19 Dekabr 2024

Cümə axşamı, 20:12

ALTINCI DƏFƏ AVROPA ÇEMPİONATINDA!

Futzal üzrə Azərbaycan millisi Qitə çempionatının finalına vəsiqə qazanıb

Müəllif:

15.03.2021

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.  Joze Alesionun yetirmələri Moldova ilə oyunda qazanılan qələbə sayəsində altıncı dəfə bu hüquqa yiyələnib. Aktivində 12 xal olan komandamız üçüncü qrupun lideridir. Millimiz özünə ən azı ilk iki pilləni təmin edib. Bu isə yığmamıza həlledici raunda yüksəlmək imkanı verir. Komandamızdan başqa, Xorvatiya, İtaliya, Rusiya və İspaniya da final mərhələsinə vəsiqəni təmin edib.

 

Pandemiyaya rəğmən

Moldovayla son duelimiz dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutmuşdu. 2019-cu ilin oktyabrında Bakıda keçirilən həmin qarşılaşmada milli 5-1 hesabıyla qələbə qazanmışdı. Bu dəfə isə fərqli reqlament əsasında keçirilən Avropa çempionatının seçmə qrup oyununda prinsipiallığı artıran həm də komandaların turnir cədvəlinin qonşu pillələrində yer alması idi.

Son bir ildə pandemiya şəraitini nəzərə alsaq milli komandanın məşq etməyində yaranan problem yada düşür. Sərt karantin zamanı futzalçılarımız da digər komandalar kimi məşqləri dayandırdı. Yalnız sonradan AFFA-nın müraciətinə əsasən Nazirlər Kabineti yanında Operativ Qərargah Avropa çempionatının seçmə mərhələsi üçün futzal millisinə qapalı məkanda məşq etməyə razılıq verdi. Eyni zamanda, Moldova ilə həm Bakıdakı, həm də Kişinyovdakı oyunda qazanılacaq qələbə futzalçılarımızın final mərhələsinə yüksəlmək baxımından işini xeyli rahatlaşdıracaqdı.

Moldovayla ilk oyun Bakıda baş tutdu və komandamız inamlı qələbə qazandı. Yığma hesabı yeddinci dəqiqədə açdı. Fineo bir futzalçını aldadıb “çərçivə”ni dəqiq nişan aldı. Növbəti qol kapitandan gəldi. Hadidən əla ötürmə alan və qapıçı ilə üzbəüz qalan Rizvan toru silkələməklə komandamızın üstünlüyünü iki topa çatdırdı. Bir dəqiqə sonra Fineo – Bolinya - Hadi kombinasiyasının ardından sonuncu topu lazımi ünvana çatdırmaqla tablodakı rəqəmi də dəyişdi. Baş məşqçimiz Alesio ikinci hissəyə də eyni “dördlük”lə başladı. Cüzi arxayınlaşma qonaqların buraxılan qollardan birinin əvəzini çıxması ilə nəticələndi. Sergey Takot adını tabloya yazdırdı. Milliləşdirilmiş futzalçımız Bolinya bir dəqiqə sonra bunun cavabını verdi və rəqibi meydanın mərkəzinə dəvət etdi. Matçın başa çatmasına 1 saniyə qalmış Bolinya dubl etməklə qarşılaşmanın yekun hesabını müəyyənləşdirdi. Bununla da, millimizin ardıcıl üçüncü qələbəsini qazandığı oyunda Moldova ilk məğlubiyyətlə barışdı.

Avropa çempionatının seçmə mərhələsində növbəti oyun Moldovayla səfərdə baş tutdu. III qrupda mübarizə aparan yığmamız 4-cü matçında Moldova seçməsini bu dəfə 5:3 hesabı ilə məğlub etdi. Azərbaycan millisində Hadi Ahmedi (7-ci dəqiqə) və Ramiz Çovdarov (28) bir,  Vassura (23 və 37 ) isə iki qol vurdu. Moldovanın heyətində Yulian Kojokaru avtoqolla antiqəhrəmana çevrildi.

 

Bəxt faktoru və legionerlər

Futzal yığmamızın ardıcıl altıncı dəfə Avropa çempionatının final mərhələsində iştirakını təmin etməsi kollektiv idman növlərində yaddaqalan uğurlardan hesab edilməlidir. Pandemiya dövründə əksər idman növlərində yaranan məşq problemini xatırlasaq, komandamızın əldə etdiyi qələbənin əhəmiyyətini başa düşmək olar. Digər tərəfdən etiraf etmək lazımdır ki, kollektivin əsas gücü milliləşdirilmiş legionerlərdədir. Komandanın uğurlarında əsas pay braziliyalılara aiddir. Uğurlara baxmayaraq, Azərbaycan Futzal Federasiyası son illərdə yerli futzalçı hazırlamağı bacarmayıb. Bu fakt yığmanı legionerlərdən asılı edib.

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva səfərdə Moldova yığmasını 5:3 hesabı ilə məğlub etdikləri oyunda bəxt amilindən danışıb: “Oyunumuz alınmadı. Bu da matça tam köklənə bilməməyimizlə bağlıdır. Görüş bizim üçün çox çətin oldu.  Çoxlu səhvə yol verdik. Hətta buna görə məğlub da ola bilərdik. Müəyyən epizodlarda bəxtimiz gətirdi. Təbii ki, oyunu təhlil edəcəyik, zəif çıxışımızın səbəbini aydınlaşdıracağıq. Sevinməli tərəf nəticə ilə bağlıdır. Ən azı vacib olan 3 xalı əldə etdik".

Alesionun sözlərinə görə, Moldovanın Avropa çempionatına vəsiqə qazanmaq şansı öz əlindədir: "Biz növbəti oyunda Slovakiya ilə üz-üzə gələcəyik. Əlbəttə, qələbə qazanmaq üçün meydana çıxacağıq. Moldova isə qalan görüşlərini qələbə ilə başa vursa, məqsədinə nail olacaq".

Millimizin futzalçısı Ramiz Çovdarov federasiyanın rəsmi saytına açıqlamasında səfərdə Moldovanı 5:3 hesabı ilə məğlub etdikləri Avropa çempionatının seçmə mərhələsinin oyunu barədə danışarkən arxayınçılığın olduğunu etiraf edərək deyib: “5 gün əvvəl Bakıda bu komandanı 5:1 hesabı ilə məğlub etmişdik. Görünür, həmin qarşılaşmada qazandığımız üstünlük müəyyən qədər arxayınlığa səbəb oldu. Üstəlik, hesabı açdıq, rəqib qapısından 3 cavabsız top keçirdik. Fikirləşirdik ki, asan olacaq. Amma sonrakı dəqiqələrdə bunun əziyyətini çəkdik. Yaxşı ki, üstünlüyümüzü əldən vermədik. Bu işdə hamımızdan çox qapıçı Rövşənin əməyi var. Baş məşqçi zəif oynadığımızı düşünürsə, məncə, bu hesabdan irəli gəlirdi. Həm də ölkə xaricində oynayan futzalçılarımız qısa vaxtda komanda ilə birgə məşq edirlər. Bu müddətdə isə taktiki tapşırıqları mənimsəmək mümkün deyil". 

Qeyd edək ki, pandemiyaya görə futzal üzrə Azərbaycan çempionatı keçirilmir. Yığma üzvləri oyun təcrübəsini qapalı məkanda məşq etməklə unutdurmamağa çalışırlar. Moldova üzərində qələbədən sonra xallarını 12-yə çatdıran Azərbaycan millisi tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Avropa çempionatı 2022-ci ildə Niderlandda keçiriləcək. 

 

Komanda

Oyun

Qələbə

Heç-heçə

Məğlubiyyət

Hesab fərqi

Xallar

1

Azərbaycan

4

4

0

0

17-5

12

2

Slovakiya

4

2

1

1

16-8

7

3

Moldova

4

1

1

2

11-15

4

4

Yunanıstan

0

0

0

4

1-17

0



MƏSLƏHƏT GÖR:

243