24 Aprel 2024

Çərşənbə, 06:43

İRAN ÜÇÜN ƏSƏN KÜLƏK

Tehran regional kommunikasiyaların açılması prosesinə qoşulmaq əzmində olduğunu bildirir

Müəllif:

15.02.2021

Azərbaycanın erməni işğalında olan torpaqlarını azad etməsi, öz sərhədlərinə nəzarəti tam geri qaytarması regional kommunikasiyaların açılması üçün real imkan yaradıb. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iki üçtərəfli bəyanatında yer almış bu məsələ region ölkələri üçün postmüharibə dövrünün əsas mövzularından birinə çevrilib.

Tərəflər prosesi uzatmağı düşünmür və liderlərin 2021-ci il 11 yanvar görüşü nəticəsində yaradılmış üçtərəfli işçi qrup artıq ilk toplantısını keçirib. İlk iclas yanvarın 30-da baş tutub. Əlbəttə, hələ ki, hansısa konkret razılaşmalar haqda danışmaq tezdir. Hər şeyin arzulandığı kimi asan getməyəcəyi də aydındır. Amma necə deyərlər, əsas başlamaqdır.

Hələlik tərəflər yalnız ekspert altqruplarının yaradılması haqda razılığa gəlib: dəmir yolu, avtomobil yolu və qarışıq daşımalar üçün; təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla nəqliyyatın təmin edilməsi barədə.

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə olunmuş üçtərəfli razılaşma fəal şəkildə həyata keçirilərsə, artıq yaxın gələcəkdə nəqliyyat əlaqələrinin bərpası kimi çətin prosesə başlandığı haqda danışa, onun konkret nəticələrini göstərə biləcəyik. Yeri gəlmişkən, Azərbaycan artıq öz ərazisində bərpa işlərinə kifayət qədər fəal start verib. Bu isə yalnız proses iştirakçıları deyil, region üzrə digər qonşular üçün də stimuldur.

 

Azərbaycan Cənubi Qafqaza «qapı» kimi

İşçi qrupun Moskvada keçirilmiş ilk toplantısı qəribə şəkildə İranın xarici işlər naziri Cavad Zərifin regional turnesilə eyni vaxta təsadüf edib. İranlı nazir turnesi çərçivəsində Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyədə olub. Zərifin sözlərinə görə, onun səfərində məqsəd «3+3» formatının inkişafına təkan vermək olub. Nazir hesab edir ki, Cənubi Qafqazda yerləşən 3 dövlət və 3 regional ölkənin birgə əməkdaşlığını nəzərdə tutan bu format bütün iştirakçılar üçün yeni üfüqlər açır.

İranlı nazir regional turnesinə Azərbaycandan başlamışdı və bu, tamamilə anlaşılandır. İranın Cənubi Qafqaz ölkələrilə ümumi sərhədinin 90%-dən çoxu Azərbaycanın payına düşür. Üstəlik, Xəzər hövzəsi də var ki, İranın Qafqaza çıxışı həm də onun vasitəsilə təmin olunur. Azərbaycan Tehranın aparıcı ticarət və siyasi tərəfdaşı olmaqla yanaşı, multimodal tranzit daşımalarında vacib istiqamətdir.

Regionda kommunikasiyaların açılması və Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki miqyaslı bərpa işləri fonunda İran prosesə qoşulmaq əzmində olduğunu israrla nümayiş etdirməkdədir. Tehran üçün Azərbaycanla sərhəd əməkdaşlığı məsələsi xüsusi önəm daşıyır və bu, həqiqətən də, hər iki tərəfə ciddi qazanc gətirən məsələdir. Məsələn, Astara rayonunda artıq müasir yol infrastrukturu yaradılıb və fəaliyyət göstərir. Orada gömrük terminalı da var və o, ən müxtəlif yüklərin daşınmasına, logistik əməliyyatların həyata keçirilməsinə imkan verir. Bu terminal «Şimal-Cənub» nəqliyyat dəhlizi infrastrukturunun son dərəcə vacib obyektidir. Sərhədin digər hissəsində – Naxçıvan ərazisində uzun illərdir Araz çayı üzərində hidroqovşaq qurulub. Orada həm su elektrik stansiyası, həm də nəhəng su anbarı fəaliyyətdədir. Buradakı su elektrik stansiyası 44 MVt gücündədir və həm İranı, həm də Azərbaycanı paritet əsaslarla elektrik enerjisilə təmin edir. Su anbarından isə Azərbaycan və İranda 400 min hektar ərazinin suvarılması üçün istifadə olunur.

«Xudafərin» və «Qız qalası» hidroqovşaqlından da birgə istifadə nəzərdə tutulur. Bu layihələrin reallaşdırılması haqda memorandum hələ 1988-ci ildə SSRİ ilə İran arasında imzalanıb. Lakin SSRİ-nin süqutu və ardınca İran-Azərbaycan sərhədinin 132 kilometrlik hissəsinin Ermənistan tərəfindən işğalı bu razılaşmanın reallaşdırılmasına mane olub. Azərbaycan Prezidenti İlham Əliyevin İrana 2016-cı il fevralın 23-də etdiyi səfər zamanı isə tərəflər arasında müvafiq razılaşma imzalanıb. Əslində həmin razılaşma Sovet İttifaqı-İran müqaviləsinin təsdiqi də sayıla bilər. O, Azərbaycan ərazilərinin işğaldan azad olunması və Bakının İranla sərhədə nəzarəti tam bərpa etməsindən sonra məsələyə qayıdılmasını nəzərdə tuturdu. Təsadüf deyil ki, son hərbi əməliyyatlar bitər-bitməz, İran Azərbaycana 4 il əvvəl imzalanmış razılaşmanın reallaşdırılması prosesinin sürətləndirilməsini təklif edib. Artıq 2020-ci il dekabrın sonunda məlum olub ki, tərəflər «Xudafərin» hidroqovşağının tikintisilə bağlı maliyyə məsələlərini həll edib. O, ildə 1,6 milyard kubmetr suyu tənzimləyəcək və 120 min hektar ərazini su ilə təmin edəcək. Bununla yanaşı, «Xudafərin» və «Qız qalası» stansiyalarının elektrik enerjisi istehsalı potensialı 280 MVt/s-dır. Bu isə şübhəsiz ki, işğaldan azad edilmiş rayonların daha tez bərpa olunmasına imkan verəcək.

Artıq bu ilin yanvarında, yəni cəmi 1 həftə sonra Tehranda Azərbaycan-İran birgə hökumətlərarası komissiyasının 14-cü ikitərəfli iclası keçirilib. Toplantıda artıq yeni layihələr müzakirə olunub. Beləliklə, İran tərəfi yalnız niyyətini ortaya qoymur, həm də fəal addımlar atır, regionda yaranmış yeni imkanlardan yararlanmağa çalışır. Əlbəttə ki, söhbət, ilk növbədə, tranzit dəhlizlərinin inkişafından gedir.

Bu istiqamətin sərfəli olduğunu ən azı bir fakt tam təsdiqləyir. 2020-ci ildə pandemiya ilə əlaqəli tətbiq olunmuş karantin tədbirlərinə baxmayaraq, Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu ilə yük daşımalarından 25%-lik artım qeydə alınıb. Bundan başqa, nəqliyyat sahəsindəki mövcud layihələrə əlavə olaraq, yenilərinin də reallaşdırılması qərarı qəbul edilib. Məsələn, söhbət sərhəddə yeni avtomobil körpüsünün inşasından gedir. O, Bakı-Astara şosesini Ərdəbil-Astara-Rəşt avtomagistralı ilə birləşdirəcək. Parsabad şəhəri ərazisində yeni dəmir yolu terminalının tikintisi layihəsi də az əhəmiyyət daşımır. Ərdəbil şəhərindən dəmir yolunun bu şəhərədək uzadılması nəzərdə tutulur. Bu istiqamətdə 25 kilometrdə işlər artıq həyata keçirilib. Gələcəkdə bu xəttin Horadiz stansiyası ilə birləşdirilməsi də mümkün olacaq.

Maraqlıdır ki, Zərif regional turnesi çərçivəsində Naxçıvana da baş çəkib. Məsələ ondadır ki, bu gün İran və Azərbaycan Culfaları arasında dəmir yolu əlaqəsinin yaradılması da gündəmdədir. Bu, Naxçıvan və Ermənistan vasitəsilə Gürcüstanın Qara dəniz limanlarına çıxış deməkdir.

Bütün kommunikasiyaların bərpası Tehrana Ermənistan-İran dəmir yolu xətti kimi bahalı, rentabelsiz layihədən imtina etmək, ənənvi, daha etibarlı kommunikasiya vasitələrinə yönəlmək imkanı verir.

 

İranın Ermənistan gündəmi

İranın XİN başçısı Azərbaycanda olduğu kimi, Ermənistanda da əsas diqqəti kommunikasiyaların açılması məsələsinə çəkib. Məsələn, o, «Azatutyun» radiosuna ermənstanlı həmkarı ilə görüşdən sonra verdiyi müsahibəsində bildirib ki, ölkəsi Ermənistan və İran dəmir yollarının Naxçıvan vasitəsilə birləşdirilməsi perspektivini real sayır. Bununla yanaşı, nazir əldə olunmuş sülhün İrəvan üçün nə qədər dayanıqlı və uzunmüddətli olduğunu müəyyənləşdirməyə də çalışıb. Əgər Bakıda Prezident İlham Əliyev Azərbaycan tərəfinin regionda sülh və sabitliyin dayanıqlı olması üçün əlindən gələni edəcəyini deyibsə, erməni tərəfində belə əzm hiss olunmur.

Bundan başqa, Ermənistan xarici işlər nazirinin bəyanatında hərbi əməliyyatların nəticəsindən aşkar narazılıq və vəziyyəti «geri qaytarmaq» arzusu hiss olunur. «Hazırda regionumuz yeni ciddi çağırışlarla qarşılaşır və bu, Azərbaycanın Qarabağ məsələsini güc yolu ilə həll etmək üçün təhlükəli cəhdinin nəticəsidir. Ermənistan hesab etmir ki, Azərbaycanın Artsaxa qarşı təcavüzü, güc tətbiqi uzunmüddətli sülh üçün əsas yaradır. Buna regional əməkdaşlıq imkanı kimi baxmaq olmaz», - deyə erməni nazir bildirib.

Bu bəyanat, çətin ki, Tehranı qane etsin. Hər halda, sanksiyaların yaratdığı çətin vəziyyətlə mübarizə aparan İran üçün regionun münaqişədən necə xilas olacağını aydın şəkildə görmək vacibdir. Bu yol görünmürsə, tərəfdaşlarla uzunmüddətli münasibətlərin qurulması da perspektivsiz görünür. İran müharibədən sonra Ermənistanla hər hansı əhəmiyyətli iqtisadi layihənin reallaşdırılmasını nəzərdə tutan heç bir razılaşma imzalamayıb, ümumiyyətlə hər hansı belə razılığa gəlməyib. Bu, əlbəttə ki, təsadüf deyil.

Erməni ekspertlərin özləri də etiraf edirlər ki, İrəvanın uzun illər İranla həyata keçirməyə çalışdığı birgə layihələrin əksəriyyəti kağız üzərində qalıb. «8-10 ildir ki, Mehridə İranla birgə su elektrik stansiyasının tikintisindən danışılır. Amma bu istiqamətdə heç bir addım atılmayıb. Bizdən fərqli olaraq, Azərbaycan uzun illərdir konkret praktik addımlar atmaqla, İranla müxtəlif birgə layihələr həyata keçirir, bununla da Tehranla münasibətlərini gündən-günə daha da yaxşılaşdırır», - deyə Ermənistanın Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti, iranşünas Armen Vardanyan bildirib.

Görünən odur ki, artıq erməni ekspertlər reallıqdan uzaq düşmüş diplomatlardan fərqli olaraq, daha praktik kateqoriyalar üzrə düşünməyə başlayıblar.

 

İranın yeni planlarında Gürcüstan

İran XİN başçısının Gürcüstan səfəri İrəvan səfərilə müqayisədə daha dumanlı görünürdü. Hər halda, gürcüstanlı müşahidəçilər belə düşünürdü.

Tbilisi, əlbəttə ki, Tehranla əməkdaşlığın əleyhinə deyil. Lakin «3+3» formatı gürcüləri heç də tam qane etmir. Səbəb orada Rusiyanın da yer almasıdır. Üç regional və üç qeyri-regional dövlətin əməkdaşlığı çərçivəsində yeni nəqliyyat dəhlizlərinin açılması ideyası iqtisadi baxımdan bütün tərəfləri qane edirsə, məsələnin siyasi tərəfi Tbilisidə bəzi suallar doğurur. Düzdür, heç də hamıda yox.

Məsələn, ölkə prezidenti Slome Zurabişvili bu formatın vacibliyini bildirirsə, Gürcüstan Xarici İşlər Nazirliyi altıtərəfli formatın iştirakçılarından biri – Rusiya ilə siyasi əməkdaşlığın gündəlikdə olmadığını bəyan edir. Amma Rusiya amili ilə yanaşı, son illər Gürcüstan-İran münasibətlərində də ən azı bir məhdudlaşdırıcı məqam var. Bu, ABŞ-ın Tbilisinin xarici siyasətinə təsiridir. Doğrudur, ABŞ-da Bayden administrasiyasının hakimiyyətə gəlişi ilə Vaşinqton Tbilisinin Tehranla birgə siyasi və iqtisadi layihələrdə iştirakına göz yuma bilər. Bu, hər iki tərəf üçün əlavə imkanlar açır və İran, əlbəttə ki, bundan yararlanmaq istəyəcək.

İran mətbuatının məlumatına görə, Məhəmməd Cavad Zərif Gürcüstanın baş naziri Georgiya Qaxariyanı «ikitərəfli ticarət münasibətlərindəki problemlərə, tranzit və nəqliyyat sahəsindəki məhdudiyyətlərə diqqət yetirməyə» çağırıb. Müşahidəçilər iranlı nazirin qonşu ölkələrdən fərqli olaraq, Gürcüstanda mətbuat konfransı və ya KİV üçün brifinq keçirmədiyinə diqqət çəkir. Bu fakta əsasən güman olunur ki, tərəflər arasında danışıqlar asan keçməyib və onların fərqli yanaşdıqları məsələlər mövqelərin üst-üstə düşdüyü məqamlardan daha çoxdur.

Qeyd edək ki, 2012-ci ildən İrandan Gürcüstana immiqrasiyada artım müşahidə olunur. Son illər Gürcüstanda müvəqqəti yaşayış icazəsi almış əcnəbilər arasında iranlılar ilk yerdədir. 2015-2018-ci illərdə Gürcüstanda iş qurmuş əcnəbilər arasında da İran vətəndaşları öndədir (31%).

Lakin immiqrasiyanın getdikcə artdığını görən Gürcüstan hökuməti bunu əngəlləmək üçün bir sıra addımlar atıb. Son 2 ildə onların ölkəyə buraxılmasına məhdudiyyətlər qoyulub, çox sayda iranlının Gürcüstanda yaşamasına icazə verilməyib. Başqa sözlə, onlar Gürcüstanın anti-miqrasiya siyasətinin qurbanına çevriliblər – Tbilisi təhlükəsizlik məqsədilə miqrant tranzitini də məhdudlaşdırmağa başlayıb.

İranlı nazir Gürcüstan rəhbərliyilə görüşündə bu məsələləri də qaldırıb, onların həllini istəyib.

Bütün bunlarla yanaşı, Gürcüstan regionun vacib ölkəsidir və İranın Cənubi Qafqazla bağlı xarici siyasətində Tbilisi ilə münasibətlərin qurulması da mütləq amillərdəndir. Bütün ziddiyyətlərə rəğmən, ümumi maraqların olduğu danılmazdır.

Yeni geosiyasi reallıqda regional proseslərdə bütün iştirakçılarla sıx əlaqə mütləqdir. Bunu Tehranda da anlayırlar, Tbilisidə də. «3+3» formatı isə kimin ona necə yanaşmasından asılı olmayaraq, iştirakçılara məhz bu imkanı yaradır.

İstənilən halda, İranda başa düşürlər ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin «küləyi» bütün region ölkələrini «tutur». Tehranda ümid edirlər ki, bu «külək» davamlı olacaq və onun özünün də Cənubi Qafqazla bağlı siyasətinə dəyişikliklər gətirəcək.



MƏSLƏHƏT GÖR:

199