28 Mart 2024

Cümə axşamı, 12:55

ZƏNGİLANA, AĞALIYA GETMƏK İSTƏYİRƏM...

28 illik həsrətdən sonra viran qoyulmuş yurduna dönən bir Azərbaycan qadınının gözyaşardan həyat hekayəsi

Müəllif:

01.03.2021

... Əslən Zəngilan rayonundan olan 71 yaşlı Sürəyya Məmmədova həyatının son 28 ilini bu arzu ilə yaşayıb. Doğulduğu, boya-başa çatdığı, uşaq və gənclik dövrünün keçdiyi Zəngilana, Ağalı kəndinə getmək onun üçün bu ahıl yaşda həm də həyatının əsas arzusu idi. İnsan uzun illər ötsə də, yaddaşının çox hissələri qapansa belə, doğulduğu, böyüdüyü torpağa aid olan yaddaş hissi çox təmiz, toxunulmamış, təravətli qalır. Məhz o yaddaş Sürəyya ananı öz torpağına səsləyirdi...

 

Qəfil çaxan şimşək kimi

... Bu yaddaş bir daha 2020-ci ilin soyuq bir qış günü təzələndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müzəffər Ordumuzun işğaldan azad etdiyi Zəngilan rayonunda səfərdə idi. Günorta jurnalist həmkarım Zəka Quliyev gözlənilmədən mənə zəng etdi. Təəssüratı bol idi. Şövqlə prezidentin səfəri zamanı göstərilən kadrlardan danışırdı. Zəkagilin ailəsi ikiqat sevincli idi. Əslən Zəngilanın Ağalı kəndindən olan həmkarım səfər zamanı Birinci vitse-prezident Mehriban xanımın mobil telefona çəkdiyi görüntülər arasında öz kəndlərinin evlərini görmüşdü. Dövlət başçısı idarə etdiyi maşını saxlayaraq həmin evlərdən biri haqqında fikrini bildirmişdi: “Ermənilərin zəbt etdikləri evlərimiz. İndi Üçüncü Ağalı kəndinin sakinləri, yəqin ki, tanıyar bu ev kimindir”.

Ağalı kəndinin sakinlərinin nəzərləri Prezidentin bu çıxışına yönəlmişdi. Zəka sevincini gizlətmirdi. Bu ev onun xalasının evi idi. Qonşuluqda isə digər xalası və öz evləri yerləşirdi. Onlar 28 il sonra doğma yurdlarının, evlərinin, bağçalarının görüntüsünü görürdülər.

Hamı kövrəlmişdi. Hətta telefon dəstəyinin o biri tərəfində olduğuma baxmayaraq, mən Zəka və onun qohumlarının hansı hisslər keçirdiyini duyurdum. Zəka mənə daha bir video göndərdi. Bu 2017-ci ildə onun toyunda çəkilən bir görüntü idi. Yaşlı bir xanım, kövrələrək zəngilanlılara, öz kəndlilərinə son diləyini, arzusunu çatdırırdı. Həmin ağbirçək xanım Sürəyya ana idi...

 Zəka ilə sövdələşdik. Ən qısa vaxtda rəsmi məktub yazıb onun öz evinin və xalalarının kəndlərini, evlərini ziyarət etmək üçün icazə istəyəcəyik.

 

Yolçu yolda gərək...

 2021-ci ilin yanvar ayı. Bizim məktuba qısa zaman ərzində cavab gəlmişdi. Zəka və mənim sevincimin həddi-hüdudu yox idi. Həmkarım və dostum illər sonra öz doğma kəndlərini, evlərini, mən isə işğaldan azad olunmuş vətənimizin daha bir gözəl guşəsinə həyatımda ilk dəfə ayaq basacaqdım. Mən, 28 ildir doğma yurd həsrəti ilə alışıb yanan, zəngilanlılar, Zəkanın atası Adil dayını və Sürəyya xalanı hər birimiz üçün tarixi əhəmiyyət daşıyan səfərdə müşayiət edəcəkdim.

... Payız qışdan əzəldi,

 Yarpaq tökən xəzəldi,

 Vətən viran da olsa,

 O, cənnətdən gözəldi...

 Bu bayatı ilə sanki mənə salam verən Sürəyya ana 1-ci Qarabağ savaşında 100-lərlə şəhid verən, sonra Bakı və Sumqayıt da daxil olmaqla 47 rayonda pərən-pərən düşən, hələ sovetlərin vaxtında rayon qeydiyyatında olan, sayı az qala 42 min nəfərə çatan zəngilanlılardan biri idi.O, 1993-cü ilin soyuq oktyabr günü vətənini tərk etməyə məcbur olmuşdu. Bu, onun üçün həyatının 2-ci ağır sınağı idi. 1988-ci ildə o, cavan yaşda həyat yoldaşını faciəvi şəkildə itirmişdi. 5 uşağın anası Sürəyya xalanı daha bir ağır sınaq 5 il sonra haqladı. Həyat yoldaşından sonra, o bu dəfə həyat evini itirdi. O və azyaşlı uşaqları üçün keşməkeşli dövrləri ilə yaddaşlarda qalan köçkünlük dövrü başladı.

Hər bir gecənin bir sabahı var. Sürəyya ana da bizimlə söhbət edəndə məhz o sabah haqqında danışmaq istəyirdi. Bu sabah onsuz da tez-tez ona keçmişi yada salacaqdı. Amma o daha taleyinin üzünə gülümsəmək, tezliklə anadan olduğu, gəncliyinin keçdiyi və əzizlərinin əbədi olaraq uyuduğu torpağına qovuşmaq istəyirdi.

... Qolunda var qüvvətin,

 Arzum var olsun mətin,

 El yolunda baş qoyan,

 Qazanar el hörmətin.

44 günlük Vətən müharibəsi dövründə Xalqımızın “Dəmir Yumruq” kimi birləşdiyini deyən Sürəyya xala məhz bu bayatını dilinə gətirir. O, bizi Zəngilana aparan maşının soyuqdan tər basmış gah sağ, gah da sol pəncərələrini silərək hey uzaqlara boylanır. Yolboyu qəlbində əbədi yer tutan qəhrəmanlar - Ali Baş Komandan, Ordumuz, Şəhidlərimiz və Qazilərimiz haqqında danışır. 71 yaşlı ana onları bu illər ərzində təkbaşına böyüdüb boya-başa çatdırdığı 5 övladı kimi əzizləyir.

 

Ağalıya xoş gəldiniz!

Bakıdan çıxdığımız vaxtdan 4 saat sonra, nəhayət, Zəngilan yazısı görünür. Onun yanında Azərbaycan bayrağı və Zəngilanı bütün dünyaya tanıdan çinar ağacının yarpağı. Yüzilliklərdən keçib gələn təbii Çinar meşəsi sahəsi bu rayonu hələ sovetlər dövründə dünyaşöhrətli alimlərin ziyarət etdiyi bir məkana çevirmişdi. Sürəyya ana bayrağa yaxınlaşarkən diz çöküb torpaqdan öpür və ağı deməyə başlayır. Mən Sürəyya xalanı ilk gün idi ki, tanısam da, amma o an sanki onun gəncliyi, ailəsi, kəndinin camaatı, yaşadığı ömür yolu bir hekayə kimi gözümün önündən keçir. İnsan, onu var edən, onu böyüdən və yaşadan torpağına qovuşur. 28 il sonra...

... Duyğular ən yüksək həddədir. Mən Sürəyya ana, oğlu Şahin, dostum Zəka və atası Adil dayının gözlərində sevinc yaşları görürəm. Və başa düşürəm ki, bu insanları arzularına çatdıranlar necə böyük savab iş görüblər. Elə bu an bizim maşın Zəngilanın 3-cü Ağalı kəndində həmin məşhur evin qarşısında dayanır...

Bu ev Zəkanın xalası Sərmayə Əhmədovanın ailə evidir. Sərmayə xanım səhhətinə görə bizə qoşula bilməmişdi. Onun bu ocağı daima qonaqlı-qaralı olub. İndi isə bu ev yol kənarında tənha qalaraq, uzun illərdir öz sahibini gözləyir. Evdə heç nə qalmayıb. İşğalçılar talan edib. Bir vaxtlar kənd əhalisinin hamılıqla şənliyə toplaşdığı evdən indi yanlız dörd divar, dam və üzümsüz çardaq qalıb. Doğma yurdun, evin, obanın itkisi bu ailəyə böyük faciələr də gətirib. Bu illər ərzində Sərmayə xanımın oğlu Kamil, daha sonra isə həyat yoldaşı Salman bəy dünyasını dəyişib. Evin qarşısında qonşusunun bu ağrılı həyat yolunu bizə nəql edən Sürəyya ana evi tərk edərkən dua edir.” Torpaqlarımız qayıtdı, Sərmayə! Oğlun Kamilin, ərin Salmanın ruhları şad olsun! Tezliklə sağal, sən də torpağına qovuş. Evini ziyarət et, əziz bacım.”

... Mən aşiqəm bu dağa,

Quşlar qonar budağa.

Cavan yarım ölübdü,

Necə dözüm bu dağa?

Sürəyya ana düz 33 ildir ki, bu dağa dözüb. 5 uşağına, yaşlı ata və anasına görə. Həyat yoldaşı Vaqif Mahmudov faciəvi şəkildə dünyasını dəyişəndə uşaqlar hələ körpə idi. Qonşular, kəndin camaatı mümkün qədər ailəyə kömək edirdi. Ailə başsız qalsa da, yiyəsiz qalmamışdı. Amma heç bir şey atanın yerini doldura bilmirdi. Sürəyya ana, tez-tez həyat yoldaşının məzarını ziyarət edirdi. 1993-cü ildə bu ziyarətlər məcburi kəsildi. Rayon işğal olundu. 28 ildir o, bu məzarı yalnız yuxularında görürdü. İndi isə öz qəlb yarısının qəbrini ziyarətə gedirdi...

Bu həyatda çox ağrılı səhnələr görmüşəm. Amma həyatda ən çox sevdiyi, 5 övladının atasının qəbrini uzun illər sonra ziyarət edərkən bir qadının hansı hisslər keçirəcəyini heç düşünə bilmirdim. Ağalı kəndinin qəbiristanlığında bir dənə də dağıdılmamış qəbir qalmamışdı. Həyat yoldaşı Vaqifin qəbrinə yaxınlaşan Sürəyya ananı əlindən tutan , onu yenə də möhkəm olmağa səsləyən oğlu Şahin idi. Ana və bala ata məzarının yoxluğunun iztirablı günlərinin son dəqiqələrini yaşayırdılar. Özümüz kənarda, yaş isə gözümüzdə donub qalmışdı. Vaqifin ruhu ailəsinə qovuşurdu. O, Zəngilanda tək qalmışdı, ailəsi isə həm onsuz, həm də Zəngilansız.

“Zəngilan sonuncu işğal edilən rayon oldu. Mən o gün tək ata-ana yurdumu itirmədim, orada məzarını qoyub gəldiyim əzizlərimi ziyarət haqqını itirdim. Atamla, anamla, Vaqiflə dərdləşmək istəyirdim, amma bu mümkün deyildi. Qəlbim sızlaya-sızlaya 28 il yaşadım. Heç bilmirəm necə ?!” – Qarşımda, bu sözləri mənə deyən cəsur qadın dayanmışdı. Bu həm də yaşadığı bu qədər faciə və təlatümlərə rəğmən əyilməyən bir insanın etirafı idi. Onun hələ də bu qədər dərdin qarşısında haradan güc aldığını anlamaq istəyirdim...

... Sürəyya ananın öz doğma evinə doğru gedirdik. Yol boyu Sürəyya ana və Zəkanın atası Adil dayı çəmənliklərə, dağıdılmış bağçalara baxır, bir-biriləri ilə uşaqlıq xatirələrini bölüşürdülər. Burada anadan olmuş, burada böyümüş, burada ailə həyatı qurmuş yaşı 70-i ötən 2 ahıl insanın bu dialoquna qulaq asdıqca işğalın insan talelərinə vurduğu ağır zərbənin fəsadları nədir sualına cavab tapırdım.

... Və nahəyət, son dayanacağımıza gəldik çatdıq. Vaqif atanın və Sürəyya ananın evləri. Sürəyya xanım bu gün gördükləri qarşısında artıq tab gətirə bilmədi. Ayaqları onu aldatdı, ahıl qadın dizi üstə evinin, daha doğrusu evdən geriyə qalan bir yığın kərpicin qarşısında qarın üstünə yıxıldı.

Qəbrləri viran qoyanlar, evləri də talan etmişdilər. Vaqifin məzarı kimi evi də dağıdılmışdı... Sürəyya ana bu gün həyatının daha bir ağır zərbəsini aldı. Doğma evi, əzizlərinin məzarları yerlə bir olmuşdu. Ona təskinlik üçün nə deyəcəyimi belə bilmirdim.

... Artıq hava qaralırdı. Yenidən abad Zəngilana qayıtmaq ümidi ilə maşınımız Bakıya istiqamət götürdü.

 

ZƏNGİLANDA İLK «AĞILLI KƏND» LAYİHƏSİ REALLAŞDIRILIR

Zəngilan rayonunun Ağalı kəndində ilk «ağıllı kənd» layihəsi reallaşdırılacaq. Bunu Prezident İlham Əliyev fevralın 28-də Bakıda yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

«Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni orada, təqribən, 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Biz indi onun üzərində işləyərik», - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, layihənin reallaşdırılmasında əsasən 5 komponent əsas götürüləcək: mənzil, istehsalat, sosial xidmətlər, «ağıllı kənd təsərrüfatı», alternativ enerji.



MƏSLƏHƏT GÖR:

247