20 Aprel 2024

Şənbə, 02:52

«STATUS MƏSƏLƏSİ»

Artıq qapadılmış məsələni ümidsizcəsinə yenidən qaldıran Ermənistanı əslində nə narahat edir?

Müəllif:

01.02.2021

Qarabağ probleminin nizama salınması ilə bağlı diplomatik səylərin ağırlıq mərkəzi yenə də Moskvadır – yanvarın 11-də burada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş keçirilib. Görüşün yekununda tərəflər birgə bəyanat imzalayıb. Sənəddə əsas diqqət kommunikasiyaların açılması məsələsinə yönəldilib və bununla bağlı konkret «yol xəritəsi» də imzalanıb. 10 noyabr bəyannaməsində olduğu kimi, bu sənəddə də Qarabağın statusu haqda bir kəlmə belə, yoxdur. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin status məsələsinin tarixin zibilliyinə atıldığına dair bəyanatının daha bir təsdiqi sayıla bilər.

Lakin Nikol Paşinyan Moskva görüşünün yekunundakı çıxışında məsələni yenidən gündəmə qaytarmağa çalışıb. «Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir», - deyə Ermənistanın baş naziri bildirib. O, ölkəsinin ATƏT-in Minsk qrupu çərçivəsində, o cümlədən status məsələsinə dair danışıqları davam etdirməyə hazır olduğunu da söyləyib.

Bəs, bu, necə başa düşülməlidir? Status məsələsi nə yerdədir?

 

Azərbaycanın hüquq qovluğu…

Ermənistantərəfininstatusməsələsini «gündəmdə saxlamaq» cəhdləri ümumilikdə anlaşılanvə izaholunandır.

2020-ci ilin sentyabrınadək Ermənistan özünə «müharibənin qalibi» olması ilə təskinlik verir, hər şeyin kağız üzərində rəsmiləşməsinin 10-cu dərəcəli məsələ olduğunu düşünürdü. İndisə onlar anlayır ki, hüquqi əsas olmadan, «güllə ilə səsvermənin» heç bir perspektivi yox imiş. Artıq status məsələsi birdəfəlik qapadılıb.

Əvvəlcə, gəlin, hüquqi və diplomatik «qovluq»a nəzər salaq. Beynəlxalq hüquqa və dünya tərəfindən tanınan sərhədlərə görə, Qarabağ Azərbaycan ərazisinin bir hissəsidir. Onun hər hansı fərqli statusu haqda nə BMT Təhlükəsizlik Şurasının qətnamələrində, nə də ümumilikdə beynəlxalq hüquqda hər hansı fikrə rast gəlinir. Bu haqda Azərbaycan Prezidentinin fikri də birmənalıdır. O, işğaldan azad olunmuş Şuşaya bu günlərdə etdiyi səfər zamanı xatırladıb ki, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qurduğu qondarma rejimin «parlament»ini cəmi bir neçə ay əvvəl buraya köçürməyə hazırlaşırdı: «Qondarma rejim bəyan etmişdi ki, «Dağlıq Qarabağ Respublikası»nın «parlament»ini Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar «Dağlıq Qarabağ Respublikası»nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. «Parlament» də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!».

Qarabağın Azərbaycan olduğunu dəfələrlə Rusiya prezidenti Vladimir Putin, bu ölkənin xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da dilə gətiriblər.

İrəvanın status məsələsini gündəmə qaytarmaq üçün Minsk qrupu meydançasından istifadə cəhdləri də boş xülyadan başqa bir şey deyil. Bəli, Azərbaycanın Qələbəsindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər ediblər. Lakin onların səfərin nəticələrinə dair yekun bəyanatında da status məsələsinə toxunulmayıb. Rusiyanın dövlət başçısı V.Putin isə ölkəsinin digər həmsədrlərlə sıx koordinasiya şəraitində işlədiyini deyib.

Beləliklə, bu gün Qarabağın statusu müzakirə predmeti deyil. Bunu 10 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatlar da qəti şəkildə təsdiqləyir: Dağlıq Qarabağın statusu artıq heç bir variantda danışıqlar mövzusu deyil. Paşinyan, Ayvazyan və digərlərinin bəyanatları ilə danışıqların gündəliyi arasındakı ciddi fərq də ortadadır. Məsələnin müzakirəsi üçün ən azı başqaları da bu haqda danışmalıdır. Azərbaycan isə mövzunu qapanmış hesab edir.

Bir sözlə, erməni liderlər 100 il əvvəl «Qərbi Ermənistan», Van gölü və s. haqda danışdıqları kimi, indi də «Qarabağın statusu», Şərqi Anadolunun «altı vilayəti» məsələsini qaldıra bilər. Lakin bu bəyanatlar heç bir halda Qarabağın statusu məsələsini yenidən danışıqlar mövzusuna çevirməyəcək.

 

…Ermənistanın status planları…

Belə bir şəraitdə İrəvanın israrla Qarabağın statusu məsələsinə qayıtmaq cəhdlərini necə izah etmək olar? Ermənistan diplomatik müstəvidə nələrin baş verdiyini anlamaya bilməz, axı. Odur ki, erməni siyasətçilərin bu inadkarlığının səbəbi başqadır. Qarabağın statusu bəlli səbəblərdən vacib məsələdir. Əlbəttə, bu bəyanatlara laqeyd yanaşmaq, onun «daxili auditoriyaya» hesablandığını söyləmək olar. Düşünmək olar ki, erməni liderlər bu bəyanatlarla öz vətəndaşlarına hələ hər şeyin itirilmədiyini göstərməyə çalışır. Lakin realist olmaq lazımdır: «status məsələsinin hələ də həll olunmadığını» Ermənistanın baş naziri və XİN başçısı bəyan edirsə, demək, İrəvan Qarabağ probleminin bitdiyini düşünmür və qisasa ümid bəsləyir. Amma məsələnin daha bir tərəfi var: Ermənistan indi Qarabağ üçün hansı statusu tələb edir?

Erməni diplomatiyasının veteranı Jirayr Liparityan BBC-yə müsahibəsində kifayət qədər açıq danışıb: «Atəşkəs razılaşması əldə olunandan bu yana beynəlxalq birlik bizə Qarabağın müstəqilliyini tanımayacağını deyirdi. Nəzəri cəhətdən onlar bunu o vaxt edə bilərdilər ki, əvvəlcə bu addımı Azərbaycan atsın. Lakin Rusiya, Türkiyə, İran, ABŞ və Fransanın təklif etdikləri bütün variantlar Azərbaycanın ərazi bütövlüyünə əsaslanırdı. Bu, aydın idi. Onlar son 30 ildə bizə yalnız bunu deyiblər».

Başqa sözlə, Ermənistan özü üçün ən yaxşı halda, yalnız muxtariyyətə ümid edə bilərdi. Amma bu, onsuz da Ermənistan üçün məğlubiyyət demək idi. Çünki Qarabağ əvvəllər də Azərbaycanın tərkibində muxtariyyət olub. Müharibədən sonra da hər şeyin əvvəllər olduğu kimi qalması, əlbəttə ki, irəvanlı siyasətçilər üçün yaxşı variant sayıla bilməzdi. Nəticədə, Ermənistan Qarabağa müstəqillik verilməsindən başqa heç bir variantla razılaşmır.

İndisə status mövzusuna ərazi məsələsi də «qoşulub». Ermənistanın xarici işlər naziri Ara Ayvazyan hətta «Artsax ərazisinin işğaldan azad olunması»ndan danışır. Erməni siyasi dilindən tərcümədə bu, Azərbaycanın 44 günlük müharibə nəticəsində azad olunmuş ərazilərinin yenidən işğalı deməkdir. Söhbətin hansı ərazilərdən getdiyi də tam aydın deyil. Erməni işğalçıları Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycanın keçmiş DQMV-yə aid olmamış rayonlarına da «eybəcər adlar» qoyublar. Məsələn, onlar Ağdamı «Akna», Füzulini «Varanda», Kəlbəcəri «Karvaçar» adlandırırlar. Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarının da daxil edildiyi xəritəsini Avrasiya İqtisadi Komissiyasının məcmuəsinə belə, salmışdılar.

 

…və məğlubiyyətin qiyməti

Bütün bu təhlükəli planlar kifayət qədər nümunəvi fonda səsləndirilir. Ermənistan da daxil olmaqla, dünyanın hər hansı ölkəsinin, yaxud hər hansı beynəlxalq təşkilatın Azərbaycandan mədəni muxtariyyətdən (məktəblər, qəzetlər, kilsə və s.) başqa nə isə tələb etməsi üçün heç bir hüquqi əsas yoxdur. Bütün bu illər ərzində İrəvan keçmiş DQMV ətrafındakı 7 rayonun işğaldan azad olunması qarşılığında Qarabağ üçün status «qoparacağına» ümid edib. Lakin birincisi, Azərbaycan Qarabağın müstəqilliyinə heç bir halda razılaşmayacaqdı. İkincisi, ermənilər həmin 7 rayondan da çıxıb getmək niyyətində deyildilər.

İndisə ekspertlərin də dediyi kimi, Ermənistanın əlində «sövdələşməyə getmək» üçün heç bir vasitə qalmayıb. 2020-ci ilin sentyabrınadək onlar «hərbi təzyiq»ə arxalanırdılar. Payız məğlubiyyətindən sonra isə ekspertlər artıq Ermənistanda ordunun dövlət institutu kimi qalıb-qalmadığını müzakirə edir. İstənilən halda, artıq Azərbaycanı «razılaşmasanız, yenə işğal edəcəyik» tipli hədələrlə qorxutmaq mümkün deyil.

Bütün bunlarla yanaşı, Ermənistan postmüharibə dövrünün iqtisadi reallıqlarını da nəzərə almalıdır və bu, bəlkə də ən önəmli məsələdir. Müasir dünyada müharibə çox bahalı işdir. İndi Ermənistan ordusunda yaranmış yırtıqları yamamalı, sərhədlərini qurmalı, müharibədə həlak olmuş və əlilə çevrilmiş hərbçilərin ailələrinin sosial vəziyyəti haqda düşünməlidir. Üstəlik, İrəvan büdcəyə Azərbaycanın işğal olunmuş torpaqlarından gələn gəlirdən də məhrum olub. Doğrudur, Ermənistan iqtisadiyyatı Paşinyan və komandasının səsləndirdiyi yalan rəqəmlərə baxmayaraq, heç 44 günlük müharibədən əvvəl də yaxşı vəziyyətdə deyildi. İndisə o, sosial-iqtisadi fəlakətin astanasındadır.

«İstehlakçıların konsultasiyası mərkəzi» qeyri-hökumət təşkilatının sədri Karen Çilinqryan etiraf edir ki, Ermənistanda Yeni ilədək günəbaxan yağı, un (hərəsi 30-40%), çörək və qənd bahalaşmışdı. «Sitrus məhsullarında da bahalaşma var. Səbəblərdən biri dramın devalvasiyasıdır. Unun bahalaşması fonunda təsərrüfat subyektləri çörəyin bahalaşmasına imkan verməmək üçün onun çəkisini azaldır», - deyə o, bildirib.

Sitrus bitkilərini «çərəz» adlandırmaq, onların bahalaşmasından ciddi narahat olmamaq olar. Hər halda, qreyfrut yemədən də yaşamaq mümkündür. Un, çörək və qənd isə artıq ciddi məsələdir.

Ermənistanın sabiq baş naziri Qrant Baqratyanın proqnozu isə daha qorxuludur: «Ölkədə artıq martda, apreldə, mayda aclıq başlaya bilər. Mən hələlik yaxşı heç nə görmürəm». Sabiq baş nazir proqnozunu Ermənistanın «min hektarlarla şumluq torpaq, otlaq və taxıl zəmisi itirməsi»lə əsaslandırıb. Amma ölkədə sadəcə, debetlə kredit uyğun gəlmir.

İrəvanın bu «çuxur»dan çıxmasına kommunikasiyaların açılması, iqtisadi reinteqrasiya və qonşularla normal münasibətlər yardım edə bilərdi. Bu halda onun iqtisadiyyatına investisiya axını da başlaya bilər. Lakin İrəvan bunun əvəzinə hələ də status məsələsinə «ilişib qalıb». Bu isə yeni gərginlik deməkdir. Bir sözlə, hazırda Ermənistanın əlində nə kozır var, nə rıçaq. Demək, bu dəfə məğlubiyyət daha baha və daha acı olacaq.



MƏSLƏHƏT GÖR:

218