29 Mart 2024

Cümə, 12:27

MÖHKƏM MÖVQE

Azərbaycanlı gimnastların son beş ildə əldə etdikləri nailiyyətlər gələcəyin ümidverici olduğunu təsdiqləyir

Müəllif:

15.02.2021

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 11-ci ümumi yığıncağı və İcra Komitəsinin 37-ci iclası keçirilib. Federasiyanın Nizamnaməsinə əsasən, builki yığıncaq hesabat-seçki xarakteri daşıyıb.

Əvvəlcə federasiyanın son beş ildəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edən federasiyanın vitse-prezidenti Altay Həsənov Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, o cümlədən mötəbər yarışlarda gimnastika üzrə əldə olunan nailiyyətlər və AGF-in beynəlxalq arenadakı uğurları barədə məlumat verib.

Hesabatın sonunda Altay Həsənov görülən bütün işlərin, əldə olunan nailiyyətlərin ölkəmizin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi və tövsiyələrinin bəhrəsi olduğunu vurğulayıb və Mehriban xanıma gimnastika ictimaiyyəti adından təşəkkür edib.

Sonra seçkilər keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.

Səsvermə nəticəsində Altay Həsənov federasiyanın vitse-prezidenti seçilib. Həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcra Komitəsinin üzvü seçiliblər. Ümumi yığıncaqdan sonra AGF-in yeni seçilən İcra Komitəsinin 2021-ci ilin ilk, ümumiyyətlə isə 37-ci iclasını keçirib. İclasda son üç ildə AGF-in baş katibi olan Nurlana Məmmədzadə yenidən bu vəzifəyə təyin olunub.

 

Favoritlər sırasında

Sirr deyil ki, Azərbaycan Gimnastika Federasiyasının son illərdə əldə etdiyi uğurlar ölkədə gimnastikaya olan marağı artırıb, gimnastlarımızın mötəbər yarışlarda favoritlər sırasında olmasına səbəb olub. Son beş il Azərbaycanda gimnastika əlamətdar hadisələrlə yadda qalıb.

2016-cı ildən etibarən müxtəlif gimnastika növləri üzrə irimiqyaslı yarışların paytaxtımızda keçirilməsi, sanki gimnastikaya yeni nəfəs gətirdi. Son beş il ərzində federasiya tərəfindən öz müasirliyi ilə seçilən Milli Gimnastika Arenasında Olimpiya növləri olan bədii gimnastika, idman gimnastikası və batut gimnastikası üzrə ümumilikdə 13 Dünya Kuboku təşkil olundu. Onlardan dördü Tokio-2020 Olimpiya Oyunlarının idman gimnastikası və batut gimnastikası üzrə yarışlarına təsnifat xarakteri daşıyırdı. Daha bir Dünya Kuboku 2018-ci ildə qeyri-Olimpiya növü olan akrobatika gimnastikasına aid oldu.

2016-cı ildə Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Avropa Çempionatı da keçirildi. Bu çempionatda gimnastımız Mixail Malkin tamblinq üzrə yarışlarda qızıl medala, qadınlardan ibarət sinxron cütlüyümüz - Svetlana Makştaryova və Veronika Zemlyanaya isə gümüş mükafata layiq görüldülər.

2019-cu ildə paytaxtımızda bədii gimnastika üzrə Avropa Çempionatı ilə yanaşı, ilk dəfə aerobika gimnastikası üzrə qitə бirinciliйи təşkil olundu. Aerobikaya aid “aerodans” proqramında idmançılarımız qızıl medala layiq görüldü. 2019-cu ilin gimnastika üzrə Bakıdakı beynəlxalq yarışlarına Tokio-2020 Olimpiya Oyunlarına təsnifatın keçirildiyi bədii gimnastika üzrə Dünya Çempionatı yekun vurdu. Burada gimnast Zöhrə Ağamirova Tokio-2020 Olimpiya Oyunlarına vəsiqə qazandı. Beləliklə, Zöhrə Olimpiadada ölkəmizi təmsil edəcək Azərbaycanda doğulmuş və idmançı kimi yetişdirilmiş ilk fərdi gimnast olacaq. Bundan əlavə, qrup hərəkətləri komandamız 13 ildən sonra Tokio-2020-yə lisenziya qazanmaqla, yenidən Olimpiya Oyunlarına qayıtdı.

2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika, kişi və qadın idman gimnastikası üzrə təmsilçilərimiz ümumilikdə 20 medal qazandı. 2019-cu ildə Bakıdakı Avropa Gənclər Yay Olimpiya Festivalında kişi idman gimnastikası üzrə yarışlarda gimnast Səməd Məmmədli dəstəli at proqramında gümüş medal əldə etdi.

Ölkəmizin hüdudlarından kənarda keçirilən yarışlarda da gimnastlarımız öz çıxışları ilə fərqləndi. Belə ki, Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında Azərbaycanın kişi idman gimnastikası tarixində ilk dəfə olaraq, ölkəmiz 2 gimnastla təmsil olundu. Təmsilçilərimizdən biri – Oleq Stepko təsnifat mərhələsində 6 çıxış üzrə toplanan xalların cəminə əsasən, yenə də tariximizdə ilk dəfə olaraq, Rio Olimpiadasının çoxnövçülük finalında 24 ən güclü idmançılarla bərabər iştirak etmək hüququ qazandı. Həmin Oyunlarda bədii gimnast Marina Durunda dünyanın 10 ən güclü idmançıları sırasında çoxnövçülük finalında çıxış etdi.

2019-cu ildə Ştutqart şəhərində keçirilən Dünya Çempionatında kişi idman gimnastı İvan Tixonov çoxnövçülük nəticələrinə əsasən Tokio-2020 Olimpiya Oyunlarına vəsiqə qazandı. Elə həmin çempionatda müstəqil Azərbaycanın qadın idman gimnastikası tarixində ilk dəfə olaraq, Marina Nekrasova çoxnövçülük nəticələrinə əsasən Tokio-2020 Olimpiya Oyunlarına lisenziya əldə etdi.

 

Pandemiyaya rəğmən

2020-ci ildə “COVID-19” xəstəliyi ilə əlaqədar bütün dünyada elan olunan pandemiyanın yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, bədii gimnastlarımızın Milli Gimnastika Arenasında qapalı şəraitdə keçirdikləri intensiv məşqlər öz bəhrəsini verdi. Kiyevdə keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında qrup hərəkətləri komandası çoxnövçülükdə gümüş, 3 halqa və 2 cüt gürzlə isə bürünc medal qazandı. Daha bir bürünc medalı isə qrup hərəkətləri komandası və fərdi proqramda çıxış edən gənc gimnastlarımız komanda hesabında əldə etdilər. Sevindirici haldır ki, dörd gənc gimnastımızdan üçü paytaxtımızın deyil, ölkəmizin digər şəhərlərinin yetirməsidir.

Batut gimnastikasında nailiyyətlərə gəlincə isə, 2016-cı ilin İspaniyanın Valladolid şəhərində keçirilmiş Avropa Çempionatında ölkəmizin debüt etdiyi ikili mini-batut üzrə yarışlarda təmsilçimiz Dmitriy Fedorovskiy bürünc medal əldə etdi. 2017-ci ildə Polşanın Vroslav şəhərindəki Ümumdünya Oyunlarında sinxron proqramda çıxış edən Veronika Zemlyanaya və Svetlana Makştarova cütlüyü ölkənin gimnastika tarixində ilk dəfə olaraq gümüş medal əldə etdi. Artıq bu gimnastika növündə kiçik yaş qruplarına aid batutçularımız da uğurlara imza atırlar. 2019-cu ildə Yaponiyanın Tokio şəhərində təşkil olunmuş batut gimnastikası üzrə 27-ci Dünya Yaş Qrupları Yarışlarında 11-12 yaş kateqoriyasında fərdi proqramda çıxış edən Maqsud Maгsudov Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qızıl medala layiq görüldü. Sinxron proqramda da komanda yoldaşı Hüseyn Abbasovla birgə yarışan Maqsud Maгsudov gümüş medal əldə etdi. Elə həmin yaş kateqoriyasında tamblinq üzrə yarışlarda ölkəmizi təmsil edən Aleksey Karataşov qızıl medal qazandı.

Gimnastlarımızın beynəlxalq arenadakı uğurları ilə yanaşı, AGF-nin beynəlxalq gimnastika aləmindəki nailliyyətləri də bizi sevindirdi. AGF 6 il ardıcıl olaraq fəaliyyəti Beynəlxalq Gimnastika Federasiyası tərəfindən mükafatlandırılan federasiyaların siyahısına daxil olur və son 3 ildə həmin siyahıya liderlik edir. 12 il ərzində AGF-nin Baş katibi olan Fərid Qayıbov 2017-ci ildə Avropa Gimnastikasının seçki xarakтerli Konqresində həmin quruma Prezident seçildi.

Ümumilikdə gimnastlarımız bütün yarışlarda ölkəmizin idman şərəfini layiqincə qoruyub. Regionlarda gimnastika məktəblərinin sayının artması paytaxtdan kənarda da istedadlı idmançıların üzə çıxmasına kömək edib. Qarşıda gimnastlarımızı Avropa və dünya çempionatları, o cümlədən Tokio Yay Olimpiya Oyunları gözləyir. İnanırıq ki, olimpiadadan sonra da federasiya yeni nəsil gimnastların hazırlanmasında lazımi işləri həyata keçirəcək.



MƏSLƏHƏT GÖR:

196