal Qütb Dairəsini (Taymur yarımadasını) gəzmişdi. Sonra hiss etdim ki, artıq "böyümüşəm" və keçmiş Sovet İttifaqının üfüqləri mənim üçün dar gəlir. Düzdür, Çinə getməzdən əvvəl Orta Asiyanın bütün keçmiş sovet respublikalarını gəzməyi qərara aldım. Onda düşündüm ki, mən heç vaxt Azərbaycanda olmamışam, Bakını, Qobustanı görmək, bu Şərq şəhərinin tarixi və mədəniyyəti ilə tanış olmaq istədim. Özü də, bizi ortaq tarix bağlayır - 1918-ci ildə, ADR dövründə Bakıda bir Litva konsulluğu fəaliyyət göstərirdi və 3 mindən çox litvalı yaşayırdı. Bizi oxşar bir faciə də birləşdirir - 1990-cı ildə ölkənizdə baş verən Yanvar hadisələri bir il sonra Litvada da təkrarlandı. Bu, bizim şəhərlərin sadə insanlarına qarşı edilən amansız bir cinayət idi. Bəli, mən səyahət üçün çox yaxşı vaxt seçməmişdim, amma tale belə gətirdi.

- Savaş müxbiri kimi Birinci Qarabağ müharibəsinin bir sıra hadisələrinin birbaşa şahidi olmusunuz. Bu yaxınlarda baş vermiş İkinci Qarabağ müharbəsini isə öz ölkənizdən izləmisiniz. Baş verənlərə münasibətinizi bilmək istərdik. Azərbaycanın uzun müddət informasiya blokadasında qalmasını və dünyanın bir çox KİV-lərinin Ermənistana lobbiçilik etməsini nəzərə alaraq iki münaqişə tərəfi arasındakı informasiya qarşıdurmasını necə qiymətləndirirsiniz?

- Birmənalı cavab vermək çətindir və səbəbini deyəcəm. Birincisi, rusiyalı özünü ekspert sayanlar çox danışdılar. Bu həm yaxşıdır, həm də pis. Bir qayda olaraq, onlar Azərbaycana qarşı çıxış edirdilər, buna görə onların səmimi olduqlarına inanmıram. Bu baxımdan, mənə xarici jurnalistlərin səsləri yertərli gəlmədi. Ancaq bu çatışmazlıq vətəndaş cəmiyyəti, dünyadakı bütün azərbaycanlıların həmrəyliyi tərəfindən kompensasiya edildi. Eyni zamanda, İrəvan öz imicini yaxşılaşdırmaq üçün böyük səylər göstərdi; orada indi də italyanlar, fransızlar, rusiyalılar və litvalılar çalışırlar. Erməni lobbisi həmişə dünya KİV-ləri ilə məharətlə işləyib və buna çox pul xərcləyib. Məsələn, müharibə zamanı Xankəndidən Litva dilində çox sayda birbaşa reportajlar gedirdi. Belə şəraitdə kimisə inandırmaq və həqiqəti çatdırmaq çox çətindir. Buna görə də, informasiya blokadasını yarmaq üçün çox çalışmalısınız!

- 30 ilə yaxındır ki, Qarabağ müharibəsi və münaqişənin başlama səbəbləri barədə çox sayda təzadlı şeylər yazılıb. Sizcə, dərc olunanların hansıları həmin hadisələrlə bağlı ən doğru məlumatları əks etdirir?

- Düşünürəm ki, Çingiz Mustafayev və Seyidağa Mövsümov, latış jurnalist Modris Auzenş, Leonid Lazareviç, Sankt-Peterburqdan olan yazıçı Yuri Pompeyev kimi jurnalistlər Dağlıq Qarabağ hadisələrinin işıqlandırılmasına böyük töhfə veriblər. Gözəl fotomüxbirlər Oleq Litvini, İlqar Cəfərovu, Mirnaib Həsənoğlunu və başqalarını unutmamalıyıq. Tomas de Vaalı, Viktoriya İvlevanı da yada salıram. Onların hamısı həqiqətləri ictimaiyyətə çatdırmaq üçün həyatlarını riskə atırdılar.

- Xocalı hadisələrini necə qiymətləndirmək doğrudur – faciə yoxsa, soyqırımı?

- Xocalı hadisələrinin şahidi olaraq birmənalı deyə bilərəm - bu, azərbaycanlıların soyqırımı idi. İnsanları yalnız etnik zəmində öldürürdülər. Yaşlı insanlar, qadınlar və azyaşlı uşaqları vəhşicəsinə öldürdülər. Bunu başqa cür qiymətləndirmək olmaz!

- Sizin görüb danışdıqlarınız əsasında çəkilmiş “Bitməyən dəhliz” filmi bir növ faciənin salnaməsinə çevrilib və bu gün gerçəkdən bütün dünyaya dəhşətli faktları təqdim edir. Birinci müharibə zamanı heç bir həvəskar video və ya foto çəkiliş olmayıb, heç bir sosial şəbəkə olmayıb ki, onun köməyi ilə bu gün istənilən faktı bir neçə saniyə içində ictimaiyyətə təqdim etmək mümkün olsun. Necə düşünürsüz, münaqişənin başlanğıcında və Birinci Qarabağ müharibəsində baş vermiş gerçəkləri insanlara başqa necə çatdırmaq olar?

- Metod və üsullar həddindən çoxdur, ən yaxşısı Qarabağ müharibəsi şahidləri ilə canlı ünsiyyətdir. Şahidin ağzından dinlənilən hekayə bir neçə saniyə içində hər bir dinləyicini düşünməyə vadar edir. Əsas odur ki, bu cür tədbirlər bütün Avropada və digər bölgələrdə keçirilsin. "Bitməyən dəhliz" sənədli filmi böyük uğur qazandı, çünki xarici sənədli film istehsalçıları tərəfindən çəkilib və dünyanın bir çox dillərinə çevrilib! Film çox sayda beynəlxalq film festivallarının iştirakçısıdır. Filmin çəkilişinə və üzərində işlənilməsinə nə siyasətçilər, nə də təsadüfi şəxslər buraxılmayıb və bu, böyük bir uğur hesab edilə bilər. Bundan başqa, çox vacibdir ki, qərb jurnalistlərini fərdi qaydada öz məqsədləri üçün istifadə etməsinlər; rəsmi səviyyədə Qərb mediası ilə möhkəm əlaqələrə ehtiyac var. Burada da Azərbaycanın diplomatik korpusunun üzərinə mühüm rol düşür.

- Həmkarlarınız və ya sadə insanlar tərəfindən Qarabağ münaqişəsi üzrə mövqeyinizlə bağlı anlaşılmazlıqla qarşılaşmısınızmı?

- Hərdən. Məsələnin mahiyyətini başa düşməmələri və ya qeyri-dəqiq məlumatların olması üzündən. Belə hallarda səbirlə davranıram və baş verənlərin ardıcıllığını və səbəblərini izah etməyə çalışıram! Bunun üçün, şəksiz ki, fundamental biliklər vacibdir, həm tarixi faktları, həm də cari məlumatları bilmək lazımdır. Ancaq əksər hallarda həmsöhbətlərimi inandıra bilirəm, çünki özüm Qarabağ müharibəsinin şahidi olmuşam.

- Dərc etdirdiyiniz yazılarla bağlı sizin təhdidlərlə üzləşdiyinizi oxumuşam. Sizi kim və haçan təhdid edib?

- Bu barədə danışmaq mürəkkəbdir. Bununla belə, hələ heç kim məni yazılarıma görə məhkəməyə verməyib, heç vaxt sosial şəbəkələrdə blok etməyiblər. Təhdidlər olub, amma bu barədə danışmaq istəmirəm. Burada və indi məntiqi ilə yaşamağa çalışıram. Savaş jurnalisti kimi, hara getdiyimi və nələrlə qarşılaşa biləcəyimi çox yaxşı bilirəm!

- Bəhs etdiyiniz rusiyalı «ekspertlər» iddia edirlər ki, Xankəndinə Rusiya sülhməramlıları girdiyinə görə Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi yarımçıqdır, bu iddialar barədə nə düşünürsünüz?

- İstənilən halda, Azərbaycanın bu 44 günlük İkinci Qarabağ müharibəsində qazandıqları - böyük Qələbədir! Axı, 90-cı illərdə heç kim müharibənin bu qədər uzanacağını gözləmirdi. Düşmən bu otuz ildə mövqelərin dərinləşdirməyə və möhkəmləndirməyə nail olmuşdu, hücum etmək isə həmişə müdafiə olunmaqdan daha çətindir. Açığı, Zəngilan azad edildikdən sonra Azərbaycan Prezidentinə və Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevə təbrik teleqramı göndərmək üçün birbaşa Azərbaycanın Litvadakı səfirliyinə zəng etdim. Özü də, bu, Şuşanın azad edilməsindən əvvəl olmuşdu! Əgər mən - litvalı bütün bunları başa düşürəmsə, o zaman otuz illik işğal üzərindəki qələbəyə şübhə olmamalıdır. Hər kəs Ermənistanın arxasında kimin olduğunu, onu silah və ballistik raketlərlə kimin təmin etdiyini çox yaxşı bilir. Biz Gəncə və Bərdəyə edilmiş terror hücumlarını, strateji əhəmiyyətə malik Mingəçeviri bombalamaq cəhdlərini gördük, Sərsəng su anbarında terror aktının baş vermə ehtimalı barədə oxuduq. Bütün mümkün təzyiq alətlərindən istifadə edirdilər. Paşinyan hər gün zəng edib Putinə şikayət edirdi, müdaxilə etməsi üçün yalvarırdı. Hamı bilirdi ki, Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası var, hamı İranın hava məkanından hərbi təyyarələrin uçuşlarını izləyirdi, hər kəs Azərbaycanın beş günə dayanacağını qışqıran rusiyalı "ekspertləri" dinləyirdi. Ancaq Azərbaycan əsgərləri bütün dünyanın gözü qarşısında daha da irəlilədilər, Şuşaya daxil oldular və erməni hərbi qruplaşmasını mühasirəyə aldılar! Yəni öz gücləri ilə işğalçını diz çökdürdülər! Şuşa süngü döyüşü ilə alınıb, bu qələbə tarixə düşəcək və onun barəsində çox uzun müddət danışacaqlar! Azərbaycan Ermənistanı təslim aktını imzalamağa məcbur etdi, Rusiyanı elə vəziyyətə saldı ki, yalnız sülhməramlıların yeridilməsi ilə dünya arenasında nüfuzunu bir qədər xilas edə bildi, Qərb isə hadisələrə, ümumiyyətlə, reaksiya verməyə macal tapmadı. Bu qələbə deyilmi? Artıq Azərbaycanın həm də Naxçıvan və Türkiyə ilə quru yolu olacaq, bu gələcək hadisələrdə çox vacib rol oynayacaq, yəni Xankəndi ilə məsələyə son qoyacaq. Bu parlaq qələbə münasibətilə Azərbaycanı ürəkdən təbrik edirəm və şəhid ailələrinə dərin hüznlə başsağlığı verirəm! Hər bir əsgərlə fəxr edirəm və bütün Azərbaycan xalqı ilə birlikdə sevinirəm!

- Ermənistanın siyasi elitasında nəzərə çarpan revanşist əhvalı necə qiymətləndirirsiniz? Ermənistan tərəfindən hərbi əməliyyatların bərpa edilməsinə hazırlaşmağa dəyərmi? Necə paradoksal olsa da, Paşinyan hazırda sülh müqaviləsinin yerinə yetirilməsinin bir növ qarantıdır, ancaq Ermənistanın özündə daxili siyasi vəziyyət ölkə rəhbərliyinin dəyişməsi ilə nəticələnə bilər.

- Təbii ki, orada rəhbərliyin dəyişməsi baş verəcək! Ancaq orada başqa nə cür əhval ola bilər, hansı döyüş ruhundan söhbət gedə bilər? Ermənistanın açıq müharibə başlamağa gücü çatacağını düşünmürəm. Bəzi hücumlar ola bilər, bu ölkə əsrlər boyu bu cür mənfi keyfiyyətləri "təkmilləşdirib". Daşnaklar həmişə mülki əhaliyə və sivilizasiyaya qarşı hərbi və terror hücumları təşkil ediblər. Ancaq düşünmürəm ki, Azərbaycan buna qarşı hazırlıq görmür! İndi dünya çox qeyri-sabitdir və bu vəziyyətdə, əminəm ki, Azərbaycan çox şey düşünür. Sülhməramlılar da düşünür. Şübhəsiz ki, təxribatlar olacaq, onlar artıq baş verir. İndi Ermənistanda həm iqtisadi, həm siyasi, həm də mənəvi baxımdan tam qarışıqlıqdır. Bu, təəccüblü deyil, çünki demək olar ki, hər şeyi itiriblər. Ancaq bu barədə daha erkən düşünməli və Azərbaycan torpağını rahat buraxmaq lazım idi. Həmin əraziləri nə günə qoyduqlarına baxın, sözlə çatdırmaq olmur! Ağdam, Füzuli. Kəlbəcər, Zəngilan... partlayışdan sonrakı Xirosimaya bənzəyir.

- Siz necə düşünürsünüz, iki qanlı müharibəndən sonra Azərbaycanla Ermənistan arasında mehriban qonşuluq münasibətləri qurmaq mümkündürmü? Cənubi Qafqazın üç dövlətini ümumi infrastruktur layihələrində iştirak üçün bir araya gətirmək olarmı?

- Bəzi irəliləyişlər olmalıdır, amma hələlik bunun üçün heç bir ilkin şərt yoxdur. Hər şey üçün zamana ehtiyac var! Azərbaycanlı hərbi əsirlərin necə vəhşiliklə öldürdüklərini görəndən sonra heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Çox şey Ermənistanın özündən asılıdır.

- Mətbuatda gələcəkdə türk dövlətlərinin hərbi ittifaqının yaradılması barədə söhbətlər çoxalıb. Belə perspektiv nə qədər real görünür?

- Türk dövlətlərinin yeni hərbi ittifaqının yaradılması – mürəkkəb məsələdir. Azərbaycanın geosiyasi mövqeyi elədir ki, düşünürəm, o, balanslı siyasət yürüdəcək və öz yolunu seçəcək. Axı onu Avropa ilə sıx iqtisadiyyt və mədəniyyət layihələri bağlayır. Azərbaycan, demək olar ki, bütün ölkələrlə həmişə dost münasibətlər qurub. Gələcəkdə burada mühüm turizm marşrutları açılmalıdır, yəni bura Qərblə Şərqin kəsişməsidir. Mən inanıram ki, Azərbaycanın çiçəklənməsi üçün böyük imkanlar var. Ermənistana gəlincə, onlar ya ağıllanmalıdırlar, ya da daş dövrünə qayıdacaqlar. İndi dünya qloballaşma dövrünü yaşayır və mehriban qonşuluq münasibətləri Ermənistanın özü üçün yeni imkanlar aça bilər. Əminəm ki, Azərbacyanın müqəddəs torpağına bir daha heç kim göz dikməz. Vəhşilərin törətdiyi dağıntıların, həlak olan şəhidlərin xatirəsi əbədi olaraq qorunmalıdır. Azərbaycan xalqına öz tarixi torpaqlarına sürətlə qayıtmağı arzu edirəm!



MƏSLƏHƏT GÖR:

268