25 Aprel 2024

Cümə axşamı, 23:57

“SƏLİQƏSİZ MİRAS”

Qəribə səslənsə də, Trampın Yaxın Şərq siyasəti Bayden administrasiyasına uğurlu başlanğıc üçün əlverişli ola bilər

Müəllif:

15.02.2021

ABŞ-ın 46-cı prezidenti Cozef Bayden 20-də and içərək vəzifəsinin icrasına başlayıb. İnauqurasiya nitqində cənab Bayden “Amerikanı yenidən dünyada xeyirin aparıcı qüvvəsinə” çevirmək üçün çalışacağını bəyan edib. Bayden çıxışında “sərhədlərdən o tayda olanlara” dünya üçün örnək ölkə olacaqları və keçmişə deyil, bu günün və gələcəyin çətinliklərinə qarşı müttəfiqlərlə birgə çalışacaqları mesajını verib. Və prezident kimi ilk iş günündə imzaladığı 15 qərardan biri də bəzi müsəlman ölkələrinə tətbiq olunan viza qadağasını ləğv etməklə bağlı olub.

Cozef Baydenin xarici siyasəti necə olacaq? Xüsusən də dünyanın qaynar nöqtəsi olan Yaxın Şərqdə yeni ABŞ hökuməti necə davranacaq? Həm regionun həssaslığı, həm də Azərbaycana qonşu olması baxımdan qarşıdakı 4 ildə Vaşinqtonun bu Yaxın Şərqdəki siyasəti bizim üçün də maraqlıdır.

Bilindiyi kimi, Yaxın Şərq tarix boyu dövrün böyük imperiyalarının maraq dairəsində olub. Roma İmperiyasından bu günə qədər dünyanın bütün böyük imperiyaları, güc mərkəzləri fərqli səbəblərdən Yaxın Şərqə can atıb. Bu maraq 21-ci əsrdə də var. Üstəlik, indi bu regiona can atanlar bir deyil, bir neçə böyük güclərdir və bunların arasında görünən, görünməyən rəqabət var. Dünyada gündəlik neft istehsalının 30 faizi yalnız dəniz yolu ilə Hörmüz boğazından daşınır, dünya neftinin böyük bir hissəsi Yaxın Şərq və Şimali Afrikada istehsal olunur. Hazırda Yaxın Şərq dünyanın enerji təchizatında lider rolunu və Qırmızı dəniz vasitəsilə ən böyük dəniz nəqliyyatı keçidi rolunu hələ də qoruyub saxlayır.

Bundan başqa regionda neft-qaz gəlirləri sayəsində sürətlə varlanmış hakimiyyətlər var və bu ölkələrin bir çoxu ABŞ-ın müttəfiqləridir. Bu həm də o deməkdir ki, hər il ABŞ dövlət büdcəsinə bu ölkələrdən milyardlarla dollar axır. Məhz regional təhdidlər, müharibə riskləri nəticəsində son 10 ildə ABŞ hərbi sənayesi Yaxın Şərq regionunda rekord ardınca rekord qıraraq silah satmışdı.

2010-cu ildə Yaxın Şərqin ABŞ müttəfiqləri olan körfəz ölkələri ABŞ-dan 123 milyard dollar dəyərində silah alıb. Bu rəqəm sonrakı illərdə müharibə və terror hesabına daha da artıb. Məsələn, ABŞ silah satışına görə 2013-cü ildə dünya silah bazarının 30, 2018-ci ildə isə 34 faizinə əlində saxlayıb. Başqa sözlə, 2014-cü ildə təkcə Səudiyyə Ərəbistanı 80 milyard, Qətər isə 11 milyard silah almağa xərcləyib. 2017-ci ildə 226 milyard satış həyata keçirən ABŞ silah sənayesinin müştərilərinin əsas hissəsi, yəni yarısı yaxın şərqin ərəb hakimiyyətləri olub. 2017-ci ildə isə Səudiyyə Ərəbistanı ABŞ-la 110 milyardlıq silah müqaviləsi imzalayıb. Yəni region müttəfiqləri həm də ABŞ-ın yağlı müştəriləridir.

Üstəlik, ABŞ-ın ən əsas müttəfiqi olan İsrail Yaxın Şərqdə yerləşir. Birləşmiş Ştatlar “soyuq müharibə” dövründən Yaxın Şərqdə lider rolunu heç bir rəqibinə və hətta müttəfiqinə güzəştə getməyə hazır deyil.

Məsələnin daha bir tərəfi ondan ibarətdir ki, xüsusən də son 10 ildə dünyanın “qaynar qazanına” çevrilmiş Yaxın Şərqdə Vaşinqtonun yeni administrasiyasının həll etməli olduğu ciddi məsələlər var. Co Baydenin bəyan etdiyi kimi, ABŞ bütün dünyada, xüsusən də Yaxın Şərqdə itirilmiş etibarını bərpa etməlidir.

Söhbət ondan gedir ki, ABŞ dövlətinin yeni administrasiyası qarşısında Yaxın Şərqdə, ilk növbədə, İsrailin təhlükəsizliyini təmin etmək və bu məsələdə Tramp dövründə olduğu kimi, tərəf deyil, barışdırıcı arbitr kimi çıxış etməli, Yaxın Şərqdəki digər müttəfiqləri olan ərəb monarxiyalarına təhlükəsizlik təminatı vermək, onları İran təhdidindən qorumaq, eyni zamanda İranı danışıqlar masasına oturtmaqla təsir altında saxlamaq, nəhayət, Türkiyə kimi müttəfiqləri yenidən əvvəlki mövqeyinə qaytarmaq, Rusiya və Çin kimi “kənar oyunçuların” regiona ciddi nüfuz etməsinə mane olmaq kimi ciddi vəzifə var. Bütün bunların da yanında enerji bazarının sabit saxlanması, qlobal təhlükəsizliyin təmin olunması, terrora qaşrı mübarizə və sair kimi “yan öhdəliklər” də qalır.

Yaxın Şərqdə Vaşinqtonun son illərdə bir nömrəli problemi İran İslam Respublikası görünür. Söhbət yalnız İslam Respublikasının uran zənginləşdirilməsi proqramı, yəni başqa sözlə nüvə silahı əldə etməsi təhlükəsindən getmir. İranın ballistik raket proqramları və Yaxın Şərqdə silahlandırıb maliyyələşdirdiyi silahlı qruplar regionda yalnız ABŞ-ın müttəfiqlərini deyil, həm də cari maraqlarını təhdid edir. Bu mənada Vaşinqton və İran arasında “həll olunmayan məsələ” yalnız uranın neçə faiz və hansı həcmdə zənginləşdirilməsi deyil, həm də regional rəqabət məsələsidir.

Ancaq Trampın dövründə İranla açıq qarşıdurma və gərginlik xətti İsrail və ABŞ-ın körfəzdəki ərəb müttəfiqlərini hər nə qədər razı salsa da, geniş mənada Yaxın Şərqin cəbhələşməsi və ABŞ-ı güclü fövqəlgüc mövqeyindən, savaşan tərəflərdən biri roluna endirmişdi. Bu isə istər-istəməz regionda Amerika cəbhəsi ilə tərs düşən qüvvələrin İran cəbhəsinə yuvarlanması və nəticədə, regionun “soyuq müharibə” dövründəki ab-havaya dönməsinə səbəb oldu. Bunun nəticəsində Çin və Rusiya Yaxın Şərqdə son 4 ildə xeyli fəallaşaraq mövqelərini gücləndirdi.

Ancaq Bayden, güman ki, sələfi Obamanın zamanında olduğu kimi, bütün tərəflərlə, o cümlədən İranla masa arxasına oturmaqla İslam Respublikasını qatı düşmən deyil, barışıq yollarını axtaran rəqiblər roluna çəkmək və onu əzəli rəqiblərindən ayırmağa çalışacaq.

Təbii ki, yeni dönəmdə ABŞ-ın İsrail-Fələstin münaqişəsinə baxışı da dəyişəcək. Tramp dövründəki “birmənalı İsrail dəstəkçisi” kimi deyil, “ədalətli arbitr”, barışdırıcı obrazında çıxış edəcək. Baydenin and içdiyi gün ABŞ-ın İsrail səfirliyinin rəsmi “Twitter” səhifəsi ABŞ-ın “İsrail, İordan çayının qərb sahili və Qəzzadakı səfirliyi” olaraq dəyişdi. Doğrudur, bu dəyişiklik sosial mediada yayıldıqdan bir neçə saat sonra yenidən keçmiş vəziyyətinə qaytarıldı, ancaq istənilən halda bu mesaj Vaşinqtonun yeni siyasətinin barışdırıcı, hər iki tərəflə dialoqa açıq olacağına işarədir.

Trampın 2018-ci ilin mayında İsrail səfirliyini Qüdsə köçürmək qərarı və daha sonra Colan təpələrini İsrail ərazisi kimi tanıması və Fələstin administrasiyasının rədd etdiyi “əsrin planı” adlı sənədi qəbul etdirməyə çalışması Fələstin və Vaşinqton arasında soyuqluğa səbəb olmuşdu. Bayden isə ənənəvi olaraq ABŞ hakimiyyətlərinin mövqeyinə qayıdaraq iki tərəfin razı olacağı sülh üçün diplomatik cəhdləri dəstəkləyəcək.

Yəni nəticə etibarilə nə Fələstin məsələsində, nə də İran mövzusunda yaxın dövrdə ciddi nəticə əldə olunmasa da, Vaşinqton bütün tərəflərlə masaya oturmuş olacaq. Bu isə qlobal rəqibləri müəyyən mənada qabaqlayacaq.

Qəribə də görünsə indi Vaşinqton üçün Yaxın Şərqdə İran qədər mürəkkəb mövzu Türkiyədir. Türkiyə NATO-nun üzvüdür, 70 ildən çoxdur ki, ABŞ-ın region müttəfiqidir, son illərdə isə Ankara və Vaşinqton arasında anlaşılmazlıqların sayı ildən ilə artır və Ankaranın Moskvadan S-400 zenitlik-raket kompleksləri alması və buna cavab olaraq, ABŞ-ın Türkiyədə F-35 qırıcılarının satışını dayandırması uzun illərin müttəfiqləri arasında dolaşıq bir problemə çevrilib.

Digər tərəfdən Obama dövründə, xüsusən də ABŞ-ın Suriyada kürdləri dəstəkləməsi Ankara ilə regional siyasətdə anlaşılmazlığa səbəb olub. Son iki ildə isə Liviya mövzusu Vaşinqtonla Ankaranın “arasını açıb”. Ötən ilin oktyabrında Vaşinqtonun çevik müdaxilə ilə Liviyada təşəbbüsü ələ alması və Ankaranı faktiki olaraq kənarda qoyması iki ölkə arasında çoxsaylı düyünlərə birini də əlavə edib.

Üstəlik, Baydenin hələ and içmədən bir neçə həftə əvvəl elan olunan yeni komandasında Obama dövründə ABŞ-ın İŞİD-lə mübarizədə xüsusi təmsilçisi postunu tutmuş Brett McGurk Milli Təhlükəsizlik müşavirliyində Yaxın Şərq və Şimali Afrika üzrə təmsilçi postuna namizəd göstərilib. Bu şəxsin Ankara ilə münasibətlərdə ciddi soyuqluq var və Suriya kürdlərinə dəstəyinə görə Türkiyə tərəfindən dəfələrlə qınanıb. Lakin Bayden komandasında Brett McGurk tək deyil. Yeni hökumətin dövlət katibi postuna namizədi Anthony Blinken Türkiyəni “sözdə strateji tərəfdaş” adlandırıb. Eyni zamanda yeni dövlət katibi S-400 məsələsinə görə Ankaraya daha çox sanksiya tətbiq oluna biləcəyini bildirib.

Xüsusən də kürdlər mövzusunda Bayden daha əvvəl ciddi həssaslıq göstərib. Və Trampın ordunu Suriyadan çıxarmaq qərarını “kürdlərə xəyanət” adlandırıb. Söhbət Suriyanın şimalında fəaliyyət göstərən və PKK-nın Suriya qanadı hesab olunan PYD və onun silahlı gücü olan YPG-dən gedir. McGurkun təyinatı onu göstərir ki, Vaşinqton yenidən Suriyada PYD-ni dəstəkləməkdə davam edəcək. Bu da Ankara ilə Vaşinqton arasında soyuqluğun davam edəcəyini göstərir.

Lakin o da var ki, Vaşinqton Türkiyənin Suriyada və son iki ildə Liviyada Rusiya ilə birgə hərəkətindən narahatdır. Bu mənada ABŞ-ın Ankara ilə təzyiq dili ilə danışması inandırıcı deyil. Əksinə, ehtimal olunur ki, Vaşinqton təzyiq ritorikasından da istifadə etməklə Ankaranı öz tərəfinə çəkməyə çalışacaq. Lakin bunun üçün Vaşinqton kürd məsələsi də daxil olmaqla Ankaranın bəzi “qırmızı xətlərini” nəzərə almalı olacaq. Suriya, Liviya böhranları, kürd məsələsi, S-400 və F-35 satışı və nəhayət, “Halkbank” mövzusu kimi məsələlərin yaxın dövrdə sürətli həlli mümkün deyildir.

Bu mənada Türkiyə ilə münasibətlər də İranla olduğu kimi, uzun get-gəlli bir danışıqlar prosesinə çevriləcək. Fəqət Vaşinqton Yaxın Şərqdə aktiv siyasət aparacaq, Liviya və eləcə də Suriya münaqişəsinə ağırlığını salacaq. Bu isə regionda hərəkətliliyi daha da artıracaq.

Yeri gəlmişkən, bu ilin yayında Fələstində parlament və ardınca dövlət başçısı seçkiləri keçiriləcək. Bu da Bayden komandası üçün uğurlu yeni başlanğıc üçün daha bir vasitə ola bilər.

Maraqlıdır ki, Baydenin sələfi Donald Tramp yanvarın 20-də tərəfdarları qarşısında etdiyi vida çıxışında maraqlı bir ifadə işlədib. Donald Tramp deyib ki, yeni hökumətə uğur və şans arzulayır. Eyni zamanda bildirib ki, yeni hökumətin uğur qazanacağına inanır, çünki o və komandası yeni hökumətə “yaxşı bir təməl” qoyub gedir.

Cənab Tramp yaxşı təməlin nələrdən ibarət olduğunu deməsə də, Yaxın Şərqdə buna işarə sayıla biləcək bəzi addımlar var. Məsələn, İranla münasibətləri kəskinləşdirən Tramp Tehrana qarşı çoxlu sayda və kəskin sanksiyalar imzalayıb. Dövlətlərarası münasibətlərdə bu vəziyyət gərginlik yaratsa da, Baydenin danışıqlar masasında əlini gücləndirəcək amildir. Çünki indi Baydenin əlində İrana qarşı daha çox təzyiq mexanizmləri var.

Oxşar vəziyyət Fələstin məsələsində də mövcuddur. Aydın məsələdir ki, Co Bayden rəsmi olaraq Tramp kursundan imtina edəcək, lakin kəskin bri İsrail tərəfdarı olan Bayden Trampın Colan təpələri qərarı və ya Qüdsün paytaxt kimi tanınması qərarından geri çəkilsin. Üstəlik, “əsrin müqaviləsi” çərçivəsində bir neçə ərəb dövlətinin İsraili tanıması barədə qərarları Tramp komandasının səyləri olsa da, bu “başlanğıc” Bayden üçün manevr imkanları yaradacaq. Başqa sözlə, Trampın “köhnə divarları uçurub dağıtması” Baydenin yenidən inşası üçün yaxşı zəminə çevrilə bilər. Bu mənada Trampın “səliqəsiz mirası” Bayden administrasiyasına uğurlu başlanğıc üçün əlverişli ola bilər.



MƏSLƏHƏT GÖR:

193