18 Aprel 2024

Cümə axşamı, 20:49

“QAZİLƏRİMİZƏ DƏSTƏK OLMALIYIQ”

Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev müharibə iştirakçılarının idmana cəlb edilməsi təşəbbüsündən danışıb

Müəllif:

01.03.2021

Milli Paralimpiya Komitəsi Vətən müharibəsinin qazilərinə dəstək olmaq məqsədilə yeni layihəyə başlayıb. Layihənin əsas hədəfi Vətən müharibəsinin qazilərinin idmana cəlb edilməsi, sağlamlıqla olan problemlərə və əlilliyə baxmayaraq ruhdan düşməmələri üçün dəstək olmaqdır.

Vətən müharibəsində Azərbaycan torpaqlarının azad olunması uğrunda yaralanan igidlərimizi bundan sonra da diqqətdə saxlamaq çox önəmlidir. Məhz buna görə Milli Paralimpiya Komitəsi qazilərin idman yarışlarında iştirakına kömək etməyə çalışır.

Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya, dünya və Avropa çempionu İlham Zəkiyev layihə barədə, eləcə də karyerasıyla bağlı “Region plus”a danışıb.

- İlk növbədə, Vətən müharibəsində iştirak edən qazilərin paralimpiya hərəkatına cəlb olunması layihəsindən danışmaq istərdik. Onların idman yarışlarında iştirakına nə qədər zaman lazım olacaq?

- İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Rəşadətli Azərbaycan Ordusuna xalqımıza bəxş etdiyi qələbə sevincinə görə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizin igidliyini heç vaxt unutmayacağıq. Müharibə zamanı əlillik alan şəxslər bu günə qədər də MPK-nın milli komandalarının tərkibində iştirak edib, ölkəmizi beynəlxalq arenada böyük uğurla təmsil edirlər. Onların sırasında güllə atıcılığı üzrə komandanın baş məşqçisi Əkbər Muradov, həmin komandanın üzvü Elşən Cəbiyev, kamandan oxatma üzrə milli komandanın baş məşqçisi İlqar Abbasov kimi Qarabağ müharibəsi qaziləri var.

İndi Vətən müharibəsində iştirak edən qazilərimizin idmana cəlb edilməsinə çalışmalıyıq. Sağlamlıq imkanları məhdud olan qazilər Paralimpiya hərəkatına qoşularaq beynəlxalq arenada ölkəmizi təmsil edəcək. Qazilərin paralimpiya hərəkatına cəlb edilməsi onların qarşısına yeni hədəf çıxaracaq. İdman insana yaşamağa və mübarizə aparmağa kömək edir. Bu mənada qazilərin böyük yarışlarda iştirakı üçün lazım olan işlər görüləcək. Onlar Paralimpiya hərəkatına qoşularaq peşəkar məşqçilərin köməyi ilə qısa bir zamanda müxtəlif idman növlərində uğurlara imza ata bilərlər. Milli Paralimpiya Komitəsi artıq bəzi qazilərlə əlaqə saxlayıb.  

- Qazilərin hansı idman növündə özünü göstərməsi daha real görünür?

- Şərt deyil peşəkar idmançı olsunlar. Sadəcə, cəmiyyətə inteqrasiya üçün məşğul olmaq mümkündür. Amma peşəkar səviyyədə hazırlaşmaq istəyənlərə kömək ediləcək. Daha çox atletikaya müraciət gözləmək olar. Cüdo da mümkündür. Sadəcə, cüdo bir qədər çətindir. Müharibədən öncə cüdoyla məşğul olduğum üçün sonradan mənə bu idmana qayıtmaq rahat oldu. Əsas odur qazilərimizi tək qoymayaq.  

- Mütəmadi olaraq görmə qabiliyyətini itirən qazilərimizlə görüşdüyünü izləyirik. Yəqin, onları siz daha yaxşı başa düşürsünüz...

- Qonşuda və ya əlim çatan yerlərdə qazimizin olduğunu eşidəndə, onu ziyarət edirəm. Məlumat olan kimi çalışıram görüşüm, söhbət edim. Görmə qabiliyyəti ilə bağlı mərhələni artıq keçmişəm. Yəni mən artıq çoxdan gözlərimi itirmişəm. Onlarla görüşməyi özümə borc bilirəm. Söhbət edirik, öz tövsiyələrimi verirəm. Novxanı qəsəbəsində belə qazimiz var idi. Cəlilabaddakı İsmayıl Hüseynovun da ünvanını araşdırdım. Hər ikisini ziyarət etdim. Öz dəstəyimizi bildirdik, keçdiyimiz yolla bağlı ona lazım olan məsləhəti verdik. Allah bütün qazilərimizə şəfa versin. Çalışırıq ki, şəhid ailələrini də mütəmadi ziyarət edək, mənəvi və maddi dəstək olaq. Dövlətimiz onlara hərtərəfli qayğı və diqqət göstərir. Amma mənəvi dəstəyə də ehtiyac var. Bütün vətəndaşlara müraciət etmək istəyirəm ki, qonşuda, yaxınlığınızda şəhid ailəsi və ya qazi varsa, gedin onları ziyarət edin və dəstək olun. Onları daim diqqətdə saxlamaq lazımdır. İnsan görmə qabiliyyətini itirəndən sonra qeyri-adi hisslər yaşayırsan. Onları yaxşı başa düşürəm. Qazilərimizi diqqətdən kənar qoymaq olmaz.

- Pandemiya İlham Zəkiyevə necə təsir etdi?

- Zədəm olduğu üçün bərpa keçməyə imkan tapdım. İndi tatami məşqlərini etmirəm, amma kiçik məşqlərdə iştirak edirəm. Dünyanın virus bəlasından xilas olacağına inanırıq. İdmanın tezliklə əvvəlki həyatına qayıtmasını gözləyirik.

- İki dəfə paralimpiadada çempion olan İlham Zəkiyev koronavirusla mübarizəni necə aparır?

- Bu virus idmançılara çox pis təsir edir. Əvvəlki kimi beynəlxalq təlim-məşq toplanışları yoxdur. Çox təhlükəli xəstəlikdir, amma dünyadakı mövcud vəziyyətlə ayaqlaşmaq lazımdır. Sadəcə, özümüzü, yaxınlarımızı qorumalı və qaydalara əməl etməliyik. Özüm hələ yoluxmamışam. Çalışırıq ki, deyilən bütün qaydalara əməl edək.

- Ən yaxşı formanı toplamaq üçün sizə nə qədər zaman lazımdır?

- Sağ dirsəyimdə zədə olduğu üçün sentyabrda əməliyyat olundum. Həkim dedi ki, təcili əməliyyat lazımdır. Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Türkiyədə əməliyyat olundum. Hazırda reabilitasiya dövrü başa çatır. Yavaş-yavaş məşqlərimi bərpa edirəm. Hədəfimizdə Tokio Yay Paralimpiya Oyunlarıdır. Hazırlaşırıq, lisenziyamızı əldə etmişik. Ölkəmizi layiqincə təmsil etmək və bayrağımızı yüksəltmək istəyirik. Buna qədər mayda İBSA Qran-Pri turnirinin keçiriləcəyi gözlənilir. Çox çətin yarış olacaq. Tokio ərəfəsində son lisenziya turniri olduğuna görə bütün ölkələr iştirak etməyə çalışacaq. Demək olar, kiçik dünya çempionatına oxşayacaq.  

- Bakıdakı yarışdan əvvəl başqa turnirdə iştirak mümkündür?

- Apreldə İngiltərədə, mayda isə Bakıda ənənəvi yarışda iştirak edəcəyəm. Bunlar reytinq xarakterli yarışlardır. Formamızı həmin vaxta qədər tam bərpa etməliyik. Hər zaman hədəfimiz qızıl medaldır. Çalışırıq ki, maksimumu edək. Bəziləri deyir ki, əsas məsələ olimpiadada iştirakdır. Amma məndə elə deyil. Ölkəmi layiqincə təmsil edib, ən yüksək nəticə ilə qayıtmaq istəyirəm.

- Sizcə, Tokio Olimpiya və Paralimpiya Oyunları baş tutacaqmı?

- Ümid edirik keçiriləcək. Ötən il kim deyərdi olimpiada təxirə salınacaq. Amma dünyadakı vəziyyət planetin ən böyük yarışının ertələnməsinə səbəb oldu. İndi idmançılar olimpiada və paralimpiadanın baş tutmasını arzulayır. Fikrimcə, son qərar martda veriləcək. Epidemioloji vəziyyətə nəzər salan Beynəlxalq Olimpiya Komitəsi yarışın keçirilməsi üçün lazımi işləri görməyə hazırdır.



MƏSLƏHƏT GÖR:

209