25 Aprel 2024

Cümə axşamı, 21:42

AVRASİYANIN YENİ ENERJİ XƏRİTƏSİ

Avropaya ticari qaz nəqlinə başlayan Azərbaycan Cənub Qaz Dəhlizinin imkanlarını genişləndirəcək

Müəllif:

15.01.2021

Cənub Qaz Dəhlizinin (CQD) tammiqyaslı istifadəyə verilməsi Avropanın təbii qaz istehlakçıları üçün sözün əsl mənasında Yeni il hədiyyəsi oldu. 31 dekabr 2020-ci ildə Azərbaycan tarixdə ilk dəfə olaraq Yunanıstan, Bolqarıstan və İtaliyaya ticari qaz nəqlinə başladı.

“Bu, bizim tarixi nailiyyətimizdir. Çünki Cənub Qaz Dəhlizinin təşəbbüskarı da bizik. Əsas maliyyə yükünü də biz öz üzərimizə götürmüşük”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə bildirib.

 

Etibarlı, birbaşa və əlverişli marşrut

Azərbaycan qazı Melenduqno yaşayış məntəqəsindən «SNAM Rete Gas» (SRG) qaz paylayıcı şəbəkəsi ilə İtaliyadakı istehlakçılarına, Nea Mesimvria yaşayış məntəqəsindən DESFA qaz ötürmə şəbəkəsi vasitəsi ilə  Yunanıstana və Bolqarıstana çatdırılıb.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, CQD layihəsi iştirakçı ölkələr və başqa Avrasiya dövlətləri arasında yeni formatda əməkdaşlıq üçün zəmin yaradır.

“Biz Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdik. Biz bir–birinə bağlı olan 3500 kilometr uzunluğunda 3 qaz kəmərini inşa etdik. “Şahdəniz–2” layihəsini istismara verdik və artıq Avropa istehlakçıları Azərbaycan qazını alırlar. Bu, həm onlar, həm də bizim üçün faydalıdır”, - deyə Azərbaycan lideri vurğulayıb.

Faydalar isə göz qabağındadır: təbii qazın Avropaya nəqli bir istehsalçı kimi Azərbaycanın enerji təhlükəsizliyini gücləndirəcək - ölkə mənbələri və marşrutları şaxələndirəcək, tədarük bazarları və istehlakçı ölkələr çoxalacaq. Azərbaycan qazının Avropaya nəqlinin başlaması münasibətilə təntənəli mərasimlərin (pandemiya və karantin səbəbi ilə) olmaması baş verənlərin tarixi önəmini azaltmır. Dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa qaz bazarına birbaşa çıxış əldə etməsi olan bir qaz ölkəsi olaraq Azərbaycanın inkişafında yeni bir səhifə açır.

"Avropanın cənubuna yeni bir mənbədən qaz nəqli istehlakçıların daha əlverişli şərtlərlə enerji təminatına, karbonsuzlaşdırmaya, həmçinin qitənin Xəzər bölgəsi ilə birləşdirilməsinə kömək edir", - deyə energetika naziri Pərviz Şahbazov bildirib.

Bununla yanaşı, qurumda etiraf edirlər ki, tərəfdaş ölkələrlə, şirkətlərlə, beynəlxalq maliyyə qurumları ilə nümunəvi işbirliyi olmadan, ABŞ, Böyük Britaniya və Avropa Birliyi tərəfindən Cənub Qaz Dəhlizinə daim güclü dəstək təmin edilmədən Xəzər qazının Avropaya nəqli sisteminin uğurla işə salınması mümkün olmazdı.

“TAP qitənin qaz şəbəkəsinin ayrılmaz hissəsidir və enerji tranzitinin yol xəritəsinə öz töhfəsini verir. Biz Cənub-Şərqi Avropaya və başqa ölkələrə etibarlı, birbaşa və rahat nəql marşrutu təklif edirik”, - deyə TAP-ın icraçı direktoru Luka Şippati bildirib.

Yeri gəlmişkən, layihənin gələcək inkişafı üçün yaxşı perspektivlər var. TAP qaz kəmərinin ticari əməliyyatının yenicə başlamasına baxmayaraq, artıq bu yay onun tutumunun genişləndirilməsi imkanlarının araşdırılması prosesi başlayacaq. Bu tədqiqatlar müsbət nəticə verərsə, TAP-ın ötürmə imkanındakı artım Azərbaycan üçün Avropaya nəql coğrafiyasını genişləndirmək baxımından yeni perspektivlər açacaq.

 

25 illik nəql

Yada salaq ki, TAP boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng «Şahdəniz» yatağından Avropaya təbii qaz nəql edir. Uzunluğu 878 km olan boru kəməri Türkiyə-Yunanıstan sərhədində Trans-Anadolu Boru Kəməri (TANAP) ilə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizini keçərək İtaliyanın cənub sahillərinə çıxır. Cənub Qaz Dəhlizinin son seqmenti olaraq, Avropaya yeni bir təbii qaz mənbəyinə etibarlı giriş imkanı verən TAP tədarükü şaxələndirərək tək bir təchizatçıdan azaltmaqla qitənin enerji təhlükəsizliyini möhkəmləndirməkdə mühüm rol oynayır.  

“Yeddi il əvvəl tərəfdaşlarımızla birlikdə son investisiya qərarını verdik və Avropanın qaz paylayıcı şirkətləri ilə qaz alqı-satqısı üzrə 25 illik müqavilələrin imzalanmasına imza atdıq. Bəzilərinin o vaxt mümkünsüz hesab etdikləri ümumi uzunluğu 3,5 min km olan üç bir-birinə bağlı qaz kəmərinin tikintisi artıq başa çatıb. Və bu gün Azərbaycan qazı Avropadadır”, - deyə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Azərbaycanın Dövlət Neft Şirkətində (SOCAR) əmindirlər ki, TAP gələcəkdə tikiləcək birləşdirici xətlər vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz nəqlini stimullaşdıracaq. Məsələn, SOCAR ekspertləri sanır ki, Bolqarıstan təbii qaza olan ehtiyacının 33%-ni TAP-la təmin etməklə təchizat təhlükəsizliyini artıra bilər. Bu da öz növbəsində ölkəyə təbii qaz axınını artıracaq. TAP-ın Yunanıstan və Albaniya ilə yanaşı İtaliyaya da çıxışı Azərbaycan qazının başqa Avropa ölkələrinə nəql edilməsi üçün imkanlar yaradır.

TAP tərəfindən 25 il ərzində Avropa ölkələrinə hər il nəql ediləcək 10 milyard kubmetrdən çox qazın 8 milyard kubmetri İtaliya istehlakçılarına, 2 milyard kubmetri Yunanıstan və Bolqarıstana çatacaq, qalan hissəsi qonşu bazarlara veriləcək. Hazırda İtaliyaya gündəlik 10,5 milyon kubmetr, Yunanıstana 2 milyon kubmetr, Bolqarıstana 1 milyon kubmetr qaz verilir.

“TAP-la ticari nəqlin başlaması ilə Yunanıstan öz təchizat strukturunu daha da şaxələndirir. Bu layihə rəqabətli qaz qiymətlərinə imkan yaradacaq, əsas qazanan isə son istehlakçı olacaq”, - deyə Yunanıstanın DEPA şirkətindən bildiriblər.

Şirkətdə qeyd edirlər ki, TAP boru kəməri ilə nəqlin başlanması DEPA üçün mühüm mərhələdir. “Bu, şirkətimizin Yunanıstan üçün rəqabətli qiymətlərlə yeni bir təchizat mənbəyi olan Xəzər qazına çıxış əldə etmək üzrə yeddi ildən artıq göstərilən səylərinin zirvəsidir. Yeni TAP qazı ilə DEPA Yunanıstan bazarındakı ticari mövqeyini daha da yaxşılaşdıracaq”, - deyə DEPA-nın baş direktoru Konstantinos Ksifaras bildirib.

Bolqarıstan hökuməti bildirir ki, Azərbaycandan nəql sayəsində ölkənin qazla təchizatının həm mənbələr, həm də marşrutlar üzrə tam şaxələndirilməsinə nail olunub. Bu nəticənin önəmini vurğulamaq üçün Bolqarıstan baş naziri Boyko Borisov 1 yanvar tarixində Yunanıstanla sərhəddə Kulata kəndindəki kompressor stansiyasına baş çəkib və dedi: "Bu gündən - tam şaxələndirmədəyik!"

Bu, əlbəttə, o demək deyil ki, Bolqarıstan iri həcmlərlə Rusiya qazı almasını dayandıracağı anlamına gəlmir, ancaq onun qiymətlərlə və şərtlərlə bağlı danışıqlarda mövqeyi köklü şəkildə yaxşılaşıb, çünki Rusiya şirkəti indi Bolqarıstan bazarındakı, demək olar ki, inhisarçı mövqeyini itirib.

"Azərbaycanla anlaşma bizim prioritetlərimizin - təbii qaz tədarükünün şaxələndirilməsinin həyata keçirilməsi ilə bağlı son dərəcə vacib bir müqavilədir", - deyə Bolqarıstanın energetika naziri Temenujka Petkova bildirib.  

Rusiya qazının İtaliyaya ixracında da müəyyən dəyişikliklər gözləmək olar. Hətta «Qazprom» TAP-ın işə salınması ilə nəql həcmlərini qorumağı bacarsa da, Rusiya konserni bunun İtaliyadakı önəmli dərəcədə artımına və qiymətlərin yetərincə bahalaşmasına ümid etməməlidir.

Türkiyə və Gürcüstan da öz növbəsində ədalətli olaraq gözləyirlər ki, Azərbaycan qazının Avropaya nəqlinin başlaması ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolları artacaq. “Cənub Qaz Dəhlizi istifadəyə verildi. Ölkəmizin Avropanın bir hissəsinin enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə üzrə yeni bir səhifə açıldı”, - deyə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirildi.

“Əgər indiyə qədər Gürcüstan yalnız Azərbaycan qazının Türkiyəyə, Rusiya qazının isə Ermənistana nəqlində bir tranzit ölkəsi idisə, indi beynəlxalq oyunçuya çevrildi. Bundan sonra ölkə ərazisindən ixrac olunan qaz, əsasən Avropa Birliyinin (AB) enerji bazarlarına beynəlxalq təchizatının şaxələndirilməsində və bu təchizatın təhlükəsizliyinin artırılmasında mühüm rol oynayacaq”, - deyə Gürcüstan hökumətinin başçısı Georgi Qaxariya vurğulayıb.

Bu təchizatın AB üçün önəmindən danışan Gürcüstan baş naziri bildirib ki, CQD-nin fəaliyyəti Avropada yerli qaz hasilatının azalmasını kompensasiya edəcək. Bu marşrutun vacib hədəfləri sırasına həm də ortaq Avropa bazarında rəqabəti artırmaq daxildir. Bununla yanaşı, hələ mənimsənilməmiş və ya Rusiya qazının idxalından böyük dərəcədə asılı olan Balkan ölkələrinə ticari baxımdan cəlbedici və ekoloji baxımdan təmiz təbii qazla təchizatı təmin ediləcək.

 

İki qat artım perspektivi

Beləliklə, CQD-nin uğurla işləyəcəyi heç bir şübhə doğurmur. Bu layihənin xəricini çıxarmasının çətinliyi ilə bağlı şübhə proqnozlarının əksinə olaraq, Azərbaycan artıq müəyyən müddətləri açıqlayıb. SOCAR-ın hesablamalarına görə, cari dünya trendləri nəzərə alınarsa, layihə üzrə əsaslı xərclər 8-10 il ərzində tamamilə ödəniləcək.

“Layihələr inkişaf etdikcə, genişləndirdikcə, onlara kapital qoyuluşları əlavə edilir ki, bu, xərclərin çıxarılması şərtlərinə təsir göstərərək onları daha uzaq bir gələcəyə təxirə sala bilər. Bununla yanaşı, «Şahdəniz»də yalnız qazla deyil, həm də kondensatla təmsil olunan karbohidrogenlərin qiymətləri perspektivdə artıma doğru gedəcək, bu, ən azından 2021-ci il üçün mənim proqnozumdur, deməli, uyğun olaraq, xərclərin ödənilməsi vaxtı və tam gəlirli bir layihəyə keçəcəyimiz tarix daha da yaxınlaşacaq”, - deyə SOCAR-ın marketinq və sərmayələr üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

Bu zaman, Azərbaycanın Dövlət Neft Şirkətinin nümayəndəsi bildirib ki, Cənub Qaz Dəhlizinin yaradılması layihəsi 33 milyard dollara başa gəlib və 2013-cü ildə açıqlanmış maya dəyərinin ilkin qiymətləndirilməsi ilə müqayisədə 12 milyard dollar qənaət edilib.  

CQD ilə bağlı gələcək işlər onun buraxılış qabiliyyətinin genişləndirilməsi imkanı ilə bağlı olacaq. Hələ Trans-Adriatik qaz kəmərinin tikintisi mərhələsində ikən gələcəkdə qaz kəmərinin buraxılış gücünün ən azı iki dəfə artırmağın zəruriliyi barədə fikirlər səsləndirilməyə başlandı. Belə bir imkanı öyrənmək barədə anlaşma Bakıda CQD layihəsi üzrə Məşvərət Şurasının fevral iclasının nəticələri üzrə bəyannamədə əks olunub.

Bu prosesin davamı kimi 2021-ci ilin yayında TAP-ın gələcək genişləndirilməsi və boru kəmərinin ötürmə gücünün 20 milyard kubmetrə çatdırılması üzrə marketinq araşdırmalarının ikinci mərhələsi başlayacaq. SOCAR rəhbərinin sözlərinə görə, Avropa bazarında yerli qaz hasilatının azalması əlavə həcmlərə tələb yaradır və Azərbaycan qazı bu tələbləri ödəyəcək. Beləliklə, Azərbaycanın köhnə qitə üçün önəmi artacaq.

Beynəlxalq ekspertlər də Trans-Adriatik boru kəmərinin 20 milyard kubmetrə qədər genişləndirilməsi perspektivlərini müsbət qiymətləndirir.

«Wood Mackenzie» şirkətinin tədqiqatlar üzrə direktoru Marrey Duqlas sanır ki, TAP-ın istifadəyə verilməsi Cənub Qaz Dəhlizi layihəsinin növbəti mərhələsi olacaq: “Avropadakı «yaşıl anlaşmaya» və bazardakı cari qeyri-müəyyənliyə baxmayaraq, TAP-ın genişlənmə perspektivlərinə müsbət baxırıq. Özü də, bölgədə qaz dinamikası 2016-cı ildə TAP tikintisinə başladıqdan bəri dəyişib, özəlliklə bu, Türkiyənin Qara dənizdə nəhəng qaz yatağı kəşf etməsi və rus qazı da daxil olmaqla daha əlverişli təchizat alternativləri sayəsində baş verib. İndi bütün diqqətlər 2021-ci ilin yayında TAP bazarının məcburi sınaq mərhələsinə yönələcək. Bu, post-lokdaun dövründə Avropa qaz sahəsinin fundamental göstəricilərinin bərpası üçün bir işarə ola bilər”, - deyə ekspert əlavə edir.

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin və Milli Energetika Təhlükəsizliyi Fondunun aparıcı mütəxəssisi Stanislav Mitraxoviç hesab edir ki, CQD-nin potensialının genişlənməsi Rusiya qazının Avropaya nəqli üçün imkanlar açır.

“Perspektivdə TANAP və TAP qaz boru kəmərlərinin güclərinin artırılması cəhdləri gözlənilir, Rusiya qazı «Türk axını» vasitəsilə bu sistemə daxil ola bilər. Ankara ilə ayrıca danışıqlar aparmaq lazım gələcək, AB ilə dialoqda isə Üçüncü Enerji Paketinin məşhur prinsiplərinə işarə etmək lazımdır, həmin prinsiplərə görə boru inşa etməyən bir təchizatçı (bu halda «Qazprom») bu sistemdən kənarda tutula bilməz. O zaman «Qazprom» TANAP-TAP-ı öz vəsaitlərini yatırmadan bir infrastruktur kimi istifadə edə bilər", - deyə S.Mitraxoviç sanır.

CQD-nin genişləndirilməsi ilə Türkmənistan qazının Avropaya tədarükü üçün də əlverişli perspektivlər yarana bilər. Türkmənistan, həqiqətən, qaz tədarükünü şaxələndirməyi qarşısına məqsəd kimi qoyubsa, Aşqabad belə bir imkan üzərində ciddi düşünməlidir. Avropada bu perspektivləri Rusiya qazına alternativ kimi mütləq qiymətləndirəcəklər, buna görə yaxın gələcəkdə Trans-Xəzər Qaz Kəmərinin gerçəkləşdirilməsi üzrə AB-Türkmənistan danışıqlarının intensivləşəcəyini gözləmək olar.

İran da qazını Avropaya ixrac etmək üçün CQD-dən istifadə edə bilər, lakin Qərblə münasibətlərin gərgin olması üzündən bu ehtimal yetərincə dumanlı görünür.

Potensial qaz təchizatçılarından kim gələcəkdə bu marşruta önəm versə, heç nə itirməyəcək, çünki Azərbaycan artıq ən çətin məsələni yerinə yetirib - Xəzər regionundan Avropaya birbaşa qaz ixracı sistemini sıfırdan yaradıb.



MƏSLƏHƏT GÖR:

202