23 Aprel 2024

Çərşənbə axşamı, 15:45

TƏKRAR OLUNAN TARİX

Qırğızıstanda baş vermiş «üçüncü inqilab»ın məntiqi nəticələri ölkəni haraya aparacaq?

Müəllif:

01.02.2021

Beş ilin diskussiya, mübahisə və ictimaiyyətdaxili müzakirələrdən sonra Qırğızıstan yenidən prezident idarəçiliyinə qayıdır. Yenidən ölkəyə seçicilərin əksəriyyətinin səsini qazanmış dövlət başçısı rəhbərlik edəcək.

Qırğızıstan Respublikasında növbədənkənar prezident seçkisi ilə idarəçilik formasına dair referendum eyni gündə – yanvarın 10-da keçirilib. Prezident seçkisini Sadır Japarov, referendumu isə prezident üsul-idarəsi qazanıb.

 

«Üçüncü qırğız inqilabı»nın ideyaları

Bu seçki (növbədənkənar) və onunla eyni vaxtda təşkil olunmuş referendum ölkəni 2020-ci ilin payızında silkələmiş və «üçüncü qırğız inqilabı» adlandırılan hadisələrin birbaşa nəticəsi idi. Məlum olduğu kimi, Qırğızıstanda ilk iki inqilab 2005 və 2010-cu illərdə baş vermiş, müvafiq olaraq prezidentlər Əsgər Akayev və Kurbanbek Bakiyevin devrilməsilə nəticələnmişdi. Qırğızıstan ictimaiyyətinin hər dəfə etirazına səbəb rəhbərlərin hakimiyyətdən sui-istifadəsi idi. Bununla yanaşı, həmin illərdə ölkədə hakimiyyətin bir əldə – prezidentin əlində cəmləşməsindən də narazılıq var idi. Sonda onları əvəzləmiş qüvvələr dövlətin idarəçilik sistemilə bağlı referenduma getmişdilər. 27 iyun 2010-cu ildə keçirilmiş referendumda qırğızlar Konstitusiya dəyişikliyinə səs vermiş, bununla da, ölkədə parlament idarəçiliyi formasına keçilmişdi.

Məlum olduğu kimi, klassik parlament üsul-idarəsində prezidentin dövlət başçısı kimi, yalnız nominal, məhdud səlahiyyətləri olur. O, sadəcə, baş nazirin verdiyi qərarları təsdiqləyir. Bəs, Qırğızıstanda real olaraq nə baş verirdi?

Ekspertlər hesab edir ki, ölkədə əslində prezident və parlament üsul-idarəsinin birləşdiyi hibrid sistemi yaranmışdı. Bu sistemə görə, bütün qərarlar baş nazir tərəfindən qəbul olunurdu. Amma parlamentdə çoxluğa malik hakim partiyanın lideri olan prezident kadr məsələlərinə dolayı və birbaşa yolla təsir göstərə bilirdi.

Prezident Almazbek Atambayev də bu imkandan yararlanaraq, V və VI çağırış parlamentdə çoxluğa nəzarət edirdi. Atambayevin fəaliyyətinə tənqidi yanaşan qırğızıstanlı ekspertlər bu vəziyyəti «demokratiya oyunu» kimi qiymətləndirir, bunun ölkənin siyasi elitasını məhv etdiyini, oliqarxların yolunu açdığını, bürokratiyanı gücləndirdiyini deyirdilər. Onların fikrincə, nəhəng xarici borcun yığılması, siyasi partiyaların vəziyyətinin acınacaqlı vəziyyətə düşməsi də bu sistemin «əl işi»dir. Bundan başqa, ölkədə artıq hakimiyyətin effektivliyi də əhəmiyyətli dərəcədə azalmışdı. Çünki parlament üsul-idarəsinin hökm sürdüyü şəraitdə bir çox hallarda qəbulu təcili olan qərarların razılaşdırılmasına aylar, hətta illər sərf olunurdu – müzakirələr, məsləhətləşmələr bitmək bilmirdi.

Beləliklə, idarəçilik sistemi effektivliyini itirmiş, siyasi sistemdə böhran yaranmışdı. Belə vəziyyətdə prezident Atambayevin gedişi və onun yerinə partiyadaşı olan Sooronbay Jeenbekovun gəlişi də heç nəyi dəyişmirdi.

 

Qırğızıstanda parlamentarizmin iflası

Jeenbekov hakimiyyətə 2017-ci ildə Atambayevin demokratik yolla seçilmiş varisi və onun siyasətinin davamçısı kimi gəlmişdi. Lakin tezliklə onların yolu ayrılmışdı. Yeni prezident sələfinin təsirindən qurtulmaq üçün tələsik addımlar atmağa başlamışdı. Müşahidəçilərin firkincə, əslində hər şey elə onların şəxsi münaqişəsilə başlamışdı.

İddialı Atambayev prezident səlahiyyətlərini «yerə qoysa» da, hələ də Qırğızıstanın hakim Sosial-Demokrat Partiyasının lideri olaraq qalırdı. Odur ki, ölkənin gizli rəhbəri olmağa, əsas qərarların qəbuluna təsir etməyə çalışırdı. Jeenbekov isə müstəqil siyasətçi imiş – o, mövqelərini qorumaq üçün keçmiş liderilə qarşıdurmaya geğtməkdən çəkinmirdi. Üstəlik, yeni prezidenti ətrafında cəmləşmiş müxtəlif siyasi qruplar və klanlar da dəstəkləyirdi. Artıq Atambayevin komandasının nümayəndələri yeni dövlət başçısının xəttinə qarşı olduqlarını gizlətmir, açıq mübarizə aparırdılar.

Atambayevin komandasından bir neçə nəfərin həbsi və barələrində cinayət işinin açılmasından sonra isə qarşıdurma tam açıq müstəviyə keçmişdi. Həbs olunanlar arasında ölkənin iki sabiq baş naziri də var idi…

Bu da son deyil. Bir müddət sonra Jeenbekov sabiq prezidentlərin cinayət məsuliyyətinə cəlbinə imkan verən qanunu imzalamış və artıq Atambayevin özünün də başının üstünü qara buludlar almışdı.

Çox keçmir, ona qarşı korrupsiya ittihamları irəli sürülür, parlament sabiq prezidentin toxunulmazlığını ləğv edir və o, şahid kimi ifadə verməyə çağırılır. Atambayev ittihamları absurd sayır, baş verənlərin siyasi motivlərlə bağlı olduğunu deyirdi. Hər halda, Atambayevin işi Qırğızıstanda son onilliyin ən səs-küylü siyasi qalmaqalı idi. Proses bir vaxtlar son dərəcə nüfuzlu məmurlar olmuş şəxslərin bir-birinin ardınca ifşa edilməsilə müşahidə edilirdi. Nəhayət, sonda eks-prezident, ardınca isə bəzi yaxın silahdaşları həbs olunur.

Atambayev üzərində proses Jeenbekovun mövqelərinin möhkəmlənməsinə imkan versə də, hakimiyyətin özünün nüfuzuna ciddi zərbə vurmuşdu. Artıq siyasi sistemə inam da ciddi şəkildə sarcılmışdı. Bunun nəticəsi idi ki, 2020-ci ilin payızında Qırğızıstanda növbəti etiraz dalğası başlayan zaman insanlar həm hakimiyyətin aparıcı simalarına, həm də bütünlükdə siyasi sistemə etiraz edirdilər.

 

Böhran şəraitində yeni islahatlar

Siyasi sistemdə getdikcə dərinləşən böhran ölkə iqtisadiyyatına da öz mənfi təsirini göstərmişdi. Pandemiya və onun mənfi fəsadları isə onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdırırdı.

Asiya İnkişaf Bankı, BMT-nin İnkişaf proqramı və İqtisadi Siyasətin Araşdırılması İnstitutunun birgə apardığı araşdırmanın hələ ötən il açıqlanmış nəticələri göstərirdi ki, Qırğızıstan iqtisadiyyatının inkişafı ilə bağlı proqnozlar son dərəcə bədbindir. Sənəddə bildirilirdi ki, ən pis ssenarinin gerçəkləşəcəyi təqdirdə ölkədə işsizlik səviyyəsi 21%-ə çata bilər. İqtisadiyyatın turizm, ticarət, istehlak xidmətləri və inşaat kimi əsas sahələrində proqnozlaşdırılan əhəmiyyətli geriləmələrin qeyri-formal sektorda çalışanlara ciddi təsir göstərəcəyi gözlənilir. Çünki onların əksəriyyətinin hansısa formada sosial müdafiəsi yoxdur.

Araşdırmalar onu da göstərib ki, kiçik sahibkarlar, imkanları məhdud olan insanlar və çoxuşaqlı ailələr pandemiyanın sosial-iqtisadi fəsadlarından xüsusi əziyyət çəkən təbəqədir.

Amma hökumət bu çağırışlara hələ də adekvat cavab tapa bilmir. Yeni prezident Sadır Japarov seçkinin nəticəsinin elan olunmasından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, o, «miqrantları evlərinə qaytarmağa» hazırlaşır. Dövlət başçısı Qırğızıstanı yaxın 3 ildə iqtisadi böhrandan çıxaracağını da vəd edib.

Qeyd edək ki, hazırkı prezident əvvəlki hakimiyyətlərin dövründə həbsdə olub. İndi o, parlament üsul-idarəsinin bütün fəsadlarını ən qısa zamanda aradan qaldırmaq fikrindədir. O, hakimiyyətdə prezident idarəçiliyi xəttini gücləndirməyə çalışır. Yeni prezident yeni Konstitusiyanın qəbulu üçün referendumun keçiriləcəyini də bəyan edib. «Konstitusiya islahatlarından sonra yeni hökumət, yeni parlament olacaq. O, qarışıq sistemlə – həm partiya siyahıları, həm də təkmandatlı dairələr vasitəsilə seçiləcək», - deyə Japarov qeyd edib. Plana görə, bütün islahatlar iyunun 1-dək başa çatdırılmalıdır.

Qırğızıstan ictimaiyyətisə, deyəsən, bitmək bilməyən siyasi kataklizmlərdən bezib. Bu kataklizmlərin yaratdığı qeyri-müəyyənlik isə insanları daha çox bezdirib. İndi bütün ümidlər yeni hakimiyyətə və yeni perspektivlərədir. Onların sevindirici olub-olmayacağını, milyonlarla qırğızın ümidlərini doğruldub-doğrultmayacağını görəcəyik.



MƏSLƏHƏT GÖR:

202