16 Aprel 2024

Çərşənbə axşamı, 12:34

ÜMİD İŞARTISI İLƏ

2021-ci illə bağlı proqnozlar yaxşı olmasa da, hələ də hər şey itirilməyib

Müəllif:

15.01.2021

Artıq arxada qalmış 2020-ci il müasir tarixin ən pis ili kimi qiymətləndirilir və artıq bütün ümidlər 2021-ci ilədir. Amma onun da yaxşı olacağını düşünmək üçün heç bir ciddi əsas yoxdur. Əksinə, əsası 2020-ci ildə qoyulmuş bir çox mənfi hadisə və tendensiya davam edəcək (ağırlaşmaya doğru), üstəlik, yeni problemlər də meydana çıxacaq. Ən azı ötən ilin klassik «qara qu quşu» olan, şəxsi planlardan tutmuş, beynəlxalq gündəmədək hər şeyin altını üstünə çevirmiş COVID-19 hələ ki, «çıxıb getməyi» düşünmür. O, nəinki getməyi düşünmür, hətta şəklini dəyişir və artır. Bununla yanaşı, Qərb sivilizasiyasının böyük hissəsi onlayn rejimə keçir, yaşananları sosial şəbəkədə yayılan saxta xəbərlər və getdikcə artan senzura prizmasından müşahidə edir.

 

Böhran virusu

Koronavirus pandemiyasının fəsadları o qədər ağırdır ki, dünyanın yaxın illərdə əvvəlki vəziyyətinə dönə bilməyəcəyinə heç bir şübhə yoxdur. «Peyvəndlər savaşı» fonunda bizi dünya iqtisadiyyatının daha pis halı gözləyir. Ehtimal olunur ki, dünyanın böyük hissəsində 2020-ci ilədək qeydə alınmış ÜDM həcmi 2021-ci ilin sonuna da bərpa edilməyəcək. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə pandemiya səbəbilə qlobal borc artır. Yarım əsr ərzində ilk dəfə olaraq orta sinif də azalır – təbii ki, mənfi tərəfə, yoxsulluğa doğru.

Dünya Bankının proqnozuna görə, 2021-ci ilin sonunadək daha 150 milyon insan ən ağır aclıq şəraitində yaşamağa başlayacaq. Söhbət günə 1,90 dollardan da az vəsait hesabına yaşayan insan qrupundan gedir. Bundan başqa, BMT xəbərdarlıq edir ki, dünya son 50 ilin ən ağır ərzaq böhranının astanasındadır. Odur ki, aclıq və onun yaratdığı xəstəliklər üzündən daha çox insan öləcək, nəinki koronavirusdan. Belə təbəqəyə xüsusilə Yəmən, Venesuela, Əfqanıstan, Haiti və bir sıra Afrika ölkələrində rast gəlinir. Bütün bunlar, təbii ki, sosial və siyasi təlatümlər riskini artırır.

Koronavirusun davam etməkdə olan fəsadlarına təbii fəlakətləri, iqlim dəyişikliklərini (məsələn, ötən il Avstraliya və Kaliforniyada baş vermiş dəhşətli yanğınları və ya Asiya və Afrikaya çəyirtkə hücumunu) də əlavə etsək, perspektiv sözün əsl mənasında acınacaqlıdır.

Bəlkə də, tezliklə içməli su uğrunda lokal müharibələr, yaxud iqlim miqrantlarından qorunmaq məqsədilə yerli silahlı özünümüdafiə dəstələrinin yaradılması da ənənəvi hadisəyə çevriləcək.

 

«Amerikan arzusu»nun sonu?

Yeri gəlmişkən, ABŞ-ın yeni administrasiyası iqlim dəyişikliyi problemini fəaliyyətdə olacağı dövr üçün əsas problemlərdən biri elan etməyi düşünür. Bu, bəzilərində ümid və nikbinlik yaradırsa, bəzilərində narahatlığa səbəb olub. Onların fikrincə, iqlim dəyişikliyinin öhdəsindən gəlinə bilməməsi sonda kənar müdaxilələrə yol aça bilər. Məsələn, insan haqlarının kütləvi pozulması hallarının baş verdiyi dövlətlərə müdaxilələr kimi.

Məlum olduğu kimi, bu yola əl atmağı məhz Amerika sevir. Amma əsas odur ki, onun özünün belə yardıma ehtiyacı yaranmasın. İlin əvvəlində bütün beynəlxalq KİV Tramp tərəfdarlarının Kapitolini ələ keçirmək cəhdindən yazırdı. Lakin onlar istədiklərinə nail ola bilməyib və Konqres Baydeni son prezident seçkisinin qalibi kimi təsdiqləyib. Bu, amerikansayağı «rəngli inqilab» cəhdi idi, yoxsa «dərin dövlət»ə («deep state») qarşı «QAnon» tərəfdarlarının qiyamı? Bu haqda uzun-uzadı diskussiya aparmaq olar. İstənilən halda, ABŞ-da 2020-ci ildə keçirilmiş prezident seçkisinin əsas nəticəsi ortadadır – parçalanmış ölkə. Üstəlik, burada söhbət sadəcə, Trapmın tərəfdarları və əleyhdarlarından getmir. Problem daha ciddidir. İndi ABŞ-da irqi, etnik əlamətlərə, insanların ideyalarına görə ayrı-seçkilik hökm sürür. Ən əsası isə onların çoxu sırf sosial xarakter daşıyır.

ABŞ, əlbəttə ki, bəzi proqnozların əksinə olaraq, dünya xəritəsindən itməyəcək. Amma o, əvvəlki ABŞ da olmayacaq. Yaddaşlarda «Evdə tək» kimi «isti» Milad filmlərilə qalan Amerika artıq yoxdur. Artıq məşhur «amerikan arzusu» da keçmişdə qalıb.

Amma demokratların bütün dediklərinə baxmayaraq, nəticələrə nəzər saldıqda (qəddar COVID-19 istisna olmaqla), Trampın o qədər də pis prezident olmadığını görmək mümkündür. O, çox şeyi ya dəyişib, ya da dəyişməyə başlayıb. Odur ki, Bayden ölkəyə rəhbərliyi dövründə bütün bunları nəzərə almalı olacaq. Bütün bu dəyişiklikləri həm Bayden nəzərə almalı olacaq, həm də hələ vəzifəyə keçmədən ölkə tarixinin ən önəmli vitse-prezidentlərindən biri elan olunmuş Kamala Xarris.

Yeri gəlmişkən, hələlik Trampın siyasi gələcəyilə bağlı da qeyri-müəyyənlik var. Onun 4 il sonra yenidən prezidentlik yarışına qoşulacağı, hətta buna öz partiyasını yaradaraq gedəcəyi istisna edilmir. Hər halda, hələlik bu şans qalmaqdadır.

Trampın idarəçiliyi xarici siyasətdə daha bir ciddi iz qoyub və yeni ildə bu iz də özünü göstərəcək. İndi Birləşmiş Ştatların müttəfiqlərində sabah Vaşinqtonun 360 dərəcə dönməyəcəyinə əminlik qalmayıb. Əvvəllər ABŞ hakimiyyətində demokratlarla respublikaçıların yerdəyişməsi daha çox daxili məsələlərdə – tibbi sığorta, abort məsələsi, vergilər və s. – hiss olunurdu. Ölkənin xarici siyasəti hər zaman, demək olar ki, sabit qalırdı. Lakin Tramp bu sabitliyə son qoyub və yaxın illərdə (ən azı 2021-ci ildə) keçmiş sabitliyin bərpasına ümid etmək çətindir. Bununla yanaşı, Baydenin ABŞ-ı beynəlxalq təşkilat və müqavilələrə qaytaracağı, NATO üzrə tərəfdaşları ilə münasibətləri qaydaya salacağı bəllidir. Bu mənada, Türkiyə kimi vacib dövlətlə münasibətlər ayrıca söhbətin mövzusudur. Xatırladaq ki, Vaşinqton ötən ilin son günlərində Ankaraya bəzi sanksiyalar tətbiq edib. Səbəb onun Rusiyadan «S-400» sistemləri almasıdır.

Bütün bunların fonunda ABŞ-ın Çin və Rusiya ilə münasibətlərində Trampın dövründə dərinləşmiş gərginlik, yəqin ki, davam edəcək, hətta daha da artacaq. Tayvanda ABŞ ilə Çinin maraqları o dərəcədə toqquşa bilər ki, onların arasındakı ticarət müharibəsi əsl hərbi müharibəyə çevrilə bilər.

 

Rusiya ətrafında törədilən «yanğınlar»?

Rusiyaya gəlincə, ilin sonunda əksər ekspertlər Qərbin bilərəkdən Rusiya sərhədləri boyunca «yanğınlar» törətdiyini bildirirdi. Bu kontekstdə 2021-ci ildə Ukrayna və Moldovadakı münaqişələrə xüsusi diqqət ayrılacaq. Son prezident seçkisində qərbpərəst Maya Sandunun qələbə çaldığı Moldova artıq Dnestryanı bölgədən Rusiya sülhməramlılarının çıxarılmalı olduğunu bəyan edib. Yeni prezident ölkədə rus dilinin statusunun aşağı salınmasının vacibliyini də bildirib.

Belarusdakı siyasi böhrana da bu kontekstdə yanaşılır. Bu ölkə də 2021-ci ildə bu və ya digər formada siyasi böhrandan çıxış yolu tapmalıdır.

Maraqlıdır ki, bəzi ekspertlər Rusiya ilə Türkiyə arasında münaqişə potensialının daha ciddi olduğunu düşünür (guya Ankaranın arxasında Qərb, xüsusilə Böyük Britaniya dayanır). Halbuki Ərdoğan ilə Putin daim bir-birinin ünvanına xoş sözlər söyləyirlər. Üstəlik, ötən ilin sonlarında Moskva ilə Ankara Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etməsilə nəticələnmiş İkinci Qarabağ müharibəsi kontekstində praqmatik əməkdaşlıq nümunəsi göstəriblər.

Rusiyanın özündə pandemiyaya baxmayaraq, ötən il prezidentin səlahiyyət müddətinin uzadılması və Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. İlin sonlarına yaxın isə ölkədə internetə ciddi məhdudyyətlərin tətbiqinə başlanılıb, siyasi etiraz aksiyalarının keçirilməsi çətinləşib. Görünən odur ki, Moskva Qərblə qarşıdurmanın dərinləşəcəyini bilir və buna hazırlaşır. Bu ilin sentyabrında isə Rusiya Dövlət Dumasına seçki keçirilməlidir.

Hər şeyə rəğmən, Ağ Evlə Kreml fəaliyyət müddəti fevralın əvvəlində bitəcək Strateji Hücum Silahlarının İxtisarı-3 müqaviləsilə bağlı dialoqa məcburdurlar. Bayden müqavilənin müddətini uzatmaq niyyətini artıq dilə gətirib.

 

Qərb və Yaxın Şərq

Avropa İttifaqı üçün əsas mövzulardan biri Böyük Britaniya ilə münasibətlər olacaq. İndi o, artıq reallaşmış «Brexit»dən sonrakı münasibətlər haqda düşünməlidir. Avropa Almaniyada keçiriləcək seçkini də gözləyir – bu dəfə seçkidə kansler Angela Merkel iştirak etməyəcək. 15 illik fəaliyyət dövrünü başa çatdıran Merkelin mümkün varisləri kimi ekspertlər biznes-lobbiçi Fridrix Merts, Şimali Reyn-Vestfaliya federal torpağının baş naziri Armin Laşet, Ğavariyanın baş naziri Markus Zyodor və ölkənin səhiyyə naziri, Xristian-Demokrat İttifaqının üzvü Yens Şpanın adını çəkirlər.

Yaxın Şərqə gəlincə, diqqət mərkəzində qalacaq ölkələrdən biri İrandır. Ötən ilin iranlı general, İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri, Yaxın Şərqin ən nüfuzlu şəxslərindən olan Qasım Süleymaninin qətlilə başladığı hər kəsin yadındadır. Bu qətl bütün dünyada ciddi əks-səda yaratmışdı. İlin sonlarında isə İranın əsas nüvə alimi qətlə yetirilib. Qətlin təşkilində İsrail günahlandırılır. Bu qətllə vəziyyət daha da gərginləşib və Tehran nüvə proqramını genişləndirəcəyilə bağlı hədələr səsləndirməyə başlayıb.

Doğrudur, İran hələ ki, hədələrdən o tərəfə keçmir. Çünki daxili siyasətdəki ziddiyyətlər, sanksiyalar nəticəsində getdikcə zəifləyən iqtisadiyyat fonunda o, münasibətləri tammiqyaslı müharibəyə aparacaq həddə qədər gərginləşdirmək istəmir. Çoxları gözləyir ki, Bayden İranla nüvə sahəsində 2015-ci ildə əldə edilmiş və Trampın imtina etdiyi razılaşmaya qayıdacaq, yaxud yeni analoji razılaşma təşəbbüsü irəli sürəcək. Amma bütün bunlar İranda iyunda keçirilməli olan prezident seçkisinin nəticəsilə də uzlaşmalıdır. Həmin seçkidə isə mühafizəkarların namizədinin qalib gələcəyi proqnozlaşdırılır.

Bu müddətdə İran-Qərb (İsrail) ziddiyyətinin tammiqyaslı qarşıdurmaya çevriləcəyini də istisna etmək olmaz. İranın rəqibləri onun Aralıq dənizinə çıxışı olacaq «şiə ayparası» yaratmağa çalışdığını düşünür. Bu isə çox sayda dövlətin maraqlarına ziddir.

Yaxın Şərqdə daha bir vacib hadisə Suriyada keçiriləcək növbəti prezident seçkisi olmalıdır. O, yayda keçirilə bilər. Ölkənin hazırkı rəhbəri Bəşər Əsəd hələlik prezident seçkisinə qatılıb-qatılmayacağı ilə bağlı qərar qəbul etməyib. Seçiləcək istənilən prezidentin nə dərəcədə legitim olacağı da bəlli deyil. Məlum olduğu kimi, ölkənin kifayət qədər böyük hissəsi Dəməşqin nəzarətində deyil.

ABŞ-ın İsraillə Tramp dövründə çiçəklənmiş münasibətlərinin necə olacağı, yəhudi dövlətinin BƏƏ və Bəhreyn kimi ərəb dövlətlərilə barışığının hansı nəticələr verəcəyi də məlum deyil. Qətər-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafı haqda da eyni fikri söyləmək olar.

2021-ci ildə zorakılığın artmasına, müharibələrin bərpasına ən real «namizəd»lə risk bir çox Afrika ölkəsi və Əfqanıstandır. 2021-ci ilin mayınadək ABŞ və NATO qoşunları Əfqanıstandan tam çıxmalıdır. Bununla yanaşı, «namizəd»lər arasında İraq, Suriya və Liviya da var. Şimali Koreya, həmçinin Çin-Hindistan-Pakistan «münaqişə üçbucağı» da öz yerində.

 

Sülh və çiçəklənməyə ümid

Azərbaycan üçün ən vacibi, əlbəttə ki, ənənəvi olaraq müxtəlif beynəlxalq oyunçunun maraq dairəsində olan Cənubi Qafqazda yaşananlar və yaşanacaqlardır. Bakının Vətən müharibəsindəki qələbəsi bu çətin regionda sülh və sabitliyə ümid yaradıb. Bakı dərhal fəaliyyətə keçərək, işğaldan azad olunmuş ərazilərin bərpası, orada dövlət strukturlarının bərqərar edilməsilə bağlı planlar hazırlayıb. Ölkə iqtisadiyyatı üçün vacib müsbət məqamlardan biri bölgədə kommunikasiyaların açılması olacaq. Bu, geosiyasi baxımdan Cənubi Qafqazdan xeyli uzaqda yerləşən beynəlxalq oyunçular üçün də strateji əhəmiyyət daşıyır. Ümid edək ki, bu prosesə heç bir kənar müdaxilə mane olmayacaq və proses yeni ildə getdikgə dərinləşəcək.

Yaxın 12 ay üçün bütün amillərin siyasi, iqtisadi və hərbi risklərdən xəbər verdiyi bir şəraitdə bu, yəqin ki, azsaylı müsbət məqamlardan biridir. Hər halda, bütün bəşəriyyət üçün «müasir tarixin ən pis ili» Azərbaycanda çoxdan gözlənilən Qələbə, vətəndaşların onilliklərdir gözlədiyi dəyişikliklərlə yadda qalıb. Demək, təhlükəli dəyişikliklərin baş verdiyi dalğalı dənizdə nəinki duruş gətirmək, orada mövqeləri kifayət qədər gücləndirmək də mümkündür. Bunun üçün məqsəd ətrafında birləşmək, dostlara sahib olmaq, iradə və mətanət nümayiş etdirmək lazımdır. Azərbaycan xalqı 2020-ci ildə məhz belə etdi. Odur ki, 2021-ci illə bağlı proqnozların ümumi tonu mənfi olsa da, ümid də var.



MƏSLƏHƏT GÖR:

203