24 Aprel 2024

Çərşənbə, 11:27

SÜLHƏ APARAN YOL

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva razılaşması Bakının hərbi qələbəsinin nəticələrini möhkəmləndirib və tammiqyaslı regional əməkdaşlığın əsasını qoyub

Müəllif:

15.01.2021

Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə Ermənistan tərəfindən, demək olar ki, tamamilə dağıdılmış Qarabağın dirçəldilməsinə yol açıb. Torpaqlarını güc yolu ilə azad etmiş Azərbaycan indi nailiyyətini siyasi-diplomatik və iqtisadi müstəvilərdə möhkəmləndirəcək strategiyanın reallaşdırılmasına başlayıb.

Bakı artıq başa çatmış Dağlıq Qarabağ münaqişəsi bölgəsində miqyaslı çoxtərəfli əməkdaşlıq prosesinin yolunu açıb. İndi bu prosesə müharibə ilə məhv edilmiş Ermənistan da qoşula bilər. Lakin bunun üçün o, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, ona qarşı bütün ərazi iddialarından imtina etməlidir.

Bəs, Ermənistan geniş inteqrasiyaya, əməkdaşlığa, bu qədər ciddi dəyişikliklərə hazırdırmı? Axı, bunun üçün, ilk növbədə, «Böyük Ermənistan» kimi səfeh fikirlə qidalanan şüurda dəyişiklik olmalıdır. Bu ölkənin siyasi elitası Ermənistanın sağ qalmasının yeganə yolunun yaradıcı əməkdaşlıq olduğunu dərk etməyə və ona getməyə hazırdırmı? Axı, Ermənistan faktiki olaraq, Azərbaycanla münasibətləri normallaşdırmadan heç bir inkişaf perspektivinə malik deyil.

Lakin hələ ki, uzun illər Azərbaycan torpaqlarını azad etməkdən boyun qaçırdığı üçün üzləşdiyi müharibə nəticəsində darmadağın olunmuş Ermənistanın dəyişəcəyini göstərən ciddi əlamətlər yoxdur. Onlar sakitləşmək, mənasız ərazi iddialarının yalnız ziyan gətirdiyini anlamaq əvəzinə, revanşist hisslərlə yaşayır, erməni siyasətçiləri davamlı olaraq revanşist çağırışlar səsləndirir. Bu azmış kimi, darmadağın olunmuş erməni ordusundan qalmış ayrı-ayrı qruplar mütəmadi diversiya aktlarına əl atır, hələ də reallığı inkar edən, arzularını həqiqət kimi təqdim etməyə çalışan Ermənistan rəsmiləri təxribatçılıqla məşğul olur.

 

«Dəmir yumruq» yerindədir

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutmuş Moskva görüşü ərəfəsində Azərbaycanın dövlət başçısı İlham Əliyev bəzi konkret ismarıclarla yadda qalmışdı. O, ilk növbədə, Ermənistan tərəfindən 44 günlük müharibəyə son qoymuş üçtərəfli bəyanatın reallaşdırılmasından yayınmağa hesablanmış hər hansı destruktiv addımın yolverilməz olduğunu bildirib. İlham Əliyev Ermənistana xəbərdarlıq edərək deyib ki, yeni təxribatlar müharibədə darmadağın olaraq faciəvi duruma düşmüş bu ölkənin vəziyyətini daha da ağırlaşdıracaq. Azərbaycanın «dəmir yumruğunun” hələ də «yerində» olduğunu xatırladan Prezident İ.Əliyev bununla göstərib ki, Ermənistan xarici işlər naziri də daxil olmaqla, digər rəsmilərinin Xankəndiyə səfəri kimi təxribatları davam etdirərsə, acınacaqlı nəticələrlə üzləşəcək. Dövlət başçısı bununla əlaqədar olaraq deyib ki, Ermənistandan Rusiya sülhməramlılarının qurduğu blok-postlar vasitəsilə Azərbaycan ərazisinə istənilən digər dövlətin siyasətçilərinin (məsələn, Fransa parlamentarilərinin) də Bakıdan icazəsiz buraxılması yolverilməzdir.

Hər halda, Moskvada yanvarın 11-də keçirilmiş üçtərəfli görüşdən sonra verilmiş bəyanat göstərir ki, o, atəşkəs razılaşmasının qüvvəyə minməsilə yaranmış reallığı daha da möhkəmləndirib. Qarabağ müharibəsinin qalibi olan Azərbaycan onun ərazi bütövlüyünü hər hansı şəkildə şübhə altına qoyacaq hərbi-siyasi manipulyasiyaların yolverilməz olduğunu bir daha ortaya qoyub. Bununla yanaşı, o, iqtisadi sahədə də uğurlarını artırır, bu isə Bakının regional konfiqurasiyada oynadığı aparıcı rol kontekstində çox vacibdir.

 

Kommunikasiyaların açılması

Moskva görüşündə əsas müzakirələr məhz iqtisadi mövzuda aparılıb. Hər halda, görüşün ictimaiyyətə görünən tərəfi belə düşünməyə əsas verir. Bu, özünü Rusiya prezidentinin giriş sözündə də özünü göstərib. Putin bildirib ki, «regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin açılması»na xüsusi diqqət ayrılmalıdır.

Yekun birgə bəyanat da praktik olaraq, tamamilə iqtisadi məsələlərə həsr edilib. Üç ölkənin baş nazir müavinlərinin sədrliyilə yaradılacaq üçtərəfli işçi qrup ilk iclasını artıq yanvarın 30-dək keçirməlidir. Görüləcək işlərin siyahısı həmin iclasda müəyyənləşdiriləcək. Bu zaman prioritet, 10 noyabr bəyanatının bəndlərinə əsasən, dəmir və avtomobil yollarının tikintisi olacaq.

İşçi qrup martın 1-dək «nəqliyyat infrastrukturunun bərpası və yenilərinin tikintisilə bağlı görüləcək işlərin siyahı və qrafikini» təsdiqlənməsi üçün «yuxarı» təqdim etməlidir. Onlar Azərbaycan və Ermənistan vasitəsilə beynəlxalq daşımaların həyata keçirilməsi, təhlükəsizliyinin təmini üçün vacibdir. Eyni zamanda Azərbaycan və Ermənistanın yük daşımaları üçün də bu, zəruridir. Çünki bu zaman yüklər qarşılıqlı olaraq, hər iki ölkənin ərazisindən keçməli olacaq.

Beləliklə, Moskva görüşü 10 noyabr bəyanatı ilə təsdiqlənmiş hədəflərin – kommunikasiyaların açılması ilə bağlı görüləcək işlərin konturlarını dəqiqləşdirib və təsdiqləyib. O, Azərbaycanın əsas hissəsilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan vasitəsilə nəqliyyat dəhlizinin açılmasını da nəzərdə tutur. Azərbaycan ərazisi ilə isə Ermənistanla Rusiyanı birləşdirəcək yol çəkiləcək. Yaxın zamanlarda Naxçıvan ərazisilə Türkiyəyə də yolun çəkiləcəyini nəzərə alsaq, region Rusiya-Türkiyə nəqliyyat arteriyasına qoşulacaq. Bütün bunları ümumiləşdirsək, regionun hərtərəfli nəqliyyat-kommunikasiya inteqrasiyası prosesinə İranla Gürcüstan da qoşulacaq. Bu, bütün region dövlətlərinin maraqlarına cavab verəcək altıtərəfli əməkdaşlıq platformasının yaradılmasına yol açacaq.

Azərbaycan üçün bu cür iqtisadi əlaqələrin qurulmasının çox önəmli daxili əhəmiyyəti də var. Çünki bu işlərin tərkib hissəsi Bakı ilə Xankəndi arasında da nəqliyyat əlaqəsinin bərpası olacaq. Bu isə Vətən müharibəsində qazanılmış Qələbənin yaratdığı zərurətin reallaşması anlamına gəlir: indiyədək işğal altında olmuş rayonlar, o cümlədən Qarabağın dağlıq hissəsinin Azərbaycanın siyasi və iqtisadi sisteminə reinteqrasiyasına başlanılır. Təbii ki, bunun çoxsaylı müsbət nəticələri olacaq (layiqli inkişaf və çiçəklənmə kimi). Bu, Azərbaycan dövlətinin öz vətəndaşı saydığı Qarabağ erməniləri üçün də müsbət nəticələrini verəcək.

 

Sülhməramlılıq prinsipləri

Lakin Moskva bəyanatının iqtisadi dominantı üçtərəfli görüşdə aktual siyasi məsələlərin də müzakirə olunduğunu inkar etmir. Putinin əvvəldən açıqladığı kimi, onların sırasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti də olub. Bu yerdə bir məqamı xüsusi qeyd etmək lazımdır: Rusiya lideri üçtərəfli görüş ərəfəsində ölkəsinin güc strukturlarının rəhbərlərilə iclas da keçirmişdi. İclasda Azərbaycan Prezidentinin narazılığını bildirdiyi məsələlərin də müzakirə edildiyinə şübhə yoxdur. Moskvada keçirilən yekun mətbuat konfransında İlham Əliyev Rusiya sülhməramlılarının fəaliyyətini ümumilikdə müsbət qiymətləndirib, bildirib ki, ötən iki ayda «kiçik insidentlər istisna olmaqla, narahatlıq üçün ciddi əsaslar yaranmayıb». Demək, istər üçtərəfli formatda, istərsə də Azərbaycan və Rusiya prezidentlərinin görüşündə sülhməramlı missiyanın beynəlxalq hüquq normaları və Azərbaycan qanunvericiliyinə uyğun nizamlanmasına dair razılıq əldə edilib.

 

«Tamamilə yeni perspektivlər»

Diqqəti çəkən məqamlardan biri də üçtərəfli görüşün nəticələrinin fərqli şərh olunmasıdır. Putin ilə Əliyev ümumilikdə görüşü müsbət qiymətləndiriblər. Azərbaycan Prezidenti rusiyalı həmkarının Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığı haqda fikrini yada salaraq deyib ki, indi «tamamilə yeni, əvvəllər bəlkə də, hətta təsəvvür edə bilməyəcəyimiz perspektivlər açılır».

Ermənistanın baş naziri isə «münaqişənin hələ də həll olunmamasından» təəssüfünü bildirib. Guya hələ də «həll olunmalı bir çox məsələlər var və onlardan biri Dağlıq Qarabağın statusudur». Paşinyan deyib ki, «Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları davam etdirməyə hazırdır».

Bununla da, Ermənistanın baş naziri istər Putinlə Əliyevin mövqelərinə, istərsə də beynəlxalq hüquqa qarşı çıxıb, Minsk qrupu çərçivəsində danışıqların bərpasının vacibliyini əsaslandırmağa çalışıb. Lakin görünən odur ki, Rusiya öz vasitəçilik səylərini qərbli həmsədrlər – Fransa və ABŞ-ın səylərilə birləşdirməyə maraq göstərmir. Azərbaycan üçün isə müharibədə qazanılmış zəfərdən sonra Ermənistanla Qarabağın gələcəyilə bağlı danışıqlar aparmaq ümumiyyətlə məqsədəuyğun sayılmır. Azərbaycanın ayrılmaz hissəsi olan bu bölgə onun müstəsna yurisdiksiya sahəsidir. Hər halda, yekun çıxışlarında məlum «status» və «Minsk qrupu çərçivəsində danışıqların bərpası» məsələlərinə nə Putin, nə də Əliyev hər hansı eyham vurub. Yəqin ki, bu üzdən Paşinyan 3 saatdan artıq davam etmiş danışıqlarda sözügedən mövzuda heç nə anlamayıb. Amma o, «hərbi əsirlər məsələsi»ndə də ortaq məxrəc tapa bilməyib. Bu, heç də təəccüblü deyil. Ermənistanın Azərbaycandan geri istədiyi 60-dan artıq erməni hərbçisini Bakı hərbi əsir yox, diversant-terrorçu sayır. Səbəb onların Ermənistan ərazisindən Azərbaycan torpaqlarına 10 noyabr sənədinin imzalanmasından, yəni hərbi əməliyyatların başa çatmasından sonra göndərilməsidir.

Hazırda Ermənistan baş nazirinin birtərəfli şəkildə Azərbaycanın uğurlu hərbi əməliyyatı nəticəsində mənasını və ya əhəmiyyətini itirmiş məsələlərə «üz tutduğunu» müşahidə edirik. Demək, Ermənistanın da iştirak edəcəyi qarşılıqlı səmərəli regional əməkdaşlıq platforması ilə bağlı danışıqların perspektivi hələ də mübahisəlidir. Moskva bəyanatında nəzərdə tutulmuş işçi qrupun fəaliyyətinin effektivliyi Ermənistanın uzunmüddətli regional sülh prosesinə mane olub-olmaycağından asılıdır. Aydındır ki, İrəvan tərəfindən 44 günlük müharibənin nəticəsi olaraq yaranmış reallığın təşviqinə yönələcək istənilən siyasi və iqtisadi addım qalib tərəf – Bakı tərəfindən rədd olunacaq. Azərbaycanın hərbi qələbəsi yeni regional reallığın əsasını qoyub və indi o, iştirakçıların qarşılıqlı hörmətinə, dayanıqlı sülh və hərtərəfli əməkdaşlığa əsaslanır. 10 noyabrda imzalanmış üçtərəfli bəyannamənin 5-ci maddəsinə əsasən atəşkəs rejiminə nəzarət üzrə Rusiya-Türkiyə birgə mərkəzinin yaradılması da bunun göstəricisidir. Ermənistan yenidən müharibədən əvvəlki təcavüzkar strategiyaya əsaslanacaqsa, o, birdəfəlik yerlə-yeksan olacaq. Bu mənada, onun üçün fəlakətdən qurtulmağın yeganə yolu üçtərəfli bəyanatın davamlı şəkildə reallaşmasıdır.



MƏSLƏHƏT GÖR:

201