19 Aprel 2024

Cümə, 23:10

ŞUŞADA CAZ ARZUSU İLƏ

Şahin NÖVRƏSLİ: “Öz qrupum və qardaşlarımla birgə Şuşada ilk konsertimi Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası” ilə başlayardım”

Müəllif:

01.02.2021

Şuşa. XIX əsr. Mədəniyyətin çiçəkləndiyi dövrdə "Xan qızı" Xurşidbanu Natəvanın evində yüksək incəsənət və söz sərraflarının, maarifçilərinin iştirakı ilə ədəbi-bədii gecələr keçirilir. İsti və mehriban ocağın ətrafına toplaşan şair və yazıçılar arasında şair Mirzə Ələsgər də müntəzəm yer alır. Sonradan Natəvan ona "Növrəs" ("gənc") təxəllüsü verir. Ərəb və fars dillərini mükəmməl bilən M.Ə.Növrəs gözəl bacarıqları, iti zehni ilə seçilib. Çox maraqlı, lakin təzadlı bir həyat yaşayıb. Onun dövlət qulluqçusu kimi yüksəlişi də, sərgərdan həyatı da, Ağdam və Şuşa məscidlərinin hücrələrində yaşadığı dövrlər də olub. 1912-ci ildə Mirzə Ələsgər vəfat edib, özündən sonra kitablarında misilsiz poetik irs qoyub gedib...

Bu gün Şuşanın səsi dünyanın müxtəlif yerlərindən eşidilir. Mirzə Ələsgərin nəvəsi - pianoçu və bəstəkar, Azərbaycanın əməkdar artisti Şahin NÖVRƏSLİ Nyu-Yorkda, Parisdə, Bakıda yaşayaraq, dünyanın ən məşhur salonlarında konsertlərlə çıxış edib. Saysız-hesabsız qastrollar, dahi cazmenlərlə duetlər, müxtəlif festivallarda iştiraklar, yeni melodiyaların yaranması və albomların buraxılışı - bunların arasında «Best Jazz Albums of 2017» nominasiyasını qazanmış «Emanation» da var – bunlar düşüncələrin inkişafı və ideyaların gerçəkləşdirilməsi yolunda həyəcanverici addımlardır.

Şahin Növrəslinin bir neçə istəyi vardı ki, indi gerçəkliyə çevrilir - doğma Şuşaya qayıtmaq, Mirzə Ələsgərin Şuşa qəbiristanlığında yerləşən məzarını ziyarət etmək, həm də Şuşanın musiqi və mədəniyyət xəzinəsinə yeni töhfələr vermək.

- Şahin bəy, siz tanınmış bir Qarabağ nəslinin varisisiniz. Soy-kökünüz haqqında bizə məlumat verin...

- Ulu babam Mirzə Ələsgər Növrəs 1836-cı ildə Şuşada anadan olub. Onun həyatı Qarabağ bölgəsinin mədəni çiçəklənməsi dövrünə təsadüf edib. O, şair və musiqiçi olub, tar və saz çalıb, üç dildə danışıb. Krılovun təmsillərinin Azərbaycan dilinə ilk tərcümələri onun qələminə aiddir. Məlumdur ki, 1872-ci ildə Azərbaycan şairəsi Xurşidbanu Natəvan "Məclisi Üns"ə rəhbərlik edib ("Məclisi Üns" - XIX əsrin ikinci yarısında Şuşada fəaliyyət göstərmiş ədəbi dərnək olub). Mənim ulu babam Mirzə Ələsgər Növrəs bu dərnəyin fəal iştirakçılarından biri olub. O, həm də Mir Mövsüm Nəvvabın rəhbərlik etdiyi "Məclisi Fəramuşan"un daimi qonaqlarından olub ("Məclisi Fəramuşan" - 1910-cu ilə qədər fəaliyyət göstərən ədəbi məclis olub). Bu məclislərə o dövrün ən görkəmli şairləri və musiqiçiləri toplaşıblar. Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani zamanında Mirzə Ələsgərə şeirlə yazdığı məktubunda “Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs” sözləri ilə Şamaxı ədəbi məktəbinin şairlərinin, “Səfa” cəmiyyətinin üzvlərinin onun yaradıcılığına hörmət və ehtiramını ifadə edib. Mirzə Ələsgərin dörd övladı olub. Qızı Fatimə bəyimi Natəvanın oğlu Seyid Həsənə ərə verib.

- Biz çətin bir dövrdən keçdik, atalarımızın Qarabağ torpağında yaratdığı heç bir şeyə toxunmaq imkanımız yox idi. Ancaq bu gün Şuşa da Azərbaycanın başqa bölgələri ilə birlikdə düşmən işğalından azad edildi...

- Böyük Qələbədən – ata-babalarımızın yurdu, tarixi torpaqlarımızın azad edilməsindən sonra qürur və sevinc duyuram, şəhidlərimiz üçün kədərlənirəm (Allah onlara rəhmət eləsin!). Bütün ömrüm boyu Şuşada yalnız bir dəfə olmuşam. Bu, 1980-ci ildə olub. Atam və babamla birlikdə Mirzə Ələsgər Növrəsin məzarını ziyarət etmişdik. Düz 30 ilə yaxın idi ki, başqa qarabağlılar kimi biz də öz əcdadlarımızın məzarını ziyarət edə bilmirdik. Bir dəfə biz bu müharibədə öz canlarını əsirgəməyən və bizə Qələbə qazandıran qorxmaz döyüşçülərimizin paylaşdığı bir videoya rast gəldik. Əsgərlərimiz Mirzə Ələsgərin qəbrini tapdılar - Qasım bəy Zakirin qəbrinin yanında yerləşir. Bizim ailənin bununla bağlı yaşadığı xoşbəxtlik duyğularını və bütün hissləri sözlə təsvir etmək mümkün deyil.

Ulu öndər Heydər Əliyevin genişmiqyaslı siyasəti, Vətənə olan böyük sevgisi, bu siyasəti davam edən Prezident İlham Əliyevin və Mehriban xanımın sayəsində bizim Azərbaycan xalqımızın bütün arzuları həyata keçdi. Onların uzun illər davam edən zəhməti bizi uğura gətirib çıxardı, qürurumuzu, özümüzə inamı qaytardı, ədalətə inamı və xoşbəxtliyimizi qaytardı! Bizim Qarabağ yenidən möcüzələr yaratmaq, böyük istedadlar dünyaya gətirmək üçün bizə qayıtdı.  

- Siz indi Qarabağın gələcəyini necə görürsüz?

- Prezident İlham Əliyev Şuşanı Azərbaycanın və bütün Qafqaz bölgəsinin mədəniyyət mərkəzi elan edib. Mən tam əminəm ki, Qarabağ yaxın gələcəkdə çiçəklənəcək və ölkəmizin ən çox qonaq qəbul edən yerlərindən birinə çevriləcək. Bir şuşalı kimi mənim arzum öz beynəlxalq nüfuzumdan istifadə edərək, “bütün mədəniyyət dünyasını” Qarabağa gətirməkdir ki, onun barəsində bir əzəli Azərbaycan torpağı kimi mümkün qədər çox insan bilsin. Bütün Qafqaz regionunu birləşdirəcək və Qarabağın bütün mədəniyyət ənənələrini: şeir, xalçaçılıq, təsviri incəsənət, klassik musiqi, caz və milli musiqi ənənələrini dirçəldəcək Şuşa İncəsənət Akademiyası (Shusha Academy of Art) çox lazımlı olardı. Düşünürəm ki, bütün regionda turizmi təbliğ etmək və inkişaf etdirmək üçün beynəlxalq caz festivallarının keçirilməsi önəmli olardı.

- Çox güman ki, Qarabağ mövzusunda bəzi ideya və ya düşüncələriniz var. Düşünürük ki, böyük Qələbə sizin kimi iri miqyaslı bir insana yeni bir layihə və ya əsər yaratmağa ilham verməyə bilməz?

- Hazırda üzərində işlədiyim bir neçə ideya var. Düşünürəm ki, zamanı gələndə onlar haqqında daha müfəssəl biləcəksiniz (gülür).

- Qarabağda konsertinizi hansı melodiya ilə açardınız?

- Şübhəsiz ki, azad olunmuş torpaqlarda ilk konsertimi qrupum və qardaşlarımla birlikdə məhz Şuşada vermək istərdim. Həm də istərdim ki, bu konsert bütün dünyada onlayn yayımlansın. Konsertə dahi qarabağlı bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından "Gülçöhrənin ariyası" ilə başlayardım. "Cry of Gulchokhra" son albomum "From Baku to New York City"də ən populyar kompozisiyadır. Dünyada o, təxminən 4 milyon dəfə dinlənilib. Qeyd edək ki, bu alboma şəxsən prodüserliyi canlı əfsanə - amerikalı caz pianoçusu, bəstəkar və pedaqoq Əhməd Camal edib.

- Bu gün üçün aktual olanlar sırasında pandemiya da var. Məlumdur ki, karantin zamanı siz «Quarantine» kompozisiyasını yaratmısınız. Bu layihə haqqında daha ətraflı danışın.

- «Quarantine» haqqında ideya keçən ilin martında, bütün dünya yekdilliklə pandemiya haqqında danışmağa başladığı zaman ortaya çıxdı, ancaq onda xəstəliyin özü haqqında konkret bir şey bilmirdik. Bütün dünya evə qapandı. Bizim gündəlik həyatımız dayandı və tamamilə qeyri-adi bir formada qarşımıza çıxdı. Bəzi insanlar bu gerçəyi çox ağrılı qəbul etdilər. Mən də öz növbəmdə baş verən hər şeyə öz münasibətimi bildirmək istədim. «Quarantine» - bu mürəkkəb və təzadlı zaman kəsiyinə həsr olunmuş sinql, animasiya filmidir. O mənim bütün duyğularımı çatdırır. İndi mən eyniadlı solo albom üzərində çalışmağa davam edirəm, ora «Quarantine», həmçinin başqa tanınan kompozisiyalar və melodiyalar daxil ediləcək.

- Siz çox tez-tez albom buraxırsınız. Albomlardakı musiqiləri birləşdirən ortaq bir ideya varmı, yoxsa bu, izləyici üçün bir növ xronoloji hesabatdır?

- Hər bir albom yeni bir ideya təcəssümüdür. Öncə ideya yaranır, sonra bu ideya musiqiyə çevrilir. Son albom Əhməd Camalla ortaq düşüncəmizdir. Bu ideya Bakı ilə Nyu-Yorku birləşdirməkdən, bir azərbaycanlı musiqiçinin Bakıdan cazın yurdu Nyu-Yorka aparan yolunu nümayiş etdirməkdən ibarətdir. Daha öncəki albom «Emanation» tamamilə fərqli bir fikirdir. Eyni sözü yeni «Quarantine» albomu üçün də demək olar. İdeyasız musiqi yoxdur.

- Sizin konsertlərinizdə pərəstiş etdiyiniz Vaqif Mustafazadənin musiqisi də səslənir...

- Vaqif Mustafazadəni ilk dəfə eşitdiyim andan ona pərəstiş etməyə başladım. Düşünürəm ki, yalnız mən yox, həm də çox caz ifaçıları ona pərəstiş edir. Mənim repertuarımda onun bir sıra bəstələrinin interpretasiyası var və mən məmnuniyyətlə onun əsərlərini təbliğ edərək ifa edirəm.

- Melodiyalarınızı kimin ifa etməsi və izləyiciyə hansı formatda təqdim olunması sizin üçün önəmlidirmi?

- Caz ifaçıları başqa müəlliflərin əsərlərini icazəsiz ifa edə bilirlər. Bizim musiqimiz hamı üçündür.

- Öz yaradıcılığınız çərçivəsində həm yerli, həm də xarici ifaçılarla əməkdaşlıq etmisiniz. Bizim musiqiçilərlə, yaxud xarici musiqiçilərlə işləmə prosesini necə qiymətləndirirsiniz?

- Həm bizim, həm də xarici caz ifaçıları ilə işləmək həmişə çox həyəcanlı olur. Hər bir musiqiçi özünəməxsus şəkildə unikaldır və onlarla yaradıcılıq baxımından bir araya gəlmək yeni ideyalar, müxtəlif improvizasiya yanaşmaları doğurur. Karyeramdakı ən önəmli an isə böyük Əhməd Camalla görüşdür. Onunla işləmək və ünsiyyət qurmaq mənim üçün böyük təcrübədir. Mən çox xoşbəxtəm ki, ABŞ-da caz yaranması ilə, demək olar ki, eyni zamanda anadan olan caz korifeyi bir Paris televiziya kanalına verdiyi müsahibədə mənim haqqımda danışıb: "Şahin indiyə kimi dinlədiyim ən böyük pianoçulardan biridir". Onunla çox söhbətləşirik və mən ona Azərbaycan haqqında çox şey danışmışam. Mənim musiqimin bir canlı əfsanəni maraqlandırmasından çox qürur duyuram və bunun nəticəsində onda ölkəmizə, musiqimizə, yeməklərimizə, mədəniyyətimizə, təbiətimizə maraq yaranıb. Bir dəfə mənə zəng edib dedi: “Niyə mənə Naftalan haqqında danışmamısan? Mən mütləq sizin ölkənizi gəzməliyəm” (gülür). Bizim hörmətli Prezidentimiz İlham Əliyev və Mehriban Əliyeva mədəniyyətimizi, özəlliklə də cazı dəstəkləyir və inkişaf etdirirlər. İlham Əliyev amerikalı caz pianoçusu və bəstəkarı, 20-ci əsrin ən nüfuzlu caz ifaçılarından biri Herbi Hənkok ilə görüşüb və çox istərdim ki, dahi Əhməd Camal 91 yaşında ölkəmizdə olsun. Bu, Azərbaycan mədəniyyəti tarixi üçün çox əlamətdar bir hadisə olardı.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, bütün ömrünüz boyu musiqi təhlil etmisiniz və indi kimisə dinləmək sizin üçün çətindir. Maraqlıdır, bəs ilhamı və yeni ideyaları haradan alırsınız?

- Elə bir proses var ki, sən oxuyursan, müxtəlif ifaları təhlil edirsən. Sonra yaradıcılıq prosesi başlayır ki, bu, çox fərdidir. Buna görə də yenisini yaratmaq üçün sonsuz ideyalar əldə edə biləcəyiniz həyatın özü olduğu halda başqa birini dinləməyə ehtiyac yoxdur. Sadəcə, yaradacılığınızın insanlar üçün maraqlı olduğunu görməkdən ilham almaq olar. Bizim dövlətimiz incəsənət xadimlərinə çox dəyər verir. Ümummilli lider Heydər Əliyev bütün incəsənət xadimlərini üzdən tanıyırdı, bütün önəmli tədbirlərdə və premyeralarda iştirak edirdi. Bizim çox hörmətli Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım yaradıcı insanlara böyük diqqət və qayğı ilə yanaşırlar. İstənilən yaxşı sənətkar hər şeydən öncə yaradıcılıq barədə düşünür.

- Caz 1970-80-ci illərdə Azərbaycanda çox populyar olub. Bu gün də əvvəlki populyarlığını bərpa edib. Ölkəmizin çağdaş caz sənətində hansı yeniliklər əldə edilib?

- Azərbaycan cazı həmişə bütün dünya cazı ilə yanaşı gedib. Fərq yalnız musiqidə öz izini qoyan zamandır. Yenilik isə Sovet İttifaqının dağılmasından sonra caz mərkəzinin və caz klublarının açılması oldu. Əlbəttə ki, «Europe Cazz Networc»un üzvü olan «Baku Jazz Festival». 2005-ci ildən bu yana «Jazz Dunyasi» (JD) jurnalı fəaliyyətə başlayır və qısa bir müddətində dünyanın ən yaxşı iyirmi caz jurnalının sırasına daxil olub. Hesab edirəm ki, bu, böyük bir uğurdur.

- Gənc caz ifaçılarının yaradıcılığını izləyirsinizmi? Andeqraund ifaçılara münasibətiniz necədir?

- Bəzən, imkan daxilində, Bakıda caz festivalında oluram, gənc ifaçıları dinləyirəm. Festival çərçivəsində müsabiqə və cem-seyşnlər keçirilir ki, orada gənclər iştirak edir və onların içərisində istedadlı uşaqlar çoxdur. Mən onlara öz məqsədlərinə çatmaq üçün uğur və müvəffəqiyyət arzulayıram. Yaxşı caz ifaçısının yolu andeqraunddan, caz klublarından, cem-seyşnlərdən başlayır, oralarda müxtəlif musiqiçilərlə tanış olmaq, təcrübə qazanmaq və özünü tanıtmaq üçün əla fürsət var. Mənim böyük oğlum Mirsəmad cazı sevir və Bakıda caz festivalı zamanı bütün cem-seyşnlərə gedir, səhnəyə can atır (gülümsəyir).

- «Baku Jazz Festival» - paytaxtın ən parlaq hadisələrindən biridir. 2020-ci ildə bu festivalın keçirilməsi adi formatdan uzaqlaşdı və televiziya versiyasında baş tutdu. Festivalı canlı izləyicilər olmadan keçirmək necə idi?

 - 2020-ci il caz festivalı üçün yubiley ili oldu. Artıq 15 yaşı oldu. Bu baxımdan, istedadlı insanları, Azərbaycanın əməkdar artisti Rain Sultanovu, Leyla Əfəndiyevanı və bütün kollektivi təbrik edirəm, onlara gələcək uğurlar və maraqlı konsertlər arzulayıram. Dünya üzrə qapanmalar bütün kütləvi tədbirləri onlayn rejimə keçirib. Bu formatda keçirilən caz festivalında «Quarantine» filmimi eyni təqdim etdim. Konsert – dinləyici ilə qeyd-şərtsiz təmasdır. Onlar ifaçıdan, ifaçı isə dinləyicidən köklənirlər: duyğuların, enerjinin təması baş verir. Ümid edirəm ki, bu il nəhayət izləyicilərlə canlı görüşə biləcəyik.

- Dinləyici üçün caz nədir və bəs, ifaçı üçün nə deməkdir?

- Biz cazı müxtəlif cür qəbul edirik. Dinləyici üçün bu, onu illərdir müşayiət edən bir növ prosesdir. Kimsə cazı 10 yaşından, kimsə 30 yaşından, kimsə də 50 yaşından başlayaraq dinləyir, özü üçün cazın nə olduğu sualını cavablandırmağa başlayır. Yəni caz ruh halıdır.

- Şahin Növrəsli musiqi ilə baş-başa qalanda nə düşünür?

- Musiqi ilə baş-başa qalmaq – bu, ruhunuzun Kainatın enerjisinə qovuşması barədə izaha sığmayan bir hissdir. Həmin an, sanki, bir şey haqqında düşünmək mümkün deyil. Onda yalnız bir şey mümkündür - anı duymaq və ondan zövq almaq.



MƏSLƏHƏT GÖR:

267