24 Aprel 2024

Çərşənbə, 11:57

ƏLAQƏ DİSBALANSINI TARAZLAMAQ

Qərb mərkəzləri laxlamış birliyi möhkəmləndirə biləcəklərmi?

Müəllif:

15.02.2021

ABŞ-da yeni administrasiyasının fəaliyyətə başlması ilə Avratlantik məkanın birliyi perspektivi xüsusi aktuallıq qazanıb. Qərb mərkəzləri arasında əməkdaşlıq hansı formanı alacaq və o, qlobal siyasət üçün nələr vəd edir? Dünya arenasında proseslərin gələcək inkişaf perspektivi kontekstində ən əhəmiyyətli məsələlərdən biri məhz budur.

 

«Dəyişikliklər»lə üz-üzə

Qərbdaxili dialoq Donald Trampın prezidentliyi dövründə ciddi imtahanla üz-üzə qalmışdı. Onun Birləşmiş Ştatların izolyasionizm siyasəti yürütməsini istəməsi, ən yaxın müttəfiqlərlə belə, münasibətləri sırf Amerika millətçiliyi maraqları əsasında qurmağa çalışması Avropa İttifaqı tərəfindən nəinki anlayışla qarşılanmır, hətta rədd olunurdu. Bütün bunlar trans-Atlantik bağların bir qədər zəifləməsilə nəticələnib.

Bütün sadalananları nəzərə alsaq, Avropanın aparıcı paytaxtlarında «trampizm»in məlubiyyətinin, ABŞ-da Co Baydenin başçılıq etdiyi demokrat administrasiyanın hakimiyyətə gəlişinin ümumilikdə məmnunluqla qarşılanması təsadüf deyil. Dünyanın ən qüdrətli fövqəldövlətinin yeni prezidentinin xarici siyasətinin prioriteti kimi trans-Atlantik birliyin bərpasını göstərməsi də təsadüf sayılmamalıdır.

İndi ABŞ-ın yeni administrasiyası avropalı müttəfiqlərinə kifayət qədər aşkar siqnallar göndərir. Yeni hakimiyyət bütün gedişlərilə göstərir ki, Ağ Evdə radikal respublikaçılar əyləşməsəydilər, Birləşmiş Ştatlar beynəlxalq arenada Brüssel üçün gözlənilməz addımlar atmazdı. Söhbət qlobal strateji təhlükəsizlik müqaviləsinin əngəllənməsindən, Paris İqlim Sazişindən və İranın nüvə proqramı ilə bağlı razılaşmadan imtinadan gedir. Siyahını uzatmaq da olar. Vaşinqtonun Trans-Sakit okean Tərəfdaşlığı paktından çıxması, Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətinə əngəllərin yaradılması və s. də bu qəbildən olan qərarlardır. Tramp bütün bunları ABŞ-ın maraqları naminə etdiyini deyirdi. Donald Trampın Aİ məhsullarına rüsum tətbiqi qərarı da öz yerində. Xatırladaq ki, Brüssel öz növbəsində, bu qərara cavab olaraq ABŞ-dan idxal edilən kənd təsərrüfatı və sənaye məhsullarına rüsum tətbiq edib.

Bayden administrasiyası Aİ-yə qarşı gömrük siyasətinə də yenidən baxa biləcəyinə eyham vurur.

Yalnız Vaşinqtonun deyil, Brüsselin də Avro-Atlantik müttəfiqliyi gücləndirmək əzmində olduğunu «Köhnə Dünya» liderlərinin bəyanatları da təsdiqləyir. Məsələn, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ ilə ABŞ arasında yeni münasibətlərin qurulacağına ümidini ifadə edərək bildirib ki, «daha güclü Amerika, daha güclü Avropa İttifaqı və daha yaxşı dünya üçün» bu, vacibdir. Fransa prezidenti Emmanuel Makron isə ABŞ-ın yeni rəhbərinin trans-Atlantik birliyin gücləndirilməli olduğuna dair fikrini bölüşdüyünü söyləyib, Vaşinqtonla əməkdaşlığa tərəfdar olduğunu deyib. Bu, xarici siyasətin xüsusilə Çin, Rusiya və Yaxın Şərq kimi prioritet istiqamətlərinə aiddir.

Bəs 4 illik Tramp dövrünün Avro-Atlantik birlik üçün heç bir iz buraxmadığını əminliklə söyləmək olarmı? Hər halda, Avropa üçün ABŞ-ın qeyd-şərtsiz hərbi havadarlığı məsələsi belə, sual altına düşmüşdü.

Bu suala cavab vermək üçün Şarl Mişelin Baydenin ABŞ prezidenti seçilməsilə bağlı dediyi daha bir fikrə diqqət yetirmək lazımdır: «Göründüyü kimi, Amerika dəyişib. Amma dünya da dəyişib. Güman ki, Avropa İttifaqı da dəyişməlidir. Aİ qərar vermək üçün şeç kimdən icazə almamalıdır».

Mişel «Amerikanın dəyişdiyi»ni deyən zaman güman ki, Trampın dövrünə aid xarici siyasi tendensiyaları nəzərdə tutur. Bununla yanaşı, son dövrlərdə ABŞ-ı sarsıtmış hadisələr indi olmasa da, gələcəkdə davam edə bilər və bu, Aİ üçün çox xoşagəlməz proqnozdur. Trampın 2024-cü ildə revanş almaq niyyəti də öz yerində. Bir sözlə, Baydendən sonra ABŞ-ın öz maraqlarını qorumaq təcrübəsinə dönməyəcəyinə zəmanət varmı? Belə olan təqdirdə isə Aİ-nin beyin mərkəzlərinin Amerikanın strategiyasını dəyişməsi nəticəsində işləyib hazırladığı yeni siyasətdən imtina etməsinə dəyərmi? Söhbət Brüsselin beynəlxalq arenada ABŞ-dan azadlığını gücləndirməyə hesablanmış siyasətdən gedir.

Bu mənada, Makronun bir fikri də maraqlıdır: «Brüssel tamamilə Amerika silahlarından asılı olursa, bu, Avropa İttifaqının strateji müxtariyyəti ilə trans-Atlantik münasibətlər arasında uyğunsuzluq yaradır». Fransa liderinin fikrincə, «avropalılar təhlükəsizlik sahəsində öz maraqlarından çıxış etməlidir». Makron hesab edir ki, onlar «ABŞ-ın müdafiəsi altında olan zaman əvəzində Vaşinqtondan hərbi texnika almaq məcburiyyətində qalırlar». Məhz bu arqumentə əsaslanan Emmanuel Makron deyir: «Odur ki, «Aİ-nin strateji muxtariyyəti» trans-Atlantik münasibətlərə maneə yox, onun üçün yaxşı xəbər olacaq».

Amma belə bir şəraitdə də Aİ-də «Amerikadan muxtariyyət» heç də hamının ürəyincə deyil. Məsələn, Avrointeqrasiyanın «ağır çəkililəri» kimi tanınan Fransa və Almaniyadan fərqli olaraq, onların «balaca tərəfdaşları» - bir sıra Şərqi Avropa ölkəsi (məsələn, Polşa və Baltikyanı dövlətlər) Aİ institutlarının onların amerikapərəst səylərinə təsir göstərmək cəhdlərindən narazıdır. Almaniyanı Rusiyanın iştirak etdiyi «Şimal axını-2» qaz layihəsində iştiraka görə məhz Şərqi Avropa ölkələri tənqid atəşinə tutur. Almaniya isə öz növbəsində, Amerikanın layihə iştirakçılarına sanksiyalar tətbiq etməsini pisləyir. Berlində hesab edirlər ki, bu, «Avropanın enerji suverenliyinin pozulmasıdır».

Bir də avroskeptiklər amili var. Onlar Trampın «milli yönümlü» siyasəti dövründə özlərini daha rahat hiss edirlər. Bayden administrasiyasının qlobalizm yoluna qayıtmaq niyyəti, şübhəsiz ki, onların ürəyincə deyil.

Amma ən əsası, bir də Avropa İttifaqından ayrılmış Britaniya var. Okeanın hər iki tərəfində geosiyasi konfiqurasiya həm də onun mövqeyindən asılı olacaq.

 

Albiondakı duman

Təxminən, yarım əsr Aİ-nin tərkibində olmuş Böyük Britaniya yenidən sərbəstliyə qovuşub. 2021-ci ilin əvvəlindən Londonla Brüssel arasında ticarət və əməkdaşlıq sazişi qüvvəyə minib və bununla da «Brexit» məntiqi sonluğuna çatıb. İndi Qərbin proseslərdə böyük maraqları olan paytaxtlarını bir məqam düşündürür: hətta Aİ üzvü olarkən belə, ABŞ-ın əsas müttəfiqi kimi çıxış etmiş, lakin eyni zamanda prinsipial əhəmiyyətli beynəlxalq problemlərdə xüsusi mövqeyilə seçilmiş Britaniya indi dünya arenasında hansı pilləni tutacaq? Bununla yanaşı, Böyük Britaniyanın avrozonaya və Şengen zonasına daxil olmaqdan imtinasından, indisə ümumiyyətlə Aİ-ni tərk etməsindən sonra Aİ-də əsas rola yiyələnmiş Fransa ilə Almaniya ABŞ-ın əsas müttəfiqləri kimi də önə çıxıblar. Bəs, indi London daha çox amerikapərəst siyasət yürüdəcək, yoxsa avropapərəst? Yoxsa o, son illər bir qədər zəifləmiş transatlantik birliyin möhkəmlənməsi üçün körpü rolu oynamağa çalışacaq?

Yeri gəlmişkən, Fransa prezidenti bu məsələyə dərhal aydınlıq gətirilməsi tələbilə də çıxış edib. O, Britaniyanı «Brexit»dən sonra ABŞ-a, yoxsa Aİ-yə daha çox meyillənəcəyini müəyyənləşdirməyə çağırıb. Bununla yanaşı, Makron bildirib ki, Böyük Britaniya Birləşmiş Ştatlara tərəf meyillənərsə, bu, onun Aİ ilə ilk növbədə iqtisadi məsələlərdə ziddiyyət yaşaması ilə nəticələnə bilər. Çünki bu halda London Aİ-nin bazar qaydalarına zidd davranacaq.

Lakin Britaniyanın sərbəstliyi haqda danışarkən onu da nəzərə almaq lazımdır ki, artıq praktik olaraq başa çatmış «Brexit» prosesilə London yalnız Brüsselin təzyiqlərindən qurtulmağa çalışmırdı. Onun məqsədləri arasında o cümlədən ABŞ ilə münasibətlərdə tam iqtisadi və siyasi suverenlik qazanmaq idi. Britaniyanın əsas hədəfləri məhz budur. Demək, o, beynəlxalq arenada tam müstəqil, sərbəst oyunçuya çevrilmək istəyir.

Böyük Britaniyanın Avro-Atlantik məkanda ortaya «xüsusi» mövqe qoymağa çalışdığını göstərən nümunələrdən biri onun Türkiyə ilə münasibətləridir. ABŞ və Aİ-nin aparıcı dövlətləri, ilk növbədə Fransanın Türkiyə ilə münasibətlərdə gərginləşməyə gedirsə, hətta Ankaranı NATO üzvlüyündən kənarlaşdırıla biləcəyilə hədələyirsə, London onunla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa çalışır. Bunu iki dövlət arasında azad ticarət haqqında 2021-ci il ərəfəsində imzalanmış saziş də təsdiqləyir.

 

Çin, Rusiya…

Bütün bunlarla yanaşı, Qərbin ümumi mövqedən çıxış etməsinə mane olan bir sıra digər məqamlar da var. Onların arasında «Çin məsələsi» xüsusi qeyd olunmalıdır. Aİ ABŞ ilə aralarındakı razılaşmaya rəğmən, Çin ilə təxminən 7 il davam etmiş danışıqların sonunda ikitərəfli münasibətlərdə işgüzar fəallığın artırılması haqda razılığa gəlib. Brüsseldə etiraf edirlər ki, Bayden administrasiyası Avropa-Çin investisiya sövdələşməsindən narazıdır. Amerikalılar bildirir ki, «məsələyə trans-Atlantik əməkdaşlıq nöqteyi-nəzərindən yanaşılarsa, bu razılaşma sərfəli olmayacaq». Buradan da belə məlum olur ki, Bayden administrasiyası dövründə Vaşinqtonun «Çin siyasəti» bir qədər yumşalacaqsa belə, Pekin yenə də ABŞ-ın əsas geosiyasi və iqtisadi rəqibi olaraq qalacaq – Donald Trampın vaxtında olduğu kimi.

ABŞ ilə Aİ arasında «Rusiya məsələsi»lə bağlı artan gərginlik də eyni nəticələri vəd edir. Hər halda, Bayden administrasiyası Kremlə qarşı sərt siyasət yürütmək niyyətini gizlətmir. Əvəzində, Aİ və onun liderlər tandemi – Fransa ilə Almaniya Moskva ilə aralarındakı problemlərin həllinə yönələcək dialoqu vacib sayır. Yeri gəlmişkən, o da nəzərə alınmalıdır ki, «Rusiya məsələsi»ndə ABŞ ilə Böyük Britaniyanın yanaşması demək olar ki, tam üst-üstə düşür. Londonda da hesab edirlər ki, bu ölkə ilə siyasi dialoq məhdudlaşdırılmalı, ona qarşı iqtisadi sanksiyalar isə sərtləşdirilməlidir.

Beləliklə, qərbdaxili dialoq əsasən bu beynəlxalq problemlər ətrafında gedəcək. Trans-Atlantik birliyin güclənməsi perspektivi bu dialoqun gedişindən çox asılıdır. Qərbin bugünkü və gələcək liderliyi isə məhz bu amilə bağlıdır.



MƏSLƏHƏT GÖR:

192