28 Mart 2024

Cümə axşamı, 19:27

BİRTƏRƏFLİ BİLET

Miqrasiya şokunun astanasında, yoxsa Ermənistan vətəndaşlarının növbəti kütləvi qaçışının səbəbi nədir?

Müəllif:

15.02.2021

Müasir Azərbaycan vətəndaşları təsəvvür edə bilməzlər ki, SSRİ dönəmində ittifaqa tamamilə loyal Bolqarıstana belə, turist səfəri üçün hansı əzab-əziyyətlərdən keçmək lazım gəlirdi – çoxsaylı sual-cavab, anketlər, komissiyalar və s. Bu gün isə hətta postsovet məkanının əksər ölkəsi üçün bu, keçmişdə qalmış məsələdir. Hərəkət etmək azadlığı əsas azadlıqlardan sayılır. Düzdür, istənilən ölkə səbəbi haqda izahat vermədən istənilən əcnəbini sərhəddən buraxmaya bilər. Amma müasir dünyada hər hansı ciddi səbəb olmadan öz vətəndaşının yolunu kəsmək qəbul olunan məsələ deyil. Maraqlı istisnalardan biri növbəti miqrasiya şoku yaşamaqda olan Ermənistandır.

 

«Çamadan faciəsi»

İndi koronavirus pandemiyası zəifləyir və bir çox ölkələrdə karantin məhdudiyyətləri aradan qaldırılır və ya yumşaldılır. Bu, Rusiyaya da aiddir. Artıq o, qonşu dövlətlər, o cümlədən Ermənistanda hava əlaqəsini bərpa edir. Lakin Moskva-İrəvan sərnişin aviareyslərinin açılması ictimai rəydə yeni «partlayış»a səbəb olub. Ermənistanda biletə tələbat o qədər yüksəkdir ki, İrəvandakı mənbələrin məlumatına görə, artıq əldə 1 bilet 700 dollara belə, satılır. Aeroportda Moskva və ya Mineralnıye Vodıya bilet əldə edə bilmiş ailələr elə sevinirlər, sanki lotereyada cekpot udublar.

Ermənistan parlamentinin «Çiçəklənən Ermənistan» partiyasından olan deputatı Naira Zoqrabyan sosial şəbəkədə əməlli-başlı səs-küy qaldırıb: «Aeroportdan yenicə gəlmişəm. Deputat olaraq, oradakı vəziyyətlə tanış olmaq istəyirdim. Vəziyyətin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzsiniz. Hər kəs bir istiqamətə – Moskvaya bilet alır… Rusiya reyslərinə belə tələbat heç zaman olmayıb. Mən belə ajiotaj görməmişəm. Ermənistanı son 30 ilin ən böyük miqrasiyası gözləyir. Heç ötən əsrin 90-cı illərində də belə olmayıb». Daha sonra o, proqnozlara keçir: «…Ümumi atmosfer onu göstərir ki, Ermənistanda əsl demoqrafik böhran başlayacaq…». Deputat bildirir ki, «yalnız bu gün – fevralın 1-də İrəvandan Rusiyaya 6 reys uçub. Onların 4-ü Moskva reysidir. Mineralnıye Vodıya ilk təyyarə 7:55-də yola düşüb. Bu, milli faciədir».

 

«Zvartnots» Ermənistan gerçəkliyinin güzgüsüdür

Əlbəttə ki, Zoqrabyanı vəziyyəti dramatikləşdirməkdə günahlandırmaq, əslində, Ermənistanda hər şeyin bu qədər də pis olmadığını düşünmək olar. Lakin İrəvanın «Zvartnost» aeroportundan ölkədən getməyə hazırlaşan insanların əlindən «tərpənməyin mümkün olmadığını» yalnız o demir. Koronavirus pandemiyası və müharibə üzündən sərhədlər bağlı olduğundan, miqrasiyanın qarşısı müvəqqəti də olsa, alınmışdı. Lakin «şlaqbaumun qaldırılması» ilə Ermənistanda hadisələr bəndin uçması prinsipi ilə cərəyan edir. Əslində, ölkədə miqrasiya ilə bağlı vəziyyətin yaxşı olmadığı Rusiyanın aviareysləri bərpa etməsindən əvvəl də deyirdilər. Zoqrabyan isə Ermənistan vətəndaşlarını bir istiqamətə bilet almağa vadar edən səbəbləri açıqlayır: «Birincisi, müharibə. İkincisi, ermənilər artıq öz ölkələrində özlərini təhlükəsizlikdə hiss etmirlər. Üçüncüsü və ən əsası, ölkədə iqtisadi vəziyyət çox ağırdır». Zoqrabyan bildirir ki, «mənim çörək problemi olan, ən əsası isə sabah türklərin onun evinə girməyəcəyinə inanmayan ermənini günahlandırmağa haqqım çatmır».

Bu yerdə xanım Zoqrabyana xatırlatmaq lazımdır ki, əslində, əvvəlcə erməni «türk»ün evinə girib, ev sahibini öldürüb və orada özünə xoşbəxt həyat qurmağa çalışıb. Sadəcə, alınmayıb. Vaxtilə ev-eşiyindən qarlı yollarla ayaqyalın qaçmış azərbaycanlı uşaqlar böyüyüb və geriyə tank üzərində qayıdıblar.

İşğal zamanı Zəngəzurda «sərhədi tərpədən» də ermənilər olub. Odur ki, «türk»ün kiminsə evinə soxulacağı ilə bağlı narahatlığa əsas yoxdur.

Naira Zoqrabyanın müharibəyə istinad etməsi həqiqətən də qəribədir. Birincisi, bölgədə müharibə 2020-ci il sentyabrın 27-də deyil, hələ 90-cı illərdə başlayıb. 2020-ci ildə isə əskinə, o, başa çatıb. Hər şeyə görə Nikol Paşinyanı günahlandırmaq nə qədər cazibəli görünsə də, Ermənistanda miqrasiya ondan əvvəl də rekord vururdu. Üstəlik, bu rekord o vaxt qeydə alınırdı ki, Ermənistan əhalisinin böyük əksəriyyəti və ölkənin siyasi rəhbərliyi müharibənin 1994-cü ildə başa çatdığına, Ermənistanın qalib gəldiyinə, hər şeyin kağız üzərində təsdiqlənəcəyinə lap az qaldığına əmin idi. O vaxt insanlar kriminal rejimin yaratdığı iqtisadi perspektivsizlikdən və çarəsizlikdən qaçırdılar. Ermənistanın sabiq baş naziri Qrant Baqratyan gördüklərindən şoka düşmüşdü: insanlar dəmir yolu ilə piyada gedir! Müstəqil ekspertlər isə ölkəni hər 20 dəqiqədə 1 nəfərin tərk etdiyini bildirirdi. Nəhayət, ölkədən əsasən gənc və sağlam vətəndaşlar qaçırdılar və bu da təbii ki, doğum sayına öz təsirini göstərirdi.

Hakimiyyət əlbəttə ki, hər şeyin düzələcəyini bildirirdi. Hər halda, 2017-ci ildə Ermənistanın ozamankı prezidenti Serj Sarqsyan ölkədə demoqrafik vəziyyətin qaydaya salınması ilə bağlı proqram hazırlandığını deyir, 2024-cü ildə Ermənistan əhalisinin sayının 4 milyona çatacağını bildirirdi. Demoqraflar isə deyilənləri elə o vaxt da gülüşlə qarşılayırdılar: bu rəqəmin reallığa çevrilməsi sadəcə, mümkün deyildi.

Sonradan ölkədə «kabab qiyamı» baş verdi və bu dəfə Nikol Paşinyan vədlər verməyə başladı. O, vətəndaşlarına qızıldan dağlar, süd gölləri vəd edir, ÜDM-in 20 dəfə artacağını, 2050-ci ildə keçiriləcək futbol üzrə Dünya Çempionatında medallar vəd edirdi. Lakin bu gün «Zvartnots»da ölkəni tərk etməyə çalışan insanlar bir-birini tapdayır. Belə vəziyyətdə Paşinyanın dilə gətirdiyi planlar yumşaq desək, insanları ələ salmağa bənzəyir. Amma…

 

Müharibə bitdi. Yoxsa?..

Amma istənilən halda, miqrasiyanın yeni dalğası da diqqəti çəkir. Artıq qeyd olunduğu kimi, müharibə başa çatıb. Azərbaycan tərəfi münaqişənin bitdiyini, region ölkələrinin birgə gələcək qurmasının vaxtının çatdığını durmadan təkrarlayır. Regionda kommunikasiyalar açılır, bu isə Ermənistana 25 ildən artıqdır ilişib qaldığı «blokada»dan çıxmaq şansı verir. Bu gün gündəmdə olan investisiya qoyuluşlarıdır, təcridə son qoyulmasıdır, iqtisadi reinteqrasiya və dirçəlişdir. Bir sözlə, indi böyük ümidlərlə yeni mərhələyə başlamaq, müsbət tərəfə əsaslı dəyişikliklər gözləmək vaxtıdır, bir istiqamətə bilet alıb qaçmaq vaxtı yox!

Belə olan təqdirdə Ermənistanda yeni miqrasiya dalğasını nə ilə izah etmək olar? Bəli, bu gün «Zvartnots» aeroportunda növbəyə düzülmüş Ermənistan vətəndaşları məşhur «Ümid qarın doyurmaz» məsəlini əsas götürürlər. Yeni müsbət tendensiyaların işləməsi üçün zamana ehtiyac var, insanlar isə bu gün də nəsə yeməlidir. Ermənilər üçün vəziyyət nikbinliyə əsas vermir. Azərbaycanın Ermənstan tərəfindən işğal olunmuş ərazilərindəki 10-dan artıq mədən artıq onların büdgəsinə gəlir gətirmir. Ordu darmadağındır, onun bərpasına ciddi maliyyə lazımdır, o isə yoxdur. Yeni sərhədlərin qurulması vacibdir, bunun üçün də pul tələb olunur. Müharibədə ölmüş və yaralanmış insanların ailələrinə sosial ödənişlər də öz yerində. Amma ən əsası, Ermənistanda insanlar 10 noyabr və 11 yanvar bəyanatlarının təftişinə cəhdləri, revanş çağırışlarını da görməyə bilməz. Üstəlik, bu yaxınlarda Qazax rayonunda olduğu kimi, odla oynamalar, regionda terror müharibəsi qızışdırmağa cəhdlər…

İnsanlar görür ki, yerli qisasçılar odla oynamağa Ermənistanın müharibəni uduzmasından, ordudan məhrum olmasından, xaricin təhlükəsizlik zəmanətinin isə işə yaramamasından sonra başlayıb. Belə bir şəraitdə vətəndaşlarda «kollektiv ağıl»ın işə düşməsi təəccüblü deyil. Bu ağıl isə onları yerli «erməni işinin müdafiəçiləri»ndən mümkün qədər uzağa qaçmağa məcbur edir.



MƏSLƏHƏT GÖR:

207