25 Aprel 2024

Cümə axşamı, 13:27

ƏVVƏLKİ HALA QAYITMAQ

Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası regionda geosiyasi reallıqları dəyişir

Müəllif:

15.02.2021

Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi ilə sonuclanmış 44 günlük müharibənin nəticələri Azərbaycan-Ermənistan sərhədinin əvvəllər erməni tərəfinin nəzarətində olmuş hissəsində bərpa işlərinin aparılmasına da yol açıb. Söhbət dağlıq ərazilərdən, dərə-təpədən keçən, təxminən, 360 kilometrlik sərhəddən gedir. Sovet İttifaqı illərində bu, iki Sovet respublikasının inzibati sərhədi olub. SSRİ-nin dağılmasından sonra BMT də iki dövlətin müstəqilliyini bu sərhədlər çərçivəsində tanıyıb. İşğaldan sonra bu sərhəd qeyri-qanuni olaraq, Ermənistanın nəzarətinə keçmişdi.

 

Ən gənc və ən problemli

Ümumilikdə Azərbaycan-Ermənistan sərhədi Azərbaycan Respublikasının xarici sərhədlərinin ən problemli və ən təhlükəli hissəsidir. Üstəlik bu, həm də dövlət sərhədinin ən uzun və relyefinə görə ən çətin parçasıdır. O, sovet dövründə belə, tam sabit olmayıb. Ermənistan tərəfi hələ o illərdə bir sıra sərhədyanı ərazilərin kənd təsərrüfatı məqsədləri üçün İrəvana verilməsi xahişilə SSRİ hökuməti və Azərbaycan rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırmışdı. Nəticədə, ermənilərin və ermənipərəst qüvvələrin himayədarlığı ilə sovet rəhbərliyi 20-ci əsrin əvvəllərində və 80-ci illərində sərhədin bəzi hissələrində Ermənistan SSR-in xeyrinə dəyişikliklər edib. Nəticədə, xəritədə Yuxarı Əskipara, Bərxudarlı, Sofulu, Kərki, Başkənd (ermənilər Artsvaşen adlandırır) kimi anklavlar əmələ gəlib. Sadalanan anklavların 4-ü Azərbaycana, yalnız 1-i Ermənistana aid idi.

Dağlıq Qarabağ münaqişəsinin və İrəvanın Azərbaycana qarşı açıq ərazi iddiaları irəli sürməyə başlamasından sonra isə Ermənistan rəhbərliyi bütünlükdə Azərbaycanla sərhədin təftişi siyasətinə başlamışdı. Dağlıq Qarabağda 1990-cı illərin ilk yarısında gedən fəal hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının suverenliyini kobud şəkildə pozaraq, 360 kilometrlik Azərbaycan-Ermənistan, 132 kilometrlik Azərbaycan-İran sərhədini nəzarətə götürmüşdü. Beləliklə, Azərbaycan Respublikasının dövlət sərhədinin, təxminən, 500 kilometri beynəlxalq hüququn əsas normalarına zidd olaraq, erməni silahlı qüvvələrinin nəzarətinə keçmişdi.

Bundan başqa, onlar Qazax rayonu və Naxçıvan Muxtar Respublikası istiqamətlərində də Azərbaycan-Ermənistan sərhədinin bir sıra hissələrində irəliləmişdilər. Bakı itirilmiş mövqelərini yalnız Azərbaycan Ordusunun 2016-cı ilin aprelində həyata keçirdiyi uğurlu hərbi əməliyyatdan sonra tədricən bərpa etməyə başlamışdı. Üstəlik, indi o, bunu bütün Azərbaycan-Ermənistan sərhədi boyunca edirdi.

Məsələn, 2018-ci ilin mayında, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümündə Azərbaycan Ordusunun hissələri Şərur rayonunun strateji Xunut (2065 m), Qızılqaya (1683 m) və Mehridağ (1869 m) yüksəkliklərinin əhatəsində yerləşən Günnüt kəndinə daxil olmuşdu. Bunun ardınca, Naxçıvanın Ermənistanla sərhədində infrastrukturun möhkəmləndirilməsi işləri aparılmışdı. Elə həmin ilin dekabrında Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla Qazax və Ağstafa rayonları istiqamətindəki sərhəddə yerləşən bölmələrinin Sərhəd Qoşunları ilə əvəzlənməsi haqda qərar qəbul olunmuşdu. Bu qərar Azərbaycan Silahlı Qüvvələrinin hissələrinin hərbi hazırlıq vəziyyətinin artırılmasına, yeni ehtiyat qüvvələrin yaradılmasına imkan verirdi. Ötən dövr ərzində Qazax və Ağstafa rayonlarında ərazilərin müdafiəsi əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Bu istiqamətlərdə müasir sərhəd müdafiəsi infrastrukturu yaradılıb, sərhəd komendaturaları və döyüş məntəqələrində yeni xidməti binalar, əsgər kazarmaları və s. tikilib.

Sərhəd infrastrukturunun gücləndirilməsi, Azərbaycan Sərhəd Qoşunlarının döyüş qabiliyyətinin yüksəldilməsi erməni tərəfinin dövlət sərhədinin bu hissəsinin təftişi arzusundan vaz keçməsinə səbəb olub. Bununla yanaşı, dövlət sərhədinin bu istiqamətində yaşayan dinc Azərbaycan vətəndaşlarının təhlükəsizliyi də təmin edilib.

Azərbaycan Ordusunun 2020-ci ilin sentyabr-oktyabr aylarında həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı və Ermənistanın faktiki kapitulyasiyası isə Bakının ölkənin bütünlükdə xarici sərhədlərinə nəzarəti bərpa etməsinə imkan yaradıb. Bu, Zəngəzur istiqamətindəki dövlət sərhədinə də aiddir.

 

Sərhəd özbaşınalığı

Bununla yanaşı, demarkasiya işlərinin aparılması ortaya bu ərazilərin sərhəd statusunun müəyyənləşdirilməsilə bağlı çoxsaylı problemlər də çıxarıb. Ermənistan tərəfi üçün nə sovet illərində, nə də işğal dövründə prinsipial əhəmiyyət kəsb etməmiş məsələlər indi tam fərqli şəkil alıb. Məlum olub ki, sən demə, hələ sovet dönəmində sərhədyanı ərazilərin kimə məxsus olduğuna əhəmiyyət verməyən erməni tərəfi öz vətəndaşlarının sərhədin Azərbaycan tərəfində yaşayış evləri tikməsinə icazə veribmiş. Bir hissəsi Azərbaycanın nəzarətinə keçmiş Vorotan kəndinin sakinləri etiraf edirlər ki, onların burada ev tikməsinə icazə 1958-ci ildə yerli erməni rəhbərlik tərəfindən verilib. Bu, göstərir ki, erməni tərəfi hələ sovet illərində Azərbaycanın sərhədyanı ərazilərinə «soxulurmuş». Təxminən, eyni vəziyyət Şurnux kəndində də müşahidə olunur.

Bununla yanaşı, onlar uzun illər Azərbaycan ərazisi olan otlaqlardan da istifadə ediblər. Buna səbəb həm də Ermənistan tərəfdə otlaq üçün yararlı torpaq çox azdır. Əvəzində, Azərbaycanın Qubadlı və Zəngilan rayonları istiqamətlərində yüzlərlə hektar belə ərazi var. Odur ki, ermənilər uzun illər Azərbaycanın zəngin torpaqlarından istifadə edib, nə vaxtsa onu qanuni sahibinə qaytarmağın lazım olacağını ağıllarından belə, keçirməyiblər.

Tarixi mənbələrdən də görünür ki, Vorotan və Şurnux kəndləri inzibati baxımdan Ermənistana aid olsa da, orada hər zaman azərbaycanlılar yaşayıb. Vorotanın əvvəlki adı Şahverdilər, Şurnuxunku isə Şurnuxu olub.

XX əsrin ortalarında Ermənistan SSR rəhbərliyi Bazarçayın adını dəyişərək Vorotan qoyub, sonradan çayın sahilində yerləşən Şahverdilər kəndi də eyni cür adlandırılıb. Bununla yanaşı, Vorotan (Şahverdilər) Azərbaycanın Qubadlı, Şurnux (Şurnuxu) isə Zənginlan rayonu ilə həmsərhəddir. Uzun illər ərzində bu ərazilərin köklü əhalisi oradan sıxışdırılaraq çıxarılıb, 1980-ci illərin sonlarında isə köçürülmə tam başa çatdırılıb.

Zənginlan və Qubadlı rayonlarının işğalından sonra ermənilər bu kəndləri Azərbaycan ərazisi hesabına özbaşına genişləndirməyə başlayıb. Eyni şey Qafan-Gorus avtomobil yoluna da aiddir. Yol sovet illərində Azərbaycan-Ermənistan sərhədinin ərazidən keçməsi nəzərə alınmadan tikilib. Doğrudur, bu sərhədin «şəffaf» olduğu dövrdə yol ilə bağlı heç bir problem olmayıb. Amma bu gün yolun taleyi sual altına düşüb. Çünki sərhəd boyu bir neçə yerdə ərazi Azərbaycanın nəzarəti altına keçib.

 

GPS və həqiqət Azərbaycanın tərəfindədir

Yaranmış vəziyyət erməni tərəfinin həmsərhəd ərazinin bəzi hissələrinin kimə məxsus olduğuna dair spekulyasiyalara əl atmasına səbəb olub. Lakin dövlət sərhədinin GPS sistemi vasitəsilə müəyyənləşdirilməsi onların iddialarını heçə endirir. Bu zaman həqiqətin Azərbaycanın tərəfində olduğu üzə çıxır.

Bu gün Azərbaycanın əzəli torpaqlarına qayıdışının qarşısını heç nə və heç kim ala bilməz. Bu, son dərəcə vacib siyasi məsələdir. Çünki bununla dövlət sərhədinin toxunulmazlığı təmin olunur. Azərbaycanın bütünlükdə dövlət sərhədinə nəzarəti bərpa etməsindən sonra nəinki sərhəd yaxınlığında, həm də sülhməramlı missiyanın xidmət apardığı ərazilərdə gərginlik yaratmağa çalışan destruktiv qüvvələrə nəzarəti artırmaq mümkün olacaq.

Bu mənada, Laçın rayonunda da dövlət sərhədinə nəzarətin Azərbaycana verilməli olduğuna dair iddialar ədalətlidir. 10 noyabrda imzalanmış məlum üçtərəfli sənəddə açıq şəkildə bildirilir ki, «Azərbaycan Laçın dəhlizilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir». Demək, Azərbaycan tərəfi nəinki Laçın dəhlizinə, həm də dəhliz ətrafındakı həmsərhəd bölgələrə tam nəzarət etmək hüququna malikdir. Beləliklə, sərhədlərin qanunsuz keçilməsinə istənilən, xüsusilə aqressiv xarakterli cəhdlərin qarşısı alınmalıdır və alınacaq.

Dövlət «başqa dövlətin ərazisində hər hansı qiyam və ya separatçılıq fəaliyyətinə birbaşa və ya dolayı dəstəkdən, onu təşfiq etməkdən qaçmalıdır. Bəhanə nə olursa olsun, digər dövlətin birliyinin pozulmasına, siyasi düzəninin dəyişdirilməsinə yönəlmiş fəaliyyətə dəstək yolverilməzdir». Bu fikirlər BMT Baş Assambleyasının 1981-ci il dekabrın 9-da qəbul etdiyi Dövlətlərə müdaxilənin, onların daxili işlərinə qarışmağın yolverilməzliyi haqqında Bəyannamədə əks olunub. Odur ki, Ermənistan tərəfinin Azərbaycan ərazilərində hələ də qalmaqda olan separatçı qüvvələrə hər hansı dəstəyinə Bakının cavabı son dərəcə sərt olacaq. Azərbaycan-Ermənistan dövlət sərhədinin əhəmiyyətli hissəsinə nəzarətin Bakıya qayıtması bu fikri əminliklə söyləməyə əsas verir.



MƏSLƏHƏT GÖR:

206