23 Aprel 2024

Çərşənbə axşamı, 18:58

BÖHRAN ZAMANI ARTIM

Karantin maneələrinə baxmayaraq, Azərbaycanın sığorta sektoru keçən il artım nümayiş etdirib

Müəllif:

15.02.2021

Nə qədər qəribə səslənsə də, ötən il ümumi pandemiya böhranına rəğmən sığorta, sığorta bazarı Azərbaycan iqtisadiyyatının gəlirli sahələrindən birinə çevrilib. Bu, möcüzədir, yoxsa sığortaçıların zəhmətinin nəticəsi? Doğrusu, ikincisi daha inandırıcıdır: etiraf edilməlidir ki, 2019-cu ildə bazar iştirakçıları təbliğat işi baxımından əllərindən gələni əsirgəmədilər, “toz qopardılar ” və çoxdan unudulmuş, lakin çox səmərəli məhsulları yenilədilər.

Buna baxmayaraq, tənzimləyici - Azərbaycan Mərkəzi Bankı (AMB) hələ də sığorta sektorunun inkişaf səviyyəsindən narazıdır və bu il bu sahəyə xüsusi diqqət ayıracağını bildirir.

 

Artım dinamikası

AMB sədri Elman Rüstəmovun sözlərinə görə, bu gün Azərbaycanda sığorta və kapital bazarları çox zəif səviyyədədir. “Bir tənzimləyici olaraq bizim üçün bu sektorlar yenidir və burada ilk addımlarımızı atırıq. Proqramlarımız, ilk növbədə, bu sahələrdə qanunvericiliyin inkişafına yönəlib”,- deyə E.Rüstəmov bu yaxınlarda mətbuat konfransında bildirib.

Buradakı əsas problemlər yenə də eynidir - onlar uzun müddətdir təsirli bir həll tapmadan ildən-ilə keçir: bazarın həcminin çox kiçik olması, bank sektorundan asılılığı və qarşılıqlı əlaqəsi.

“İlk öncə, qanunvericilik bazası çox zəif inkişaf edib, çağdaş texnologiyalardan az istifadə olunur. Bundan başqa, kadr potensialı zəif inkişaf edib. Biz düşünürük ki, bu bazarlar maliyyə sektorunda layiqli yerlərini tutmalıdır. Sığorta bazarı həm əhalinin, həm də biznesin bütün risklərini əhatə etməlidir, kapital bazarı isə yalnız bank sektorunun deyil, bütün iqtisadiyyatın maliyyələşdirilməsində və kapitallaşmasında iştirak etməlidir”,- deyə AMB başçısı bildirib.

Bu cür açıq rahatsızlıq qlobal miqyasda əsaslandırılmış olsa da, ancaq istənilən halda bazarın keçən il üzrə statistik nəticələri üçün yenə də tərifəlayiqdir. Sığortaçıların özləri isə, əksinə, müsbət dinamikanı daha çox tənzimləmə funksiyalarının AMB-yə ötürülməsi ilə əlaqələndirirlər.

Beləliklə, rəqəmlər aşağıdakı kimidir: 2020-ci ildə Azərbaycanda sığorta şirkətlərinin toplam yığımları 728,6 milyon manat olub ki, bu da 2019-cu ilə baxanda 7% çoxdur, sığorta halları üzrə ödənişlərə isə 465,2 milyon manat yönəldiblər - burada artım isə 54,3% qeydə alınıb. Sığorta şirkətləri özləri bu statistikanı “ümidverən” kimi qiymətləndiriblər. Onlar vurğulayırlar ki, əhalinin sektora mühafizəkar yanaşması tədricən dəyişir və sığortaya inam formalaşmağa başlayır.  

Statistika göstəriciləri, prinsipcə, bu nəticənin doğruluğunu göstərir. Könüllü növlər üzrə sığorta yığımları bazar üzrə bütün yığımların 69%-ni təşkil edib və ya 502,8 milyon manat olub (bu növlər üzrə toplam artım 10,1% təşkil edib). Halbuki icbari sığorta növləri üzrə yığımlar cəmi 0,6% artıb. Eyni şey sığorta halları üzrə ödənişlərə də aiddir - burada könüllü sığorta növləri üzrə ödənişlər bazardakı bütün ödənişlərin 81,4%-ni təşkil edib və 71,4% artım göstərib.

 

Operativ reaksiya

Karantin məhdudiyyətləri və ümumilikdə iqtisadiyyatda, özəlliklə də maliyyə sektorundakı ümumi durğunluq nəzərə alınmaqla göstəricilər qənaətbəxşdir. Ancaq, belə görünür ki, onların sığorta sektoruna təsiri fəlakətli olmayıb - müsbət elementlər də müşahidə edilib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Azər Əliyevin sözlərinə görə, demək olar ki, bir ilə yaxın davam edən karantin rejiminin sığortaçılar üçün əsas mənfi nəticələri bəzi sığorta növləri üzrə alıcılıq qabiliyyətinin zəifləməsidir. “Bu növlər bu və ya başqa cür bazar fəallığın itirib. Səyahət sığortası bu məsələdə yaxşı bir nümunədir. Karantin tətbiqindən sonra sərhədlərin bağlanması üzündən bu sığorta növü öz funksionallığını itirib. Eyni zamanda karantin qaydalarının tətbiq olunduğu ilk günlərdən bazarda bir sıra başqa sığorta növlərinin fəallığı müəyyən durğunluqla qarşılaşıb", - deyə Əliyev vurğulayıb.

Bununla yanaşı, sığorta bazarının iştirakçıları, sanki, vaxtında istiqamətlənməyi və bütün mənfilikləri adekvat şəkildə dəf etdirmyi bacarıblar. Ən başlıcası, informasiya texnologiyalarının üstünlüklərindən yararlanılıb və bunun sayəsində sığorta əməliyyatları fiziki təmas olmadan gerçəkləşdirilməyə başlandı. Faktiki olaraq, karantin rejiminin məcburi şərtləri sığortaçıları çox qısa müddətdə müştərilərlə uzaqdan əlaqə qurmağa və bu səviyyədə xidmət göstərilməsi prosesini "cilalamağa" məcbur etdi. “Bu, pandemiya sayəsində qazanılan müsbət bir təcrübə oldu. Mənim fikrimcə, 2021-ci ildə onlayn sığorta xidməti tam elektronlaşma və avtomatlaşdırma şəraitində yeni inkişaf mərhələsinə qədəm qoyacaq”, - deyə ASA rəhbəri vurğulayıb.

Əgər sığorta bazarının statistik təfərrüatları ətraflı təhlil edilərsə, "pandemiya mövzusu"nu da izləmək olar. Belə ki, keçən il bazarda ən çox yığım və ödənişlər həyat sığortası, tibbi sığorta və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası kimi növlərin payına düşüb - keçən il onların niyə xüsusilə aktual olduqları yetərincə başadüşüləndir. Bütünlükdə, bu üç sığorta növü üzrə yığımlar ötən il bütün sığorta yığımlarının 54,9%-ni təmin edib. Bununla yanaşı, həyat sığortası üzrə yığımlar, demək olar ki, 14% artsa da, ödənişlər 2,3 dəfə artıb.

Üstəlik, bir sıra şirkətlər yaranmış vəziyyətə vaxtında uyğunlaşaraq, bazara yeni bir məhsul - COVID-19-a qarşı sığorta çıxardı, özü də yetərincə əlverişli şərtlər müəyyən etdi. Buna örnək olaraq, «COVID Yardim», «Anticoronavirus» və «COVID-19» kimi sığorta məhsullarını göstərmək olar. Sığortaçıların dediyinə görə, məhsullara tələb yetərincə çox olub, müştərilər çox tez tapıldı - evdə koronavirusun müalicəsi bəzən xəstəyə iri məbləğə başa gəlir və sığorta xərclərin bir hissəsini örtməyə yardım edir.

Bu baxımdan, cürətlə demək olar ki, sığortanın iqtisadiyyatın yeni qlobal çağırışlara dərhal cavab verən az sayda sahələrindən biri olduğu ortaya çıxdı.

 

Üstəgəl əmlak

Ötən ilin sığorta daxılı üçün başqa bir müsbət amil 2019-cu ildə çox tanıdılmış "əmlakın icbari sığortası" oldu. Bu növ bazar fəallığını önəmli dərəcədə artırıb. Mövcud durum real rəqəmlərlə təhlil edilərsə, müsbət dinamikanı görmək olar. Belə ki, sığorta şirkətləri tərəfindən 2020-ci ilin 11 ayında əmlakın icbari sığortası üzrə bağlanmış yeni müqavilələrin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə, təxminən, 3 dəfə artıb.

“Bunun səbəbi onunla bağlıdır ki, bu məhsulu fəal şəkildə təbliğ etməyə davam etdik. O cümlədən, ASA-nın təşəbbüsü ilə yaradılan “Ekspert Qrupunun” üzvləri hələ də əvvəlki kimi fəal şəkildə təbliğat və maarifləndirmə ilə məşğul olurlar”, - deyə A.Əliyev vurğulayır.

Bir sözlə, təkziblərə baxmayaraq, bir il əvvəl sığorta polisi olmayan əmlak sahiblərinin cərimə olunacağı barədə hədələrlə bağlı yaranmış ajiotaj öz təsirin göstərib. Nəticədə, bu günə qədər mənzillərini yalnız satılma və ya bağışlanma halında sığortalayan əhali kütləvi şəkildə könüllü olaraq sığorta şirkətlərinə müraciət etməyə başladı. Bu nədən xəbər verir? Təəssüf ki, bəzi sahələrdə əhalinin diqqətini çəkməyin ən təsirli yolu "kökə və dəyənək" metodudur. Ancaq bu faktdır ki, cərimələrdən qorxan insanlar daşınmaz əmlak sığortasının yararları ilə daha çox maraqlandılar və sonra könüllü olaraq bunu etməyə davam etdilər - bu, sığorta sektorunun sabit inkişafı üçün böyük bir müsbət amildir. Sığorta şirkətlərinin gələcək strategiyalarında bu şansdan yararlanmaları önəmlidir.

 

Gələcək üçün proqnozlar

Nəticələrdən sonra adətən proqnozlar barədə danışırlar. Birmənalı olaraq Azərbaycanın sığorta sektoru «ölü nöqtə»dən tərpənib və doğru inkişaf planlaşdırılması ilə keçən il əldə edilən müsbət göstəriciləri sabit bir nəticəyə çevirmək olar. Tənzimləyicinin açıqlamalarına görə, o, bu il də məhz bu istiqamətdə işləyəcək. AMB-nin baş direktoru Ziya Əliyevin sözlərinə görə, artıq onlar sığorta bazarının inkişafı üzrə proqrama başlayıblar və bunun üçün Dünya Bankından (DB) texniki yardım cəlb olunub. “Proqramın hazırlanması çərçivəsində bütün aparıcı beynəlxalq institutların bu sahədə araşdırmaları, həmçinin yerli mütəxəssislərin rəyləri nəzərə alındı. Hazırda proqrama müxtəlif beynəlxalq ekspertlərin cəlb edilməsi üzrə işlər görülür. Xüsusilə, biz DB-nin texniki köməyini artıq təmin etmişik və onların ekspertləri işə başlayıblar. Bu sahəyə daha yeni ekspertlər cəlb edəcəyimiz də istisna deyil”, - deyə Z.Əliyev bildirib.

Bazarda təmizləmə davam edəcəkmi? 2020-ci ilin sonuna Azərbaycanda 20 sığorta şirkətinin fəaliyyət üçün lisenziyası olub ki, bu da ekspertlərin fikrincə, ölkəmiz üçün çoxdur. Ədalət naminə qeyd edək ki, tənzimləyici bu məsələyə olduqca ehtiyatlı yanaşır. Belə ki, keçən il yalnız bir şirkət - «Standard Insurance» ləğv edilib. Özü də, bunun olduqca anlaşılan səbəbləri var - öncə biznesinə bu şirkətin bağlı olduğu bank iflas etdi. Bu il isə Mərkəzi Bank tərəfindən «Amrah Sıgorta» və «AHA MBask» sığorta şirkətlərinin lisenziyasının ləğvi ilə başlayıb - bu, şirkətlərin öz səhmdarlarının qərarı olub.

Ekspertlərin fikrincə, bu gün bazarlarda vəziyyət gözlənilmədən dəyişsə və proqnozlaşmaya getdikcə daha az uyğun olsa da, ölkənin sığorta bazarının keçənilki artım templərini dəstəkləyəcəyinə inam hələ də qalmaqdadır. Burada iqtisadiyyatın digər seqmentlərində olduğu kimi artımın hərəkətvericisi azad edilmiş ərazilərdə sosial-iqtisadi fəaliyyətin dirçəldilməsi olacaq:  

“Biz ümid edirik ki, yerli sığorta bazarı Qarabağ torpaqlarının işğaldan azad edilməsi və vətəndaşlar arasında sığortaya olan inamın tədricən bərpa edilməsi sayəsində cari artım tendensiyasını qoruyub saxlayacaq", - deyə A.Əliyev vurğulayıb.

Bundan başqa, ekspertlər bazar üçün yeni sığorta növlərinin, o cümlədən aqrar sığortanın fəal yayılmasına, həmçinin məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması sayəsində səyahət sığortası kimi növlərin bərpasına ümid edirlər.

 

İstənilən halda, sığortaçılar risklərə alışa bilmirlər: onları qabaqcadan görmək, onlardan qorunmaq - bu, sığortaçıların birbaşa funksiyasıdır. Onların dediklərinə görə, risklər qaçılmazdır, ancaq onların nəticələri heç də geri dönməz deyil. İndiki şərtlərdə risklərin mənfi nəticələrindən qurtulmağın ən uğurlu mexanizmi sığortadır. Uyğun olaraq, belə biznes gəlir gətirəcək.

 

SİTAT

«Məlum olduğu kimi, adambaşına düşən gəlirin müəyyən həddində iqtisadiyyatda bank xidmətlərinə tələbat sığorta xidmətlərinə olan tələbatdan yüksək olur. Daha konkret desək, adambaşına düşən gəlirin 5 min dollar olduğu ölkələrdə bank xidmətlərinə tələbat sığorta məhsullarına tələbatı üstələyir. Son 10-15 ildə bizim əhali arasında sığorta məhsulları ilə tanışlıq əhəmiyyətli dərəcədə artıb. Avtomobil sahibi olan şəxslərin mülki məsuliyyətin icbari sığortası məsələsində artıq 100 faizlik penetrasiyaya nail olmuşuq. Yəni ölkədəki bütün maşınlar sığortalanıb. Lakin digər sığorta növləri inkişaf etdirilməlidir. Bazarın penetrasiyası ən azı iki dəfə artırılması üçün onları da reallaşdırmalıyıq.

Hazırda mərkəzi Bank, Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu birlikdə maarrifləndirmə layihəsinə start verib. Hesab edirik ki, miqyaslı tədbirlərin keçirilməsini nəzərdə tutan bu layihə çərçivəsində əhalinin və biznes subyektlərinin sığorta ilə bağlı məlumatı xeyli artacaq, eyni zamanda onların sığortalanmaya münasibəti müsbət istiqamətdə dəyişəcək» (Report).

Azərbaycan Mərkəzi  Bankının  Baş  direktoru Ziyad Əliyev


MƏSLƏHƏT GÖR:

178