8 Mart 2021

Bazar ertəsi, 11:15

VALYUTA

«ƏVVƏL» VƏ «SONRA»

Reza DEQATİ: «Mən çox müharibədən fotolar çəkmişəm, amma Qarabağda baş verənləri heç zaman və heç yerdə görməmişəm»

Müəllif:

15.02.2021

O, artıq 40 ildir ki, müharibələri çəkir! Onlar haqda hər şeyi bilir. Gözləri və obyektivi çox dağıntı, müharibələrin şikəst etdiyi çox tale görüb. Onun şəkilləri dünyanın «National Geographic», «GEO», «Time Photo» kimi nəşrlərinin cildində yer alıb. Azərbaycan əsilli fransalı fotoqraf, dünya vətəndaşı, «National Geographic» cəmiyyətinin tədqiqatçısı, «Ashoka» fondunun baş mütəxəssisi Reza Deqatini Azərbaycanda yaxşı tanıyırlar. Dünya müstəqil Azərbaycan tarixinin ən qorxulu səhifələrinə də, qəhrəmanlıq salnamələrinə də Deqatinin obyektivindən baxıb: 20 Yanvar faciəsi, Xocalı soyqırımı, erməni terrorçularından müdafiə olunan Şuşa, qaçqın və məcburi köçkünlərin çadır şəhərcikləri və s.

Vətən müharibəsinin getdiyi günlərdə Reza Deqatidən müsahibə almaq asan iş deyildi – 30 il sonra o, yenidən ön cəbhədə idi. Bu dəfə yalnız bir fərq var idi – indi Deqati Azərbaycan Ordusunun zəfər yürüşünü lentə alırdı. Qarış-qarış azad olunan torpaqlar: məhv edilmiş Ağdamın fotoları, yer üzündən silinmiş Azərbaycan qəbiristanlıqlarının, güllələnmiş abidələrin, təhqir olunmuş məscidlərin əksi. İndi bütün bunlar 30 illik salnamədir.

Qələbədən sonra Reza Deqati Parisə yollanmış, bir də Azərbaycana 20 Yanvar matəmi ərəfəsində qayıtmışdı. Onun qrafiki bu dəfə də sıx idi. Lakin «Region plus»un redaksiyasına gəlməyə lütfkarlıqla razılıq verdi.

- Azərbaycana xoş gəlmisiniz! Bakıya 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək üçün, ağrımızı, kədərimizi bölüşmək üçün gəldiyinizi bilirik. Qələbədən sonra Şəhidlər xiyabanına üz tutmuş insanlarda hansısa dəyişiklik hiss etdinizmi?

- Əvvəlcə öz təəsüratımı bölüşmək istərdim. 20 Yanvar şəhidlərini anmaq üçün Azərbaycana hər il gəlirəm. Amma bu dəfə hər şey fərqli idi. Ən böyük dəyişiklik ürəklərdə baş verib. Şəhidlər xiyabanında insanların gözlərində fərqli ifadə var idi – sevinc, rahatlıq. Şəhidlər qarşısında böyük borcumuz var idi – torpaqlarımızın geri qaytarılması. Biz bunu etdik.

- 1990-cı il yanvarın 20-də də, Xocalı faciəsi zamanı da, Vətən müharibəsinin gedişində də yanımızda olmusunuz. Bu, daha çox nədən irəli gəlir – vəzifə borcundan, yoxsa Azərbaycana sevgidən?

- (fikrə gedir) Hər ikisi. Amma mən üçüncü səbəb də deyə bilərəm. Uzun illər Azərbaycana qarşı saysız-hesabsız ədalətsizlik, təcavüz görmüşəm. Dünya Azərbaycan xalqının nə çəkdiyini anlamır, üzləşdiyi ədalətsizliyi görmürdü. Çünki tərəzinin digər gözündə yüz il əvvələ də hesablanmış, detallarına qədər sistemləşdirilən erməni informasiyası dayanırdı. Bu savaşda onlar güclü idi. Təcavüzə məruz qalan Azərbaycan xalqı idi, amma dünyaya bunun tam əksi göstərilirdi. Təbii ki, bu, bir insan kimi mənə təsir etməyə bilməzdi. Fotojurnalist olaraq, bütün bu hadisələrin şahidi idim. Borcum gördüklərimi dünyaya çatdırmaq, yalanı, mifi yaddaşlardan silməli idim.

- Demək istəyirsiniz ki, müharibəni udsaq da, torpaqlarımızı azad etsək də, informasiya savaşını hələ də uduzuruq?

- Təəssüf ki, bəli. Döyüşlər bitər-bitməz, mən Parisə getdim və təxminən, iki həftə orada qaldım. Fransa telekanallarında 2 dəfə Qarabağ haqda danışdım. Biz dünyanın inamını qazanmalıyıq. 30 il bu müharibəni ən qaynar nöqtələrdə müşahidə etmişəm və görürəm ki, uduzuruq. Niyə? Məsələn, internetdə yayılmış videolardan birində azərbaycanlı əsgərin erməni məzarını təpikləyərək dağıtdığı görünür. Mən Azərbaycan əsgərinin bunu edə biləcəyinə inana bilmirdim. Bir müddət sonra Qarabağda ermənilərin tərk edib getdikləri bazalarında oldum və orada gördüklərimi lentə aldım. Bilirsiniz orada nə qədər Azərbaycan hərbi geyimi var idi? Hamısı da əla vəziyyətdə. Gördüklərimdən belə qənaətə gəldim ki, həmin məzarı dağıdan Azərbaycan hərbçisinin formasını geymiş düşmən də ola bilər. Amma nə olsun? Ermənilər həmin videonu bütün dünyaya yayıblar. Halbuki işğal illərində erməni silahlı qüvvələri on minlərlə azərbaycanlı məzarını nəinki uçurub, həm də tar-mar edib. Onlar bunu meyitlərdən qızıl dişləri sökmək üçün ediblər. Bu səbəbdən, məzarlıqların ətrafı insan sümükləri ilə doludur. Mən bütün bunları öz gözlərimlə görmüşəm. Dünya isə görmür. Onlar həmin əsgərin videosunu yayır, biz isə onların hər yanda törətdikləri vəhşiliyi, barbarlığı sübut edən görüntüləri dünyaya göstərmirik. Bu işi onlar qədər qlobal miqyasda görə bilmirik. Amma inanıram ki, dünya bizə inanacaq. Çünki məzarların təhqir olunması bütün dinlərdə günahdır. Bu, həm də beynəlxalq hüquq normalarına ziddir.

Mən çox müharibədən fotolar çəkmişəm, amma Qarabağda olanları heç zaman və heç yerdə görməmişəm. Bu torpaqlarda bir dənə də salamat azərbaycanlı qəbri qalmayıb! Gördüyünüz kimi, bununla bağlı əlimizdə bütün sübutlar var. İndi bunların dünyaya çatdırılması növbəsi bizdədir.

- Qarabağın azad olunduğu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları, dünyanın nüfuzlu nəşrlərinə müsahibələri həqiqətin dünyaya çatdırılması işində böyük rol oynayırdı. Bunu informasiya müharibəsində dönüş nöqtəsi saymaq olarmı?

 - Müharibənin 3 istiqaməti olur: hərbi, siyasi və informasiya. Hər bir dövlətdə bu xəttin hər birinə hakimiyyətin müvafiq qanadı cavabdehdir və onların hər birinə ayrı şəxs rəhbərlik edir. İlk dəfə görürdüm ki, hər üç xətti bir nəfər idarə edir – Prezident İlham Əliyev. Onun əcnəbi jurnalistlərə verdiyi bütün müsahibələrə baxırdım. İndi əsas vəzifə bütün jurnalistlərin, fotoreportyorların, nəşrlərin, telekanalların bir yumruq olması, mümkün qədər çox materialı maksimum yaymasıdır. Belə materiallar əlimizdə kifayət qədərdir.

- Biz həqiqətin tərəfimizdə olduğunu biliriksə, dünyanın nə dediyindən narahat olmalıyıqmı? BMT TŞ-nin qətnamələrində belə, torpaqlarımızın azad olunması tələb edilirdi. Lakin buna dinc yolla nail ola bilmədik. Dünya isə bütün bu illər ərzində susmaqla məşğul oldu. Belə vəziyyətdə dünyanın nə deyəcəyini düşünməliyik?

- Yaşadığımız dövrdə hər şey bir-birinə bağlıdır. Müəyyən proseslərdən kənarda qala bilmərik. Məsələn, fransızlarla əlaqələri inkişaf etdirmək üçün düşmənin yalan təbliğatı onların beynindən silinməlidir. Yalnız Fransada 500 minlik erməni lobbisi var. Onlar fransız xalqının şüurunu «girov götürüblər». Fransızlara erməni miflərinin onların gözünü tutduğunu göstərmək istəyirəm. İstəyirəm onlar reallığı, həqiqəti görsünlər. Müharibədən sonra 15 nazir və deputatla görüşmüş, çəkdiyim fotoları onlara göstərmişəm. Onların heyrətinin həddi-hüdudu yox idi! Əvvəlcə müharibədən, demək olar ki, zərər görməmiş Xankəndinin fotosunu, ardınca isə Ağdamda çəkdiklərimi göstərirdim. Ah çəkirdilər. Təəccüb içərisində «Bu haradır? Hiroşimadır?» soruşurdular. Deyirdim ki, «yox, bu, Ağdamdır. Son günlərədək erməni silahlı qüvvələrinin işğalı altında olmuş Ağdam. Bir vaxtların çiçəklənən şəhərini sizin iztirab çəkən xalq adlandırdığınız insanlar bu hala salıb!» Məlum olur ki, onların bu haqda məlumatı yox imiş. Göstərdiyim fotolar sayəsində gerçəkliyi bildilər.

30 il əvvəl Ağdam məscidində bir qadının şəklini çəkmişdim. Ailəsində faciə yaşanmışdı. Əllərini göyə qaldıraraq fəryad edirdi. Məscidə Xocalı soyqırımı qurbanlarının cəsədlərini gətirirdilər. Həmin foto çoxlarını həyəcanlandırdı. Fotonun səsi yoxdur, amma o, insana həmin qadının fəryadını çatdırır. Soruşurdular ki, «o, niyə ağlayır?». Mən də səbəbi deyirdim.

Bilirsiniz, təsir metodlarını yaxşı bilən erməni lobbisi uzun illər Fransa ictimaiyyətinin və bütün dünyanın, demək olar ki, bütün sahələrinə soxulub – yuxarıdan aşağıyadək. Biz də bu işi öyrənməliyik. İnformasiya müharibəsi mütəşəkkil, dəqiq və davamlı aparılmalıdır. Həqiqət bizim tərəfimizdədir.

- Dinc şəhərlərin – Bərdə və Gəncənin atəşə tutulduğu, heç bir günahı olmayan insanların öldüyü ağır günlərdə orada idiniz. Məgər, bu, düşmənimizin namərd olduğunu, şərəfdən, ləyaqətdən uzaqlığını sübut etmir? Dünyaya başqa nə lazımdır?

- Dinc şəhərləri atəşə tutmaq, mülki insanları, o cümlədən uşaqları öldürmək vəhşilikdir. Bu, Cenevrə Konvensiyasının normalarına da ziddir. Həmin sənəddə bildirilir ki, hərbi əməliyyatların gedişində dinc insanlar hədəf ola bilməz. Eyni zamanda sənəd həmin şəhərlərə atılmış kasetli bombalardan istifadəni də qadağan edir. «Instagram» səhifəmdə alış-verişə çıxmış ailə haqda yazmışam. Ata, ana, gəlin və uşaqlar mağazada idilər, oğul isə avtomobildə gözləyirdi. Bomba düz həmin maşının üzərinə düşmüşdü. Ailə mağazadan çıxan zaman dəhşətli mənzərə ilə qarşı-qarşıya qalmışdı – doğma adamlarının içərisində olduğu avtomobil yanırdı. Artıq onu xilas etmək mümkün deyildi. İnanın ki, oradakı fotoların çoxunu hönkürtümü boğa-boğa çəkmişəm. Belə faciələri çəkən zaman insanın ürəyi titrəyir. Amma peşəkarlıq işini davam etdirməni, gördüklərini lentə almanı tələb edir.

- «Şuşada son çay» fotosunu 1992-ci ildə çəkmisiniz. Şəkildə çayla dolu 3 armudu stəkan, arxada isə 2 əsgərin silueti görünür. Maraqlıdır, çayı kiminlə içirdiniz və nə haqda danışırdınız?

- (gülümsəyir) 1992-ci ildə Xocalıdan, Zəngilandan, Cəbrayıldan sonra asta-asta Şuşaya tərəf yol almışdım. Deyirdilər ki, oraya aparan yol erməni snayperlər tərəfindən atəşə tutulur. Yeganə yol dağlarla idi. O vaxt artıq Əfqanıstanın dağlarında olmuşdum (gülümsəyir). Bu, məni qorxutmurdu. Bütün aparatlarım, Xocalıda (1 ay orada olmuşdum) və digər yerlərdə çəkdiyim plyonkalarım üzərimdə idi. Fotoarxivi tam, sağ-salamat Parisə aparmalı idim. Yola çıxdım. Üç dəfə snayperin hədəfinə çevrildim: güllələrdən biri qulağımı sıyıraraq keçmişdi. Kəskin yanğı hiss edirdim. İkinci güllə şlyapamın altından keçib getdi, üçüncüsü isə ayağımın yanına, torpağa dəyərək istiqamətini dəyişdi. Açıq deyim ki, erməni snayperlər nadir hallarda hədəfdən yayınır. Onlara demişəm ki, məni vurmaq üçün 3 cəhd ediblər və heç biri alınmayıb (gülür).

Beləliklə, Şuşaya çatdım. Orada komandir Ramiz Qəmbərovla tanış olmuş və dostlaşmışdım. Qəmbərov məni bir əsgərlə də tanış etmişdi. Şuşada olduğum son gün, işğaldan əvvəl onlara Mədəniyyət Evinin qarşısında şəkil çəkdirmələrini təklif etdim. Sonradan o bina ermənilər tərəfindən dağıdılıb. Sonda isə çay içdik – fotodakı çay süfrəsi odur.

Sabah nə olacağını bilmirdik: bəlkə, snayper bu dəfə hədəfi düz nişan alacaq? Yoldaşlarımı da nəyin gözlədiyi bəlli deyildi. Hər halda, müharibə gedirdi. Lakin o anda hər şeyi unutmaq, iki səmimi dost kimi, çay içmək qərarına gəlmişdik. O zaman sülhün əldə olunmasından sonra Şuşada yenə çay içəcəyimə söz vermişdim…

- Və sözünüzə əməl etdiniz…

- Bəli, Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra ilk çayımı Xankəndiyə gözəl mənzərənin açıldığı dağda içdim!

- Sizi belə təhlükəli işin dalınca təkrar-təkrar getməyə nə məcbur edir? Heçmi qorxmursunuz?

- Elə yerlərdə olmuş, elə vəziyyətlərlə üzləşmişəm ki, gözlərimi yumaraq özümə «Əlvida, Reza!» demişəm (gülür). Gözlərimi açmışam ki, ətrafımda çox sayda ölü və yaralı var, amma mən sağ qalmışam. Ölümlə üz-üzə qalan zaman hər şeyi unudursan. Qorxmaq lazım deyil. Hamımız nə vaxtsa öləcəyik. Heç kim iki dəfə ölmür.

- 40 ildir dünyanın ən qaynar nöqtələrində müharibələri çəkirsiniz: Əfqanıstan, Cənubi Afrika ölkələri, İraq. Sizinlə kameranız arasında sirr olaraq qalacaq kadrlarınız varmı?

- (düşünür) Bilirsiniz, jurnalistlər və hakimlər kimi, fotoqraflar da «peşəkar andı» içir, sirləri qoruyacaqlarına, lazımsız şeyləri danışmayacaqlarına söz verirlər. Dünya miqyaslı bir çox şəxsiyyətlə dost olmuşam, uzun illər prezidentlərlə söhbətləşmişəm. Ən müxtəlif xalqlardan olan insanlarla birlikdə olmuş, onların tarixinin ən çətin dəqiqələrini həmin insanlarla birgə yaşamışam. İnanın ki, bütün bu dövr ərzində çox sirlər yığılıb və onları özümdə saxlayıram. Məndə çox şəkil var, amma hələ onları üzə çıxarmağın vaxtı çatmayıb. Bəlkə, onların vaxtı 20 il sonra, bəlkə də, mən həyatda olmayanda çatacaq (gülümsəyir).

- Reza bəy, Qarabağda fotosərgi keçirmək istərdinizmi?

- Şübhəsiz! Ümumiyyətlə, hesab edirəm ki, Şuşa yalnız Azərbaycanın deyil, bütün dünyanın mədəniyyət mərkəzi olmalıdır. Bunun üçün onun nəhəng humanitar potensialı var. Bizim borcumuz bu şəhərin ayağa qalxmasına, canlanmasına, keçmiş mədəni gücünü üçqat artırmasına yardım göstərməkdir.



MƏSLƏHƏT GÖR:

13