23 Aprel 2024

Çərşənbə axşamı, 20:18

«KAMERALAR KİRAYƏNİŞİNİ», YOXSA «İF» QALASININ MƏHBUSU?

Navalnı Rusiyanın Qərb ölkələrilə dialoqunda az qala əsas mövzuya çevrilib

Müəllif:

15.02.2021

Rusiyada daxili siyasi həyat, adətən, sabit və təxminedilən olur. Lakin yanvarın sonlarında o, qəflətən dəyişməyə başlayıb. Buna müxalifətçi bloger Aleksey Navalnının Almaniyadan Rusiyaya qayıtması səbəb olub. Bununla da, ölkədə hadisələr bir-birini əvəzləməyə başlayıb – Navalnının «Şeremetevo» aeroportunda saxlanılması, «YouTube»da «Putinin sarayı» haqqında 2 saatlıq filmin peyda olması, bütün Rusiya ərazisində etiraz aksiyaları. Fevralın 2-də məhkəmə Navalnını «İv Roşe» işində təqsirli bilərək, barəsindəki şərti cəzanı 2 il 8 ay müddətinə azadlıqdan məhrumetmə ilə əvəzləyib. Bununla da, vəziyyət daha da gərginləşib.

Xatırladaq ki, Navalnı təxminən 5 ay idi ki, Almaniyada müalicə alırdı. Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının məlumatına görə, o, «Noviçok» adı ilə tanınan hərbi zəhərli maddə ilə zəhərlənibmiş. Bununla yanaşı, yaşanan ən maraqlı məqamlardan biri Rusiyada daxili siyasi mübarizənin son dərəcə ciddi geosiyasi «hərarət»ə səbəb olmasıdır.

 

«Who is» cənab Navalnı?

Navalnı Rusiya siyasətində və blogerlər cəmiyyətində heç də yeni fiqur deyil. Onun «anti-korrupsiya araşdırmaları» çox məşhurdur. «Saray»la bağlı qalmaqaladək Navalnının belə araşdırmaları Putinin yaxın ətrafına aid insanlara, hətta onun övladlarına həsr olunurdu. Amma bütün bunlara baxmayaraq, Navalnını müxalif siyasətçi adlandırmaq da kifayət qədər çətindir. Ən azı ona görə ki, onun heç bir konkret siyasi proqramı, yaxud iqtisadi və ya sosial sahədə konkret təklifləri yoxdur. Navalnının silahdaşları haqda da danışmaq mümkün deyil. Doğrudur, onun öz siyasi partiyasını qeydiyyatdan keçirməklə bağlı çoxsaylı müraciətləri hakimiyyət orqanları tərəfindən rədd edilib, yaratdığı Korrupsiya ilə Mübarizə Fondu isə qapadılıb. Amma bloger apardığı geniş araşdırmalara sərf etdiyi vaxtda, yəqin ki, ciddi proqram da hazırlaya bilərdi. Çünki «Putinə qarşı», «korrupsiyaya qarşı», «Avropadakı kimi yaşamaq» şüarları ciddi gündəm yox, daha çox populizmdir. Yəni Navalnı, həqiqətən də, vacib, vətəndaşları narahat edən mövzulara toxunur. Amma bu problemlərin həlli üçün hansı addımların atılmalı olduğu haqda danışmır. Halbuki, sadəcə narazılıq bildirməklə uzağa getmək mümkün deyil və siyasətçi adına iddia edən hər bir şəxs bunu bilməlidir.

Lakin Navalnının populyarlığı bunlarsız da artır. «Levada» tərəfindən 2020-ci ilin sentyabrında aparılmış sorğu göstərib ki, rusiyalıların 20%-i onun fəaliyyətini dəstəkləyir. Halbuki, 7 il əvvəl bu rəqəm cəmi 6% idi.

Bütün bunlarla yanaşı, «Navalnı kimdir?» sualına birmənalı cavab vermək olmur. Tərəfdarları, o cümlədən xaricdə yaşayan tərəfdarları üçün o, birmənalı şəkildə «dövrümüzün qəhrəmanı», «xalqın sistemə meydan oxuyan siyasi lideri», qatı müxalifətçi, böyük siyasətçidir. Navalnı haqda «Vikipediya»da yerləşdirilmiş məqalə həcminə görə az qala Putin haqqında olan məqaləni belə, geridə qoyur. Bloger dünyada və internetdə ən nüfuzlu şəxslərin reytinqinə düşüb (Rusiyada çoxları bunu təəccüblə qarşılayır). Polşanın sabiq prezidenti Lex Valensa Navalnını Nobel Sülh mükafatına namizəd belə, göstərib. Qərb KİV-i isə onu məşhur sovet dissidenti Andrey Saxarovla müqayisə edir.

Lakin Kreml üçün Aleksey Navalnı uzun müddət sadəcə, bloger, «adı cinayət işlərində keçən şəxs» olaraq qalıb. Dövlət kanallarında, xəbər buraxılışlarında uzun illər onun adı belə, çəkilməyib. Putin özü də prinsipial olaraq heç zaman Navalnının adını dilinə gətirməyib, onu «berlinli pasient», «personaj» adlandırmaqla kifayətlənib. İndi isə Rusiya prezidentinin mətbuat katibi Navalnıya daha bir ad tapıb – «kameralar kirayənişini».

Navalnı ilə bağlı ən maraqlı iddia isə onun Qərb xüsusi xidmət orqanları ilə əməkdaşlığına dair bitmək bilməyən iddialardır. Amma əvvəllər bu əməkdaşlığın səviyyəsi haqda danışılmırdısa, bu günlərdə onun arxasında «Qərb güclərinin və maliyyəsinin dayandığı» rəsmən dilə gətirilib. Navalnının o cümlədən Amerika internet platformaları və internet monopolistləri tərəfindən dəstəkləndiyi bəyan olunub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova fevralın 9-da verdiyi açıqlamada bildirib ki, artıq Aleksey Navalnının tərəfdarları, o cümlədən onun regional qərargahlar şəbəkəsinin rəhbəri Leonid Volkov və Korrupsiya ilə Mübarizə Fondunun icraçı direktoru Vladimir Aşurkov müxalifətçi adlandırılmamalıdırlar. Zaxarova hesab edir ki, onlar «nüfuz agentləri»dirlər, «NATO-çular isə onlara mitinqlərin təşkililə bağlı təlimatlar verir». XİN rəsmisi sübut kimi bunları deyib: fevralın 4-də etiraz aksiyalarının yalnız yaz və yayda davam etdiriləcəyini bəyan etmiş Volkov Polşanın Aİ-dəki daimi nümayəndəliyində təşkil olunmuş Aİ, ABŞ və Böyük Britaniya nümayəndələrilə videokonfransdan sonra fikrini dəyişib. Yeri gəlmişkən, Volkov bundan əvvəl bildirmişdi ki, «tərəfdarları Navalnını həbsxanadan ilk növbədə, xarici siyasi vasitələrlə azad edəcək». «Söhbət sanksiyalardan gedir. Avropa və Amerika administrasiyaları artıq bu istiqamətdə çalışır», - deyə o, qeyd etmişdi.

 

Geosiyasi amil

Beləliklə, Rusiyanın əksər mətbuat orqanında və sosial şəbəkələrin Rusiya seqmentində Navalnının ölkəni zəiflətmək, ləngitmək istəyən, «rus baharı»nın təşkililə parçalamağa çalışan qüvvələrin aləti olduğuna dair fikirlərin geniş yer alması təəccüblü deyil. Həqiqətən də, onun Rusiyanın bütün regionlarında seçki qərargahı yaratdığını, bununla da, tammiqyaslı kampaniya apara bildiyini, saysız-hesabsız layihələr üzərində çalışdığını düşündükdə, onların necə maliyyələşdirildiyini anlamaq asan deyil. Rusiyada «liberal KİV» adlandırılan mətbuat orqanları yazır ki, «son 10 ildə Navalnı «Canlı Jurnal»dakı çox maraqsız bloqunu ciddi mültimedia resursuna çevirə bilib». Onun videoaraşdırmalarının üzərində güclü prodüserlər, montajçılar və qrafika ustaları işləyir, dron çəkilişlərindən, 3D formatlardan istifadə olunur. Deyilənə görə, Navalnı müvafiq «təşkilat infrastrukturu» da yaradıb və həmin infrastruktur sadəcə bütün ölkə ərazisində onun dəstəklənməsilə məşğul deyil. İddiaya görə, burada «yeni nəsil siyasətçilər» hazırlanır, müxtəlif sahələrə (rəqəmsal marketinqdən tutmuş, sosial araşdırmalaradək) aid gənclərə təlimlər keçirilir. Amma bütün bunlar üçün, əlbəttə ki, maliyyə, həm də ciddi maliyyə lazımdır. Bu sualın aydın cavabı yoxdur.

Rusiyanın Qərb dövlətlərilə dialoqunda Navalnının az qala əsas mövzuya çevrilməsi də düşündürücüdür. Müxalifətçinin həbsini pisləyənlər, onun dərhal azad olunmasını, «dinc nümayiş iştirakçılarına qarşı zorakılığa son qoyulmasını» tələb edənlər arasında Almaniya kansleri Angela Merkelin, ABŞ-ın dövlət katibi Entoni Blinkenin, Avropa diplomatiyasının başçısı Jozep Borrelin, Fransa prezidenti Emmanuel Makronun, İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin, Britaniya XİN-in rəhbəri Dominik Raabın və digər qərbli siyasətçilərin adlarına rast gəlmək olar.

Siyahının bu cür «ağır», ittihamların ciddi olması Rusiyanın xarici işlər naziri Sergey Lavrovu məsələyə münasibət bildirməyə vadar edib. «Qərb dövlətlərinin Aleksey Navalnı ilə əlaqədar qaldırdıqları isteriyanın həddi aşdığını» deyən nazir onları «öz problemlərilə məşğul olmağa» çağırıb. Ümumiyyətlə, Moskva bu məsələdə güzəştə getməyə hazırlaşmır, əksinə, «stavka»nı o özü artırır. Almaniya, Polşa və İsveç diplomatlarının müxalifətçiyə dəstək aksiyalarında iştirak etdikləri üçün Rusiyadan qovulması da bunun təsdiqidir. Üstəlik, bütün bunlar həmin vaxt Aİ-nin Moskvada səfərdə olan xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin «burnunun ucunda» baş verib. Bundan başqa, Lavrov Borrel ilə birgə keçirdiyi mətbuat konfransında Aİ-ni «etibarsız tərəfdaş» adlandırıb. Qərbdə çoxları hesab edir ki, Rusiya bununla avrokomissarı alçaldıb, onun «siyasətçi ləyaqətini tapdayıb». Ən maraqlısı isə onun özünün bununla razılaşmasıdır.

Bu məsələdə Moskvanın həddindən artıq sərt ritorikadan istifadə etməsi onu göstərir ki, Rusiya kollektiv Qərbdəki parçalanmadan yararlanmağa çalışır. Məsələn, Qərb ortaya «Şimal axını-2» layihəsilə bağlı belə, vahid mövqe qoya bilmir. Rusiyanın gözündə Qərb Fransa və ABŞ-da baş verənlər fonunda da tutarsız görünür. Söhbət «sarı jiletlilər» və Trampın tərəfdarları ilə davranışdan gedir.

 

Bundan sonra necə olacaq?

Navalnı işində daha bir vacib məqam diqqətin gənc insanlara yönəlməsidir. Dəyişikliklər tələb edən əsas qüvvə kimi məhz yeniyetmələr və yaşı 30-dək olan gənclər göstərilir. Etiraz aksiyalarında da əsasən bu təbəqə iştirak edir. Bu insanların əksəriyyəti nümayişlərə dəvəti sosial şəbəkələr, messencerlər, müxtəlif qruplar vasitəsilə alıb və onu sanki bir «tusovka» kimi qiymətləndirib. Amma onların Navalnını həqiqətən də səmimi şəkildə dəstəklədiklərini, ədalətli dəyişikliklər istədiklərini də istisna etmək olmaz.

Faktiki olaraq, növbəti etiraz aksiyasının təşkilində də əsas hədəf gənclərdir. Onlar müəyyən olunmuş vaxtda həyətə çıxmalı, telefonun fənərini yandıraraq onu yuxarı qaldırmalıdırlar. Demək olar ki, ən uğurlu variantdır – məsrəfsiz, ən əsası isə dinc, sadə, qanunlara uyğun. Lakin Navalnının arxasında kimlərin dayanmasından asılı olmayaraq (bəlkə də heç kim dayanmır), etiraz aksiyalarına yeniyetmələrin cəlbi, güman ki, iflasa məhkumdur. Hər halda, bu, əksər valideynlərin qəzəbinə səbəb olub. Onlar övladlarına və nəvələrinə özlərinin ötən əsrin 90-cı illərində yaşadıqları çətinliklərdən danışmağa başlayıb…

Bəs, bundan sonra necə olacaq? Bəziləri hesab edir ki, Navalnının həbsə atılması nəinki onu Rusiyanın siyasi landşaftından yox etməyəcək, əksinə, müxalifəti onun ətrafında birləşdirəcək. Xüsusilə də əgər həbsdə onun başına nəsə gəlsə və prezident seçkiləri ərəfəsində o, «qurbanlığa» çevrilsə… Belə bir fikir də var ki, bu halda onu xanımı Yuliya (Rusiyanın Svetlana Tixanovskayası) əvəzləyə bilər. Aydındır ki, çox şey hakimiyyətin necə davranacağından asılıdır. Hökumət isə heç də həmişə adekvat davranmır. Məsələn, ekspertlərin çoxu hesab edir ki, Navalnının Rusiyaya gəlişi ətrafında bu qədər səs-küy yaradılmasaydı, ona diqqət indiki qədər olmaya bilərdi. Buraya «zəhərlənmə hadisəsi»ni, veteranın təhqir olunması ilə bağlı işin detallarını, bir sıra kremlpərəst jurnalist və politoloqun fikirlərini də əlavə etmək olar.

Ədalət naminə qeyd edilməlidir ki, bütün bunlar müxtəlif konspiroloji versiyaların irəli sürülməsinə imkan yaradır. Belə versiyalardan birinə görə, Kreml daxilində hakimiyyət uğrunda mübarizə gedir (müvafiq olaraq, həmin qruplardan hansısa Navalnını dəstəkləyir), digərinə əsasən, Navalnı ümumiyyətlə… «Kremlin agenti»dir. Belə vəziyyətdə guya ondan hakimiyyətin qatı əleyhdarlarının üzə çıxarılması üçün istifadə olunur, məqsəd isə Dövlət Dumasına payızda keçiriləcək seçki ərəfəsində etirazçı əhvalın boğulmasıdır.

Bundan başqa, guya Navalnıdan «sağlam rəqabət» görüntüsünün yaradılması üçün istifadə edildiyi də versiyalar arasındadır. Çünki artıq istər «Yabloko», istərsə də kommunistlər hərəkətə keçib. Bu versiyanı dolayısı ilə təsdiqləyən bir amil də var: Navalnı öz dediyi kimi, «azadlığın olmadığı» ölkədə çalışmasına rəğmən, gen-bol araşdırmalar aparır, siyasi elitanın ən müxtəlif nümayəndələrinə «hücum» edir, film çəkmək imkanı belə, qazanır. Sonda isə hətta Putinin özünü belə, hədəf seçir…

Bütün sadalananları nəzərə alsaq, belə qənaətə gəlmək olarmı ki, Navalnı amili Rusiya ictimaiyyətini qütbləşdirib və siyasiləşdirib? Əlbəttə ki, yox. Bir tərəfdən, son hadisələrdən sonra Navalnının fəaliyyətinə indiyədək heç bir əhəmiyyət verməyənlərin sayı xeyli azalıb, onun tərəfdarları isə daha fəal, hətta daha radikal olub. Amma bu yerdə bir daha qeyd edək ki, söhbətin hansı kəsimdən getdiyini anlamaq lazımdır. Söhbət əsasən iri şəhərlərdə yaşayan gənc fəal sosial şəbəkə istifadəçilərindən gedir. Bu isə heç də bütün Rusiya demək deyil. Bu gün ruslardan siyasi dəyişiklik istəyib-istəmədiklərini, Navalnının apardığı araşdırmalara ehtiyac duyub-duymadıqlarını, gənclər üçün həqiqi işlək sosial miflərə ehtiyacın olub-olmadığını soruşsalar, demək olar ki, hər kəs «bəli» cavabını verəcək. Lakin onların «Navalnını bütün Rusiyanın lideri kimi görürsünüzmü?» sualına cavabları yəqin ki, mənfi olacaq. Cavabın niyə belə olacağı isə Rusiyanı və onun sakinlərini az-çox tanıyan hər kəsə məlumdur.

KİV və «teleqram» kanallarında az danışılan həqiqət ondan ibarətdir ki, Navalnının tərəfdarları və əleyhdarları arasında mübarizə əsasən internetdə gedir. Onu bu işdən pul qazanan ekspertlər və blogerlər, boş vaxtı olan tələbələr və ofis işçiləri aparır. Buraya bir də şaxtalı havada parlaq rəngli idman gödəkçələrində, kreativ maskalarda bir neçə saat polisdən qaçmağa hazır olan gəncləri əlavə etmək olar. Rusiya əhalisinin əksəriyyətinə (hətta hansısa səbəblərdən hakimiyyətdən narazı olanlara) bu işlərin heç bir aidiyyəti yoxdur. Onlar beyinlərində «görəsən, nə baş verir?» sualı ilə Kremllə Navalnının arasında çaş-baş qalıblar. Hakimiyyət də, real müxalifət də məhz onları dinləməli, onların mümkün reaksiyası ilə hesablaşmalıdır.



MƏSLƏHƏT GÖR:

191