19 Aprel 2024

Cümə, 14:10

SEVGİ VƏ ÜMİD DOLU FƏRYAD

Leyla BƏYİM: «8 noyabra kimi «Qarabağ» sözü məndə yalnız kədər, ağrı, inciklik və ayrılıqla barışmamaq hissi yaradırdı»

Müəllif:

01.03.2021

Bir vaxtlar qadın ədəbiyyatı bir istisna kimi sayılırdı. Burada söhbət yalnız sırf kişi yaradıcılığından fərqli olan mövzulardan və obrazlardan getmir. Xoşbəxtlikdən, zaman keçdikcə yaradıcılığın bu cür kişi və qadın cinsinə bölünməsinin ədalətsiz olması barədə fikir oturuşdu, yalnız bir meyar qaldı: bu, ya ədəbiyyatdır, ya da qrafomanlıqdır. Qadın yazıçıların əhatə etdiyi mövzular da elə bütünlüklə eynidir: sevgi, savaş, dostluq, həyat və ölüm, cinayət və cəza. İfadə vasitələri, obrazlar, duyğular və yumor - cinslərinə görə fərqlənə bilməzlər. Müsahibimiz - həmyerlimiz, kino ssenaristi Leyla BƏYİMin ədəbiyyatında, poeziyasında və nəsrində əbədi mövzular - həm ustalıq, həm ilham, həm də layiqli uğurlar var.

- Leyla xanım, siz Çexiyada, Azərbaycandan uzaqda yaşayırsınız, sizin əsərləriniz Vətən həsrətiylə doludur. Necə düşünürsünüz, Bakıda, Azərbaycanda yaşasaydınız, sizin yaradıcılığınızda başqa obrazlar, mövzular, ifadə vasitələri, boyalar, əhval ola bilərmi?

- Bu suala birmənalı cavab vermək çətindir, əslində, başqa olsaydı, daha məntiqli olardı. Çünki hətta başqa yerə köçdükdən sonra da, mən yay aylarını ailəmlə birlikdə Bilgəhdəki köhnə bağçamızda keçirirəm və şeirlərimin çoxu orada yaranır. Bu sırada həm də mənim Müslüm Maqomayevə ithaf etdiyim əsərlər, sonet çələngləri və nəsr əsərləri var. Harada olmağımdan asılı olmayaraq, yazmağa davam edirəm. Mənim üçün, yəqin ki, yaradıcılıqda ən önəmli amil olduğum yer deyil, təbiətlə təmasdır. Məhz o, azadlıq və Kainatla birlikdə bütövlük hissini verən ki, bu mənə yaradıcılığım üçün çox lazımdır.

- Düşünürsünüz ki, çağdaş insanlar poeziyaya, ümumiyyətlə, ədəbiyyata qarşı daha az həssasdırlar? Anna Axmatova deyirdi ki, poeziyaya sevgi rus insanın milli xüsusiyyətidir, amma fransızlar, məsələn, daha çox rəsmə meyil edirər. Bu baxımdan azərbaycanlılar barədə nə demək olar?

- Mən anlamıram ki, poeziyaya (və ya başqa bir incəsənət növünə!) sevgi necə milli xüsusiyyət ola bilər? Sevgi ilahi xüsusiyyət daşıycısıdır. O, milliyyətindən asılı olmayaraq insanın təbiətində olur. Fikir verin - uşaqlar musiqiyə, şeirə, rəsmə, gözəlliyə necə reaksiya verirlər. İngilislər və ruslar kimi azərbaycanlılar da, əlbəttə ki, poetikdirlər! Həm də damarımızdan böyük Füzulinin, Nizaminin, Nəsiminin, Natəvanın qanının axması ilə yanaşı, biz tarixən rus poeziyasına bağlıyıq. Avropa ədəbiyyatı da ruhən bizə yaxındır. Bu başqa məsələdir ki, ümumiyyətlə, insanlar daha az oxumağa başlayıblar. Ədəbiyyata olan maraq yerini audio və vizual informasiya mənbələrinə verib, buna görə şeirli videoçarxlar və audiokitablar daha populyar olub. Bu, həm yaxşı, həm də pisdir. Ancaq bu başqa bir böyük söhbətin mövzusudur.

- Rejissor Azər Ağalarovun sizin ssenariniz əsasında çəkilən «Beyondthewall» (“Divarın o biri üzündə”) filmi növbəti dəfə beynəlxalq festivalın qalibi olub və bu dəfə Çilidə uğur qazanıb. Ssenarinin özü, onu yazmaq baradə ideyanın necə yaranması barədə bir neçə söz deyin.

- Film Azərlə bizim ortaq ssenarimiz əsasında çəkilib. İdeyası isə bu cür yarandı. Öncə mahnı yarandı, daha sonra o, filmin leytmotivinə çevrildi. Azər Ağalarov musiqiçidir - melodiyasına şeir yazmaq istəyi ilə mənə müraciət etdi. Mənə sanki dərhal ilham gəldi və mən mahnını yazdım. Bir az sonra yazıçı Azər mənə hekayələrini göndərdi, hamısından çox mənə qısa "Yağış" hekayəsi təsir etdi. Bu miniatürü oxuduqdan sonra mən Azərə bunun çox kinematoqrafik olduğunu söylədim, amma içində daha bir qəhrəman gördüm ki, onu daxil etməklə mövzu genişləndi. Beləliklə, rejissor Azərlə Roma festivalına baxışda "kinomatoqrafiya və poeziyanın qovuşuğunda bənzərsiz bir film" adlandırılan filmin müzakirələri başladı. «Beyondthewall» adlı Azərbaycan filmi Vankuver, İstanbul, Nyu-York, Los-Anceles, Çikaqo, Mumbai, Florensiya, eləcə də Venesuela, Çili, Kaliforniya beynəlxalq festivallarında qalib gəldi.

- Ədəbi fəaliyyəti biznes və ailə öhdəlikləri ilə yanaşı tutmağı necə bacarırsınız?

- Mən hər dəfə özüm bu "necə"yə təəccüblənirəm. Ancaq paradoks ondadır ki, yaradıcılıq yüksəlişi dövründə zaman sizin üçün işləyir və yetərincə çox şeyə macal tapırsınız.

- Sizin çox uğurlu ədəbiyyat karyeranız var. Adətən, yaradıcı fəaliyyətlə məşğul olan insanlar şəxsi həyatda elə də uğurlu olmurlar, yaxud maddi baxımdan imkanlı olmurlar. Başqa sözlə, yaradıcılıq fədakarlıq tələb edir. Həyat sizi heç seçim qarşısında qoyubmu, ailənin lehinə və əksinə nədənsə imtina etməli olmusunuzmu?

- Hə, olub. Dəfələrlə. Məsələn, dördüncü uşağım doğulanda həm mən, həm də qız ölüm astanasında idi. Bunu mənə dedikləri zaman ən çox təəssüf etdiyim şey uşaqlardan ayrılmağım və... yarımçıq qalmış kitab idi. Xəstəxanadan çıxdıqdan sonra yalnız onsuz yaşaya bilməyəcəyim işlə məşğul olmağa qərar verdim. Mən tamamilə uğurlu və ümid verən biznesimi müvəqqəti olaraq dayandırdım və yalnız sevdiyim işlə, yəni yaradıcılıqla və uşaqların tərbiyəsi ilə məşğul oldum. Bilirsiniz, o andan bəri yaradıcılığım hobbidən peşəyə çevrildi. Uşaqlar da böyük uğurlar qazanmağa başladılar. Yeri gəlmişkən, oğlanlarım Məhəmməd Cəfər və Əl Cəfər 2017-ci ildə kikboksinq üzrə dünya və Avropa çempionu oldular.

- Yeni poetik layihələrdən danışın. Sizin artıq bir neçə şeir toplunuz çap olunub, yeni kitabınızın çapdan çıxması planlaşdırılırmı?

- Şeir toplusu beşdir, həm də ayrıca nəşr olunmuş pyeslər və bir hekayə var. Müxtəlif beynəlxalq almanaxlarda da çox şey çap olunub. Yeni layihələrə gəlincə, bu yaxınlarda "Immolatio" rok operası - filmin librettosu və ssenarisi üzərində işi başa çatdırdım. Artıq librettoya musiqi də yazılıb. İl ərzində biz Qara Qarayevin tələbəsi - bəstəkar Elxan Məmmədovla, şair-tərcüməçi Gülnarə Holl və rejissor Azər Ağalarovla birlikdə bəstəkarın həm rus, həm də ingilis mətnlərinə yazdığı musiqi materialı üzərində işləmişik. Planlara iki saatlıq bir musiqi filmi daxildir. Əminəm ki, librettoda qaldırılmış aktual mövzu və istedadla yazılmış musiqi stereotiplərdə və ikili standartlarda boğulan dünyanı silkələyə bilər. Hesab edirəm ki, bu layihə ölkəmiz üçün çox önəmlidir. Filmin əsas ideyası Şərq və Qərbin böyük tarixi şəxsiyyətləri, yaşıdlar İmadəddin Nəsimi və Yan Qusun oxşar fikir və mənəvi dəyərlərinin örnəyində bütün bəşəriyyətin ortaq köklərini göstərməkdir. Filmin baş qəhrəmanı, Çarlz Universitetinin fəlsəfə fakültəsinin azərbaycanlı tələbəsi tarixə mürəciət edərək Azərbaycanı təqdim edəcək - min illərlə onun çoxmillətli xalqının ziyarətgahlarda - sinaqoqlarda, məscidlərdə, kilsələrdə, atəşgahlarda əks olunan Şərq və Avropa mədəniyyətlərinin yanaşı yaşadığını göstərəcək. Bu rok operanın ikinci ana xətti, əlbəttə, sevgidir. Dünyaya bir Azərbaycan film - rok operasını göstərməyi çox istəyirik ki, amma bunu Azərbaycanda etməyin mümkün olub-olmayacağı hələ aydın deyil. Həm də hazırda yeni bir layla üzərində iş gedir. Mahnının ideyası 8 yaşlı qızım Mariyaya məxsusdur. Laylanın ingilis dilindəki versiyasının ifaçısı, Amerikada yaşayan həmyerlimiz Ülviyyə Salayevanın dəqiq dediyi kimi, “uşaq dünyanın yeni bir laylaya ehtiyac duyduğunu hiss edib”. Sözlərimə musiqisini Azər Ağalarov yazıb. Mahnının premyerası Nyu-Yorkda «Mərhəmət yolu ilə» beynəlxalq onlayn-konsertdə olacaq.

- “Qarabağ üçün fəryad”, “Qarabağ şikəstəsi”... Qarabağ mövzusu sizin üçün nədir?

- Keçən ilin 8 noyabrına qədər təkcə "Qarabağ" sözü məndə kədər, ağrı, küskünlük, eyni zamanda sevgi, həsrət və ayrılıqla barışmamaq hissi yaradırdı. Bütün bu hisslər sevgi və ümidlə dolu "Qarabağ üçün fəryad" və "Xəyalpərəst oğlanlar" pyesinə ("Yarımçıq qalmış" tamaşasına), Anar İbrahimovla birlikdə yazdığımız "Ürəyim Şuşadır" mahnısının sözlərinə hopub, yeri gəlmişkən, bu mahnı müharibədən bir ay əvvəl yaranıb... Müəyyən qədər də bizim Vətən müharibəsi illərində yazılmış "Mən də səni sevirəm!" povestinə, həmçinin bir çox başqa şeirlərə də nüfuz edib.

- Şeirlə yanaşı siz nəsr, pyes, ssenari də yazırsınız. Buna baxmayaraq, sizin haqqınızda "şairə Leyla Bəyim" yazırlar. Siz də özünüzü istisna olaraq şairə hesab edirsiniz?

- Düşünürəm ki, mənim kim olmağım, elə hər birimiz kimi olmağımız barədə zaman qərar verəcək. Mən ona tamamilə etibar edirəm.

- Birgə layihələriniz barədə danışın, məsələn, İsrail ssenaristi Yefim Abramovla. Başqa bir pyes və ya ssenari yaratmaq üçün kimləsə bir araya gəlməklə bağlı planınız varmı?

- Biz Yefimlə birlikdə bir neçə pyes, həmçinin müxtəlif dillərə tərcümə edilmiş və Londonda keçirilmiş ədəbiyyat müsabiqəsində birinci yer tutmuş "Qara qar çiçəkləri" povestini yazmışıq. Bizim iki pyesimiz - "Xəyalpərəst oğlanlar" və "Qara qar çiçəkləri " rejissor Vaqif Əsədov tərəfindən uğurla səhnələşdirildi. Bu üç il ərzində "Yarımçıq qalmış" yüzlərlə hərbçimiz tərəfindən izlənilib. Mənim təşəbbüsümlə həyata keçirilən ortaq beynəlxalq layihələrdən biri də Heydər Camalın xatirəsinə həsr olunmuş gecə çərçivəsində "Qarabağ ürəyi" kitabının nəşridir. Kitabda Xurşidbanu Natəvanın, Heydər Camalın şeirləri və həmçinin Qarabağ əsilli bu görkəmli şəxsə həsr etdiyim poemam yer alıb. Birgə layihələr barədə çox şey xatırlamaq olar. Onlar dünyanın bir çox şəhərlərində və internet ənginliklərində gerçəkləşdirilib. Çox parlaq xatirələr şairə Leyla Əliyevanın iştirakı ilə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində keçirilmiş «Leyla. Fons Vitae» və "Immolatio" poetik tamaşalarla bağlıdır. Onlar ideyasına və gerçəkləşdirilməsindəki möhtəşəm olan Beynəlxalq Nəsimi Festivalının çərçivəsində keçirilib. Anna İbrahimbəyova ilə bizim birgə işimizi çox sevirəm - mənim poeziyam onun heyrətamiz fotoları ilə çulğaşıb. Son birgə işlərimizdən birini - "Ürəyim Şuşadır" klipinin yaradılmasını xatırlatmaq istərdim. Heydər Əliyev Fondunun dəstəyi ilə bu mahnı Qələbədən iki gün əvvəl, sözün əsl mənasında, üç dildə yayımlandı! Qısametrajlı filmlə və yeni bir kitabla bağlı layihələr də var, ancaq bu barədə danışmaq hələ tezdir.

- Azərbaycandakı ədəbi həyatı izləyirsinizmi? Sizi sevindirən və kədərləndirən nədir, bir azərbaycanlı olaraq, AR Yazıçılar Birliyinin üzvü kimi nə ilə qürur duyursunuz?

- Əlbəttə, izləməyə çalışıram. Sevindirir ki, bizim çox sayda istedadlı gənclərimiz var və onlar daha çox Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən çoxsaylı, yaxşı təşkil olunmuş ədəbi gecələrə, beynəlxalq festivallara və sərgilərə cəlb olunurlar. Tərcümə ilə bağlı vəziyyət bir qədər narahatlıq doğurur. Düşünərəm ki, Azərbaycan klassiklərinin yetəri sayda əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunmayıb. Ancaq burada da bir amma var: tərcümələrin keyfiyyətinə nəzarət etmək çox vacibdir. Yeri gəlmişkən, Azərbaycan yazıçısı Baninin Yunger haqqında yalnız fransız dilində olan trilogiyasını oxumağı arzu edirəm. Təkcə şeir və nəsr deyil, həm də klassiklərimizin yaradıcılığı ilə əlaqəli tədqiqat məqalələrini dərc etmək və dünyanın müxtəlif dillərinə tərcümə etmək çox önəmlidir. Axı, onlar yalnız xalqımızın deyil, bütün dünyanın dəyəridirlər! Xalq yazıçısı Anarın rəhbərlik etdiyi Birliyin üzvü olduğum üçün fəxr edirəm. Özümü ölkəmizin bir hissəsi kimi hiss etdiyim üçün xoşbəxt və qürurluyam!



MƏSLƏHƏT GÖR:

189