23 Aprel 2024

Çərşənbə axşamı, 16:37

BITCOIN – MÖHTƏKİRLİK, YOXSA REZERVDİR

Kriptovalyuta bazarı sərmayəçilər arasında populyarlıq qazanır

Müəllif:

15.02.2021

Koronavirus pandemiyasının, neft bazarının çökməsinin və s. amillərin səbəb olduğu qlobal iqtisadi böhran investorları və treyderləri qiymətli metallara və digər aktivlərə diqqəti artırmağa sövq edir. Son illərdə belə bir alternativ kimi kriptovalyuta da özünü göstərir. Bununla belə, bu bazarın dinamik inkişafına baxmayaraq, kriptovalyuta məzənnələri son dərəcə dəyişkəndir, onların ən populyarının bu yaxınlarda sıçrayışı və çöküşü bunu sübut edir.

Eyni zamanda, tənzimləyici bazanın olmaması, həmçinin kriptovalyutaların çirkli pulların yuyulması və digər cinayət məqsədləri üçün istifadə edilməsi, dünyanın virtual pul bazarına nəzarəti gücləndirməyə çağıran mərkəzi banklar arasında böyük narazılığa səbəb olur.

 

Bazarın hipervolatilliyi

Müəllifliyi yapon Satoşi Nakamotoya aid edilən ilk uğurlu kriptovalyutanın – «Bitcoin»in yaradılmasından, təxminən, 12 il keçir. Məhz o, ilk dəfə mərkəzsizləşdirmə prinsiplərinə və kompleks kriptoqrafik alqoritmlərə əsaslanan proqram təminatının ilk versiyasını yaradıb. O vaxtdan bəri, blokçeyn sistemi prinsiplərinə əsaslanan virtual pul bazarı inanılmaz dərəcədə böyüyüb və bu sıraya onlarla yeni ad əlavə edilib. «CoinMarketCap»ın məlumatına görə, bu ilin əvvəlinə olan vəziyyətə kriptovalyuta bazarının toplam kapitallaşması 1,1 trilyon dollar olaraq qiymətləndirilib.

Bununla belə, müəyyən üstünlüklərlə yanaşı, virtual valyuta bazarı yetərincə volatildir ki, bu, dəfələrlə məzənnənin kəskin artmasına və eyni sürətli çöküşə gətirib, bəzi kriptovalyutaların qiymətində on dəfələrlə azalma olub. Buna misal olaraq, keçən ilin yazından bəri müşahidə olunan, dekabr ayında güclənən və 2021-ci ilin yanvarında davam edən prosesləri göstərmək olar ki, bu, dünyanın ən geniş yayılmış virtual valyutası «Bitcoin»də kəskin titrəmələrə səbəb olub. İkinci ən böyük kriptovalyuta «Ethereum» ilə birlikdə qlobal bazarın, təxminən, 85%-i onun payına düşür.

Əsas kriptovalyutanın məzənnəsinin tarixi maksimum 20 min dolları keçdiyi 2017-ci il bumundan sonra «Bitcoin» məzənnəsinin 3867 dollar olduğu 2020-ci ilin martına qədər davam edən uzun bir depressiya dövrünə girdi. Sonrakı aylarda dəfələrlə bahalaşan bu kriptovalyuta keçən ilin dekabr ayının ikinci yarısında üç il əvvəlki tarixi maksimumu xeyli aşdı və 8 yanvar 2021-ci il günündə «Bitcoin» daha bir tarixi rekorda imza atdı - 42 min dollar oldu. Amma bundan sonra Yeni il «ralli»si başa çatdı. Heç bir açıq səbəb olmadan, məzənnə, demək olar ki, dörddə bir azaldı və 24 yanvar tarixində, təxminən, 32 min dollar səviyyəsində sabitləşdi.

Belə sərt məzənnə yüksəlişi və enişləri dünya rezerv valyutaları - ABŞ dolları, avro, funt, iyen və s. üçün tamamilə qeyri-normaldır. Müqayisə üçün: Amerika fond indeksləri «Dow Cones Industrial Average», «Standard&Poor`s 500» və «Nasdaq Composite» yeni ilin ilk tam iş həftəsində uyğun olaraq 1,5%, 1,6% və 1,4% artıb. Bu səbəbdən kriptovalyutaların hipervolatilliyi əksər institusional sərmayəçiləri özündən uzaqlaşdırmaqda davam edir.

 

Sərmayə aləti  

Bununla yanaşı, bəzi hec-fondları və özəl investorlar virtual valyutalardan fəal şəkildə istifadə edirlər, xüsusən də bir sıra ekspertlər «Bitcoin»ə dolların düşməsi halında potensial hecinq vasitəsi kimi baxırlar. Son zamanlar peşəkar investorlar da bu virtual valyutaya böyük vəsaitlər yatırmağa başlayıblar, bununla yanaşı, 2017-ci ilin məzənnə «ralli»si əsasən pərakəndə investorların tələbindən qaynaqlanıb. O cümlədən, keçən ildən bəri bəzi böyük investorlar bildirdilər ki, kriptovalyutaları var, «PayPal Holdings Inc.» isə 2020-ci ilin oktyabrında bitkoin ticarətinə icazə verdi, «Robinhood Markets Inc»ə və «Square» qoşuldu.  

Son aylarda ABŞ Federal Rezerv Sistemi və digər mərkəzi banklar tərəfindən ənənəvi bazara kütləvi valyuta daxil edilməsi, həmçinn peyvəndlərin yaradılması sayəsində koronavirus pandemiyasının nəzarət altına alınacağı gözləntiləri fonunda «Bitcoin»ə maraq artıb.

Tələb analitiklərin çoxsaylı açıqlamaları və qiymətləndirmələri ilə də dəstəklənib. Məsələn, «JPMorgan Chase» ekspertləri ehtimal edir ki, əgər kriptovalyuta "təhlükəsiz liman" kimi qızıla rəqib ola biləcəksə, «Bitcoin»in qiyməti 146 min dollara qədər sıçraya bilər. Analitiklər bunun səbəbini onda görürlər ki, «Bitcoin»in investisiya axınlarında qızılla rəqabət aparır. Beləliklə, bu virtual valyutanın bazar dəyəri özəl sektora ETF, yaxud qızıl külçələr və sikkələr kimi sərmayləri təmin etmək 4,6 dəfə artmalıdır. Oxşar səbəbdən, beynəlxalq analitika şirkət «Fundstrat Global Advisors»un ekspertləri düşünürlər ki, gələcəkdə yeddi qat artım olacaq və ikinci ən geniş yayılmış kriptovalyuta «Ethereum»un qiyməti aşağısı 10,5 min dollara qədər qalxacaq. Onun məzənənsi 2020-ci ilin mart ayından bəri bir neçə dəfə artıb, lakin yanvar ayının sonuna azalmağa başlayıb. Ümumiyyətlə, 2021-ci ilin yanvar ayının sonuna qədər bütün kriptovalyutaların bazar dəyəri, demək olar ki, 180 milyard dollar azalıb - rekord 1,1 trilyon dollar göstəricidən 926 milyard dollara qədər enib.  

Uyğun olaraq, «BofA Global Research»in qiymətləndirməsi daha ayıq görünür, o, xəbərdarlıq edib ki, aparıcı kriptovalyutaların məzənnəsindəki kəskin sıçrayış qeyri-sabit ola bilər və bu, yanvar ayının ikinci yarısında müşahidə edildi.

 

Nəzarət lazımdır!  

«Bitcoin»in məzənnəsinin dinamik artımında “oynamağa” qərar verən pərakəndə investorların və treyderlərin böyük itkisi, dünyanın aparıcı ölkələrinin maliyyə tənzimləyicilərini bu sahəyə nəzarəti gücləndirmək məsələsini qaldırmağa məcbur edir.

O cümlədən, Avropa Mərkəzi Bankı (AMB) və Britaniya Maliyyə Bazarı Tənzimləyicisi (FCA) bu yaxınlarda bəyan ediblər ki, kriptovalyuta bazarı üzərində daha sərt bir nəzarətə ehtiyac duyulur, bəyanatda həmçinin bu bazardakı güclü volatillik, həmçinin onunla bağlı kriminal aktivlik vurğulanıb.  

«Bitcoin»i son dərəcə spekulyativ aktiv adlandırmaq olar, üstəlik, istintaq araşdırmaları göstərir ki, kriptovalyuta çirkli pulların yuyulması üçün istifadə olunur, uyğun olaraq, bu sahədə qlobal koordinasiya və ehtimal ki, G7 və ya G20 səviyyəsində çoxtərəfli tədbirlər lazımdır",- deyə Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard bu yaxınlarda bildirib. Avropa Mərkəzi Bankının rəhbəri həmçinin vurğulayıb ki, kriptovalyutalar getdikcə daha çox çirkli pulların yuyulmasına qarşı maliyyə tədbirlərinin hazırlanması üzrə Qrupun - «Financial Action Task Force»un diqqətini çəkir.

Son on ilin təcrübəsindən də görünür ki, kriptovalyutaların dövriyyəsi, anonimlik, virtuallıq və transsərhəd dövriyyəsinin rahatlığı kimi xüsusiyyətləri nəzərə alınmaqla, cinayətkar fəaliyyətlər üçün ideal şərait yaradır - çirkli pulların yuyulmasında, kibercinayətlərdə, habelə narkotika ticarətində, terrorizmdə və s. istifadə edilir. Bu mənfi trendi təsdiqləyən növbəti fakt Almaniya prokurorluğunun (qanuni internetə alternativ "Kölgə Şəbəkəsi") «DarkNet»də fəaliyyət göstərən dünyanın ən böyük ticarət platforması «DarkMarket»in qanunsuz fəaliyyətinin ört-basdır edilməsi barədə son qərarı olub. Bu elektron platformanın vasitəsilə toplam 140 milyon avro məbləğində ən az 320 min əməliyyat həyata keçirilib: təxminən 0,5 milyon alıcı və 2400 satıcı buradan istifadə edərək, narkotika, saxta pul, oğurlanmış və ya saxta kredit kartı, anonim SİM kartlar, oğurlanmış fərdi məlumatlar və zərərli proqramlar alqı-satqısı ilə məşğul olub, bütün ödənişlər kriptovalyutalarla edilib.

Digər tərəfdən, qeyri-dövlət maliyyə aləti olaraq, virtual pulların emissiya mərkəzi yoxdur, onların klassik valyutalara ekvivalent hüquqi statusu yoxdur, onlar heç bir real aktiv tərəfindən dəstəklənmir. Beləliklə, bu yaxınlarda Britaniya tənzimləyicisi bir daha investorlara xəbərdarlıq edib ki, «Bitcoin»lə investisiya sxemlərində iştirak edən hər kəs bütün pullarını itirməyə hazır olmalıdır və kriptovalyuta bazarında itkilər olduğu təqdirdə, FCA-nın dəstəyinə ümid edə bilməzlər.  

Bu yaxınlarda virtual pul bazarında baş verən bumun yaratdığı yan təsir kimi kriptovalyutaların mayninqi (istehsalı) üçün istifadə olunan video kartların qıtlığı müşahidə olunub: qiymətlər orta hesabla 100 dollar artıb, bəzi yüksək məhsuldar modellərdə isə 1,5-2 dəfə yüksəlib. Ekspertlər istisna etmir ki, video kartlardakı qıtlıq 2021-ci ilin ortalarına qədər davam edəcək.

 

Ehtiyatlı yanaşma

Kriptovalyutaların yayılması ilə bağlı çoxsaylı və yetərincə yüksək risklərə baxmayaraq, pul dövriyyəsinin virtuallaşması prosesi və klassik valyuta alətlərinə alternativ olan yeni maliyyə aktivlərinin meydana çıxması prosesi qaçılmazdır.  

“Pandemiyanın başlanğıcından bəri ABŞ-da və Avropada müşahidə olunan misli görünməmiş pul çapı üzündən bu gün həm faiz dərəcələri, həm də dövlət qurumlarına olan inam tarixi ən aşağı həddədir. Bu, uzunmüddətli dövrdə inflyasiyanın yüksəlməsinin qaçılmaz olmasını göstərir ki, bu da mütləq real aktivlərdə əks olunacaq, özü də yalnız qızıl və daşınmaz əmlak kimi klassik aktivlərə deyil, həm də kriptovalyutalara da təsir edəcək”,- deyə «St. Gotthard Fund» fondunun direktoru Vladimir Vişnevski ehtimal edir.

Dünyanın bir çox ölkəsində, o cümlədən ABŞ-da da maliyyə tənzimləyiciləri bu cür nəticələrə gəlirlər, ABŞ-da kriptovalyuta bazarının inkişafının qadağan edtməyin qeyri-mümkünlüyünə inanırlar, lakin dünyada mövcud olan valyuta sisteminin tənzimləməsi və uyğunlaşması üzərində çalışmanın vacib olduğunu sayırlar. Belə ki, ABŞ maliyyə naziri vəzifəsinə namizəd Canet Yellen açıqlama yayıb ki, kriptovalyutalar və başqa rəqəmsal aktivlər maliyyə sisteminin effektivliyini artıra bilər.  

«Bitcoin» və digər rəqəmsal aktivlər, kriptovalyutalar bütün dünya üzrə maliyyə əməliyyatları aparmağa imkan yaradır. Bu gün ABŞ-ın və bizim müttəfiqlərin maliyyə sisteminin səmərəliliyinin artırılması üçün kriptovalyutaların və digər rəqəmsal aktivlərin təqdim etdiyi üstünlükləri nəzərə almaq son dərəcə önəmlidir”, - deyə Canet Yellen vurğulayıb.

Amerikanın «Facebook» şirkətinin 2021-ci ilin əvvəlində öz kriptovalyutası «Libra»nı işə salmaq niyyəti də bu istiqamətin perspektivli olduğunu sübut edir. «Facebook»dan bildiriblər ki, yeni «Libra» modeli çox sayda rəqəmsal valyuta versiyasını dəstəkləyəcək, böyük hissədə isə ABŞ dolları kimi klassik pul vahidlərinə bağlanacaq.

Kriptovalyuta bazarı mövcud maliyyə sistemini dəyişdirmək istəyən digər dövlətlər üçün də yeni imkanlar təmin edir. Bu gün Çin dövlət kriptovalyutasını işlənməsi üzrə hamıdan irəlidədir: yanvar ayında dövlətə məxsus Çin bankı «Agriculture Bank of China» (ABC) Şençjendə bankomatlarda milli rəqəmsal valyuta ilə işi sınaqdan keçirməyə başladı.

Yəni bu gün kriptovalyutaların gələcəyi təzadlı görünür. Bir tərəfdən ənənəvi maliyyə bazarı tərəfindən ehtiyatlı davranılır və qəbul edilmir, digər tərəfdən investorlar üçün yetərincə əlverişli perspektivlər və gerçək maraqlar təqdim edir. Amma sonda nə qələbə çalacaq – bu sual hələ ki, açıqdır.


MƏSLƏHƏT GÖR:

221